• cümə axşamı, 25 aprel, 07:37
  • Baku Bakı 14°C

Həştərxanda Xəzərin statusuna dair bəyanat qəbul ediləcək

26.09.14 16:54 942
Həştərxanda Xəzərin statusuna dair bəyanat qəbul ediləcək
Xəzəryanı ölkələrin dövlət başçılarının sentyabrın 29-da Həştərxanda keçiriləcək sammitində Xəzərin hüquqi statusu haqqında siyasi bəyanat qəbul ediləcək və bir sıra razılaşmalar imzalanacaq. APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Son dərəcə əhəmiyyətlidir ki, hazırlanmış bəyanatın layihəsində region iştirakçısı olmayan dövlətlərin silahlı qüvvələrinin Xəzərə buraxılmaması əksini tapıb”, - deyə Uşakov qeyd edib. O deyib ki, xarici işlər nazirləri sentyabrın 28-də Həştərxanda görüşərək bəyanat mətninin hazırlanmasını yekunlaşdıracaqlar.
Y. Uşakovun sözlərinə görə, əsas məsələ Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsidir: “Ekspertlərin fəaliyyəti nəticəsində bəyanatda akvatoriyanın delimitasiyası üzrə razılaşdırılmış müddəaları əks etdirmək mümkün olub. Orada iki zona təsbit ediləcək: Dövlətlərin suveren zonası və yalnız balıqçılığa dair hüquqların veriləcəyi zona. Bu iki zona 25 dəniz mili təşkil edəcək”.
Köməkçi qeyd edib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasında ciddi irəliləyiş var və Həştərxanda iş müvəffəqiyyətlə başa çatdırılarsa, Qazaxıstanda keçiriləcək növbəti sammitdə sənədin imzalaması mümkün ola bilər.
Qeyd edək ki, sammitin gündəliyinə Xəzərin hüquqi statusu haqqında məsələlərin müzakirəsindən başqa, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat və ekologiya sahəsində qarşılıqlı əlaqələrin müzakirəsi daxildir. Rusiya prezidentinin köməkçisi müzakirə olunacaq məsələlər arasında Xəzərdə karbohidrogen ehtiyatlarının hasilatının olduğunu da vurğulayıb: “Bu mövzu, həmçinin boru kəmərinin tikintisi məsələsi sammitdə müzakirə ediləcək. Transxəzər boru xətlərinin tikintisi rejimi ilə bağlı konsensus tapılmayıb. Bu məsələ də müzakirə olunacaq”.
Sammitdə üç hökumətlərarası razılaşmanın imzalanması planlaşdırılır. Bunlar Xəzər dənizində fövqəladə vəziyyətlərin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Müqavilə, Xəzər dənizinin su bioloji resurslarının rasional istifadəsi haqqında Müqavilə və Xəzər dənizi regionunda hidrometeorologiya sahəsində əməkdaşlıq haqqında Müqavilədir.
banner

Oxşar Xəbərlər