• cümə, 19 Aprel, 11:50
  • Baku Bakı 13°C

Həştərxanda Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibəti ilə tədbir keçirilib

12.05.14 20:33 1645
Həştərxanda Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibəti ilə tədbir keçirilib
Rusiyanın Həştərxan şəhərinin Dövlət Flarmoniyasında bu gün Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibəti ilə böyük tədbir keçirilib.
APA – nın Həştərxana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbirdə Azərbaycan Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi geniş nümayəndə heyəti də iştirak edib.
Tədbirdən əvvəl Fondun 10 il ərzində Bakı ilə yanaşı, respublikamızın regionlarında gördüyü işləri, həmçinin Həştərxanda həyata keçirdiyi layihələri əks etdirən fotolar nümayiş etdirilib.
Tədbirin açılışında çıxış edən Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibəti ilə Həştərxanda tədbirin keçirilməsini əlamətdar və gözəl hadisə adlandırıb. Fondun yaradılmasının 10 illiyinin dünya şöhrətli siyasətçinin anadan olmasının 91-ci ildönümü ilə eyni vaxta təsadüf etdiyini deyən A. Jilkin Fondun Həştərxanda həyata keçirdiyi layihələrdən bəhs edib. O qeyd edib ki, Heydər Əliyev fondunun gördüyü işləri artıq bütün dünyada yüksək qiymətləndirilir. O Azərbaycan prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevaya vilayətə göstərdikləri diqqətə və həyata keçirilən birgə layihələrə görə minnətdarlığını bildirib.
Çıxış edən Əli Həsənov isə bildirib ki, Fondun yaradılmasının təşəbbüskarı məhz ümummilli lider Heydər Əliyev olub: “Azərbaycanın prezidenti olduqda o istəyirdi ki, respublikada Azərbaycan xalqına xidmət edən, xarici ölkələrlə mədəni əlaqələri genişləndirən, Azərbaycanın tarixi reallıqlarını dünya ictimaiyyətinə çatdıran Fond fəaliyyət göstərsin. Bu möhtəşəm ideyanı Heydər Əliyevin vəfatından sonra Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva reallışdırdı”.
Ə. Həsənov deyib ki, 10 il ərzində Fond təhsil, səhiyyə, elm və mədəniyyət, ekologiya və idman, mədəniyyətlərarası dialoq sahələrində genişmiqyaslı tədbirlər həyata keçirib: “Heydər Əliyev Fondun dünyanın 4 ölkəsində nümayəndəliyi var. Onların arasında Leyla Əliyevanın rəhbəri olduğu Rusiya nümayəndəliyi ən fəallarındandır. Nümayəndəlik Rusiyanın Azərbaycan Gəncləri Təşkilatı ilə birgə Azərbaycan xalqının tarixi-mədəni irsinin və ənənələrinin təbliğinə yönələn bir sıra vacib sosial-mədəni tədbirlər həyata keçirir, Rusiya və dünya ictimaiyyətinə respublikamız haqqında reallıqları çatdırır, Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsinə töhfə verir”.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Böyük vətən müharibəsində qələbənin əldə olunmasının ildönümü münasibəti ilə tədbir iştirakçılarına təbriklərini çatdıran Fondun nümayəndəsi İlqar Mustafayev 10 il ərzindəki layihələrindən, bu qurumun dəstəyi ilə keçirilən beynəlxalq tədbirlərdən danışıb. O qeyd edib ki, Heydər Əliyev Fondunun layihələri ümumilikdə bütün dünya ictimaiyyəti tərəfindən çox müsbət qarşılanır. Fondun prioritetləri, dünyanın bir sıra ölkəsində reallaşdırdığı layihələrində danışan İ. Mustafayev Fondun təhsilə dəstək layihəsi çərçivəsində Rusiyada gördüyü işləri xatırladıb.
Tədbir Azərbaycan və Həştərxanın rəqs kollektivlərinin çıxışları, ölkəmizin tanınmış incəsənət ustalarının ifaları ilə davam edib. Həştərxanda Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibəti ilə keçirilən tədbirlər Heydər Əliyevin adını daşıyan parkda təşkil edilmiş atəşfəşanlıqla yekunlaşıb.
banner

Oxşar Xəbərlər