• cümə axşamı, 28 mart, 19:54
  • Baku Bakı 13°C

Həssas təbəqədən olan uşaqların yollarda üzləşdikləri təhlükələr

10.01.20 20:12 769
Həssas təbəqədən olan uşaqların yollarda üzləşdikləri təhlükələr
Onlar "biz yollarda, qəzalarda ölmək istəmirik" deyirlər
Yanvarın 10-da ADA Universitetində Azərbaycan Milli Avtomobil Klubunun təşkilatçılığı ilə "Həssas təbəqədən olan uşaqların yollarda üzləşdikləri təhlükələr" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə dövlət qurumları ilə əlaqələr üzrə menecer Azər Allahverənov, layihənin konsultantı Gülnarə Pənahova, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev, təhsil nazirliyinin əməkdaşları və media nümayəndələri iştirak edib.
Azər Allahverənov layihə barədə məlumat verdi O bildirdi ki, tədbirin əsas məqsədi uşaqların yollarda üzləşdiyi təhlükələrin araşdırılması, sorğuların keçirilməsi və xüsusilə, dövlət və özəl sığınacaqlarda, reabilitasiya və günərzi qayğı mərkəzlərində yaşayan uşaqların yol hərəkəti təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması üçün maarifləndirmə sessiyalarının təşkilindən ibarətdir. Çıxışçı, həmçinin qeyd etdi ki, problemli bir sahədə ciddi irəliləyiş əldə etmək üçün mütləq yanaşmanı dəyişmək lazımdır və bu yanaşmanın daxilində tədris elementləri, müxtəlif maarifləndirmə işləri yer almalıdır. Bunlar olmasa, istənilən nəticəni əldə etmək çətindir.
Layihənin icrası və aparılan sorğular əsasında əldə olunan nəticələr barədə ətraflı məlumat verən layihənin məsləhətçisi Gülnarə Pənahova qeyd etdi ki, uşaq evləri, sığınacaqlar, internat və məcburi köçkün məktəblərində olan uşaqların yol hərəkəti təhlükəsizliyi sahəsində biliklərinin artırılması məqsədilə layihə çərçivəsində risk qrupuna aid edilən həssas uşaqların yollarda üzləşdikləri problemlərin dərindən öyrənilməsi üçün hədəf qruplarında sorğular keçirilib: "Həmçinin müxtəlif maarifləndirmə tədbirləri təşkil olunub və gələcəkdə icrası vacib hesab edilən perspektivlər müəyyənləşib. Layihənin icra olunduğu dövrdə əldə edilən nəticələrə əsasən, həssas təbəqədən olan uşaqlar arasında oğlanların daha çox üstünlük təşkil etdiyi, uşaqların yol-hərəkəti təhlükəsizliyi və yol nişanları barədə xəbərsizliyi və onların məktəblərdə yol hərəkəti təhlükəsizliyinin tədrisində maraqlı olduqlarını müəyyən etdik”.
G. Pənahova layihəyə cəlb olunan uşaq və müəllimlərin sorğudakı iştirakından da danışdı: "Layihəyə 433 uşaq, 50-dən çox müəllim cəlb olunub. 6-ya yaxın internat məktəbində olduq. Bu sahəyə uşaqlar çox böyük maraq göstərirdilər. Sorğuda iştirak edən 433 uşaqdan 389-u bu sahədə biliklərinin artırılmasını istəyirdi. Cavablarında "Biz yollarda, qəzalarda ölmək istəmirik" deyə qeyd etmişdilər. Təşkilatımızın müxtəlif maarifləndirmə tədbirləri təşkil olunub və gələcəkdə icrası vacib hesab edilən perspektivlər müəyyənləşib".
Bu işdə maarifləndirmənin böyük rol oynadığını vurğulayan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sığınacaqlarda uşaqlarla iş və onların cəmiyyətə inteqrasiyasında yaranan çətinliklər və uşaq sığınacağında bu sahədə həyata keçirilən tədbirlər barədə danışdı.
Həssas yol istifadəçilərinin yollarda üzləşdiyi çətinliklər barədə məlumat verən polis polkovnik-leytenantı Mübariz Ağayev təmsil etdiyi icra orqanının bu sahədə həyata keçirdiyi profilaktik tədbirlər barədə məlumat verdi. O vurğuladı ki, həmin tədbirlər zamanı əsas diqqət həssas yol istifadəçiləri ilə yanaşı, həm də yol hərəkətinin digər iştirakçılarının da geniş şəkildə məlumatlandırılmasına yetirilib.
Layihələr üzrə menecer Ülviyyə Hüseynova layihənin nəticələrini təqdim edərək müzakirəyə ehtiyac olan müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra mövzu ilə bağlı çəkilmiş 45 saniyəlik sosial video çarx nümayiş edildi.
Aidiyyəti dövlət orqanlarının məsul şəxslərinin, ictimai təşkilatların və digər maraqlı tərəflərin nümayəndələrinin fəal iştirakı ilə aparılan müzakirələrdə qeyd olundu ki, həssas təbəqələrdən olan uşaqların yollarda üzləşdikləri təhlükələr oxşar olsa da, onların aradan qaldırılması müxtəlif yanaşmalar və üsullar vasitəsilə mümkündür. Bu sahədə ciddi nəticələrin əldə olunması üçün səmərəli əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, maarifləndirmə, məlumatlandırma və digər profilaktik tədbirləri bir araya gətirməklə, hədəflərə doğru birgə addımlamağa ehtiyac var. Yalnız belə olduğu təqdirdə, həssas təbəqədən olan uşaqları yollarda hərəkətlə əlaqədar təhlükələrdən qorumaq olar.
Günel Azadə
banner

Oxşar Xəbərlər