• cümə, 29 Mart, 17:34
  • Baku Bakı 14°C

Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımla bağlı yeni faktlar

21.07.18 11:00 2603
Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımla bağlı yeni faktlar
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Lütvəli Babayev 2018-ci ilin yanvarında Yessentuki şəhərində istirahətdə olarkən, Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım Abayeva-Məlikova Zərdabinin həmyerlisi və qohumu Misirov Mustafa Hüseyeviçlə tanış olmuş və Mustafa bəy Lütvəli müəllimi Hənifə xanımın doğma kəndi Günnümə dəvət etmişdir. Dahi həmyerlimizin xanımının doğulduğu aulu - Ter vilayəti, Nalçik dairəsinin Kabarda-Balkar elinin Günnüm kəndini öz gözləri ilə görmək istəyən Lütvəli Babayev bu təklifi məmnuniyyətlə qəbul etmiş və 2018-ci il yanvarın 13-də həmin kəndi ziyarət edərək, oradan şəkillər də çəkmişdir. Mustafa bəy həmyerlisi və qohumu Hənifə xanımın həyat yoldaşının elindən gələn qonağı böyük hörmət və ehtiramla qarşılamış, ona filologiya elmləri doktoru Tamara Bittirova və tarix elmləri doktoru Hacımurad Sabançiyevin birgə yazdıqları "Misost Abayev” kitabını (Nalçik ş. "Peçatnıy dvor” nəşriyyatı, 2017-ci il), Hənifə xanımın doğulduğu, bu gün isə tikililərinin heç izləri də qalmayan Günnüm aulunun 1936-cı ildə çəkilmiş fotosunu hədiyyə etmişdir. Kitabda Hənifə xanımın mənsub olduğu Abayevlər nəslinin tarixdə dərin izlər qoyan övladlarının həyatından maraqlı yazılar və Azərbaycanda heç kəsə məlum olmayan və heç yerdə dərc edilməyən nadir fotoşəkillər də verilmişdir. Bu kitabda dərc olunan fotoşəkillərdən o da bəlli olur ki, Hənifə xanım Bakıda və Həsən bəy Zərdabi ilə birgə doğma Zərdabda sürgün həyatı yaşadığı dövrlərdə belə, qızları Pəri xanım və Qəribsoltan xanımla birgə doğma elinə Günnüm kəndinə, Nalçikə səfərlər etmiş, doğma və əzizləri, qohumları ilə əlaqə saxlamışdır.
"Misost Abayev” kitabında qeyd olunur ki, bir-birindən çox da aralı olmamaqla, dərələrdə yerləşən, inzibati cəhətdən Ter vilayətinin Nalçik dairəsinə daxil edilən, Balkar, Hulam, Bəzəngi, Çəgəm və Bəksən (Urusbi) icmalarından ibarət olan bu icma rəsmən "Böyük Kabarda ilə həmhüdud beş dağlı icması” adlanır. Bu icmalardan ən böyüyü Balkar icması olduğuna görə, bu icmaların sakinləri ümumilikdə "balkarlar” adlandırılır. Hazırda bu beş icmanın sakinlərinin sayı 25 min nəfərdən çox deyil. Həmin bu dağlılar müsəlmandırlar, qədim, sadə türk xalq dilinə daha yaxın olan tatar ləhcəsində danışırlar, amma adətləri, həyat tərzləri və geyimləri tatarlar və türklərinkindən fərqlidir. Dilinə, dininə, adətlərinə və digər keyfiyyətlərinə görə, bu tayfalar Elbrus dağının buzlaqlarından axıb gələn Kuban çayının yuxarılarındakı dağ dərələrində yerləşən qaraçaylara yaxın və doğmadırlar.
Kitabda Həsən bəy Zərdabinin və Hənifə xanımın da adları çəkilir, Hənifə xanımın fotoşəkillərinə geniş yer verilir. Məlum olur ki, Hənifə xanımın yaxın qohumu Misost Abayev 1857-ci ildə doğulmuşdur. Qəribədir ki, Həsən bəy Zərdabinin atası Səlim bəy kimi, Misostun atası Kiçik Abayev də bir müddət çar ordusunda xidmət keçmiş, oğulları Misostla İndrisi ərəbcə bilik almaları üçün məscidin nəzdindəki mədrəsədə oxutmuşdur. Sonralar İndris özü də Kaşhatau aulunda bu cür mədrəsə açmışdır. Mal-mülkünü satıb ailəlikcə Türkiyəyə köçməyə hazırlaşan Kiçik Abayev qəfildən vəfat edir. Misost Nalçikdəki dağlı məktəbinə daxil olur və burada rus dilini, riyaziyyatı, təbiət elmlərini əla öyrənir.
Vladiqafqaz Gimnaziyasında dərs deyən məşhur skripka ifaçısı, Kiçik bəyin yaxın qohumu Sultan bəy Abayev 1870-ci ilin yayında Kabarda-Balkara gəlir və onun təkidi ilə Misost birinci Vladiqafqaz Gimnaziyasına, sonra da Real məktəbə daxil olur. Əla oxuyaraq müxtəlif elmləri, həm də rus, alman və fransız dillərini öyrənir. Sonralar o, Vladiqafqaz Dairə Məhkəməsində tərcüməçi, 1892-ci ildən Kuban vilayəti Yekaterinodar şöbəsinin, az sonra həmin vilayətdəki Batalbaş şöbəsi Xumar sahəsinin rəisi vəzifələrində işləyir. Kabarda-Balkar icmasının rəhbəri, Qafqaz dağlıları Nalçik dairəsi Müvəqqəti Komitəsinin üzvü seçilir.
Misost Abayev nəinki Qaraçay və Kabarda-Balkarın, həm də Şimali Qafqazın ilk peşəkar tarixçisi, ictimai xadimi, maarifçisi, jurnalisti, araşdırmaçısıdır. O, Həsən bəy Zərdabinin redaktorluğu ilə Bakıda çıxan "Kaspi” qəzetində də 1892-1905-ci illərdə silsilə məqalələr dərc etdirmişdir. Kitabda yazılır ki, "Misost görkəmli Azərbaycan maarifçisi Həsən bəy Zərdabi ilə dost idi”.
Misostun "Kaspi”də dərc olunan məqalələrinə verilən qeyddə deyilir ki, bu qəzetin baş redaktoru Hənifə Abayevanın kürəkəni, sonralar Müvəqqəti Azərbaycan Parlamentinə rəhbərlik edən Ə.M. Topçubaşov idi. Bolşeviklərin hakimiyyətə gəlməsi ilə əlaqədar o, ailəsi ilə bərabər Fransada mühacir həyatı yaşamışdır.
Yeri gəlmişkən deyək ki, Misost Abayevin böyük qızı, ilk dağlı qadın ictimai xadimlərdən biri olan Səfiyyət Abayeva 1884-cü il noyabrın 24-də Nalçikdə anadan olmuş, ev təhsili almış, müəllim işləmişdir. 1924-cü ildə ailəlikcə Dağıstana köçmüş, orada xalq sənəti artellərinin, uşaq bağçalarının və dağlı qadınlar üçün müəllimlik kurslarının təşkilində fəal iştirak etmişdir.
Misostun ikinci qızı Qoşayaq (Leyla) 1897-ci ildə Nalçikdə doğulub, Qaraçay və Dağıstanda geniş pedaqoji iş aparıb, "Krasnıy Qaraçay” qəzetində əsasən qızların təhsil alması, uşaqların savadlanması mövzusunda çoxsaylı məqalələri dərc olunub. Oğlanları Misost 24 yaşında ikən Böyük Vətən Müharibəsində itkin düşüb, Bəymirzə cəbhədə həlak olub. O biri oğlu Həmzət müharibədən salamat qayıdıb, Nalçikdə yaşayıb, istedadlı heykəltəraş, Rusiya Federasiyasının Əməkdar rəssamı, çoxsaylı məşhur heykəllərin müəllifi kimi şöhrət qazanıb.
Misost Abayevin üçüncü qızı Fatimə Abayeva 1892-ci ildə doğulub, ev təhsili alıb, sonra Nalçik Qız Gimnaziyasında oxuyub, ali təhsil də alıb. Qaraçay-Balkar maarifçisi, Balkar elində mədəni hərəkatın ikinci mərhələsinin nümayəndəsi, hələ inqilabdan əvvəl əsərləri çap olunan ilk balkar qadını kimi şöhrət qazanıb. O həm də ilk Qaraçay-Balkar qadınıdır ki, hələ milli yazıları yaranmamış əsərlərini çap etdirmişdir. 1922-ci ildən Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil almış, universiteti bitirəndən sonra partiya işi və müəllimlik üçün Bakıya göndərilmiş, Azərbaycan qadınlarının təhsil alması, maariflənməsi üçün yaxın qohumu Hənifə xanım Abayeva-Məlikova Zərdabi ilə bərabər böyük işlər görmüşdür. Ümumiyyətlə, Fatimə Abayeva 1930-cu ildən Böyük Vətən M üharibəsinin əvvəlinədək Bakıda və digər böyük şəhərlərdə məsul partiya işlərində çalışmışdır. Bu xanım həm də parlaq istedadlı riyaziyyatçı, etnoqrafçı olmuşdur.
Misost Abayevin oğlu doktor İsmayıl Abayev 1888-ci il avqustun 3-də doğulmuş, 1928-ci ildə Buynak şəhərində vəfat etmişdir. O, Şimali Qafqazın ilk həkimlərindən biri olub. Kiyev Tibb İnstitutunu bitirib, I Dünya müharibəsinin, Kabarda-Balkar inqilabının və vətəndaş müharibəsinin iştirakçısı olub. Kabarda-Balkarda Sovet hakimiyyəti qurulandan sonra burada səhiyyə sahəsinə ilk dəfə o rəhbərlik edib, Vilayət Komitəsinin üzvü olub, Kabarda-Balkarın Moskvadakı nümayəndəliyində müavin işləyib, jurnalist kimi də böyük şöhrət qazanıb, tibbi maarifləndirməyə, balkarların sənətkarlığına və qidalanmasına dair çoxsaylı elmi, ictimai-əxlaqi mövzularda məqalələrin müəllifidir. 1920-ci illərdə Kabarda-Balkarda məktəb təhsilinin və tibbi maarifləndirmənin formalaşmasında fəal iştirak edib. İsmayıl Ağbəyovla birgə sovet dövrünün ilk dərsliklərindən olan və yaşlı əhalinin savadsızlığının aradan qaldırılmasına xidmət edən "Bizni gücübüz – bizni jeribizdədi” ("Bizim gücümüz – bizim torpağımızdadır”) kitabını yazıb nəşr etdirib. O, Kabarda-Balkar İnstitutunun ilk elmi əməkdaşlarından biri olmuşdur.
Kitabdan bəlli olur ki, ümumiyyətlə, repressiyalara, təqiblərə və təzyiqlərə baxmayaraq, Abayevlər nəsli bir zümrə olaraq görkəmli şəxsiyyətlər - alimlər, hüquqşünaslar, pedaqoqlar, sahibkarlar, təbiblər, musiqiçilər, rəssam və heykəltəraşlar yetişdirmişdir. Bu insanlar ali təhsil almış, çalışdıqları bütün sahələrdə kamil mütəxəssis kimi tanınmışlar. Misost Abayevin nəvəsi İsmayıl Ömər oğlu Urusbiyev tanınmış fizikdir. Misostun digər nəvəsi Dauta Urusbiyeva (əsl soyadı Abayeva - repressiyalardan qorumaq məqsədilə dayısı İsmayıl onu övladlığa götürmüş və soyadını dəyişdirmişdi) isə Timiryazev adına Akademiyanı bitirəndən sonra ilk balkar qadındır ki, namizədlik dissertasiyası müdafiə etmişdir. M. Abayevin nəticəsi, Dauta xanımın oğlu Yevgeni Almazov məşhur musiqiçi, Moskva klassik musiqi ansamblının bədii rəhbəri və dirijorudur. Yevgeninin qızı Səfiyyə Zaltsburq Konservatoriyasını bitirmişdir, Vyana Opera Teatrının solistidir.
Bir sözlə, filologiya elmləri doktoru Tamara Bittirova və tarix elmləri doktoru Hacımurad Sabançiyevin birgə yazdıqları "Misost Abayev” kitabı milli mətbuatımızın və milli teatrımızın banisi Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımın mənsub olduğu Abayevlər nəslini yaxından tanımaq üçün çox dəyərli mənbədir və bu kitabı və fotoşəkilləri Hənifə xanımın doğulduğu diyardan gətirib H. Zərdabi Muzeyinə hədiyyə etdiyi üçün Zərdab Rayon İcra Hakimiyyətinin başçısı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Lütvəli Babayevə dərin minnətdarlığımızı bildiririk.
İsaməddin ƏHMƏDOV,
Zərdabda çıxan "Əkinçi” qəzetinin redaktoru
banner

Oxşar Xəbərlər