• şənbə, 20 Aprel, 05:35
  • Baku Bakı 15°C

Həsən bəy Zərdabidən yeni kitab yazıldı - Fotolar

15.07.14 12:18 1461
Həsən bəy Zərdabidən yeni kitab yazıldı - Fotolar
İyulun 15-də Beynəlxalq Mətbuat Mərkəzində aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas alim Eldəniz Həsənovun "Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu” adlı monoqrafiyasının təqdimatı oldu.
AzərTAc xəbər verir ki, "Kaspi” qəzetinin, Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, ölkənin tanınmış alim və ziyalıları, kütləvi informasiya vasitələrinin rəhbərləri, Zərdabi nəslinin Azərbaycanda və xarici ölkələrdə yaşayan nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, monoqrafiya Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr edilib.
Həsən bəy Zərdabinin Azərbaycanın ictimai-siyasi, mədəni həyatındakı əvəzsiz xidmətlərindən söz açan Ə.Amaşov dedi ki, onun kimi şəxsiyyətlər hər bir xalqa hörmət və şöhrət gətirir, mənsub olduğu milləti dünyada tanıdır.
Vurğulandı ki, müəllifin illərlə apardığı tədqiqatlar nəticəsində ərsəyə gələn bu kitabda ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi tərtib olunub.
Tədbirdə kitabın müəllifi Eldəniz Həsənova "Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurası tərəfindən Həsən bəy Zərdabi irsinin öyrənilməsi sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə diplom təqdim edildi.
Kitabın müəllifi E.Həsənov bu monoqrafiyanın hazırlanmasında ona yaxından kömək edən hər kəsə minnətdarlığını bildirərək dedi: "İki il bundan əvvəl "Kaspi” qəzetinin təsisçisi, Əməkdar Jurnalist Sona Vəliyeva mənə dedi ki, siz Həsən bəy Zərdabi irsinin tədqiqatçılarındansınız, amma indiyədək mən bu böyük şəxsiyyətin anası haqqında geniş bir araşdırmaya rast gəlməmişəm. Bu məsələ məni daha geniş formada araşdırmalar aparmağa sövq etdi. Axtarışlarım nəinki Azərbaycanda, hətta bir sıra ölkələrdə, arxivlərdə davam etdirdim. Nəticədə belə bir əsərin oxuculara təqdim edilməsinə müvəffəq oldum”.
Tədbirdə "Kaspi” qəzetinin təsisçisi, Əməkdar Jurnalist, kitabın rəyçilərindən olan Sona Vəliyeva çıxış edərək bildirdi ki, zaman keçir, dövr dəyişir, amma Həsən bəy Zərdabi irsinə münasibət dəyişmir. Ona görə ki, onun Azərbaycan xalqının rifahı, tərəqqisi naminə gördüyü işlər danılmazdır.
Bu sahədəki axtarışların davam etdiriləcəyinə inamını ifadə edən S.Vəliyeva dedi ki, Həsən bəy Zərdabi irsi növbəti illərdə daha da geniş şəkildə oxuculara təqdim olunacaqdır.
Tədbirdə çıxış edənlər kitabın nəşr olunmasını Zərdabi irsinə böyük hörmətin ifadəsi kimi qiymətləndirdilər.

banner

Oxşar Xəbərlər