• şənbə, 20 Aprel, 00:45
  • Baku Bakı 15°C

“Hesablama Palatası istintaq orqanı deyil”

04.09.14 17:15 2979
“Hesablama Palatası istintaq orqanı deyil”
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZADİNFORM-a müsahibə verib.
Vüqar müəllim, Hesablama Palatasının 2014-cü ilin birinci yarısındakı fəaliyyətini necə dəyərləndirirsiniz?

- 2014-cü ilin ilk altı ayında Hesablama Palatasının Kollegiyası tərəfindən 48 nəzarət tədbirinin başlanması ilə bağlı qərarlar qəbul olunmuşdur. Həmin nəzarət tədbirlərindən 27-nin nəticələri artıq təsdiq edilmiş, qalanları isə müxtəlif icra mərhələsindədir.
Nəzarət tədbirlərinin əhatəsinə gəldikdə isə tədbirlərin 4-ü dövlət büdcəsinin gəlirlərini, qalan 43-ü dövlət büdcəsinin, biri Dövlət Sosial Müdafiə Fondunun xərclərini əhatə edir, həmçinin bir ekspert-analitik təhlil başa çatdırılmışdır.
Bunları nəzərə alaraq, 2014-cü ilin İş Planında nəzərdə tutulmuş fəaliyyətin tamamilə yerinə yetiriləcəyi barədə əminlik olduğunu deyə bilərik.
Diqqətə çatdırmaq istərdik ki, Palatanın illik İş Planları təkcə nəzarət tədbirlərini əhatə etmir.
Qeyd edək ki, cari ilin İş Planına əsasən Hesablama Palatası 2013-cü ildə öz fəaliyyəti ilə bağlı qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisinə artıq hesabat vermiş və 2013-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı Rəyini təqdim etmişdir.
Palatanın cari ildə fəaliyyətinin mühüm elementini hal-hazırda Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası Hökumətləri arasında imzalanmış Qrant Sazişinə əsasən Dünya Bankının idarəçiliyi ilə “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsinin (CAPSAP) “2012-2014-cü illər üzrə Strateji İnkişaf Planının həyata keçirilməsində Hesablama Palatasına köməklik göstərmək üçün Məsləhətçi Xidmətləri” ilə bağlı komponentlərin həyata keçirilməsi layihəsi təşkil edir.
Layihə üzərində intensiv iş gedir və layihənin əsas komponentləri olan fəaliyyət və maliyyə auditi üzrə qaydaların, 2015-2016-cı illər üzrə fəaliyyət auditi üzrə strateji inkişaf sənədinin, İT üzrə strategiyanın layihələri artıq hazırlanmışdır və bu istiqamətdə işlər davam etdirilir. Həmçinin ISSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Standartları) 30 standartının tərcüməsi başa çatdırılmışdır.
Layihənin bizim üçün xüsusi əhəmiyyət kəsb edən ən mühüm komponenti -qanunvericilik və standartlar bazasının gücləndirilməsi ilə bağlı hazırlanmaqda olan mövcud qanunvericiliyə əlavə və dəyişiklər üzrə təkliflər isə ilin sonuna kimi təqdim ediləcəkdir.
İri dövlət sifarişlərini yerinə yetirən özəl müəssisələrdə maliyyə axınlarını izləyə bilirsinizmi, yoxsa fəaliyyətiniz büdcə təşkilatları ilə məhdudlaşır?

- Qeyd etdiyim kimi, Hesablama Palatasının, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirməklə yanaşı, eyni zamanda, qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və icmal büdcəsinin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparmaq funksiyası var. Bu baxımdan da, dövlət büdcəsi vəsaitlərindən istifadə edən bütün qurumlar Hesablama Palatasının nəzarət tədbirlərinin obyektidir.
Sizin apardığınız auditin nəticələri əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmalar aparılırmı? Yoxsa təftişin nəticələrini Milli Məclisə təqdim etməklə kifayətlənirsiniz?

- Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində son illərdə yüksək dinamik inkişaf formalaşıb və dövlət vəsaitlərinin həcmi xeyli artıb. Bu isə yeni strateji vəzifələrin, beynəlxalq layihələrin reallaşdığı bir şəraitdə korrupsiyaya qarşı mübarizə üsullarının daha da təkmilləşdirilməsi, eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində profilaktik işin, xüsusilə də qabaqlayıcı tədbirlərin gücləndirilməsi, antikorrupsiya mühitinin yaradılması zərurətini labüd edir.
Palatanın cari fəaliyyətinin əsas prioritet vəzifələrindən biri də məhz korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və aradan qaldırılması ilə bağlıdır. Əvvəlki illərdə olduğu kimi, cari ildə də bu sahədə görülən tədbirlər davam etdirilir və bu vaxta qədər üç audit tədbirinin nəticələri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilmişdir. Yol verilən ciddi maliyyə pozuntuları və büdcəyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində Baş İdarədə istintaq tədbirləri davam edir. Qeyd edək ki, 2008-ci ildə Palata və Baş Prokurorluq arasında qarşılıqlı əməkdaşlıqla bağlı Memorandum imzalanmışdır və hal-hazırda Palatada nəzarət tədbirlərinin nəticələrinin Prokurorluq orqanlarına göndərilməsi zamanı sənədlərin tərtibi məsələlərini tənzimləyən qaydalar hazırlanmaqdadır.
Ümumiyyətlə, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mütərəqqi hüquqi baza yaradılmışdır. Hesablama Palatası istintaq orqanı deyil və əsas vəzifəsi maliyyə və normativ pozuntularının profilaktikası və aradan qaldırılması məqsədilə büdcə vəsaitlərindən istifadənin auditidir. Eyni zamanda, Palata kənar auditi həyata keçirən orqandır və nəzarət tədbirlərində ilk olaraq diqqət daxili maliyyə nəzarəti orqanları tərəfindən nəzarətin aparılıb - aparılmamasına yönəldilir. Başqa sözlə desək, daxili nəzarətin güclü olması normativ-hüquqi aktların tələblərinə riayət edilməsində vacib faktordur.
Bütün nəzarət orqanları bir məqsədə xidmət edir və vahid bir sistemin ayrı-ayrı tərkib hissələridir. Hesablama Palatası ölkədə dövlət vəsaitlərinin istifadəsinə kənar nəzarəti həyata keçirən yeganə orqandır və Konstitusional funksiyalarını yerinə yetirən zaman yalnız dövlət vəsaitlərinin mənimsənilməsi, təyinatı üzrə istifadə edilməməsi, maliyyə intizamının pozulması və s. bu kimi faktları müəyyən edir. Bu hallar cinayət xarakterli olsa da, audit nəticəsində cinayətin baş vermə faktını müəyyən etmək həmişə mümkün olmur və büdcə qanunvericiliyinin hər pozulma halı mütləq mənada cinayət məsuliyyəti daşımır.
Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq prokurorluq orqanları Palatanın müəyyən etdiyi və araşdırmaq üçün göndərdiyi faktlar üzrə cinayət işlərinə başlayaraq vurulmuş zərərin məbləğini hesablayır. Ümumiləşdirərək, deyə bilərik ki, Hesablama Palatası konkret müqəssirləri müəyyən etmir və onları cəzalandırmır. Hesablama Palatası qarşısında duran əsas iki vəzifəni yerinə yetirməlidir: peşəkar qaydada fəaliyyət auditini həyata keçirməli və dövlətin maliyyə və büdcə sisteminin real risklərini müəyyən etməlidir.
Bununla belə, fikrimizcə, maliyyə-büdcə qanunvericiliyinin pozulmasına qarşı inzibati tədbirlər güclənməlidir. Sadə bir nümunə göstərmək olar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dövlət rüsumunun düzgün tutulmaması və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməməsinə görə vəzifəli şəxslər cəmi 90,0 manatadək cərimə edilir. Yaxud satınalmalar üzrə qanunvericiliyin tələblərinin pozulmasına görə hər hansı bir cəza tədbiri nəzərdə tutulmamışdır və belə siyahını uzatmaq olar. Halbuki, məsələn, Qazaxıstanın İnzibati Xətalar Məcəlləsində yuxarıda adıçəkilən qanunvericiliyin hər bir tələbinin pozulması hallarına görə ayrı-ayrılıqda inzibati cəza nəzərdə tutulmuşdur. Bunları nəzərə alaraq, Hesablama Palatası hesab edir ki, maliyyə-büdcə qanunvericiliyinin pozulmasına qarşı inzibati tədbirlər genişləndirilməli və gücləndirilməli, cərimələrin məbləği dəfələrlə artırılmalıdır. Bütün bu tədbirlər dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasına, şəffaflığın və hesablılığının təmin edilməsinə, maliyyə inzibatçılığının güclənməsinə və korrupsiya ilə daha səmərəli mübarizəyə xidmət etmiş olar.
Beynəlxalq təcrübənin və standartların tərəfimizdən araşdırılması aşkarlanmış nöqsanlar, o cümlədən, iqtisadi cinayətlər barədə qərarların sərbəst qəbul edilməsində Ali Audit Qurumlarının səlahiyyətlərə malik olduğunu göstərir. Məsələn, İspaniya AAQ-ı öz hesabatlarında göstərir ki, yalnız çox ağır pozuntular cinayət məsuliyyətinin tətbiq edilməsinə əsas ola bilər. Əgər nöqsanlara yol vermiş şəxslər könüllü qaydada vergi ödəyiciləri qarşısında öz öhdəliklərini yerinə yetirməyə razı olursa, onda cinayət məsuliyyətinə cəlb olunmurlar.
Antikorrupsiya siyasəti Azərbaycan hökumətinin prioritetləri sırasına daxildir. Bu siyasətin daha effektiv həyata keçirilməsi üçün Hesablama Palatasının rolu nədən ibarətdir?

- Əslində yuxarıda qeyd edilən məsələlər müəyyən mənada antikorrupsiya xarakterli fəaliyyəti əhatə edir. Bir məsələni diqqətə çatdıraq ki, bir çox ölkələrdə AAQ, eyni zamanda, antikorrupsiya orqanıdır. Bununla belə, bu funksiyanı daşımayan AAQ-lar da korrupsiya ilə mübarizədə mühüm rol oynayırlar.
Hesablama Palatası da qeyd olunan istiqamətdə bir sıra səlahiyyət və funksiyalara malikdir. Belə ki, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa son dövrlərdə edilən dəyişikliklərlə Palataya dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi ilə bağlı yeni funksiya əlavə edilib.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun 103 nömrəli Fərmanı ilə bu istiqamətdə bir sıra mühüm tapşırıqlar da verilib.
Bir faktı qeyd edim ki, Palatanın antikorrupsiya fəaliyyəti təkcə yoxlama materiallarının müvafiq orqanlara göndərilməsi ilə bitmir. Belə ki, Prokurorluq orqanlarının özləri tərəfindən müəyyən edilmiş faktlar üzrə ayrı-ayrı şəxslərin fəaliyyətinin daha ətraflı araşdırılması məqsədilə dəfələrlə Palataya müraciət olunmuş, həmin sahə üzrə təcrübəli əməkdaşlar əlavə faktların müəyyən edilməsində yardımçı olmuşlar.
Qanunvericilik aktlarında mövcud boşluqlar, təkmilləşdirmə və yeni normativ aktların yaradılması ilə bağlı Palatanın təklifləri də, əslində, antikorrupsiya fəaliyyəti kimi dəyərləndirilməlidir.
Hesablama Palatasının indiki fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac varmı, yoxsa indiki funksiyalarınız yetərlidir?

- “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır və təşkilati-funksional müstəqilliyə malikdir. Eyni zamanda, məhz parlamentin xalq tərəfindən seçilən millət vəkillərindən ibarət olması maliyyə nəzarətini həyata keçirən ali orqana, hakimiyyətin digər qollarından fərqli olaraq, qanun çərçivəsində müstəqillik verir və ictimai resurslardan istifadədə xalqın maraqlarını qoruyur.
AAQ-ların müstəqilliyi dövlət kənar maliyyə nəzarəti orqanlarının beynəlxalq təşkilatı olan INTOSAI tərəfindən qəbul edilmiş standartların əsas şərtlərindəndir. Eyni zamanda, ali maliyyə nəzarəti orqanlarının dövlət idarəetməsində rolu, maliyyə inzibatçılığında əhəmiyyəti və ictimai zəruriliyi “Ali Audit Qurumlarının gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” 2011-ci ilin 22 dekabr tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 66-cı sessiyasında A/66/209 saylı Qətnaməsində üzv-dövlətlərin diqqətinə çatdırılmışdır.
Bu Qətnamə ilə BMT-nin Baş Assambleyası ilk dəfə olaraq AAQ-ların yalnız audit keçirdiyi qurumdan asılı olmadığı və kənar təsirlərə məruz qalmadığı halda öz vəzifələrini obyektiv və effektiv şəkildə yerinə yetirə bildiklərini, milli inkişaf məqsədlərinə və prioritetlərə, habelə Minilliyin İnkişaf Məqsədləri də daxil olmaqla, beynəlxalq səviyyədə razılaşdırılmış inkişaf məqsədlərinə nail olmağa imkan yaradan dövlət idarəçiliyinin səmərəliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılmasında AAQ-ların əsas rol oynadığını qəbul etmişdir.
Maliyyə inzibatçılığının gücləndirilməsi ilə bağlı ölkə rəhbərinin tapşırıqları bu istiqamətdə qanunvericilik aktlarının daima təkmilləşdirilməsini tələb edir. Məlumdur ki, bu sahədə diqqət yetirilməli əsas məqamlardan biri də dövlət maliyyə nəzarəti sisteminin, o cümlədən kənar dövlət maliyyə nəzarəti orqanı olan Hesablama Palatasının işinin effektivliyinin gücləndirilməsidir.
Məlum olduğu kimi, hal-hazırda Palatanın fəaliyyəti “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu və Daxili Nizamnamə ilə tənzimlənir.
Azərbaycan Respublikası Hesablama Palatasının yaradılması, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən dövlət idarəetmə sisteminin, o cümlədən, dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində əsası qoyularaq həyata keçirilən və hal-hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən davam etdirilən uğurlu siyasətin tərkib hissəsidir və dünya dövlətlərinin siyasi və iqtisadi həyatında icra hakimiyyəti qolundan müstəqil olan dövlət maliyyə nəzarətini həyata keçirən orqanların rolunun güclənməsi ilə əlaqədardır. 1999-cu ildə qəbul edilmiş “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa xalqımızın ümumilli lideri Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə 2001-ci ildə beynəlxalq standartlara uyğunlaşdırılma istiqamətində mühüm dəyişikliklər və əlavələr edilmiş və Hesablama Palatası fəaliyyətə başlamışdır.
Ötən müddət ərzində dövlət maliyyə resurslarının artımı, ölkəmizin dünyada qəbul edilən dinamik inkişafı qeyd olunmuş normativ-hüquqi aktlara yenidən baxılmasını tələb edir.
Eyni zamanda, Lima Bəyannaməsinin əsas prinsipləri və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının məlum Qətnaməsindən irəli gələn çağırışlar Ali Audit Qurumu kimi Palatanın fəaliyyətinin dünyada qəbul edilmiş normalara uyğunlaşdırılmasını zəruri edir. Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi Palatanın dövlət maliyyə inzibatçılığının gücləndirilməsi və şəffaflığının təmin edilməsi istiqamətində faydalılığının artırılması imkanlarının böyük olduğunu göstərir. Bu baxımdan da, qeyd etdiyim kimi, hazırlanmaqda olan Hesablama Palatası haqqında yeni Qanun layihəsində Palatanın iş prinsipləri, strukturu, Kollegiyanın fəaliyyəti və s. sahələri tənzimləyən məqamlarla yanaşı, nəzarət tədbirlərinin həyata keçirilməsi ilə bağlı əsas məqamlar əks olunur.
Qarşıya qoyulmuş tələblərin yerinə yetirilməsi və Palatanın dövlət idarəetməsində daha da faydalı olmasının təmin edilməsi məqsədilə bir neçə istiqamətdə yeniliklər də nəzərdə tutulur. Bu yeniliklər arasında dövlət orqanlarında yaradılmış məlumat bazasına çıxışın təmin edilməsi, fəaliyyət auditinin əsas prinsiplərinin təsbit edilməsi, vəsaitlərdən istifadəyə dair hesabatvermənin məcburiliyi, Palatada kadr hazırlığı və insan resurslarının inkişafı ilə bağlı məsələləri qeyd etmək olar.
Nəzərdə tutulan yeniliklər resurslardan səmərəli istifadənin təmin edilməsi ilə yanaşı, kənar dövlət maliyyə nəzarət orqanı olaraq Palatanın üzərinə düşən vəzifə və funksiyaların tam və müvəffəqiyyətlə yerinə yetirilməsi məqsədini güdür.
Dünyada mövcud olan ali maliyyə nəzarəti orqanlarının status, funksiya, hesabatvermə müxtəlifliyi, həmçinin parlament və icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəsində fərqlər mövcuddur. Bu fərqlər ölkənin siyasi quruluşu və qanunvericiliyinə, milli ənənə və mədəniyyətinə əsaslanır, lakin bu fərqlərdən asılı olmayaraq, hər bir ali maliyyə nəzarət orqanı, Lima Bəyannaməsində də göstərildiyi kimi, dövlətin maliyyə resurslarının idarəolunması sisteminin vacib və xüsusi həlqəsidir. Palatanın qarşısında duran əsas vəzifələrdən biri də fəaliyyətinin təkmilləşdirilməsi yolu ilə, beynəlxalq AAQ ailəsinin müvəffəqiyyətli üzvünə çevrilməkdir.
Azərbaycan Hesablama Palatası Ali Audit Qurumlarının Avropa Təşkilatlarının (EUROSAI) Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə yaradılmış İşçi Qrupuna qoşulub. Bu quruma qoşulmaq Palataya hansı dividentləri verəcək?

- Təbii və texnogen fəlakətlərin müasir dövrdə beynəlxalq xarakter daşıması, bu fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması ilə bağlı ayrılmış vəsaitlərin effektiv istifadəsinin təmin edilməsi AAQ-ların bu istiqamətdə intensiv və qarşılıqlı fəaliyyətlərini zəruri etmişdir. Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi Qrupunun yaradılmasında məqsəd bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi və əlaqələndirilməsidir.
Fikrimizcə, istənilən birgə əməkdaşlıq müsbət nəticələrin əldə edilməsində vacib elementdir. Bu baxımdan da, respublikamızda mümkün təbii və texnogen fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, son nəticədə, büdcə vəsaitlərinin səmərəli istifadəsini təmin etməklə xalqın rifahının və sağlamlığının qorunmasına xidmət edir.
Ümumiyyətlə, Palatanın xarici əlaqələri, beynəlxalq audit standartlarının ölkəmizdə tətbiqi barədə nə deyə bilərsiniz?

- Yuxarıda da qeyd edildiyi kimi, Palatada hal-hazırda beynəlxalq layihə həyata keçirilməkdədir və bu layihənin əsas məqsədi məhz beynəlxalq standart və təcrübənin tətbiqini təmin etmək və bununla bağlı potensialı gücləndirməkdir.
Layihənin əsas komponentləri - fəaliyyət və maliyyə auditi metodlarının tətbiqi məqsədilə pilot layihələr həyata keçirilməkdədir və hər iki metod üzrə qaydaların layihəsi artıq tərtib edilmişdir və həmin audit metodları üzrə əməkdaşların bacarıqlarının artırılması məqsədilə təlimlər həyata keçilir. Qeyd edək ki, fəaliyyət auditi dövlət vəsaitlərinin səmərəli, qənaətli və nəticəli istifadəsi ilə bağlıdırsa, maliyyə auditi təşkilatın maliyyə fəaliyyətinin mövcud qanunvericilik aktlarına uyğunluğu, hesabatlılığı və nəzarət mexanizmlərinin yetərliliyini qiymətləndirir və riskləri müəyyən edir. Hər iki metod Palata üçün yenidir.
Layihənin qanunvericilik və standartlar bazasının gücləndirilməsi məqsədini güdən üçüncü komponent xüsusilə əhəmiyyətlidir. Belə ki, Lima Bəyannaməsinin müddəalarına uyğun fəaliyyətin təmin edilməsi bir tərəfdən beynəlxalq standartların tətbiqini tələb edirsə də, ikinci bir tərəfdən tam fəaliyyətin təmin olunması və həmin standartların tətbiqi məqsədilə səlahiyyət və statusun gücləndirilməsini zəruri edir. Hal-hazırda bu istiqamətdə də qanun layihəsi hazırlanmaqdadır və ISSAI – sənədlərinin tərcüməsi və redaktəsi işləri həyata keçirilir.
Bir mühüm məqamı da diqqətə çatdıraq. AAQ-ların dövlət idarəçiliyində funksiya və vəzifələri nəticə etibarı ilə vergi ödəyicilərinin - vətəndaşların maraqlarına xidmət edir. Deməli, AAQ-ların fəaliyyətinin təkmilləşdirilməsi, səlahiyyətlərinin genişləndirilməsi və təsir mexanizmlərinin gücləndirilməsi əslində ictimai maraqlara xidmət edir.
Bununla bağlı INTOSAI təşkilatı 2013-cü ildə yeni bir standart – ISSAI-12-ni qəbul etmişdir ki, həmin standart iki əsas prinsipə - hesabatlılığın, şəffaflığın, dövlət və özəl təşkilatların düzgünlüyünün gücləndirilməsi və vətəndaşlar, Parlament və digər tərəfdaşların maraqlarına uyğun fəaliyyət prinsiplərinə riayət etməklə AAQ-ın vətəndaşların həyatında müsbət dəyişikliklərə xidmət etdiyini qeyd edir.
Beynəlxalq əlaqələrə gəldikdə isə, qeyd edək ki, Palata üzv olduğu INTOSAI, EUROSAI, ASOSAI, ECOSAI çərçivəsində fəaliyyətini gücləndirməklə yanaşı, ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarını daim genişləndirilir. Elə bu yaxınlarda, iyun ayında Palatanın nümayəndə heyəti Ali Audit Qurumlarının Avropa Təşkilatlarının (EUROSAI) Niderland Krallığının Haaqa şəhərində keçirilmiş IX Konqresində iştirak etmişdir. Qardaş Türkiyə Respublikası AAQ ilə əməkdaşlıq isə xüsusilə yüksək səviyyədədir. Palatanın yuxarıda qeyd etdiyiniz İşçi Qrupuna üzv olması, eyni zamanda, Satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupa üzv olması ilə bağlı atılan addımlar da, əslində, çoxtərəfli əməkdaşlıq fəaliyyətinin göstəricisidir.
Niyaz NİFTİYEV
banner

Oxşar Xəbərlər