• cümə, 26 Aprel, 08:28
  • Baku Bakı 12°C

Hərraca çıxarılan tariximiz - Fotolar

06.08.13 08:49 3041
Hərraca çıxarılan tariximiz - Fotolar
Ölkənin əksər yerlərində tarix və mədəniyyət abidələrinin mühafizəsinin arzu olunan səviyyədə olmaması vətəndaş cəmyyətinin apardığı araşdırmalarda bir daha ortaya çıxıb. Mədəni irs abidələrimizin əhəmiyyətinin hələ ki, yetərincə başa düşülməməsi, dövlət tərəfindən mühafizə olunmalarına rəğmən dağıdılması, korlanması, zibillənməsi ilə bağlı narahatlıq xüsusən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği, o cümlədən mövcud vəziyyətin monitorinqi ilə bağlı həyata keçirdiyi layihə zamanı məlum olub. Ölkənin Şirvan və Gəncə-Qazax bölgələrində aparılan monitorinq həmçinin mədəni irsə ictimai münasibəti də ortaya qoyub.
Layihənin eksperti, professor Qafar Cəbiyevin sözlərinə görə, bir çox abidələr təbiət təsirləri və antropogen təsirlər nəticəsində davamlı olaraq aşınma, dağılma və beləliklə də, nəticə etibarı ilə məhv olma taleyi yaşamaqdadır. Bu cür pozuntu hallarına xüsusən Ağsu, Gəncə, Qazax, Şamaxı, İsmayıllı və Şəmkir rayonlarında yerli əhalinin yaşadıqları ərazilərdəki abidələr ətrafında rast gəlinib: «Torpaq islahatı aparılanda həmin torpaqlar vətəndaşlara pay torpağı kimi verilib. İnsanlar da orada öz istədikləri kimi davranırlar. Nəticədə tarix və mədəniyyət abidələri ilə bağlı qanunvericiliyin tələbləri pozulur». Ekspert təəssüflə qeyd edir ki, son illər ölkədə genişmiqyası arxeoloji ekspedisiyalar həyata keçirilsə də, sonradan onların üzərində tədqiqat işləri aparılmır: “Elə bir abidə yoxdur k, arxeoloqlar tapıb üzə çıxarandan sonra orada tədqiqat işləri aparılsın. Arxeorloqlar tapır, amma sonra həmin abidələr zibilliyə çevrilir. İnsanlar dağıtmasa da, təbiət dağıdır. Ümumilikdə isə yerlərdə insanların abidələrə münasibəti çox pisdir».
Özəlləşdirilmiş təpə
İB sədri, Tarix elmləri doktoru Firuz Xəlilli mədəni irs abidələrinin mahiyyətinin hələ də başa düşülmədiyini təəssüflə qeyd edir: “Abidələr korlanır və zibillənir. Bələdiyyələr torpağı yerli sakinlərə paylayır, torpaqlar özəlləşdirilib. İnsanlar öz həyətlərində abidələri dağıdırlar. Onlar abidələrin üzərində tikinti işləri aparır və ya traktorla qazıntı işləri həyata keçirirlər”.
Tədqiqat qrupunun Qazax şəhərinin qərb qurtaracağında yerləşən Sarıtəpədə aparılan tədqiqatları qədim yaşayış məskəninin öz xarakteri baxımından hansısa bir ailə və ya kiçik bir kollektivə deyil, geniş ictimaiyyətə məxsus olduğunu sübuta yetirib. Belə ki, Sarıtəpə abidəsi 100 metr diametri və 10 metr hündürlüyü olan möhtəşəm təpədən ibarətdir. 1956-1958 illərdə orada AMEA Tarix İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işləri aparılıb. Arxeoloji qazıntılar zamanı Sarıtəpədə təsərrüfat və dini xarakterli binalar aşkara çıxarılıb. Orada tapılan iki ədəd sütun altlıqları bütün Qafqaz üçün unikal tapıntı sayıla bilər. Onlar bir çox əlamətlərinə görə qədim İranın Suz və Persopol şəhərlərindəki memarlıq əbidələrinə oxşardır. Bu isə sübut edir ki, Sarıtəpədə üzə çıxarılan sütun altlıqları Yaxın Şərq analoqlarına uyğun olaraq e.ə. V-IV yüzilliklərə aiddir.
Ancaq monitorinq zamanı məlum olub ki, hazırda abidə qorunmur. Həmçinin abidənin qorunması haqqında heç bir göstərici yoxdur və bu səbəbdən də acınacaqlı vəziyyətdədir. Abidə haqqında məlumat o qədər azdır ki, rəyi soruşulanlardan bir neçəsi orada qorunmalı heç nə olmadığını deyib. İki nəfər isə təpənin özəlləşdirildiyini qeyd edib.
Şəmkir şəhərinin xarabalıqları
Orta əsr Şəmkir şəhərində yerləşən abidələrin də ürəkaçan vəziyyətdə olmadığı üzə çıxıb. Qeyd edək ki, şəhərin xarabalıqları Şəmkirçayın sol sahilində, rayonun Muxtariyyə kəndinin şimalında yerləşir. Abidənin təsviri onun orta əsr düzən şəhərləri üçün səciyyəvi olan bütün əlamətlərə malik olduğunu göstərir: “Sorğu zamanı əhalinin abidə haqqında müxtəlif və həm də ziddiyyətli məlumatlara malik olduğu aşkarlandı. Əhali arasında «Şəmkir» toponiminin izahı ilə bağlı fikir müxtəlifliyi var”. Belə ki, sorğuda iştirak edənlərdən bəzisi onu Şəmkir qalası, bəzisi Orta əsr Şəmkir şəhər yeri, bəzisi isə Nadirşah qalası kimi tanıdı. Rəyi soruşulanların arasında bu adı heç nə ilə əsaslandıra bilməyənlər, Şəmkirdə yerləşdiyi üçün belə adlandırıldığını söyləyənlər, həmçinin «Şam» və «Kür» sözlərindən əmələ gəldiyini bildirənlər də olub”.
İsmayıllı ərazisində, Talıstan kəndi yaxınlığında yerləşən Cavanşir qalası da eyni aqibəti yaşayır. Qala Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə inşa edilib. Mütəxəssislərin fikrincə, hökmdar Cavanşirin adını daşıyan qala respublika səviyyəsində diqqət mərkəzində saxlanılan tarixi abidələrimizdən olmağa layiqdir. Amma monitorinq zamanı məlum olub ki, burada da vəziyyət ürəkaçan deyil. Belə ki, abidə elmi baxımdan öyrənilməyib, orada arxeoloji tədqiqatlar aparılmayıb, turizm marşrutlarına daxil edilməyib: “İctimaiyyətin nümayəndələri onun haqqında kifayət qədər məlumatlı deyillər. Heç zaman bərpa olunmaması son illərdə leysan yağışların yağması nəticəsində qala divarlarının uçmasına şərait yaradıb”.
Aidəyə gedən yol da bərbad vəziyyətdədir: “Bu abidənin öyrənilməsi Azərbaycan tarixini, xüsusən də albanların, Albaniya dövlətinin tarixini, onun ən qüdrətli dövlət başçısı olan Cavanşirin şəxsiyyətini və siyasətini öyrənməkdə əhəmiyyətli ola bilər”.
Bölünən ərazi
Xınıslı yaşayış yerində (Qədim Şamaxı şəhəri) də abidələrə münasibət fərqli deyil. Bu, antik və ilk orta əsrlər dövrünə aid arxeoloji abidədir. II əsrdə Klavdi Ptolemey şəhərin adını Kamaxeya kimi yad edib, onun həmin dövrdə mövcudluğunu tarixə keçirib. Xınıslıda ötən əsrin 60-70-ci illərində arxeoloq Cabbar Xəlilovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində oradan qəbirlər, yerli ustaların əməyinin məhsulu sayılan çoxsaylı maddi-mədəniyyət nümunələri, o cümlədən yerli istehsal olan nəfis şüşə məmulatı, qab və bəzək şeyləri də aşkar olunub. Oradan tapılan ən qiymətli nümunələr içərisində Xınıslı dəfinəsi xüsusi yer tutur. Ancaq yerli sakinlər arasında abidənin adı ilə bağlı fikir müxtəlifliyi var. Abidənin turizm marşrutlarına daxil edilməsinin həm bölgənin inkişafına, həm də yerli sakinlərin yaşayış səviyyəsinə müsbət təsir göstərəcəyinə ümid edilir: “Bu abidə haqqında da məlumat azdır. Yerli əhali, ümumiyyətlə, abidəni tanımır. Abidənin yerləşdiyi ərazi ev tikmək üçün sakinlər arasında bölünüb. Bəzi yerlər məişət tullantıları ilə zibillənib və s. Qorunması haqqında heç bir göstərici yoxdur”.
Tədqiqat qrupu həmçinin Gəncə şəhərinin abidə olaraq ona layiq səviyyədə qorunmadığını aşkarlayıb. Belə ki, Gəncə sakinlərinin də doğma şəhərləri haqqında məlumatı azdır. Hətta, abidənin adı ilə bağlı da sakinlər arasında fikir müxtəlifliyi mövcuddur.
Orta əsr Ağsu şəhərində yerləşən Ağsu qalası ilə bağlı da oxşar problem aşkarlanıb. Belə ki, vaxtilə nadir əhəmiyyətli iqamətgah olan qala hazırda qorunmur.
Qızıl axtarmaq həvəsi
Professor Q.Cəbiyevin sözlərinə görə, xüsusən arxeoloji qazıntılar keçirilən ərazilərdə insanlar arasında qızıl axtarışı intensiv hal alıb: “20-ci əsrin əvvəllərində ermənilər şayiə yaymışdılar ki, Azərbaycan ərazisində geniş yayılmış daş-qoç abidələrinin baş hissəsində qızıl var. Yerli sakinlər də bu cür şayiələrə uyaraq Lənkəran, Qarabağ, Borçalı, Şamaxı, Naxçıvan və digər bölgələrdə qarşılarına çıxan əksər daş-qoç abidələrinin başlarını qıraraq guya qızıl tapmaq ümidində olublar”. Hazırda isə kütləvi qızıl axtarışı kurqanlar, türbələrin günbəzləri, qalalar və s. yerlərdə də intensivləşib: “Müşahidələr göstərir ki, bu cür hallara qarşı aidiyyatı orqanlar, o cümlədən hüquq-mühafizə orqanlarının verdiyi sərt reaksiya da hər zaman effektiv olmur. Yerli sakinlər isə, belə məlumatları əksər hallarda gizlədirlər. Əgər hələ də bir çox yerlərdə arxeoloji qazıntı sahələri arxeoloqlar gedəndən sonra yerli əhalinin zibil tulladığı yerə çevrilirsə, əgər xatirə abidələrimizdə mal-heyvan kölgələnirsə, tarixi tikililərin divarları korlanırsa, əgər gələn turistə orada «hər hansı bir unikal abidənin olmadığını» vurğulayıb istiqamət dəyişdirilirsə, onda yerlərdə maarifləndirmə işinin aparılmasının aktuallığı və əhəmiyyəti anlaşılar”.
Ekspertlər hesab edirlər ki, mədəni irs nümunələri olan tarix və mədəniyyət abidələrinin təbliği də arzu olunan vəziyyətdə deyil. Bunun üçün hər şeydən öncə abidələrə gedən yollar qaydaya salınmalı, zəruri yerlərdə göstərici nişanlar qoyulmalı, ən azı bir-iki yerdə abidənin pasportu və dövlət tərəfindən mühafizə olunduğunu bildirən lövhələr vurulmalıdır. Q.Cəbiyev bir çox abidələrin hələ də tədqiqatçılarının yolunu gözlədiyini bildirir: “Abidələrin siyahısının dəqiqləşdirilməməsi və dövlət tərəfindən mühafizə olunmaması başlıca problemdir. Bu gün siyahıda olmayan yüzlərlə abidələr var. Abidələrin restavrasiyasına da ehtiyac çoxdur”.
Mütəxəssislər hesab edir ki, televiziya və elektron resurslardan istifadə etməklə, davamlı surətdə maarifçilik işi aparılmaqla abidələrə diqqəti yönəltmək və onları qorumaq olar. Yəni ziyanın yarısından qayıtmaq həmişə mümkündür. Bəs əgər abidələrin altında yatdığı torpaqlar ağına-bozuna baxmadan satılırsa, mədəni və tarixi irsimizin yerləşdiyi torpaqlar hərraca çıxarılırsa, üzərində ağır texnika şum edirsə və yöndəmsiz evlər ucaldılırsa, onda nə etməli?
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər