• cümə, 19 Aprel, 21:53
  • Baku Bakı 24°C

«Hərdən düşünürəm ki, uşaqlığım olmayıb» - Mən gənc olarkən

04.07.14 11:33 2851
«Hərdən düşünürəm ki, uşaqlığım olmayıb» - Mən gənc olarkən
Uşaqlığını həmişə adamlarla xatırladığını deyir. Amma dəcəllik etmədiyinə, şuluqluq salmadığıma görə hərdən uşaqlığının olmadığını düşünür. Ona elə gəlir ki, indiki dünyagörüşü ilə 5-6 yaşındakı dünyagörüşü eyni olub, o vaxt da müdrik və ağıllı idi. Müsahibimiz yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid uşaqlıq, tələbəlik illəri ilə bağlı xatirələrini «Gənclik qəzeti»ylə bölüşdü.
Uşaqlığında kənd ovqatının yeri

Ağcabədidə anadan olsa da, atası Ağdamda işlədiyindən uşaqlığı da sözügedən rayonda şəhər 1 nömrəli məktəbinin, Lenin bağının, bazarın yaxınlığında yerləşən dördmərtəbəli binanın ikinci mərtəbəsində, iki otaqlı evdə keçib: “Bizim binanın pəncərəsindən dağlar görünürdü. Yadıma gəlir ki, ilk şeirimi də 8-9 yaşımda dəmir çərçivəli pəncərədən uzaq dağların yaşıllığına baxıb qoşmuşdum. Həmin binada yaşayan uşaqlıq dostum Vaqiflə indi də dostluğumuz davam edir”.
Nənəsi Laçında yaşadığından uşaqlığının bir hissəsi yay tətillərində Laçının Aloğlan kəndində keçib: “Kəndin üç tərəfindən çaylar axırdı. Nənəmin həyətində hündür tut, gilas, alma ağacları var idi. İndi də insan rahatlığının ən pik nöqtəsində gözümün qabağına o ağacların altına sərdiyimiz gəbənin üstündəki döəşəkçələr, mütəkkələr və orada keçən uşaqlığım düşür. Bibim isə Ağcabədinin Nizami kolxozunda yaşayırdı. Tətillərdə arada onlara da gedirdim. Bir sözlə, mənim uşaqlığımda kənd ovqatı əsas yer tutur”.
Ağdamdan gəldiyimdəm mənə maraq göstərirdilər

Uşaqlıqda o qədər sakit olub ki, deyir, hərdən ona elə gəlir, o vaxt da indiki kimi ağır, ciddi, təmkinli olub. Amma coşqun bir ruh, istədiyinə çatmaq üçün ovqatın qeyri-adi hala düşməsi o vaxt da xarakterindən yan keçməyib.
Evlərinin yaxınlığındakı Ağdam şəhər Sədrəddin Bayramov adına 1 saylı orta məktəbdə oxuyub. İbtidai sinif ona dərs deyən Fəridə müəllimənin işıqlı obrazını indi də xatırlayır: “Hətta üçüncü sinfi bitirəndə ona yazdığım bir bəndlik şeir də ilk şeirlərimdən sayıla bilər. Bir sinifdə oxuduğum uşaqlarla indi də əlaqəm var. 8-ci sinfə qədər orada oxudum. Ağdamda məktəbliləri pambığa apardıqlarından iki ay Laçında təhsil aldım. Laçında oxuyarkən Ağdamdan gəlmiş bir uşaq kimi hamı mənə maraq göstərirdi. Oradakı dostlarımla da indiyə kimi əlaqələrimi itirməmişəm”.
“Həmişə uşaqlığımı adamlarla xatırlayıram”

Dərslərini yaxşı oxuyub, əla qiymətləri ilə sinif yoldaşlarından fərqlənib. Bu mənada müəllimlərinin sevimlisi olub: “8-ci sinfi bitirəndə ədəbiyyata, mütaliəyə meylim artmışdı, şeir yazmağa başlamışdım. Bu zaman artıq Ağdamdan çıxıb Bakıya gəlmək, Bakı mühitində yaşamaq istəyirdim. Riyaziyyatı yaxşı bildiyimdən 9-cu sinifdən Bakıda fizika-riyaziyyat təmayüllü internatda oxumağa başladım. Orada qazandığım dostlarım da bu günə qədər sədaqətli dostlarımdı”.
Ağdamda, Laçında və Bakıda oxuduğu illərdən danışanda indi də əlaqə saxladığı dostlarının adlarını bir-bir çəkən Rəşad Məcid deyir ki, nədənsə həmişə uşaqlığını adamlarla xatırlayır: “Adamlar bəlkə də mənə binalardan, evlərdən daha artıq keçmişi xatırladır. Amma dəcəllik etmədiyimə, şuluqluq salmadığıma görə birdən düşünürəm ki, uşaqlıq keçirməmişəm. Mənə elə gəlir, indiki dünyagörüşümlə 5-6 yaşımdakı dünyagörüşüm eyni olub, o vaxt da müdrik və ağıllı olmuşam”.
“Puldan qıtlıq çəkməmişəm”

Təmin edilmiş ailədən çıxan R.Məcid dünyaya göz açanda atası bankda sədr müavini işləyib: “Tanınmış siyasətçi Telman Orucov atamla tələbə yoldaşı olmuşdu. Mənim 10 yaşım olanda o, Ağdama gəldi və atamı Ağdam şəhər Pərakəndə Ticarət Birliyinin sədri vəzifəsinə təyin elədi. Atam son 30 ildir ki, Ağcabədidə Ticarət Birliyinin sədridir. Bu mənada qıtlıq çəkməmişəm. Heç vaxt geyimə, maşına pul vermək, ev almaq problemim olmayıb. Atam ticarətin müdiri olduğundan geyimlər bizə asan və pulsuz başa gəlirdi. İndi də anamın Ağcabədidəki sandıqlarında sovet vaxtı gələn “importnı” (xarici – L.M.) paltarların bir hissəsi qalıb. Hərdən anam onları bizim uşaqlara verir ki, geyinsinlər. Uşaqlar deyir, “nənə, axı, bunlar dəbdən düşüb””.
Təminatlı ailədən çıxmağının ona bir sıra üstünlüklər verdiyini deyən həmsöhbətimizin sözlərinə görə, ədəbiyyat adamları ilə tanış olmaq, münasibət qurmaq, dostluq qazanmaq məsələsində pulun, imkanın rolu olub. Amma heç vaxt, indinin özündə də pulla qürrələnmədiyini deyir. Pul onun üçün həmişə fantaziyalarını genişləndirmək, həyata keçirmək üçün bir vasitə olub.
“Məni dəstələrinə qoşsalar da, pis işlərdən uzaq tutdular”

Uşaqlıq illəri ilə bağlı xatirələrindən danışan müsahibimiz Ağdamda bina evindən həyət evinə köçüb «hamam» məhləsi deyilən yerdə yaşadıqlarını xatırlayır: “O məhlə tamam fərqli bir məhlə idi, uşaqları ipə-sapa yatmaz, dəlisov, dərsdən uzaq idilər. Biri göyərçin, digəri dovşan saxlayır, qumar, kart oynayırdı, hətta aralarında nəşə çəkənlər də var idi. «Hamam» məhləsindəki uşaqlara minnətdaram ki, məni öz dəstələrinə qoşdular, hər yerə apardılar, amma pis işlərin hamısından uzaq tutdular ki, Rəşad oxuyandı, savadlıdır, tərbiyəlidir. Qeyd edim ki, onlardan xeyli şey öyrəndim. Məsələn, kart oynamağı bildim, arada göyərçin və balıq da saxladım”.
Kart “oyunu”

R.Məcid pis işlərdən uzaq olsa da, «hamam» məhləsində yaşamağının, oradakı uşaqlarla gün keçirməyinin “altını çəkir”: “Ağdamda olanda məni «Gəncə çörəy»i almaq üçün Kamilin çörək mağazasına yolladılar. Onu da deyim ki, «Gəncə çörəyi»nin üstündə həmişə növbə idi. Bu mağaza raykomun qonaq evinin yaxınlığında yerləşirdi. Vaxtından tez gəldiyimdən «hamam» məhləsinin uşaqları ilə oturub kibritin qapaqlarından kart kimi bir oyun oynayırdıq. Amma kart deyildi, kibrit qutusunun üstündəki şəkillərlə əlaqəli oyun idi. Biz bağın içində oyun oynayanda, sən demə, raykomun qonaq evindən kimsə pəncərədən bunu görür və bizim qumar oynadığımızı düşünüb Ağdamda uşaq polisinə zəng edir. Polis gələndə uşaqlar qaçdı, məni götürüb bölməyə apardılar. Akt yazdı və aktı Ağdamda oxuduğum 1 nömrəli orta məktəbə göndərdi. Bizim məktəbin tədris hissə müdiri uşaqların qarşısında bunu oxuyanda hamı şoka düşmüşdü. Sonra zarafat edirdilər ki, “7-ci sinifdə oxuyan Rəşad kart oynayarkən polis leytenantı tərəfindən saxalınılmışdı”. Həqiqət belə olmasa da, bu hadisə mənim fikrimdə ətrafdakılarla bağlı bir dəyişiklik yaratdı. O adamlardan xeyli dərəcədə qopdum və onda Bakıya gəlməyi qərara aldım. Bakıya gəlmək isə həyatımı sürətlə dəyişdi”.
“Otur yerində, lap yaxşı oçerkdir”

Bakıda o vaxtkı Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olur, eyni zamanda qəzetlərlə, jurnallarla əməkdaşlıq edir. Yaradıcı insanlarla da burada tanış olur. Deyir ki, hər təbəqədən dostları var idi. Bir qrupla kinoya, teatra, bir qrupla kafe-restoranlara gedər, bir qrupla da yaradıcılıq məsələlərini müzakirə edərdi.
R.Məcid tələbəlik illəri ilə bağlı maraqlı bir əhvalatı da oxucularımızla bölüşdü: “Nurəddin Babayevi bir yazıçı kimi xoşlasam, əsərlərini oxusam da, nəsə müəllim kimi o qədər də sevmirdim. Uşaqlar da deyirdilər ki, Nurəddin Babayev Rəşadı kəsəcək. Oçerk sənətkarlığından dərs deyən Nurəddin Babayev bir gün oçerk yazmaq tapşırığını verdi. Mən qrup yoldaşlarımdan birinə dedim ki, sən yazdığın oçerki mən tənqid edəcəyəm, amma sən mənimkini edə bilməyəcəksən. Beləliklə, növbə qrup yoldaşıma çatdı və o, oçerki oxuyub bitirdikdən sonra, əlimi qaldırıb oçerki o ki var, tənqid etməyə başladım. O da əlimdən yanıqlı olduğundan səbirsizliklə mənim növbəmi gözləyirdi. Beləliklə, növbəm çatdı və mən Nurəddin Babayev haqqında yazdığım oçerki bəlağətli səsimlə ucadan oxumağa başladım. Yazını oxuyarkən hiss etdim ki, Nurəddin müəllim təsirlənərək kövrəlib. Bu dəfə oçerkini tənqid etdiyim qrup yoldaşım əlini qaldırıb yazımı pisləməyə başladı. Amma fikirlərini sonacan deyə bilmədi, çünki Nurəddin müəllim onun üstünə qışqırıb dedi ki, “otur yerində, lap yaxşı oçerkdir. Oçerkin bütün tələblərinə də cavab verir”.
Lalə MUSAQIZIMən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən"> Mən gənc olarkən">

banner

Oxşar Xəbərlər