• cümə axşamı, 28 mart, 20:29
  • Baku Bakı 13°C

Hərbi xuntanın inqilab qorxusu

09.09.16 13:56 994
Hərbi xuntanın inqilab qorxusu
Ermənistan rəhbərliyi yaranmış gərgin iqtisadi və siyasi böhrandan qurtulmaq üçün qeyri-adi addımlar atmaqda davam edib. Bu dəfə isə Serj Sarkisyan rejimi hökuməti qurban vermək qərarına gəlib. Erməni mətbuatının yaydığı xəbərə görə, baş nazir Ovik Abramyan istefaya gedib. Bunu Abramyanın özü Nazirlər Kabinetinin iclasının sonunda bildirib. Qeyd edək ki, Abramyan baş nazir vəzifəsini 2014-cü ildən icra edir. O, bu vəzifədə Tiqran Sarkisyanı əvəz edib. İstefanın səbəbləri bilinmir.
News.am isə xəbər verir ki, baş nazir özü hökumətin iclasında bəyanat verib: "Mən istefa vermək və prezidentə yeni hökuməti formalaşdırmaq imkanı vermək qərarına gəldim”. Öz qərarını izah edən Ovik Abramyan deyib ki, ölkənin yeni hökumətə ehtiyacı var: "Mən istefaya çıxıram. Bizə yeni yanaşma və yeni başlanğıc lazımdır. Gələcək haqqında düşünməli və yeni hökumət qurmalıyıq", - deyə "İnterfax” agentliyi baş nazirin sözlərindən iqtibas gətirir. Məlumata görə, ötən gün keçirilən hökumət toplantısında baş nazir kabinet üzvlərilə vidalaşıb. Hökumət mənbələrinə əsasən Ovik Abramyan hakim Respublikaçılar Partiyasının seçkiqabağı qərargahına başçılıq edəcək. Ermənistan parlamentinə seçkilər gələn ilin may ayına təyin olunub. 2014-cü ilin aprel ayında baş nazir vəzifəsinə təyin olunan Ovik Abramyan ötən il hakim partiyanın Konstitusiya layihəsi üzrə referendumun təşviqat kampaniyasına rəhbərlik edib. Onun yerinə gələcək namizədlər arasında ən çox şansı olan Yerevanın keçmiş meri Karen Karapetyandır. Baş nazirliyə real namizəd hesab edilən Karen Rusiyanın "Qazprom” şirkətinin törəmə müəssisəi olan "Mejregionqaz”da direktor müavini vəzifəsində çalışıb. 2015-ci ildə "Qazprom enerholdinq”in direktor müavini işləyib. Rusiya Elmlər Akademiyasının Mərkəzi Asiya və Qafqazın Tədqiqi Mərkəzinin eksperti Andrey Areşev hesab edir ki, O.Abramyanın istefası gözlənilən idi: "Erməni KİV-də mütəmadi olaraq onun korrupsiya əməlləri barədə yazılar gedirdi. Yeni təyinat reallaşarsa, bu, düzgün ola bilər. Erməni iqtisadiyyatını bürüyən neqativ tendensiyalar, işsizlik, miqrasiya və xarici borc durmadan artır”. Ermənistanda yerləşən Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Kirakosyan hesab edir ki, baş nazir aprel ayındakı 4 günlük müharibə və iyulda polis bölməsinin ələ keçirilməsindən sonra hökm sürən siyasi böhrana görə "günah keçisi” seçilərək istefaya getməyə məcbur edilib. BBC-yə danışan ekspertin sözlərinə əsasən Abramyan istefaya çıxsa da, siyasi arenanı tərk etməyib.
Bəzi məlumatlara görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan da istefaya göndəriləcək. Bu iddia ilə Ermənistanın "Qraparak” qəzeti çıxış edib. Qəzet Ohanyanla bərabər, kənd təsərrüfatı naziri Serqo Karapetyan, səhiyyə naziri Armen Muradyanın da istefaya göndəriləcəyini bildirib. S. Ohanyanın yerinə isə Ermənistan polisinin rəhbəri Vladimir Qasparyanın gətirilməsi gözlənilir. Qeyd edək ki, bundan öncə xarici işlər naziri Edvard Nalbandyanın da istefaya gedəcəyi haqqında informasiya yayılıb.Qeyd olunub ki, XİN başçısı vəzifəsinə prezident aparatının rəhbəri Viqen Sarkisyan təyin ediləcək. E.Nalbandyan isə Fransada səfir vəzifəsinə təyin ediləcək. V.Sarkisyanın yerinə isə Milli Təhlükəsizlik Şurasının sədri Armen Gevorkyan gətiriləcək. Gömrük Komitəsinin rəhbəri Ovik Ovsepyan da vəzifəsilə vidalaşmalı olacaq. Keçmiş baş prokuror Gevorq Kostandcyan Yuri Vardanyanın yerinə Gürcüstana səfir vəzifəsinə göndəriləcək. Baş prokuror vəzifəsinə isə hazırda bu vəzifəni icra edən Armen Arutunyunyan təyin ediləcək.
Beləliklə, Ermənistanın daxilində çox mürəkkəb, siyasi vəziyyət yaranıb, hakimiyyətdaxili ziddiyyətlər getdikcə dərinləşir. Bununla yanaşı, müxalif qüvvələrin də hakimiyyətə qarşı artıq daha aktiv şəkildə hücuma keçdiyi bildirilir.
Qeyd edilir ki, Ovik Abramyanın istefası gözlənilənin elanı idi. Son aylardır Ermənistanda ancaq elə bu mövzu müzakirə olunurdu. Aydındır ki, bu xəbəri ictimaiyyətə elə hakimiyyət içindən ötürmüşdülər. Məqsəd Ermənistanda baş verənlərə görə bütün günahı Abramyanın boynuna yükləməkdir. Prezident Serj Sərkisyan Abramyanı istefaya məcbur etməklə cəmiyyətə göstərir ki, ağır iqtisadi və sosial vəziyyətə görə o məsuliyyət daşıyır. Sarskiyanın məqsədi parlament seçkisində qələbə çalıb baş nazir kreslosunu əldə etməkdir. Məsələ burasındadır ki, Konstitusiya dəyişikliklərindən sonra Ermənistanda əsas fiqur prezident deyil, baş nazir olacaq.
Bəziləri isə hesab edir ki, Sarkisyan hazırda hakimiyyəti əldən verməmək üçün müxtəlif variantlar axtarır. Rejim milli barışıq hökumətinin qurulmasından danışsa da, bu, baş tutan deyil. Böyük ehtimalla Sarkisyan hakimiyyəti bir müddət əldə saxlamaq üçün müxtəlif siyasi qüvvələrin nümayəndələrini hakimiyyətə gətirməklə mübarizədən yayınmaq istəyir. Hərbi xuntanın əsl məqsədi ona qarşı ola biləcək hansısa ciddi addımları neytrallaşdırmaqdır. Çünki milli barışıq ifadəsi siyasətdə kifayət qədər yüksək bir termindir. Sarkisyan bu şüarlayalnız postunu qorumaq məqsədi güdür. Bəziləri isə bu qənaətdədir ki, hakimiyyət ölkəni bürüyən etiraz aksiyalarından sonra bu addımı atır. Etiraz aksiyaları ötən ay özünün ən yüksək həddinə çatdı və nə hökumət, nə də aksiya iştirakçıları geri çəkilmək fikrində olmadıqlarını bəyan etdilər.Ekspertlər hesab edir ki, Ermənistanda baş verən son hadisələr sosial narazılığın məntiqi nəticəsidir. Yəni ölkə əhalisi yoxsulluq və səfalət içində yaşayır. Bir az pulu olan ermənilər başqa ölkələrə köçüblər. Ermənistanda qalan insanların əksəriyyəti isə imkansızdır və onlar hazırkı hakimiyyətin yürütdüyü siyasətdən cana yığılıblar. Son illərdə Ermənistan iqtisadiyyatı ilə bağlı bir müsbət rəqəm yoxdur.Bu səbəbdən də ölkədə seçkiqabağı inqilabı əhval-ruhiyyənin güclənəcəyi ehtimalı qalmaqdadır.
Azər
banner

Oxşar Xəbərlər