AZE | RUS | ENG |

“Hərbi xidmətdə borş yeməyi öyrəndim” - Keçmişdəki mən

“Hərbi xidmətdə borş yeməyi öyrəndim” - Keçmişdəki mən
Buludxan Xəlilov: “Bizim məktəbimiz bir növ akademiya kimi yer idi”

"Bizim məktəbimiz bir növ akademiya kimi yer idi. Müəllimlərimiz elə bir ənənə, rejim yaratmışdılar ki, bütün şagirdlər dərs oxuyurdu. O dövrdə müəllim və valideynlər bir-birinə güvənirdi. Şagirdlər arasında rəqabət yaxşı oxumaq üzərində qurulmuşdu. Hər kəs yaxşı şagird olmağa, müəllimin etibarını doğrultmağa çalışırdı. Biz heç bir ayrı-seçkilik etmədən bütün elmləri, fənləri oxuyurduq”.
 
Bu sözləri bizimlə söhbətində filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov söylədi. 
 
Söhbət zamanı onun uşaqlıq, gənclik illərinə qiyabi səfər etdik. Deyir ki, hamı kimi onun da uşaqlıq illəri çox maraqlı və yaddaqalan keçib. Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olan professor doğulduğu kənd üçün darıxdığını söyləyir: "Anam evdar qadın, atam isə qulluqçu idi. 6 uşaq idik, hamısı da oğlan. Buna baxmayaraq, 6 qardaşın 6-sı da ali təhsil aldı. Mən ailədə beşinci uşaq idim. Kəndimizdə hər fəslin özünəməxsus gözəlliyi var idi. Yaz, yay və payız fəsillərində kənd uşaqları ilə birgə, saatlarla futbol oynamaqdan doymazdıq. Kəndimiz yuxarı, aşağı və orta məhlələrə bölünürdü. Mən orta məhlənin komandasına rəhbərlik edirdim. Bizim aramızda həmişə rəqabət olurdu. Yaz aylarında kəndimiz başdan ayağa gül-çiçəyə qərq olunurdu. Yayda isə ot biçiminə yollanırdıq. Bizim kənddə arıçılıqla məşğul olanlar çox idi. Biz təbiətdə arıların qurduğu yuvaları tapırdıq. O balın dadı heç vaxt yadımdan çıxmır. Qış aylarında isə saatlarla xizək sürərdik. Sinif yoldaşlarımızla yarışlar keçirirdik. Düzdür, bütün uşaqlar kimi mənim də dəcəlliyim və şıltaqlıq etdiyim vaxtlar olub, amma heç vaxt böyüklərin üzünə ağ olmamışam. Əksinə, həmişə onları dinləyib, məsləhətlərinə qulaq vermişəm. Hərdən o illərə qayıdanda kimisə özümdən narazı saldığımı xatırlamıram. Çünki ədəb-ərkan bizim üçün çox önəmli idi”.
 

 
"Gecə-gündüz dərs oxuyurduq”
 
Həmsöhbətim uşaqlıq illərindən yadında qalan bir xatirəsini də bölüşdü: "Bir dəfə idman dərsi idi, çoxlu qar yağmışdı. Biz idman dərsində xizək sürürdük. Xizəkləri bizə müəllimimiz vermişdi. Çünki dərsin mövzusu xizək sürmək idi. Başımız necə qarışmışdısa, zəngin vurulduğunu hiss etməmişdik. Fürsətdən istifadə edib dərsdən sonra geri qayıtmamışdıq. İdman müəllimi bir də ayılanda görüb ki, xizəklər hələ gəlməyib. Buna görə bizi danladı. Çünki bizdən sonra başqa sinfin uşaqları da xizək sürməli idi. Dərsdən qaçma, müəllimləri incitmək bizə yad idi. Çünki ciddi rejimlə oxuyurduq”.
 
Dövrün bütün uşaqları kimi oktyabryat, pioner olduğunu söyləyən müsahibim deyir ki, təhsil aldığı kənd məktəbində ciddi nizam-intizam, təlim-tərbiyə olub: "Müəllimlərimizin dərsə münasibəti uşaqlarda oxu vərdişləri aşılayırdı. Bizim məktəbimiz bir növ akademiya kimi yer idi. Müəllimlərimiz elə bir ənənə, rejim yaratmışdılar ki, bütün şagirdlər dərs oxuyurdu. O dövrdə müəllim və valideynlər bir-birinə güvənirdi. Şagirdlər arasında rəqabət yaxşı oxumaq üzərində qurulmuşdu. Hər kəs yaxşı şagird olmağa, müəllimin etibarını doğrultmağa çalışırdı. Gecə-gündüz dərs oxuyurduq. Heç bir ayrı-seçkilik etmədən bütün elmləri, bütün fənləri oxuyurduq. Soyuq qış aylarında evdə kömür sobası yandırırdıq. Bu soba o qədər qızardı ki, bütün evi günəş işığı kimi aydınladırdı. Gecələr onun işığında kitab oxuyardıq. 8-ci sinfə qədər öz kəndimizdəki orta məktəbdə oxumuşam. 9-cu sinifdə qonşu Güllücə kəndində yerləşən kompleks məktəbə getdim. Dövrünə görə o məktəb çox yaxşı təchiz olunmuşdu. Laboratoriyalar, istilik sistemi, auditoriyalar, kitabxanalar, yəni çox müasir məktəb idi”.
 

 
"Bakıdakı bütün kitabxanalara üzv olmuşdum”
 
Deyir ki, filologiyaya marağı elə uşaq vaxtlarından yaranıb: "Atam şeiri, klassik ədəbiyyatı çox dərindən bilirdi. Uzun qış gecələrində qonşular, qohumlar hər gün birinin evinə yığışardıq. Nağıllar, dastanlar, aşıq ədəbiyyatından söhbət açılardı. Nənələr, babalar keçmişdən, gələcəkdən danışardı. Bu əraziyə necə gəlməyimiz, baş verən tarixi hadisələr haqqında söhbət edərdilər. Hətta erməni-müsəlman davası haqqında da söhbətlər olurdu. Amma biz uşaq olduğumuza görə bunun mahiyyətini başa düşmürdük. Bütün bunlar mənim formalaşmağımda çox böyük rol oynayırdı. Mən sonralar dərk etdim ki, insanı formalaşdıran onun yaşadığı mühitdir”.
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin onun üçün çox doğma olduğunu deyən Buludxan müəllim 16 yaşından bəri bütün həyatının bu universitetlə bağlı olduğunu söylədi: "Orta məktəbi bitirdikdən sonra 1983-cü ildə sənədlərimi filologiya fakültəsinə təqdim etdim və qəbul oldum. Bura gəldikdən sonra mən yeni mühitə düşdüm. Burada görkəmli alimlərlə, akademiklərlə tanış oldum və elmə aşiq oldum. Seminarda dərs danışanda iki 45 dəqiqə mənə kifayət etmirdi. Tələbə vaxtı yataqxanada qalırdım. Tələbə yoldaşlarım deyirdi ki, sənin qaldığın otağın pəncərəsindən işıq düşmür. Çünki bütün pəncərənin qabağı kitablarla dolu olurdu. Demək olar ki, Bakıdakı bütün kitabxanalara üzv olmuşdum. İkinci kursu bitirəndə, yəni 1985-ci ildə Qorbaçov belə bir qərar verdi ki, 18 yaşı tamam olan və əyani təhsil alan hər bir tələbə hərbi xidmətə yollanmalıdır. Ona görə də mənim təhsilim ikinci kursda yarıda qaldı. Yayda bizi hərbi xidmətə göndərdilər. Düzü, kitablardan ayrıldığıma görə depressiyaya düşdüm”. 
 

 
"Elə bilirdim ki, çörəkdən neft dadı gəlir”
 
Hərbi xidmətini isə Uzaq Şərqdə çəkib: "Fikirləşirdim ki, çağırışın ən son dövrlərində Tbilisiyə, Bakıya düşərik. Amma bizi Çin və Yaponiya ilə sərhəd ərazilərə apardılar. Evə yazmışdım ki, mənə kitab göndərin, amma hərbi xidmətin ciddi rejimi olduğuna görə oxumağa vaxt tapa bilmirdim. Xidmət zamanı mən nizam-intizamı, çətinliyə dözümü, özünü dərk etməyi, vətəndaş olmağı öyrəndim. Orada "starşina” vəzifəsinə yüksəldim. 3 ay dərs keçdikdən sonra kiçik serjant rütbəsi aldım. Artıq mənim tabeliyimdə insanlar var idi. Hərbi xidmətə gedənə qədər heç vaxt sup yeməmişdim. Hərbiyə qədər ancaq şirinçay, kartof qızartması, balıq və südlü aş yeyirdim. Ət yeməkləri, borş sevmirdim. Hətta universitetdə oxuyanda da bir müddət çətinlik çəkdim. Elə bilirdim ki, çörəkdən neft dadı gəlir. Hərbidə bizə balıq verirdilər. Başqa millətin nümayəndələri onun üzərinə günəbaxan yağı töküb yeyirdi, mən onlara təəccüblə baxırdım. Səmimi desəm, hərbi xidmət mənə borş yeməyi öyrətdi. Bizim rotada müxtəlif millətlərdən əsgərlər var idi. Komandirimiz isə ukraynalı idi. O, mənə çox rəğbətlə yanaşırdı və həmişə Azizoviç deyirdi. Hər həftə bizi yoxlamağa gəlirdilər. Bir dəfə iki əsgər səhər qaçışından yayındığına görə məni xeyli məzəmmət etdilər. Bu sovet dövrünün ən qəribə tərəflərindən biri idi. Əgər sən rəhbərsənsə, öz xidmətindən əlavə tabeliyində olan insanların səhvini də ayağına yazırdılar. O dövrdə kommunist partiyasına üzv olmaq dəbdə idi. Bu hadisəyə görə məni partiya üzvlüyünə qəbul etmədilər. Xidmət etdiyimiz ərazidə hava çox soyuq olurdu. Əsgərin biri soyuğa dözmədiyinə görə öz ayağına güllə vurmuşdu. Buna görə də mənə cəza vermişdilər. Onu da deyim ki, mən hərbi xidmətdən qayıtdıqdan sonra Qorbaçov yenidən qərar verdi ki, əyani təhsil alanlar hərbi xidmətə getməməlidir”.
 

 
"Gəlirim təkcə bu 200 manat da deyildi”
 
Professor deyir ki, hərbi xidmətdən qayıtdıqdan sonra oxumaq vərdişini tamamilə itirib: "Amma zamanla o vərdişi yenidən özümdə aşıladım. Üçüncü kursda filologiya fakültəsi yekdilliklə məni Cəfər Cabbarlı adına təqaüdə layiq gördü. Universiteti bitirdikdən sonra isə universitet şurasının qərarı ilə məni burada saxladılar. Müasir Azərbaycan dili kafedrası ilk iş yerim oldu. Laborant, baş laborant oldum, daha sonra namizədlik dissertasiyamı yazdım. 1999-cu ildə doktorluq dissertasiyamı müdafiə etdim və 2000-ci ildə professor adına layiq görüldüm, amma ilk qazancım tələbə vaxtı olmuşdu. Mənim təqaüdüm 120 manat idi. Tələbə yoldaşlarımız gecə gözətçisi işləyirdi. Onlar öz dəstələrinə məni də qoşdular. 80 manat da oradan aylıq gəlirim var idi. Sovetlər dönəmində 200 manat çox böyük pul idi. O pula həm özüm dolanırdım, həm də balaca qardaşıma xərclik verirdim. Yadımdadır ki, ona cürbəcür kostyumlar alırdım. Gəlirim təkcə bu 200 manat da deyildi. O dövrdə kurs işi, yoxlama yazı işləri yazaraq qazanırdım. Bu işləri mənə nüfuzlu müəllimlər, alimlər sifariş edirdi. M.F.Axundov adına Milli Kitabxanada oturub bu yazıları hazırlayırdım. Bunu etməkdən açığı, böyük zövq alırdım və nə qədər gəlir qazandığım önəmli deyildi. Çünki özümə fəxr hesab edirdim. Onların etimadını doğrultduğuma görə sevinirdim”.
 

 
"Çalışmışam ki, uşaqlarıma örnək olum”
 
Professor deyir ki, uşaq olanda öz rus dili müəllimindən xoşum gəlirmiş: "İnsan uşaq olanda öz müəlliminə heyran olur, bu, məsum hiss idi. Amma universitet vaxtı başım elmi-tədqiqat işlərinə o qədər qarışıq idi ki, ailə qurmaq yadıma düşmürdü. Elmi-tədqiqat müntəzəm fəaliyyəti sevir. 26 yaşında elmlər namizədi olmaq asan məsələ deyildi. Bu fəaliyyətim məni professor səviyyəsinə qədər yüksəltdi. Bir dönəm həm oxuyurdum, həm də dərs keçirdim. Dərs dediyim bir qızdan xoşum gəlirdi. Onlar məndən iki kurs aşağıda oxuyurdular. O qızın səmimiyyəti, sadəliyi məni özünə çəkdi. O, universiteti bitirdikdən sonra elçi göndərdim. Daha sonra nişanlandıq. Beləcə  28 yaşımda ailə qurdum. Bir oğul, bir qız atasıyam. Oğlum riyaziyyat, qızım isə filologiya üzrə təhsil alır. Biz bəzən uşaqları tərbiyə edərkən mənim kimi ol, yaxud filankəsə oxşa deyərək nümunələr göstəririk. Bununla biz uşağı düz yola çəkmirik. Tərbiyə əməldə olmalıdır, sözdə yox. Valideyn özünü elə aparmalıdır ki, övlad ondan ibrət dərsi götürsün. Valideyn özü-öz davranışına nəzarət etməlidir ki, uşaqları ondan nümunə götürsün. Çalışmışam ki, həyatımla, fəaliyyətimlə uşaqlarıma örnək olum. Heç vaxt onlara nəyisə hökm etməmişəm. İxtisas seçimində də onlara dəstək olmuşam. İndi dövr sovet dövrü deyil. İnsan özü özünü axtarıb tapmalıdır. Amma onlara nəzarət etmək də bizim borcumuzdur”.
 
Sonda həmsöhbətim gənclərə öz məsləhətini də verdi: "Milli dəyərlərimizə sadiq olsunlar. Çoxlu kitab oxumaqla, Azərbaycanın ədəbiyyatını, tarixini, dilini, adət-ənənələrini yaxşı öyrənsinlər. Böyük-kiçiyin yerini hər zaman ayırd etsinlər. Dəyərlərimizi qorumaq lazımdır. Bizim ümidverən gənclərimiz var. Mənim işim elədir ki, gənclərin içindəyəm. Dərslərdə onları müşahidə edirəm. Onlara dərs demək zövq verir”.
 
Şəbnəm Mehdizadə
 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779