• çərşənbə, 24 Aprel, 09:12
  • Baku Bakı 13°C

Hərbi və siyasi əhəmiyyətli təlim - Fotolar

30.08.19 18:00 2535
Hərbi və siyasi əhəmiyyətli təlim - Fotolar
Azərbaycan Türkiyə ilə qardaş və strateji tərəfdaş olduğu üçün müxtəlif sahələrdə birgə fəaliyyət göstərirlər. Bu fəaliyyət istiqamətlərindən biri də hərbi əməkdaşlıq sahəsidir. Hərbi sahədə qardaş ölkə ilə təcrübə mübadiləsinin aparılması Azərbaycan Ordusunun təkmilləşməsində, kadr hazırlığının yüksəlməsində öz rolunu oynayıb. Onu qeyd edək ki, 2014-cü ildən başlayaraq, hər il davamlı şəkildə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə "TurAz Qartalı” təlimləri keçirilir. Yaxın günlərdə yenidən Azərbaycanda "TurAz Qartalı-2019” təliminə start veriləcək. Təlimlərdə "MiQ-29”, "F-16”, "Su-25”, "P-235” "Kasa” təyyarələri, "Mi-35”, "Mi-17”, "Sikorski” UH-70, CH-47 "Çinok” və "ATAK/AH-1W” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Azərbaycanın yerləşdiyi region və eləcə də Ermənistanla müharibə vəziyyətinin davam etməsi, şübhəsiz ki, ordunun daim hazırlıq olmasını tələb edir. Bu istiqamətdə müxtəlif addımlar atılır. Bəs görəsən "TurAz Qartalı” birgə təliminin əhəmiyyəti nədən ibarətdir və bu təlimlər Azərbaycan Hərbi Hava Qüvvələrinin inkişafında hansı rola malikdir?


Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Türkiyə və Azərbaycanın Hərb Hava Qüvvələrinin birgə təlimlərinin keçirilməsi özündə əsasən iki məna daşıyır: "Birincisi, hərbi-texniki hazırlıq səviyyəsinin yüksəldilməsi baxımından belə təlimlərin olduqca böyük əhəmiyyəti olur. Təbii ki, hər zaman hərbi qüvvələrin hazır vəziyyətdə olması üçün təlimlərin keçirilməsi vacibdir. Eyni zamanda hərbi qüvvələr üzərində nəzarət, o cümlədən çatışmazlıqların aradan qaldırılması baxımından da bu təlimlərin əhəmiyyəti böyükdür. Dövlətlərin birgə təlimlərin keçirilməsinə gəlincə, bu təlimlərin hərbi-texniki əhəmiyyəti ilə yanaşı, həm də siyasi əhəmiyyəti var. Bildiyimiz kimi, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bundan öncə də Türkiyə və Azərbaycan hərbçilərinin, xüsusilə hərbi hava qüvvələrinin birgə təlimləri təşkil olunub. Bu, Türkiyə-Azərbaycan münasibətlərinin xarakterini bir daha dünyaya, region dövlətlərinə çatdırmaq üçün effektiv bir vasitədir. Eyni zamanda bu, kənar müşahidəçilər üçün o anlama gəlir ki, Türkiyə ilə Azərbaycan kifayət qədər bir-birinə sıx bağlıdır, onlar tək deyillər və biri-birilərinin yanındadırlar. Hesab edirəm ki, bu təlimin əsas siyasi mesaj yükü bundan ibarətdir”.

E.Mirbəşiroğlu qeyd etdi ki, atəşkəs rejimi qüvvədə olmasına baxmayaraq, Azərbaycan müharibə vəziyyətindədir: "Çünki işğalçı Ermənistan davamlı olaraq atəşkəs rejimini pozmaqda, hərbi təxribatlar törətməkdədir. Azərbaycan və Türkiyə hərbiçilərinin təlimi həm də işğalçı Ermənistana bir siqnaldır. Paşinyanın məlum bəyanatlarından sonra belə təlimlərin keçirilməsi xüsusilə yerinə düşür. Çünki Paşinyan "Qarabağ Ermənistandır” deməklə, faktiki olaraq bundan sonra danışıqların keçirilməsi variantını sıfıra endirib. Yəni danışıqlar yoxdursa, deməli ortada qalan müharibədir. Təbii ki, Azərbaycanla Ermənistan arasında hərbi potensialla bağlı fərq müqayisəolunmazdır. Ermənistan kənardan dəstək almasa, hərbi baxımdan Azərbaycanın qarşısında qısa zaman kəsiyində belə tab gətirə bilməz. Bu baxımdan hesab edirəm ki, indiki məqamda Türkiyə ilə Azərbaycan arasında birgə təlimlərin keçirilməsi ölkəmizin hərbi imkanları sarıdan Ermənistana bir əzələ nümayişi kimi qəbul edilməlidir. O baxımdan ki, əgər danışıqlar olmayacaqsa, deməli, müharibə olacaq. Azərbaycan da qısa zaman kəsiyində öz torpaqlarını azad edərək ərazi bütövlüyünü təmin edəcək. Hesab edirəm ki, həm beynəlxalq ictimaiyyətə, həm də işğalçı Ermənistana bu təlimlərin keçirilməsinin məqsədilə bağlı mesaj bundan ibarət olacaq”.


"AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov bildirdi ki, "TurAz Qartalı” təlimləri 2014-cü ilin sentyabr ayından etibarən ildə iki dəfə keçirilir: "Bir dəfə "TurAz Qartalı” adı ilə Azərbaycanda, digəri isə "TurAz Şahini” adı ilə Türkiyədə, Konyada keçirilir. Təlimə Azərbaycanın və Türkiyənin Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, hərbi nəqliyyat təyyarələri, eyni zamanda döyüş və nəqliyyat helikopterləri cəlb olunurlar. Təlimlərin məqsədi iki ölkənin hərbi hava qüvvələri arasındakı koordinasiyanı təşkil etmək, birgə əməliyyat uyğunluğunu təmin etmək, bir sözlə, birgə əməliyyatların planlaşdırılmasını, icrasını həyata keçirməkdən ibarətdir. Bu təlimlər zamanı Azərbaycan pilotları Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-4 və F-16 döyüş təyyarələri, helikopterləri ilə tanış olur, onların idarəetməsini mənimsəyir. Eləcə də, Türkiyə pilotları da Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasında olan təyyarə və helikopterlərdə uçuşlar edərək onların imkanlarını mənimsəyirlər. Təlim həm əməliyyat planlaşdırılması, döyüşlərin icrası, həm də axtarış-xilasetmə qruplarının təlimlərindən ibarət olur. Ümumilikdə, düşünürəm ki, iki qardaş ölkənin hərbi hava qüvvələri artıq bu təlimlər vasitəsilə ortaq bir nöqtəyə gələ biliblər. Çünki ötən 5 il ərzində kifayət qədər böyük təcrübə əldə olunub. Bu təlimlərin davamı olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri Türkiyədə "Anadolu Qartalı” və "İşıq” təlimlərində də iştirak edirlər və biliklərini, təcrübələrini daha da genişləndirirlər”.

R.Süleymanovun sözlərinə görə, döyüş təyyarələrinin əməliyyat imkanları dedikdə, bu, tək qərargahda aparılan planlaşdırmadan ibarət deyil, həmçinin rabitənin, silah və cəbbəxananın uyğunlaşdırılması kimi məqamları da var: "Bu çərçivədə Azərbaycan HHQ-nin rabitə sistemi Türkiyənin HHQ-nin rabitə sistemi ilə uzlaşdırılıb. Türkiyə tərəfi də bildirib ki, ölkəsinin HHQ-i Bakının radarlarından əldə olunan informasiyaları da görə bilir və dərhal iki ölkə qarşılıqlı addım atmağı planlaşdırırlar."TurAz Qartalı-2019” təliminin bir fərqli cəhəti də var ki, Türkiyə milli sənayesinin istehsalı olan "T-129 Atak” zərbə kəşfiyyat helikopteri ilk dəfə olaraq Azərbaycan səmasında uçacaq. Müdafiə Nazirliyi və Hərbi Hava Qüvvələri Komandanlığı bu hərbi helikopteri silahlanmaya qəbul etməkdə maraqlı olduqlarını açıqlamışdı. Ona görə də, bu, helikopterlərin Azərbaycanda ilk sınaqları da hesab oluna bilər. Çünki bizim pilotlarımız bu helikopterlə Azərbaycan mühitində uçuşlar edərək onun döyüş imkanlarını görə biləcəklər".

Ekspert qeyd edib ki, "TurAz Qartalı” təlimləri tək Azərbaycan və Türkiyə miqyaslı təlimlər deyil: "Eyni zamanda Gürcüstan və Pakistan da bu təlimdə müşahidəçi qismində çıxış etmək üçün müraciət ediblər. Bu da gələcəkdə "TurAz Qartalı”nın regional miqyaslı hava təliminə çevriləcəyini deməyə əsas verir. Hesab edirəm ki, Türkiyə və Azərbaycanın birgə təlimləri tək hərbi hava qüvvələrini deyil, eləcə də digər qoşun növlərini əhatə edəcək. Bu təlimlər hərbi-siyasi baxımdan iki ölkə arasında qardaşlığın bariz nümunəsidir və heç şübhəsiz ki, başqa ölkələrə açıq mesajdır”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər