AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hərbi qüdrətimiz, iqtisadi üstünlüyümüz torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq

Hərbi qüdrətimiz, iqtisadi üstünlüyümüz torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq

Cəmiyyət
30 May 2020, 11:52 147
Beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq.
Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlər üçün salınmış "Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub:
"Dövlət başçısı bildirib ki, danışıqlar prosesi çərçivəsində mərhələli həll variantı müzakirə edilir. Bu gün Azərbaycanın müasir silahla təchiz olunmuş, yüksək döyüş qabiliyyətli peşəkar ordusu vardır. Azərbaycan ordusu istənilən vəzifəni icra etmək qüdrətindədir. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik".
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və birdəfəlik, tam həll olunmalıdır. Bu gün müzakirə edilən və danışıqlar masasında olan məsələ də məhz mərhələli həll variantıdır:
"Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da öz çıxışında bildirib. Ermənistanın rəhbərliyi öz populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq mahiyyət etibarilə danışıqlar çərçivəsində həmin bu mərhələli həll məsələsi müzakirə edilir. Lakin qeyd etmək lazımdır ki, Ermənistanın rəhbərliyi burada da riyakarlıq edir, öz xalqını və vasitəçiləri aldatmaq istəyir".
İ.Hüseynov deyib ki, mərhələli həldən başqa, heç bir həll variantı mümkün deyil. Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunmalıdır:
"Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar prosesində ölkəmizin milli maraqlarına uyğun nəticə əldə olunmasa, Azərbaycanın məsələnin hərbi yolla həll etmək üçün bütün imkanları var. Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Eyni zamanda, bu məsələdə düşünülmüş addımın atılması çox önəmlidir. Bunun üçün də biz daha güclü olmalı, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik".