Hərbi Qənimətlər Parkı Qələbəmizin möhtəşəmliyinin təcəssümüdür
Dövlətimizin başçısı tərəfindən dünən istifadəyə verilən Hərbi Qənimətlər Parkı Vətən müharibəsində qazandığımız tarixi Qələbəmizin böyüklüyünü, ölkəmizin qüdrətini, xalqımızın ölkə başçısının ətrafında olan sıx birliyini əks etdirir. Düşmənin 30 ilə yaxın işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızın 44 gün kimi qısa bir müddət ərzində Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq salnaməsidir.
Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev qeyd edib ki, əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsi məqsədilə həyata keçirilən döyüş əməliyyatlarında şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız Vətən uğrunda insan üçün ən qiymətli nemət olan canlarından keçdilər. Vətən müharibəsində düşmənə vurulmuş misli görünməmiş zərbə ilə şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının, erməni təcavüzkarları tərəfindən həyatdan məhrum edilmiş bütün vətəndaşlarımızın qisasları alındı, qanları yerdə qalmadı. Torpaqlarımızı düşmən işğalından həmişəlik azad etdik, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Vətən müharibəsi xalqımızın gücünün, qüdrətinin, dövlətimizin başçısının ətrafındakı sıx birliyinin, şücaətinin əyani təcəssümü oldu. "Müharibə zamanı həmvətənlərimizin həm ön cəbhədə, həm arxa cəbhədə xidmətləri, hərbi qulluqçularımızın göstərdiyi şücaətlər, onların yüksək səviyyəli hazırlığı bir daha dünyaya ölkəmizin gücünü göstərdi. Sevindirici haldır ki, Vətən müharibəsi zamanı ordumuzun sıralarında bir nəfər də olsun fərari olmadı, hərbi birliklərimiz öz üzərilərinə düşən tarixi missiyanı çox böyük uğurla tamamlayaraq düşmənə sarsıdıcı zərbələr endirdilər. Müharibə zamanı Ermənistan tərəfi bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi, əksinə, erməni ordusunda təxminən 10 min fərarilik halı qeydə alındı. Hazırda da Ermənistanda övladları itkin düşən və həlak olanların ailə üzvləri mütəmadi olaraq mitinqlər təşkil edərək övladlarını tələb edirlər”, - deyə A.Əliyev qeyd edib.
Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Vətən müharibəsi həm də döyüşçülərimizin hərbi hazırlığının, hərbi biliklərinin, Silahlı Qüvvələrimizin arsenalının yeni döyüş avadanlıqları ilə təchizatının yüksək səviyyədə olduğunu əyani sübut etdi. Ordumuzun çətin relyefdə, sıldırım qayalarda apardığı uğurlu əməliyyat bizə bu qələbəni bəxş etdi. Ölkəmizin müharibədə istifadə etdiyi taktiki və texniki təlimlərin dünyanın qabaqcıl ölkələri tərəfindən öyrənilməsi, Vətən müharibəsində istifadə etdiyimiz strategiya barədə məlumat almaq istəməsi Azərbaycan Ordusunun gücündən xəbər verir. "Qeyd etmək lazımdır ki, ölkəmizdə ordu quruculuğu hər zaman dövlətimizin başçısının diqqət mərkəzində olub. Yeni silahların alınması, təchizatın ən yüksək səviyyədə təşkil edilməsi və aparılan digər işlər Vətən müharibəsində qələbə qazanmağımızda ən mühüm amillərdən oldu. Vətən müharibəsi zamanı artilleriya bölmələrəmizin düşmənə vurduğu ardıcıl və sərrast zərbələr döyüşçülərimizin daha qısa müddət ərzində irəliləməsini təmin etdi. Bundan başqa, sistemli xarakter daşıyan ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlərin yaradılması da müharibədə qələbəmizi şərtləndirdi”, - deyən Adil Əliyev vurğulayıb ki, paytaxtın Xətai rayonunda 5 hektar ərazidə salınmış Hərbi Qənimətlər Parkında hazırda Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya yer alır. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bizim şəxsi avtomobillərin nömrələrini götürüb işğal edilmiş torpaqlarda lövhə düzəltmişdilər. Onlar bu lövhəni fəxrlə göstərərək Azərbaycan xalqının necə öz əmlaklarını qoyaraq ata-baba yurdlarından didərgin düşməsini bir daha diqqətə çatdırır, bununla xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmənin miqyasını göstərirdilər. Hansı ki, vətəndaşlarımız öz dədə-baba yurdlarından məcburi şəkildə çıxarılmış, öz əmlaklarını da qoyaraq yurd-yuvalarını tərk etməyə məcbur qalmışdılar”.
Adil Əliyev vurğulayıb ki, Hərbi Qənimətlər Parkında yaradılmış bu kompozisiya isə Ermənistana məxsus olan maşınların məhv edilməsi və ya qənimət kimi götürülməsinin əyani təzahürüdür. Buradakı eksponatlar həm də düşmənin törətdiyi müharibə cinayətlərini özündə ehtiva edir. Belə ki, həmin qənimətlər arasında düşmənin dinc əhalimizin yaşadığı əraziləri və gecə saatlarında yaşayış binalarını hədəfə alaraq ölkəmizə atdığı "İsgəndər-M” raketlərinin qalıqları var. Parkda 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
"Prezident İlham Əliyev bu gün Diplomatiya Akademiyasında keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında bir daha bu raket kompleksi məsələsinə toxunaraq, hazırda bununla bağlı araşdırmanın davam etdiyini bildirdi. Bu gün qürurla deyə bilərik ki, Hərbi Qənimətlər Parkı Şanlı Ordumuzun qüdrətinin təzahürüdür. Çünki düşmən torpaqlarımızı işğalda saxladığı müddət ərzində ərazini talan etməklə yanaşı, orada möhkəmlənərək güclü müdafiə istehkamları qurmuşdu. Lakin tarix göstərdi ki, düşmənin qurduğu istehkamlar, apardığı möhkəmləndirmə işləri Şanlı Azərbaycan Ordusunun qarşısında acizdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusu düşmən üzərində tarixi qələbə qazanmaqla bizə əvəzolunmaz bir qürur bəxş etdi”, - deyə Milli Məclis sədrinin müavini bildirib.