• cümə axşamı, 25 aprel, 20:12
  • Baku Bakı 21°C

Hərbi parad ordumuzun gücünün nümayişidir

28.06.13 10:57 3121
Hərbi parad ordumuzun gücünün nümayişidir
İyunun 26-da Silahlı Qüvvələrimizin 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərlik şəxsi heyəti, 300-dək hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarəsi və vertolyot, 40-dək gəmi iştirak edib. Paradı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, deputatlar, xarici ölkələrin respublikamızdakı səfirləri, beynəlxalq təşkilatların əməkdaşları, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri də izləyiblər. Azərbaycan ictimaiyyəti üçün böyük maraq kəsb edən hərbi parad düşmən ölkənin mətbuatında da əsas mövzulardan birinə çevrilib.
Ermənistan hökumətinin ayrı-ayrı rəsmilərinin KİV-lərə açıqlamaları sübut edib ki, Azərbaycanda keçirilən hərbi parad ermənilərin təşvişinə də səbəb olub. Beləki, işğalçı dövlətin müdafiə naziri Seyran Ohanyan Bakıdakı paraddan dərhal sonra müxtəlif bəyanatlar səsləndirməklə gündəmə gəlib. O, Bakıda azadlıq meydanında nümayiş olunan hərbi texnikaya işarə edərək deyib ki, Ermənistan özünü Azərbaycanla silahlanma yarışına qoşmayacaq. Azərbaycanın Rusiyadan 1 milyard dollar dəyərində silah almasını şərh edən S.Ohanyan ölkəsinin guya kor-koranə silahlanmaya deyil, silahlanmada keyfiyyətə diqqət yetirdiyini önə çəkib.
Azərbaycanın hərbi ekspertləri isə erməni müdafiə nazirinin təlaşını ordumuzun günü-gündən güclənməsi ilə əlaqələndiriblər. Tərxis Olunmuş Hərbiçilirəin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli ordumuzun yaradılmasının 95 illiyinin Azərbaycanda bayram əhval-ruhiyyəsi ilə qeyd olunduğunu bildirib. O, iyunun 26-da keçirilən hərbi paradın bundan əvvəlki paradlardan tamamilə fərqləndiyini vurğulayıb. Deyib ki, iqtisadiyyatımız, dövlətimiz gücəndikcə, hərbiyə ayrılan büdcə də ildən-ilə artır və orduya Türkiyədən, İsraildən, Rusiyadan, Ukraynadan və digər ölkələrdən müasir texnikalar alınır. E.Həsənli söylənilənlərə misal olaraq, quru qoşunları üçün alınan yüksək döyüş qabiliyyətinə malik “T-90” tanklarını, “BMP-3” zirehli texnikalarını göstərib.
Bununla yanaşı, o, ordumuzda müasir rabitə və kəşfiyyat sistemlərinin, pilotsuz təyyarələrin olduğunu, Müdafiə Sənayesi Nazirliyi tərəfindən müasir hərbi texnikalar istehsal edildiyini bildirib. Qeyd edib ki, artıq Pakistanın Azərbaycan istehsalı olan bir çox silahları qəbul etdib. Onun sözlərinə görə, gələn il Azərbaycanda beynəlxalq hərbi sərginin keçirilməsi də gözlənilir ki, bu da çox təqdirəlayiq haldır: “Hərbi paradda ordumuzun müasir silahları nümayiş etdirilib. Hərbi paradda 5 mindən çox şəxsi heyət, çoxsaylı hərbi texnika, təyyarə və vertolyot iştirak edib, hərbi gəmilərimiz nümayiş olunub. Hazırda bizim çox müasir hərbi donanmamız var, eyni zamanda kadr potensialının genişləndirilməsinə xüsusi diqqət yetirilir. Sevindirici haldır ki, iyunun 24-də Ali Baş Komandan, prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olub. Azərbaycanda hərbi tibb sahəsinə, hərbi həkimlərin hazırlanmasına də xüsusi diqqət yetirilir. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyası ilə əməkdaşlıq edilir, ABŞ, Almaniya, Yaponiya kimi inkişaf etmiş ölkələrdən ən müasir tibbi cihazlar alınır.
Əsas məsələ hərbçilərin mənəvi-psixoloji hazırlığının, sağlamlığının yüksək olmasıdır. Bundan başqa, Azərbaycanda hər bölgədə hərbi şəhərciklər tikilir. 20 ildən artıq qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər hədiyyə edilir, 2011-ci il dekabrın 28-də prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam da imzalayıb. Hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması həmişə diqqət mərkəzində saxlanılır. Kirayə pulu, ərzaq kompensasiyası iki dəfə artırılıb. Prezidentin sərəncamı ilə bu günlərdə hərbi qulluqçuların əmək haqları 10 faiz artırılıb. Hər il sosial vəziyyətinin yaxşılaşdırılması üçün sistemli və ardıcıl işlər aparılır. Bu işlər Azərbaycan Silahlı Qüvvələrində yüksək əhval-ruhiyyə yaradır. Bütün bölgələrdə həm kazarmalar, həm əsgərlərin yeməkxanası, həm yaşayış yeri, həm istirahət yeri, həm də tibb məntəqələrində vəziyyət yaxşılaşdırılır. Müasir dünya ordularında hansı şərait varsa, bu gün Azərbaycan ordusu üçün də yaradılır. Hərbi hissələrdə quruculuq işləri gedir, müasir hərbi hospitallar, kazarmalar tikilir. Təbii ki, bütün bunlar düşmən ölkə tərəfindən də müşahidə edilir. Ümumilikdə dövlət büdcəsi 2 milyard dollar olan Ermənistanda dövlət rəsmiləri Azərbaycanda təkcə orduya ayrılan vəsaitin 4 milyard dollar olmasından böyük narahatlıq keçirirlər. Elə bunun nəticəsidir ki, Bakıda keçirilən hərbi parad onları qıcıqlandırır və bir-birinin ardınca bu paradı aşağılamağa, kiçiltməyə, gözdən salmağa yönəlik bəyanatlar verirlər. Əslində isə bununla onlar, qoxduqlarını, təlaş keçirdiklərini biruzə verirlər”.
Hərbi ekspert Azad İsazadə də hərbi paradın sadəcə bayram tədbiri olmadığını bildirib. Onun sözlərinə görə, bu, Azərbaycanın ordu gücünün nümayişi, hərbi-siyasi addımdır. Bununla rəsmi Bakı həm dostlarına, həm də düşmənlərinə mesaj göndəririk ki, baxın və nəticə çıxarın. Hərbi ekspert Azərbaycanın müharibə şəraitində olduğuna, ölkəmizə məxsus Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonларын Ermənistan tərəfindən işğal edildiyinə də diqqət çəkib. Deyib ki, Azərbaycan bu paradla düşməninə öz hərbi potensialını çatdırır və dolayısı ilə onu sülh danışıqlarında konstruktiv mövqe tutmağa səsləyir. Çünki sülh danışıqlarının nəticəsiz olması sonda müharibəyə gətirib çıxaracaq. Azərbaycan 1990-cı illərin əvvəllərindəki ordudan daha güclüsünə sahibləndiyi üçün budəfəki müharibədən daha çox zərər çəkən, savaşdan məğlub çıxan Ermənistan olacaq.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov iyunun 26-da keçirilən hərbi paradın Azərbaycanda keçirilən sayca 4-cü hərbi parad olduğunu vurğulayıb. O da budəfəki paradın əvvəlkilərdən öz miqyasına görə çox fərqləndiyini dilə gətirib. Bildirib ki, həm şəxsi heyət, həm də silah-sursat, hərbi texnikanın sayı baxımından olduqca möhtəşəm bir parad idi: “Bütün bunlar paradın daha da yüksək səviyyədə keçməsinə səbəb oldu. Paradda ən önəmli hadisələrdən biri də Azərbaycanın müdafiə sənayesi nazirliyinin istehsal etdiyi silah və texnikanın nümayişi oldu. Ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunan, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə hazırlaşan ölkə üçün bu, olduqca əhəmiyyətlidir. Əgər torpaqlarımız müharibə yolu ilə işğaldan azad ediləcəksə, o zaman milli istehsalımız olan bu silahlar, hərbi texnikalar peşəkar hərbiçilərimizin əli ilə düşmənə sarsıdıcı zərbə vuracaq. Azərbaycan özü ordusunu silah sursatla təmin edəcək. Mən paradın tərəfdarı olan adamam. Belə paradlar xalqda öz ordusuna, əsgər və zabitinə inam yaradır. Bu, eyni zamanda ərazisi işğal olunan ölkənin güc nümayişidir. Paradın uğurlu alınmasını təsdiq edən daha bir məqam düşmən mətbuatının, xüsusən də Ermənistan müdafiə nazirinin buna reaksiya verməsi oldu.
Görün, rəsmi İrəvan Azərbaycanda keçirilən paraddan o qədər narahat olub ki, sonda bəyanat vermək məcburiyyətində qalıb. Fikrimcə, bu parad Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə də öz təsirini göstərəcək. Mümkün deyil ki, düşmən ölkə Azərbaycan ordusunun güclənməsindən nəticə çıxarmasın. İnanıram ki, ATƏT-in Minsk Qrupunun heç bir fayda verməyən boş danışıqlar prosesində bundan sonra nəsə irəliləyiş olacaq. Onlar da başa düşəcəklər ki, paradda nümayiş olunan silah-sursat, hərbi texnika bir gün Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə yönəldiləcək. Bu, müstəqil Azərbaycan Respublikasının suveren hüququdur. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını təsdiqləyən 4 qətnaməsi var və həmin sənədlər icra olunmur. Həmin qətnamələr də imkan verir ki, rəsmi Bakı münaqişəni hərbi yolla həll etsin. Ona görə də paraddan nümayiş olunan silah-sursatı, hərbi texnikanı, insan resursunu müşahidə edən Ermənistan, eyni zamanda onların havadarları ruslar indiki vəziyyətdən nəticə çıxarmalıdırlar”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər