• cümə, 19 Aprel, 21:30
  • Baku Bakı 24°C

Hərbi Jurnalistlər Birliyi mətbuat gününü qeyd edib

19.07.16 22:18 1615
Hərbi Jurnalistlər Birliyi mətbuat gününü qeyd edib
"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin (Hərbi Jurnalistlər Birliyi) nümayəndələri bu gün "Bütöv Azərbaycan” qəzetinin redaksiyasında jurnalistlərlə görüş keçirib. Görüş Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Dezinformasiyalar Milli təhlükəsizliyimizə təhdiddir" layihəsinin icra vəziyyətinin yekunlarına və Milli Mətbuat gününə həsr olunub. Tədbiri giriş sözü ilə "Bütöv Azərbaycan” qəzetinin redaktoru, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli açaraq, jurnalist həmkarlarını tədbirin mahiyyəti barədə məlumatlandırıb.

Layihə rəhbəri, Hərbi Jurnalistlər Birliyinin (HJB) sədri Tamxil Ziyəddinoğlu jurnalist həmkarlarını qarşıdan gələn Milli Mətbuat günü münasibəti ilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. O, layihənin icra vəziyyəti barədə mətbuat nümayəndələrinə məlumat veri: "İlk layihəmiz olan "Dezinformasiyalar milli təhlükəsizliyimizə təhdiddir" layihəsi çərçivəsində keçirilən tədbirlərimizi QHT Şurası maliyyələşdirsə də, ictimaiyyətdən bu qədər həssaslıqla mənəvi dəstək, KİV tərəfindən olduqca operativ informasiya dəstəyi göstəriləcəyini təsəvvür etmirdik. Bakı Qızlar Universitetinin (BQU) rektoru, professor Ağarəhim Rəhimov "Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır” adlı konfransımızı keçirmək üçün 40 nəfərlik yer istəyimizə 250 nəfərlik auditoriya ayırdı. Professor- müəllim heyəti, tələbələr mövzu ətrafında geniş müzakirələr açdılar. Zala sığmayan tələbə kontingentinə "Buklet"lər payladıq. Eləcə də Sumqayıt Dövlət Universitetində (SDU). Fürsətdən istifadə edib mətbuat vasitəsilə BQU-nun rektoru, professor A.Rəhimova və SDU-nun prorektoru Nizami Namazova layihəmizin təşkilati məsələlərinə verdikləri dəstəyə görə, İdarə Heyətimiz adından minnətdarlığımı bildirirəm".

HJB-nin sədri KİV-nin onlara verdiyi informasiya dəstəyini xüsusi vurğulayıb. Bildirib ki, aparıcı KİV-lər "Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır" adlı konfranslarımızın materiallarını geniş yayımlamaqla əsl vətəndaşlıq nümunəsi göstəriblər. T.Ziyəddinoğlu bu dəstəyə görə bütün KİV rəhbərlərinə və həmin KİV-ləri HJB-nin tədbirlərində təmsil edən əməkdaşlara minnətdarlığını bıldirib. Layihə rəhbəri bir daha xatırladıb ki, bu layıhəni həyata keçirməkdə əsas məqsəd tələbə gənclərin, sosial media istifadəçilərinin fəal köməyilə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu və milli təhlükəsizliyi əleyhinə qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşı mübarizədə dövlət orqanlarına informasiya dəstəyi vermək olub: "Məqsədimizdən biri də jurnalistlərimizə, əsasən də sosial şəbəkə fəallarına, erməni qoşunları ilə təmas xəttində yaşayanlara vətəndaşlıq mövqeyi aşılamaq, onları ölkəmizin mənafeyini qorumağa, informasiya siyasətini müdafiə etməyə, cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatların yayılmasının qarşısını almaq istiqamətində maarifləndirməkdir. Vətənimiz naminə bu yolda hamınıza uğurlar arzulayıram”.
Tədbirdə yazıçı Miraslan Bəkirli, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Vüsalə Süleymanova və başqaları da çıxış edərək öz fikirlərini bildiriblər.

Çıxışlardan sonra Azərbaycan Radiosunun müxbiri Gülnarə Nemətova "Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Dezinformasiyalar milli təhlükəsizliyimizə təhdiddir" layihəsi çərçivəsində keçirilən tədbirlərin mahiyyətini dinləyicilərə operativ və əhatəli çatdırdığına görə, HJB İdarə Heyətinin Fəxri Diplomu ilə təltif olunub.

Tədbir çay süfrəsi arxasında, jurnalist həmkarların səmimi söhbətləri ilə davam etdirilib.

banner

Oxşar Xəbərlər