• şənbə, 20 Aprel, 04:18
  • Baku Bakı 15°C

Hərbi faza bitdi, bundan sonra necə olacaq?

04.12.20 19:07 875
Hərbi faza bitdi, bundan sonra necə olacaq?
Politoloqların fikrincə, Ermənistanın hərbi-siyasi isteblişmenti Qarabağla bağlı yanaşmasını dəyişməlidir

II Qarabağ müharibəsinin nəticəsi o oldu ki, Azərbaycan Ermənistan üzərində mütləq qələbə qazandı. Nəticə etibarı ilə Ermənistan kapitulyasiyaya məcbur edildir, ordusu darmadağın oldu və silah-sursatın böyük hissəsi Azərbaycan tərəfindən qənimət olaraq ələ keçirildi. İlkin məlumatlara görə, Ermənistan ordusu 44 gün ərzində 8 mindən yuxarı canlı qüvvə itirib. Rusiyanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında üçtərəfli saziş əsasında Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verilərək ölkəmizin ərazi bütövlüyü tam təmin edilmiş oldu. Belə demək mümkündürsə, artıq Qarabağ münaqişəsinin hərbi fazası başa çatıb. Azərbaycanda bu, zəfər bayramı kimi qeyd edilsə də, Ermənistanda baş nazir Paşinyana qarşı etirazlar səngimir. Lakin Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcburdur. Bəs görəsən hərbi fazanın bitməsindən sonra hadisələr necə cərəyan edəcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistan ağlını başına yığıb, revanş ideyasından əl çəkib, sülhə doğru istiqamət götürməlidir: "Hazırda Ermənistan daxilində müxtəlif qüvvələr ki, onlar yenidən hücuma keçmək niyyəti güdür. Bəziləri Azərbaycana dərs vermək arzusu ilə yaşayırlar. Ancaq anlamırlar ki, ümumiyyətlə, strateji cəhətdən məğlub olublar. Onların heç bir şansı yoxdur ki, bu minvalla ayağa qalxsınlar. Birincisi, ona görə ki, ermənilər 30 ilə yaxın bütün imkanlarını, varidatlarını, maliyyə resurslarını ya silah-sursata, ya da ki, guya Qarabağın azad olunmasına yatırırdılar. Ermənistan başlı-başına buraxılmışdı. Ötən müddətdə Ermənistanda nə dövlət, nə də millət baxımından heç bir quruculuq işləri aparılmayıb. Sadəcə, hakimiyyəti ələ keçirmiş bir qrup bandit, cinayətkar istifadə edərək özləri varlandılar, bütün prosesləri yanı üstə qoydular. Guya bunlar Qarabağda "dövlət” yaratdılar və onun təhlükəsizliyinin təminatçısı kimi çıxış etdilər”.

T.Abbasov qeyd etdi ki, 44 gün ərzində olan II Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan proseslərin hamısını diqqət mərkəzində saxlayırdı: "Azərbaycan lazımi çıxarışlar, məntiqi gedişlər etdi və öz sözünü dedi. İndi Ermənistan, gərək qonşuluq, sülh siyasətinə qayıtsın. Bundan sonra Ermənistanın ifasında heç bir hərbi strategiya özünü doğrulda bilməz. Tək ona görə yox ki, Azərbaycan onları məğlub eləyib, qənimətlər götürülüb, hərbi texnikaları yarasız vəziyyətə salınıb, ümumiyyətlə, Ermənistan ordusu darmadağın olub. Həm də ona görə ki, ermənilər bölgədə birgəyaşayış normalarını əcaib bir tərzdə qavramışdılar. Yəni ermənilər bunu düz anlaya bilmədilər. Prezident İlham Əliyev də xalqa sonuncu müraciətində bildirdi ki, ermənilər Azərbaycanda yaşaya bilərlər. Ermənistan üçün də imkanlar var. Əgər ermənilər məkrli siyasətdən, qarşıdurma meyllərindən əl çəksələr, onlar bölgədəki layihələrin hamısına qatıla bilərlər. Düzdür, onların problemləri ağırdır, işləri çətindir, amma gərək özləri bunu istəsinlər. Güclə, zorla erməniləri bu işə heç kim sövq edə bilməz. Bunun üçün də onların siyasi qüvvələri, ilk növbədə düşmənçilik siyasətindən uzaqlaşsın. Bunu etsələr, elə bilirəm ki, ermənilər üçün qarşıda perspektiv olacaq, etməsələr, onda özlərindən küssünlər”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Qarabağda müharibə fazasının bitdiyinin şahidiyik: "Üçtərəfli bəyanatın Ermənistan baş naziri tərəfindən imzalanması göstərir ki, Ermənistan de-fakto Qarabağı Azərbaycan ərazisi hesab edir. Bu məsələdə, sadəcə olaraq, Qarabağın gələcəkdəki müəyyən məsələləri müzakirə predmeti ola bilər ki, artıq dekabrın ortalarından və ya gələn ilin əvvəlindən başlayaraq Azərbaycan və Ermənistan arasında ATƏT-in həmsədrliyi, xüsusilə Rusiyanın koordinatorluğu ilə Qarabağla bağlı müəyyən danışıqların şahidi olacağıq. Bundan sonra baş verənlər 30 il əvvəl olduğu kimi indi də Ermənistanın mövqeyindən asılı olacaq. Təəssüflər olsun ki, bu günlərdə Ermənistanın xarici işlər nazirinin yenə də Azərbaycana hansısa şərtlər irəli sürdüyünün şahidi olduq. O, Dağlıq Qarabağın müqəddəratından danışdı və yenə də "Qarabağ xalqından” söz açdı. Bu kimi çıxışları biz Paşinyan, Sarkisyan, Köçəryan və digərlərindən ötən illər ərzində gördük və onun nəticəsi Ermənistan üçün ağır oldu. Ona görə də, Ermənistan xarici işlər naziri və digər hərbi-siyasi isteblişmentinin nümayəndələri Qarabağla bağlı yanaşmalarını dəyişməlidirlər. Əgər Rusiya olmasaydı, bu gün, hərbi-siyasi vəziyyət Ermənistan üçün daha da fəlakətlə nəticələnəcəkdi. Ona görə də, rəsmi İrəvan yaxşı olardı ki, yenə də kimlərəsə güvənib Qarabağla bağlı təxribat xarakterli çıxışlar etməsin. Başa düşsünlər ki, vəziyyət Azərbaycanın əleyhinə dəyişərsə, yenə də hər hansı təxribatlar olarsa, ölkəmiz hərbi əməliyyatlara əl ata bilər. Çünki BMT-nin və beynəlxalq hüququn da təsbit etdiyi normalar bu məsələdə Azərbaycanın lehinədir. Bir sözlə, Azərbaycanın ərazi bütövlüyü hər şeydən əsasdır. İndiki halda Qarabağdakı ermənilər Azərbaycan vətəndaşı kimi Azərbaycan dövlətinin himayəsi altında yaşamalıdırlar. Bu istiqamətdə hər hansı bir təxribat ermənilər üçün çox pis nəticələnə bilər”.
Z.Məmmədov ermənilərin öz çirkin siyasətlərindən, torpaq iddiasından əl çəkəcəyini və konstruktiv mövqe sərgiləcəyini gözləmədiyini vurğuladı: "Düşünürəm ki, ermənilər revanş götürmək istəyəcəklər. Təbii ki, indi onların hərbi-siyasi vəziyyəti o qədər pisdir ki, Qarabağla bağlı açıq şəkildə heç bir iddia ortaya qoya bilməyəcəklər. Amma ümumilikdə, onlar Qarabağla bağlı öz mövqelərində laten şəkildə olsa belə, qalacaqlar və gələcəkdə revanş götürmək istəyində olacaqlar”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər