• cümə, 29 Mart, 04:40
  • Baku Bakı 7°C

“Hər zaman Türkiyənin yanındayıq”

15.12.16 11:30 2904
“Hər zaman Türkiyənin yanındayıq”
Son dönəmlər qardaş Türkiyə Cümhuriyyətində baş verən terror hadisələri təbii ki, yerli əhalini və orada yaşayan xarici vətəndaşları narahat edir. Dekabrın 10-da Bakı vaxtı ilə saat 23:30 radələrində İstanbulun mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında ard-arda törədilən iki partlayış da onlarla insanın ölümünə səbəb oldu. Bu dəhşətli faciə nəinki Türkiyə, digər türk dövlətlərini də sarsıtdı, uşaqdan böyüyə hər kəs yasa batdı.

İncəsənət sahəsində çalışan və fəaliyyətini məhz Türkiyədə davam etdirən azərbaycanlı sənət adamları da bu hadisə ilə bağlı keçirdikləri hissləri gizlətmədilər. Onların bir neçəsi bizimlə söhbətində qeyd etdi ki, ölkəmiz tarix boyu mənfur ermənilərin hücumuna məruz qalıb. Ona görə də bu cür təhdidlərdən artıq qorxmurlar. Torpağının 20 faizi işğal altında olan bir ölkənin vətəndaşlarını heç bir terror hadisəsi qorxuda bilməz. Digər tərəfdən isə Türkiyə də elə bizim öz ata yurdumuzdur.
"TRT Avaz”da çalışan xalq artistimiz Azərin məsələ ilə bağlı danışarkən göz yaşlarına hakim ola bilmədi. Dedi ki, Türkiyə dünyada yaşayan türklərin ata yurdu sayılır: "İnsan olaraq təbii ki, bu hadisə hər birimizi narahat etməlidir. Nəticə etibarilə hamımız insanıq. Burada insan həyatından söhbət gedir. Türkiyə də bizim vətənimiz hesab olunur. Mən buranı özümə vətən hesab edirəm. Buradakı insanların mübarizə gücünü heyranlıqla izləyirəm. Özümü də buranın bir vətəndaşı hesab edirəm. Bir ölüb, min dirilərik – bu, həyat tərzinə çevrilib. Təbii ki, terror Türkiyədə və dünyanın bütün ölkələrində bir faciədir. Əslində bu bir partizanlıqdır. Müsəlman coğrafiyasına baxanda, görürük ki, hər yerdə göz yaşı var, hər yerdə insan tələf olur, hər yerdə uşaqlar öldürülür. Bu coğrafiyada Türkiyənin böyük bir qüvvə olduğunu danmaq olmaz. Türkiyə böyük bir qüvvədir. Bu coğrafiyada söz deyə bilən ölkələrdəndir. Ona görə düşünürəm, Türkiyəni belə edirlər ki, başı özünə qarışsın. Bu, birinci dəfə deyil ki... 35 ildir ki, Türkiyə terrorla mübarizədədir. Ancaq bu milləti özünə millət, dövləti dövlət bilən insanların məmləkətində, bu mübarizə içində Türkiyəni çökdürə bilməyəcəklər, Türkiyəyə qalib gələ bilməyəcəklər. Mən burada narahat deyiləm. Mən də bu millətin yanında, bu torpaqda canımı qurban verməyə hazıram. Hamı bilsin, qara qüvvələr də bilsinlər ki, Azərbaycan daim Türkiyənin yanında olacaq. Necə ki, vaxtında Azərbaycan türklərinin yanında Nuru paşa olub, Qafqaz İslam Ordusu olub, bu gün də biz Türkiyənin yanındayıq. Qanıbir, canıbir millətimizin yanındayıq. Türkiyəni heç vaxt tərk etməyəcəyik. Burada insanlar da narahat deyil. İnsanlar öz iş-gücündə, normal həyatlarını yaşayır. Çünki onların imanı güclüdür. Xalq bilir ki, vətən sevgisi imandan gəlir”.
Türkiyə telekanalında çalışan aktrisa, aparıcı Nigar Bahadırqızı isə deyir ki, hadisə baş verən gün onlar evdə olublar: "Yoldaşımla işdən gəlmişdik. Təcili yardım maşınlarının səsini eşidəndə, bir hadisənin baş verdiyini təxmin etdik. Televiziyanı açdıq və xəbərləri izlədik. Gördük ki, yanılmamışıq. Yenə qorxu, yenə göz yaşları, yenə də terror. Buradakı insanlar artıq ölüm hadisələrinə, sanki hər dəqiqə nələrinsə olacağına alışıblar. Sanki hər dəqiqə, hər yerdə bir bomba partlayacaq kimi hiss edirik. Hər bir insanın gözündə qorxu var. Dünəndən etibarən sənət adamları xəstəxanaları ziyarət etməyə başlayıblar. Onlar da dəstək olmağa çalışırlar. Yürüşlər edirlər, aksiyalar keçirirlər. Yenə də türklər meydanlarda terroru lənətləyirlər. Ölənlərə Allahdan rəhmət diləyirik. İnşallah, bir daha belə hadisələr yaşanmaz. Biz buna çox ümid edirik”.
Qardaş ölkədə fəaliyyət göstərən müğənnimiz İradə İbrahimovamətbuata açıqlamasında deyib ki, hər gün gözünü açıb uşaq ölümü, heyvanlara qarşı zorakılıq, bombaların partlaması xəbərlərini eşitməkdən yorulub. Hər şeyi atıb Türkiyədən getmək istəsə də, ancaq bu da çarə deyil: "Hamı buranı tərk edib getsə, nə olacaq? Vətənə kim sahib çıxacaq? Çox pis haldı, insan həyatdan küsür. Özümdən çox övladlarımı, dünyaya gələcək uşaqları düşünürəm. Bunların sonu nə olacaq? Terrorun ziyanını adi insanlar, körpələr çəkir. Biz övladlarımız üçün yaşayırıq, onlara gələcək qurmağa çalışırıq. Bu terrorla onlara hansı gələcəyi qoyub gedəcəyik? Bu, insanlıq deyil, Türkiyənin inkişafına mane olmaq istəyirlər. Uşaqlarımın təhlükəsizliyi üçün bəlkə çıxıb gedərəm. Amma sonra düşünürəm ki, asan deyil. Həyat yoldaşım burada özü üçün iş qurub, övladlarımın məktəbi var. Yaşayış tərzimizi necə ataq?”

İ.İbrahimova küçədə çox qalmamağa çalışdıqlarını söyləyib: "Səhər həyəcanla oyanırıq ki, bu gün də yenə nəsə partlayacaq, ya partladı, neçə şəhid verəcəyik, nə olacaq? Ümid edirəm ki, bu problemlər 2016-cı ildə qalacaq. 2017-ci il hamı üçün problemsiz keçəcək. Dünyanın hər yerində terror var. Allah türkü qorusun! Ümidimiz odur ki, xain insanlar bu işlərdən uzaqlaşarlar. Qorxu, şübhə içində yaşamaq qədər pis bir şey yoxdur. Bakıda nə gözəl yaşayırdıq, heç bir narahatlıq yox idi. Düzdür, cəbhə bölgəsində döyüş davam edir. Amma Bakıda metroya düşəndə qorxmurduq. Burada isə maşınla gedəndə, liftə minəndə, kimisə görəndə həyəcanla baxırsan ki, terrorçu olar. Alış-veriş mərkəzinə girəndə, həyəcanla tez işini görüb qaçırsan ki, partlayış baş verər. İnşallah, bu vəziyyətə tezliklə son qoyular".
"Oyunçu köy” teatrında aktrisa kimi çalışan Vüsalə Bəşirova Ankarada fəaliyyətini davam etdirir. O deyir ki, paytaxtda hər şey qaydasındadır. Terror hadisəsi Türkiyədə yaşayan insanları tədirgin edib, onlar həyəcanlıdırlar: "İnsanların qulağı səsdədir ki, birdən haradasa bomba partlayar. Artıq partlayışların davamlı xarakter alması insanları rahat yaşamağa da imkan vermir. Ankarada belə bir şayiə gəzir ki, guya 2 gün sonra da nəsə olacaq. Hətta xəbərdarlıq da edilib ki, bir müddət insanların çox toplaşdığı mərkəzlərdən uzaq olsunlar”.

Türkiyədə yaşamağa davam edəcəyini və heç bir narahatlıq hissi keçirmədiyini deyən Vüsalə qeyd etdi ki, hətta alnına PKK-çılar tərəfindən öldürülmək yazılıbsa, qismətdən qaçış yoxdur: "Açığı, heç nədən qorxmuram. Bizə əvvəlcədən xəbərdarlıq edilib ki, hər an hər şey ola bilər. Burada vətən sevgisinə bir daha şahid oldum. Onlar vətənlərini canları bahasına belə olsa, qorumağa hazırdırlar. Gözlərində qəzəb var. Qorxmuram, sadəcə təlaşlanıram. Çünki insan belə vəziyyətlərdə mənən sakit yaşaya bilməz. Yoxsa ölməkdən qorxmuram. Onsuz da bir gün biz də bu dünyadan köçəcəyik. Qorxunun əcələ faydası yoxdur”.

Türkiyəyə köçüb Han Teatrındafəaliyyətini davam etdirən aktrisamız Roza İbadova Kocamazdedi ki, İzmirin bir çox yerlərində plakatlar vurulub. Plakatlarda "İstanbul acımız böyük, terrora son” deyə fikirlər yazılıb: "Qeyd edim ki, bu hadisə baş verəndən bir neçə gün öncə Türkiyənin bir neçə şəhərində, eləcə də İzmirdə canlı bombalar tutulub saxlanılmış, partlayışların qarşısı alınmışdı. İnsanlar çox üzgündür. Metroda, avtobusda, küçədə hamı tədirgindir, təşviş içindədir. Dünyasını dəyişən çevik polislərə rəhmət diləyir, yaralılar üçün dua edir, bu hadisəni törədənlərə lənətlər oxuyurlar. İnsanlarda həyəcandan yüksəkdə türkçülüyün özünəməxsus vətənpərvərlik və qorxmazlıq hissi var. Hər kəs bayraqlara sarıldı, küçələrə çıxdı. Sosial şəbəkələrdə "Türk yenilməz” deyə şərhlər yazıldı. Yaralılara qan vermək üçün insanlar hələ də xəstəxanalara axın edir. Hadisə baş verməmişdən əvvəl "Beşiktaş”ın yarışı var idi. Biz də ailəmizlə bərabər onu izləyirdik. Futbol bitəndən sonra bir az keçmişdi ki, bütün televiziya, media terror törədildiyini, bu hadisənin "Beşiktaş” stadionunun yaxınlığında baş verdiyini bildirdi. Yəni, çevik polislərin həmin gün toplandığı ərazidə. Ailəlikcə çox üzüldük, hamımız televiziyanın qarşısına dikildik. Bütün gecəni xəbərləri izlədik. Artıq səhər şəhidlərin sayını bilirdik. Günahsız insanların ölümünə çox kədərlənirik. Buna bir son vermək lazımdır. Bəzən insan düşünür ki, evdən çıxanda hər kəslə vidalaşım, halallıq alım. Çünki lənətə gəlmiş terrorçuların insan qanından, ailələrin göz yaşından, bu qədər etirazlardan, ölkəni matəmə tutmaqdan gözləri doymur. Ölkədə matəm elan olunub, əyləncəli proqramlar dayandırılıb. Tədbiri, konserti olan bir çox müğənnilər müəyyən bir zamana qədər onları təxirə salıblar. Bir sözlə, bütün Türkiyənin canı yanır. Əlbəttə ki, mən də burdakı ailə üzvlərimizə görə narahatam”.
Bir müddətdir Türkiyəyə köçən müğənni Ayan Babakişiyeva da axsam.az saytına İstanbulda baş verən terrordan danışıb:"Türkiyədə yaşadığım üçün ora da mənim vətənimdir. Türklər güclü millətdir, ən ağır vəziyyətin belə, öhdəsindən gəlməyi bacarırlar. Daha sakit bir bölgədə - Asiya tərəfdə yaşayıram. Ona görə də səs-küydən bir qədər uzağam. Özüm bu tərəfdə yaşamağı seçdim. Avropa tərəf çox səs-küylü olur. O hissəyə turistlər çox gəldiyi üçün terror da oralarda törədilir. Bilirlər ki, terror nə qədər çox olsa, turistlərin sayı azalacaq, iqtisadiyyat zəifləyəcək. İstanbul dünyanın ən gözəl və cənnət şəhəridir. Düşünürəm ki, hər şey yaxşı olacaq, bu hal geridə qalacaq”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər