• cümə axşamı, 28 mart, 19:48
  • Baku Bakı 13°C

Hər zaman sevilən və nümunəvi olmuşam

06.07.16 11:26 3843
Hər zaman sevilən və nümunəvi olmuşam
Bakı Uşaq Teatrının aktrisası Vüsalə Bəşirova Türkiyədə yayımlanan və kifayət qədər reytinqi olan "Beni affet” serialının bir neçə bölümündə çəkilib. Bu xəbər mətbuatda yayıldıqdan sonra aktrisanın ünvanına xoş sözlər və təbriklər səsləndirildi.

Teatrın səhnəsində baş rolların ifaçısı olan Vüsalənin istedadı bununla bitmir. O, həm də ifaçılıq fəaliyyəti ilə məşğuldur. Azərbaycanda da kifayət qədər film və seriallarda obrazlar canlandıran aktrisa qonağımız oldu. Gənc aktrisa bizimlə söhbətində Türkiyə səfərindən və oradakı çəkiliş sistemindən bəhs etdi.

- Vüsalə xanım, istərdik ki, sizi oxuculara daha yaxından təqdim edək.

- 1986-cı il avqustun 29-da Bakıda anadan olmuşam. Ailəmizin kiçik və ərköyün övladıyam. Məktəbi bitirdikdən sonra 2006-cı ildə sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim və "Musiqili teatr aktyoru” fakültəsinə daxil oldum. Məktəbdə və universitetdə ən yaxşı oxuyan şagirdlərdən idim. Bütün qiymətlərim "5” olmasa da, hər zaman sevilən və nümunəvi biri olmuşam.

- Necə oldu ki, aktrisa olmağa qərar verdiniz?

- Aktrisa olmağım tam təsadüf nəticəsində meydana gəldi. Məktəbi bitirdikdən sonra 2003-cü ildə "Bakı payızı” adlı musiqi müsabiqəsinə qatıldım və xalq artistimiz Tünzalə Ağayeva ilə duet ifa etdim. Bu müsabiqə mənə çox şey qazandırdı. Mən uşaqlıqdan arzulayırdım ki, gələcəkdə müğənni olum. Qarşıma məqsəd qoymuşdum ki, peşəkar ifaçı olacam. Ancaq yaxın dostlarım mənə İncəsənət Universitetinin tək musiqi yox, musiqili aktyor fakültəsini seçməyimi məsləhət gördülər. Mən də onların təkliflərinə rədd cavabı vermədim. Bu seçimimə görə də çox sevinirəm. Heç bir çətinlik çəkmədən universitetə qəbul oldum və oxuduğum ixtisasa görə də heç zaman peşmançılıq hissi keçirməmişəm.

- Bəs necə oldu ki, türk serialına dəvət aldınız?

- Ankaradakı prodakşınların birinə təsadüfən üzv oldum. İki-üç gün sonra elanlarda 25-30 yaşlarında aktrisa tələb olunduğunu gördüm və müraciət etdim. Sınaq üçün bir-iki şəklimi çəkdilər və mən də çəkilişdən sonra ofisi tərk etdim. Bir saatdan sonra mənə zəng edib seçildiyimi bildirdilər. Xəbəri eşidəndə çox sevindim. Çünki bu mənim Türkiyədə ilk çəkilişim idi. Ümid edirəm ki, davamlı olar. Türkiyədə seriallara, filmlərə çəkilmək ən böyük arzularımdan biri idi. Nədənsə bu hər zaman arzu olaraq qalırdı. "Beni affet” isə türk serial aləminə qatılmağım üçün bir başlanğıc oldu. İnşallah, oradakı yaradıcılığım uzunmüddətli şəkildə davam edər. Qeyd etmək istəyirəm ki, çəkildiyim serial Ankarada çəkilib. İştirak etdiyim çəkilişlərdə mən Bakıda hazırlanan serial və filmlərdə görmədiyim qeyri-adi bir davranış və yaxud da yeniliklə rastlaşmadım. Bakıda "Həyat varsa”, "Babayevlər”, "Hippokrat andı”, "Kolxoz” seriallarında, Fərda Xudaverdiyevin "Ögey ata” kinokomediyasında obrazlar canlandırmışam. Türkiyədə özümü elə Azərbaycanda çəkilən serialdakı kimi hiss etdim. Nə qədər tanınmış serial olsa da, bizim çəkiliş truppamız, seriallar və filmlərimizin yaradıcı kollektivlərinin mehribanlığı, eləcə də səmimiliyi dünyalara dəyər. Onu heç nəyə dəyişmərəm. Ankaradakı seriallar demək olar ki, bizim çəkilişləri xatırladır. Onların iş strukturu ilə bizimki eynidir. Qonorar məsələsinə gəlincə isə, Ankaradakı seriallarda aktyora çox az qonorar verilir. Hətta prodakşın aktyoru göndərirsə, pulun yarısını da onlar mənimsəyir. Türk serial aləmində ilk addımlarımı atmaq üçün bu seriala çəkildim. Məhz buna görə qonorar söhbətini əvvəldən danışmadım. Ancaq əgər çəkilişlərim davam edərsə, başqa təkliflər olarsa, təbii ki, normal qonorar almağım müqabilində razılaşacağam.

- Sizi həm ifaçı, həm də aktrisa kimi tanıyırıq. Bəs bu yöndə Türkiyədə hər hansı iş birliyiniz oldumu?

- Bu iki sənəti bir-birindən ayıra bilmirəm. Türkiyədə ifaçılığımı davam etdirmək üçün alternativ yollar axtardım və bu yolda hələ də çalışıram. Ancaq orada çalışdığım 8 ay ərzində repertuarımı və səhnə davranışlarımı daha da inkişaf etdirmişəm.

- Nə üçün Türkiyədə səs yarışmalarına qatılmırsınız?

- Artıq o yaşım və fəaliyyətimin o dövrü deyil ki, gedib bəzi ifaçıların qabağında oxuyub rəy gözləyim. Orada da Azərbaycandakı kimi bəzən heç nə bilməyən, adi, məşhurluğu olan müğənniləri münsiflər heyətində oturdurlar. Təvazökarlıqdan uzaq olsa da, onların qarşısında ifa edib, fikir gözləmək istəmirəm. Yavaş-yavaş burada çalışıram, repertuarımı və fəaliyyətimi genişləndirirəm. Bu yönümdə el şənliklərində, tədbirlərdə ifa edirəm. Bu da mənə bəs edir.

- İşinizlə əlaqədar mütəmadi şəkildə Türkiyəyə gedib-gəlirsiniz. Bəs, Bakı Uşaq Teatrındakı fəaliyyətiniz nə vəziyyətdədir?

- Bakı Uşaq Teatrının mənim formalaşmağımda kifayət qədər əməyi olub. Bunun üçün teatrın rəhbəri İntiqam Soltana və baş rejissorumuz İlhamə Əhmədovaya minnətdarlığımı bildirirəm. O teatrda mənim üçün dəyərli, qiymətli insanlar çoxdur. Oradakı dostlarım mənim üçün əzizdir. Nə yaxşı ki, onları tanımışam. Teatr kollektiv və canlı sənətdir. Aktyor səhnədə təkbaşına heç nə edə bilməz. İnkişaf etmək üçün tərəf müqabili mütləqdir.
Bakı Uşaq Teatrı ilə dostluq və iş əlaqələrimi heç vaxt itirməyəcəyəm. Çünki bu teatr mənim çalışdığım ilk teatr olub. Əgər Türkiyədə hansısa teatrda tamaşa oynasam belə, mənim teatrım Bakı Uşaq Teatrı olaraq qalacaq. İnşallah, yaxın vaxtlarda teatrımızın bəzi layihələrində yenidən iştirak edəcəm və bunu sevə-sevə edəcəm.


Xəyalə Rəis

banner

Oxşar Xəbərlər