• cümə axşamı, 28 mart, 15:03
  • Baku Bakı 16°C

Hər zaman alternativ fikirlərin tərəfdarı olmuşam – Uğur hekayəsi

30.09.14 11:06 3853
Hər zaman alternativ fikirlərin tərəfdarı olmuşam – Uğur hekayəsi
Müəyyən bir işə başlamazdan əvvəl özgüvəni vacib hesab edir. Düşünür ki, biznes layihəsinin uğur dərəcəsini həmin ideyaya inanmaq müəyyənləşdirir. Onun sözlərinə görə, hansısa layihəni yaratmaq uğur deyil, uğur onu davam etdirmək və ayaqda saxlaya bilməkdir. Müsahibimiz “İnci”, “Baby Star”, “Sehirli Dayə” uşaq bağçalarının layihə rəhbəri və “Education Management Network” (Təhsil İdarəetmə Şəbəkəsi) şirkətinin direktoru Rasif Dünyamalıyevdir.
- Rasif bəy, özünüz haqqınızda məlumat verin.
- 1985-ci ildə 30 noyabr tarixində doğulmuşam. Qarabağ zonasından olduğum üçün orta məktəb illərim müharibə şəraitinə düşüb. Mən region məktəbi də, şəhər məktəbi də, məcburi köçkün məktəbi də görmüşəm. 2003-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul oldum. Bu fakültəni o qədər sevdim ki, peşman olmadım. Bizim fakültə yeganə fakültə idi ki, hər şeyi sorğu-sual edirdik, verilən qərarlarla razılaşmayıb alternativ variantlar axtarırdıq. Bu baxımdan tarix fakültəsi mənə hər zaman “alternativ fikirlər olmalıdır” bacarığını qazandırdı.
- Məktəb illəriniz qarışıq olub. Bəs tələbəlik?
- Tələbəlik həyatımda ictimai fəaliyyətlə məşğul olurdum. 2003-cü ildə “Debat” adlı məşhur bir müzakirə klubu var idi ki, burada cəmiyyəti narahat edən müəyyən mövzularda müzakirələr aparırdıq. 2005-ci ildə Gənclər Parlamenti yaradılmışdı. Onun çox çətin seçim proseduru vardı. Həmin gənclər parlamentinin 50 nəfər üzvü var idi ki, onlardan biri də mən seçilmişdim. Parlamentdə əsas məqsəd gənclərin fikirlərini toplamaq, parlamentdə müzakirə edilən məsələlərə münasibətini öyrənmək və onları gənclər arasında ictimailəşdirərək televiziya vasitəsilə müəyyən təbəqələrə çatdırmaq idi. Universiteti bitirənə qədər ictimai fəaliyyətim davam etdi. Sonra isə bu fəaliyyətimi bir kənara qoydum və bizneslə məşğul olmağa başladım.
- İctimai fəaliyyətin sizə biznesdə necə köməyi oldu?
- İctimai fəaliyyət insana özünə əminlik, inam, ünsiyyət bacarıqları qazandırır. Bu bacarıqları birbaşa başqa yerdən almaq mümkün deyil. Universiteti bitirib hansısa müəssisəyə getdikdə belə bu bacarıqları rahat şəkildə qazana bilmirsən. Çünki sən işləmək üçün gəlirsən və sosial fəaliyyətə o qədər vaxtın olmur. Amma ictimai fəaliyyətdə həm iş görürsən, həm digər sosial fəaliyyətlərdə iştirak edirsən. Buna görə də bacarıqların inkişaf edir.
- Biznes fəaliyyətinə necə başladınız? İlk biznesiniz necə nəticə verdi?
- İlk biznes fəaliyyətim deyə bilmərəm ki, uğurlu oldu. Biznes fəaliyyətinə təhsil ilə başladım. İctimai fəaliyyətdə cəmiyyətin problemlərini həll etməklə məşğul olurdum və təhsildə müəyyən problemlər olduğunu görürdüm. Onları aradan qaldırmaq üçün biznes layihələri hazırlamağa başladım. İlk vaxtlar “Yuva” jurnalımız var idi. Düzdür, bu jurnaldan pul qazanırdıq, amma bir tərəfdən də ailələrin maariflənməsi ilə məşğul olurduq. Sonra “Uşaq İnkişaf Mərkəzi”ni açdıq. Mərkəz müəyyən ödəniş qarşılığında fəaliyyət göstərirdi. Bununla yanaşı, yeni yanaşmanı, yenilikləri, yeni kursları cəmiyyətə qazandırırdı. Yəni, biz biznesə gəldik, amma ictimai fəaliyyətdən qopmadıq.
- İlk işinizin uğurlu alınmaması sizə necə təsir etdi?
Biznesə yanaşmam ondan ibarətdir ki, əgər sən biznesdə doğru işlər görürsənsə, o sənə yeni imkanlar yaradır. Uşaq İnkişaf Mərkəzimiz uğurlu alınmasa da, biz burada doğru işlər gördük. Bu layihədə nəyin doğru, nəyin səhv olduğunu anladıq. Mərkəzdən sonra yeni layihə əsasında uşaq bağçası yaratdıq. “Dəniz” uşaq bağçanın yaradılmasında mən layihə rəhbəri kimi iştirak edirdim. Bu bağça ən uğurlu layihələrimizdən biridir. Ümumiyyətlə, ilk layihəmdən sonra bütün biznes layihələrim uğurlu alındı. Lakin bacarıqlarımda nələrinsə əksikliyini hiss edirdim. Öyrənməyə və bərpa etməyə can atırdım. Düşündüm ki, idarəçilik, maliyyə, marketinq sistemini ən yaxşı öyrənə biləcəyim yer xarici şirkətlərdir. Xarici şirkətdə işə düzəldim və üç il orada işlədim. Bu işimin mənə qazandırdıqları oradan aldığım əmək haqqından daha çox idi. Bu gün də mən xarici şirkətdən qazandıqlarım hesabına asanlıqla layihələrimi, şirkətimi idarə edə bilirəm. 2013-cü ildə xarici şirkətdəki işimi tamamilə təhvil verdim və öz şirkətimizi yaratdım.
Şirkətinizin fəaliyyəti nədən ibarətdir?
Şirkət Təhsil İdarəetmə Şəbəkəsi adlanır. Məqsəd təhsil müəssisələri, xüsusilə də məktəbəqədər təhsil mərkəzləri üçün həllər hazırlamaqdır. Bu şirkət vasitəsilə məktəbəqədər təhsil müəssisələrinin idarəetməsindən tutmuş, onların tanıtımına, marketinqinə, sərfəli tədris prosesinin qurulmasına qədər bütün mərhələlərdə kompleks məsləhətçi qismində çıxış edirik. Mütəxəssislərimiz vasitəsilə onların qarşıladıqları problemləri həll etməyə çalışırıq. Bu günə qədər dörd məktəbəqədər təhsil müəssisəsi ilə işləyirik. Onların fəaliyyətlərini incəldikdə demək olar ki, bizim onlara göstərdiyimiz dəstək uğurlu nəticə verir. Amma biz bununla kifayətlənmək istəmirik. Növbəti təhsil pillələri ilə də məşğul olmaq üçün müəyyən layihələrimiz, planlarımız var. Bizim yanaşmamız budur ki, xarici təcrübənin bizə uyğun modelini ölkəmizdə tətbiq edək.
- Gənclərə məsləhətiniz nədir?
Gənclərə hər zaman başlamaq üçün motivasiya vermək lazımdır. İstənilən halda başlanğıc üçün özünə inam olmalıdır. Sizin ideyanıza inanmaq dərəcəniz bu layihənin uğur dərəcəsini müəyyənləşdirir. Biznes layihəsi də belədir. Biznes plan hazırlanıb həyata keçirilə və sizin yaratdığınız biznes işləyə bilər. Məsələn, siz adi qələmi yaratdınız. Ondan sonrakı prosesi də - qələmin satıçını da izləmək lazımdır. Bu gün gənclərin əksəriyyəti bu qələmi yaratmaq haqqında düşünür, amma onun davamı haqqında düşünmür. Şirkəti yaradır, amma ondan sonrakı mərhələni gətirə bilmir. Hansısa layihəni yaratmaq uğur deyil, uğur onu davam etdirmək və ayaqda saxlaya bilməkdir. Bəzi gənclər düşünür ki, “layihəni yaratdım, bəli, mən biznesmenəm”. Amma sənin biznesmenlik dərəcəni, qoyduğun yatırımı geri qaytara bilməyin bəlli edir. Təcrübəmdən çıxış edərək gənclərə demək istəyirəm ki, layihəni yaratmaqdan başqa, onun sonrakı mərhələsi haqqında daha çox düşünün. Önəmli deyil, siz biznes plan yazıb nəsə yaratdınız, önəmli olan sonrakı fəaliyyətdir. Məsələn, bir uşaq doğuldu, bu uşağın doğulması kreativlik kimi qəbul edilməməlidir. Əsas məsələ sən onun inkişafı üçün nə edəcəksən. Biz də öz layihələrimizə belə yanaşırıq.
- Biznesdə uğur qazanmağın sirri nədir?
- Təkcə biznesdə yox, istənilən işdə uğur qazanmağın sirri, ilk öncə gördüyünüz işə inanmalı və bu iş haqqında davamlı olaraq araşdırmalısınız. Bu sizin mövcudluğunuzu, inkişafınızı təmin edəcək faktordur. Əgər siz bir yerdə dayanmısınızsa, o zaman inkişaf etməyəcəksiniz. Bunun üçün sizə məlumat, informasiya lazımdır. Buna görə siz araşdırıb informasiyanı almalı, bu məlumatı tapmalısınız. Biznesdə ən önəmli məsələ yeni əlaqələr qurmaqdır. Nə qədər çox şəbəkəniz, tanıdığınız insan varsa, sizin biznesinizin riskləri o qədər az olacaq. Biznesdə çevrə faktoru çox önəmlidir.
- Belə bir deyim var. Biznes digər insanın cibindən onun pullarını güc tətbiq etmədən çıxarmaq məharətidir. Siz necə düşünürsünüz?
- Biznes tələb və təklifin üzərində qurulub. Tələb varsa, təklif də yaranacaq. Bəzi menecerlər deyir ki, biz təklifi formalaşdırırıq, tələbi özümüz yaradarıq. Düzdür, biznesi təşkil edən faktorlar tələb və təklifdir. İnsanın ehtiyacı var, o ehtiyaclar təmin olunmalıdır. Bu ehtiyacların da təmin olunmasının bir xərci var. Bu səbəbdən mən bu deyimi qəbul etmirəm.
- Azərbaycanda gənc sahibkarlıq üçün yaradılan imkanlardan razısınızmı?
- Ümumiyyətlə, Azərbaycanda bugünkü durumu dəyərləndirdikdə, gənclər üçün yaradılan imkanları görməzlikdən gəlmək mümkün deyil. Sən oturduğun yerdə heç kim heç nəyi gətirib sənə verməyəcək. Bunun üçün əziyyət çəkmək, səy göstərmək lazımdır. Qarşındakı insanı inandırmalısan ki, həqiqətən nəsə etmək istəyirsən. Bu gün Azərbaycanda ictimai sektorda olan gənclər üçün Gənclər Fondu var. Bundan başqa QHT şuraları var ki, gənclər təşkilatları üçün layihələr maliyyələşdirirlər. Bu özü birbaşa gənclərə olan diqqətdir. Gənclərin xaricdə təhsil proqramı onlar üçün yaradılan böyük fürsətdir. Kimsə bu imkandan istifadə etmirsə, demək, düzgün yolunu tapa bilmir. Sahibkarlara gəlincə, bu gün bəzi biznes şirkətlər gənclərin layihələrini toplayıb maliyyələşdirirlər. Bir çox investorlar var ki, onlar gənclərin yeniliklərinə maraqlıdırlar. Bu yenilikləri onlara təqdim etmək lazımdır. Mən Azərbaycan biznes mühitində çoxlu uğurlu sahibkar görürəm.
- Siz niyə biznesə məhz bağçadan başlamısınız?
- Burada biznes maraqları da var. Məktəbə qədər təhsilin gələcəyi var. Hamı bilir ki, Azərbaycan, xüsusən Bakının 15-20 faizi məktəbəqədər təhsil müəssisələri ilə təmin olunub. Bu, o deməkdir ki, digər 80 faiz təmin edilməlidir. Biznesdə uşaq sahəsi çox önəmli seqmentdir. Çünki bu, daim yeniləşir. Hər zaman davamı gəlir. Dolayısı ilə sənin seqmentin hər zaman var. Buna görə mən bu sahədən başladım.
- Gələcək hədəfləriniz nədir?
- Əsas hədəflərim yenilikləri tətbiq etmək, daha yaxşı mütəxəssisləri işimizə cəlb etmək və uşaq seqmentidəki digər xidmətlərimizin sayını artırmaqdı.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər