AZE | RUS | ENG |

“Hər yer ədəbiyyat” dedilər və istəklərinə nail oldular

“Hər yer ədəbiyyat” dedilər və istəklərinə nail oldular
Gənc yazarların diqqəti özlərinə çəkmək aksiyası böyük uğur qazanmaqdadır

Son zamanlar sosial şəbəkələrdə "Ədəbiyyat həyatdan maraqlıdır. Müasir yazarlar sizin üçün yeni bir dünya yaradıb. Həyatınızı dəyişmək istəyirsinizsə, sizi bu dünyaya dəvət edirik” - kimi #heryeredebiyyat həştəqilə sosial şəbəkələrdə paylaşımlar olunur. Zaman, məkan fərq etmədən hər kəs ədəbiyyatla bağlı fikirlərini söyləyir və bu layihəyə öz dəstəyini göstərir. Deputatlar, cəmiyyətdə nüfuzu olan şəxslər də gündəmin bu mövzusundan kənar durmadılar. Onlar da layihəyə müsahibələr, açıqlamalar verərək öz dəstəklərini göstərdilər. Məqsəd isə çox sadədir: ədəbiyyata dəstək olmaq, gənc yazarların var olmasına diqqət çəkmək.
 
"Azərbaycan gəncliyi həmişə tənqid olunur”
 
Təşəbbüskarlardan biri, yazar Aysel Əlizadə başladılan kampaniyanın əsas məqsədləri barədə  danışarkən deyib ki, bu paylaşımı etməkdə məqsəd qələm, beyin adamının, intellektual insanın önəmini, hər zaman tənqid olunan, bayağılığın, xaosun içində olan insanların varlığını göstərməyə çalışmaqdır: "Bu həştəq vasitəsi ilə gənc yazarların varlığına diqqət çəkmək istəyirik. Çünki Azərbaycan gəncliyi həmişə tənqid olunur, sanki bu gənclik yoxdur, gənclik ancaq avaralardan, savadsızlardan ibarətdir. Azərbaycanda tamamilə təmənnasız və maddi dünyaya göz dikmədən, böyük amal və ideyalarla yaşayan, yazan gənclik var. Və bu gənclik bizdən sonra gələn Azərbaycan mədəniyyətinə cavabdeh olanlardır. Onları görməmək, iqnora qoymaq mədəniyyəti iqnora qoymaq deməkdir. Bir ölkədə ki gənclik aşağılanır, onun sabahı yoxdur. Çünki məndən sonra bu ölkənin, cəmiyyətin sahibi həmin gənclik olacaq. Biz onlara bütün mümkün olan dəstəyimizi göstərməliyik ki, onlar küsməsin, sınmasın.

Əslində Azərbaycanda çoxlu sayda sağlam təfəkkürə malik gənc yazarlar var. Stimul, qonorar, gəlir yoxdur, cəmiyyət problemlərlə doludur, üstəlik, Qarabağ kimi böyük bir problemimiz var. Gənclər bütün bunların hansının öhdəsindən gələ bilər? Ümumiyyətlə, gənc yazarları aşağılayan, onlara ironiya ilə yanaşanların ağlına şübhə edirəm. Gənclərlə bu cür davranmaq, onların fikirlərinə, mübarizəsinə qəzəblə yanaşmaq olmaz”.
 
"Gənc yazarlarımız haqqında çox mənfi rəy formalaşıb”
 
Teleaparıcı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli bizimlə söhbətində bildirdi ki, "Hər yer ədəbiyyat” layihəsinin məqsədi kütləvi informasiya və sosial təbliğat vasitələrində ədəbiyatı təbliğ etməkdir: "Təbii ki, biz də bu layihəyə öz dəstəyimizi göstəririk. Ancaq layihəni tək dəstəkləməklə kifayətlənmək olmaz. Gənc yazarların yeni kitablarının nəşrinə maliyyənin tapılması üçün müəyyən təkliflərlə çıxış edəcəyik. Hətta bəzi kitabları öz hesabımıza çap etdirmək niyyətindəyik. Artıq məsələni müzakirə etmişik. Yaxın zamanda bununla bağlı məlumat verəcəyik. Belə ki, gənc yazarların bir neçə kitabının çapını öz üzərimizə götürəcəyik. "Hər yer ədəbiyyat”ın funksiyası ondan ibarət olacaq ki, kitablar çap olunacaq və onlar pulsuz paylanılacaq. Əgər müəlliflər qonorardan imtina etsələr, biz onu pulsuz yaya bilərik. Layihənin faydası, təbii ki, ədəbiyyata dəstək olmaqdır. Hələlik bu ancaq şüar şəklindədir. Hesab edirəm ki, onun praktik tərəfi yerinə yetirilməlidir. Bu gün gənc yazarlar sosial şəbəkələrdə videolar paylaşıb mənfi formalaşmış imicinin dəyişdirilməsi üçün çalışırlar. Mən bunu da anlayıram. Müəyyən dairələrdə gənc yazarlarımız haqqında çox mənfi rəy formalaşıb. Onların yaradıcılıqdan uzaq olduqlarını qeyd edirlər. Bütün bunları dağıtmaq üçün bir kampaniya aparırlar və hesab edirəm ki, bu doğru addımdır. Özləri haqqında bir imic formalaşdırmağın vaxtıdır. Biz artıq çap olunmuş gənc yazarların televiziyada təqdimatını etdik. Daha yaxşı kitabların 2-3 dəqiqəlik video rolikini hazırlayıb "Youtube” kanalında yerləşdirəcəyik”.
 
Elçin Əlibəyli deyir ki, yazarlar, gənc dramaturqlar hansı addım atsalar, onlara dəstək göstərməyə hazırdır: "Biz öz payımıza düşəni edirik. Hər kəs öz payına düşəni etsə, daha faydalı olar. Həmin təşəbbüslə çıxan yazarları verilişə dəvət etmişdik. Hansı kitabların nəşrləri ilə bağlı arzularını bildirdilər”. 
 
"Nəticəni görmək üçün gözləmək lazımdır”
 
Yazar Jalə İsmayıldeyir ki, #heryeredebiyyat həştəqi qısa müddət ərzində böyük maraq doğuraraq göstərdi ki, insanların ədəbiyyata böyük diqqəti var: "Bu layihə gənc yazarlara yönələn bir ümiddir. Nəticəni görmək üçün gözləmək lazımdır. Gözləməkdən də öncə planın üzərində iş aparılmalıdır. Burada hər kəsin bir iş bölgüsü olmalıdır. Texniki, maddi, mənəvi tərəfləri, bunun təsirini biz hansı tərəfdən görəcəyik – hamısı nəzərə alınmalıdır”.

Jalə xanım deyir ki, bu layihədən ayrı-ayrı yazarların tək halda yararlanması absurd bir şeydir: "Təbii ki, bu layihədən ümumi ədəbiyyat adına bir yararlanma olar. Şəxslərin yararlanacağını proqnozlaşdıra bilmirəm. Bu, elmi ədəbiyyat deyil, həzm olunan sadə üsuldur. Onun məşhurlaşması adına nələrsə gözləmək olar”.
 
"Yazarlara qarşı olan düşüncələr dəyişib”
 
Şair Ələsgər Əhməd deyir ki, onlar #həryeredebiyyat şüarını səsləndirəndə bu qədər marağın olacağını düşünməyiblər: "Layihənin belə səs gətirəcəyini gözləməsək də, çox uğurlu alındı. İnsanlar bir daha sübut etdi ki, hər yeri ədəbiyyata bürümək mümkündür. Əlbəttə ki, lağlağı edənlər də oldu ki, bu tənqidlər işin uğurlu olmasından xəbər verir. Hamımız şahidik ki, yazarlara qarşı olan düşüncələr dəyişib. Çox müsbət rol oynadı, hər şey yaxşı olacaq. Artıq ciddi işlərə başlamışıq, efirlərdə ədəbiyyat ön plandadır. Bütün istedadlı məşhurlar bizə dəstəkdir. Fəaliyyət haqqında tam açıqlama verə bilməyəcəm. Çünki bütün ideyalar qəfildən deyilir. Məsələn, həştəqi 5 dəqiqə içərisində Eminquey təklif etdi və 5 gündü davam edir”.

Şair deyir ki, bu layihənin ədəbiyyatsevərlərə çox xeyri olub: "Rayonlarda yazarların təqdimatı olacaq, kitablar aparılacaq. İnsanlar ədəbiyyata marağını bir daha ortaya qoydu”.
 
"Sosial aksiyaların cəmiyyətə təsiri böyükdür”

Yazar Cavid Zeynallı "Kaspi”yə açıqlamasında bildirdi ki, ədəbiyyatla, kitabla bağlı olan bütün təşəbbüsləri dəstəkləyir: "İndiyə qədər kitabı gündəmə gətirən bir neçə aksiya keçirilib. Əlbəttə, az-çox hər birinin ədəbiyyata müsbət təsiri dəyib. "Hər yer ədəbiyyat” aksiyası ilə bağlı mən öz hesabımda status yazmışam, bu təşəbbüsə qoşulmuşam. Bizim dostlar kiçik imkanları, böyük ürəkləri ilə təmənnasız olaraq gözəl işlər görürlər. Sosial aksiyaların cəmiyyətə təsiri böyükdür. Ən azı, insanların qulağı kitab sözünü, ədəbiyyat sözünü eşidir. Ümid edirəm, bundan sonra daha təkmil, daha geniş təşəbbüslərin şahidi olacağıq”.
 
"SÖZün dəstəyə ehtiyacı var”
 
Yazıçı-dramaturq Ülviyyə Heydərova ədəbiyyat, xüsusən də Azərbaycan ədəbiyyatının tanıdılması naminə nə işlər görülürsə, buna yalnız sevinməyin lazım olduğunu deyir: "#heryeredebiyyat həştəqi ilə aksiyaya başlayan gənclərin təşəbbüsünə mən də qoşularaq ədəbiyyatımızı təbliğ etmək işində az da olsa kömək etmək istədim. Düzdür, ədəbiyyata ən böyük dəstək yazıçının, yaxud şairin yeni əsər yazmasıdır. Amma müasir dövr həm də ayrıca təbliğat tələb edir. Həyat bir növ internetin sürətinə bənzəyir. Ona görə də heç nəyə vaxt çatmır. Bu baxımdan, SÖZün dəstəyə ehtiyacı var. Bu işə dəstək verən hər kəsə təşəkkür edirəm. Demək ki, mənəvi dəyərlərimiz sevərək qorunur”.
 
"Kimə nə ziyanı var ki?”
 
Yazıçı, jurnalist Şəhanə Müşfiq "Hər yer ədəbiyyat” layihəsini sosial şəbəkədə gənc yazar dostlarda gördüyünü və məsələni aydınlaşdırdıqdan sonra bu layihəyə qoşulduğunu bildirir: "Hələ nə baş verdiyini tam anlamadan, ədəbiyyat adına ilk dəstək verənlərdən biriyəm. Çünki ədəbiyyat üçün, kitab üçün edilən ən xırda işlər belə gözəldir, sevimlidir. Onlara mütləq dəstək vermək lazımdır. Təki dillərdə ədəbiyyat səslənsin, əldə kitab olsun! Son günlərdə "facebook”-u açırıq, hər kəs ədəbiyyat deyir. Nə gözəldir! Kiçik və böyük, nizamlı və ya nizamsız - heç fərqi yoxdur, təki mövzumuz ədəbiyyat olsun! Layihənin ədəbiyyata xeyir verib-verməyəcəyi haqqında düzü, heç düşünməmişəm. Bir də bunun elə də böyük fərqi yoxdur. Xırda, əhəmiyyətsiz hesab etdiyimiz damlalardır ümmanları yaradan. Bu da böyük ədəbiyyat ümmanına atılmış kiçicik damla olsun, kimə ziyanı var ki? Dostlarımıza uğurlar diləyirəm, layihəni dəstəkləyirik və hər kəsi bu layihəyə dəstək olmağa çağırıram!”
 
Biz də gənc yazarlara, ürəyi "Hər yer ədəbiyyat”la döyünən hər kəsə uğurlar arzu edirik. Bu gündəm və qısa zaman çərçivəsində bu məşhurluq hələm-hələm ələ düşən deyil. Mümkün olduğu qədər mövzunun belə aktuallaşmasından faydalanmaq lazımdır. #heryeredebiyyat.
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000