• şənbə, 20 Aprel, 17:48
  • Baku Bakı 23°C

Hər yeni əsər mistikadır

29.02.16 09:43 1635
Hər yeni əsər mistikadır
1970-ci illərdə heç kimin tanımadığı bir alban yazarın romanı Parisdə ədəbi fırtına qopardı. “Ölmüş Ordunun Generalı” (“The General of the dead army”) romanı İkinci Dünya müharibəsindən sonra Albaniyaya qayıdıb ölmüş italyan əsgərlərinin cəsədlərini İtaliyaya aparıb, orada dəfn etmək üçün axtarmağa başlayan italiyalı generalın taleyindən bəhs edir. Əsər fransız dilinə tərcümə edilir və Fransada böyük səs-küyə səbəb olur, əsərin müəllifi Albaniya ədəbiyyatının şah əsərini yaratmış yazıçı kimi Parisə dəvət olunur. Mətbuatda geniş işıqlandırılan bu hadisədən sonra “generalın hekayəsi” iyirmi dilə tərcümə olunur. Az sonra əsərin süjeti üzərində Mişel Pikollinin baş rolu canlandırdığı eyniadlı film çəkilir. Daha sonra isə rejissor Bernard Tavernyer yenidən əsərə müraciət edir və “Həyat və başqa heç nə” (“Life and nothing else”) filmini ekranlaşdırır.
Onun yaradıcılığı sonrakı illərdə də Albaniyanın sərhədləri daxilində qalmır, onlarla romanı və şeirlər toplusu ingilis, fransız, italyan və bir çox başqa dilə tərcümə olunur, bununla da İsmail Kadareyə dünya şöhrəti nəsib olur. Kadare dəfələrlə (1971, 1978, 1981, 1988) Nobel Ədəbiyyat mükafatına namizəd göstərilmiş nüfuzlu yazarlardandır.
İsmail Kadare Albaniyanın Qjinokastyor şəhərində doğulub, böyüyüb. Tirane Universitetinin ədəbiyyat fakültəsini bitirdikdən sonra üç il Moskvada Qorki İnstitutunda elmi işlə məşğul olub. “General” onun ədəbi karyerasının ilk əsəridir. Bu roman Kadare Albaniyaya qayıdanda, 1962-ci ildə, müəllif hələ 26 yaşında ikən yazılıb. Kafka və Oruellə müqayisə olunsa da, Kadarenin üslubu və ifadə tərzi orijinaldır və nə qədər beynəlxalq olsa da, dərin köklərlə aid olduğu yerlərə bağlıdır. Kadarenin yaradıcılığı ədəbi janrların və üslubların fərqliliyi ilə seçilir – alleqoriya, satira, tarixi səyahətlər, mifologiya və s. Ədibin əsərlərinin ikisi “Xəyallar sarayı” (“The palace of dreams”) və “Piramida” (“Pyramid”) Osmanlı və Misir imperiyasının tarixi haqqında yazılmış ən dəyərli romanlar kimi təqdim edilir.
-Siz Albaniyanın dünya şöhrəti qazanmış ilk yazarısınız. Albaniya isə 3,5 milyonluq əhalisi ilə Avropanın küncündə balaca ölkədir. İlk sualım elə alban dili ilə bağlıdır. Necə dildir?
-Albaniya əhalisinin yarısı Yuqoslaviya ilə sərhəd ərazidə, Kosovoda yaşayır. Dünyada isə on milyondan çox insan alban dilində danışır, siz yadırğaya bilərsiniz, amma bu, Avropanın əsas dillərindəndir. Bunu milli mənsubiyyətimlə fəxr etdiyim üçün demirəm, fakt belədir. Linqvistik baxımdan dünyada altı-yeddi fundamental dil ailəsi var. Avropda latın, alman, slovak və baltik dilləri, dünyanın ən qədim zamanları və yerdə qalanı üçün – yunan və alban. Qədim dünya üç əsas regiondan biri olan İlirianın danışıq dili olan alban dili yunan, roma dillərinin hakim olduğu zamanlardan geriyə qalan yeganə sağlam dildir. Bununla bağlı alman filosof Qotfrid Leybnitzin geniş araşdırması da var.
-Alban ədəbiyyatı haqqında nə deyə bilərsiniz? Kökləri hara gedir? Albaniyanın da Danteni, Şekspiri, Hötesi varmı?
-Alban ədəbiyyatı əsasən şifahi ədəbiyyat olub. Bu dildə yazılan ilk ədəbi nümunə XVI əsrə aiddir, o da “Bibliya”nın tərcüməsidir. Sonralar Albaniya katolik ölkəsi oldu, o dövrdən də yazıçılar yaranıb. Alban ədəbiyyatının atası isə XIX əsrdə yaşamış Naim Fraşeri hesab olunur. Dantenin və Şekspirin dahiliyindən yoxsul olsa da, Fraşeri simvolik qəhrəmandır, milli ədəbiyyatın əsasını qoyan adamdır. Albaniyanın təbiətindən, xalqın həyatından bəhs edən uzun epik şeirlərin müəllifi olub. Ondan sonra Qyerqi Fiştanın adı çəkilir. Bu iki ədib alban ədəbiyyatının dahiləri hesab olunur, hələ də məktəb dərsliklərinə salınır. Onlardan sonra gələn yazarlar və şairlər, məncə, onlardan çox güclü əsərlər yazıblar, amma nədənsə xalqın yaddaşında Fraşeri və Fiştanın yerini tuta bilmirlər.
-1545-cü ildə türklər Konstantinopolu və Balkanların böyük hissəsini tutdular. Bu işğalın dildə təsirləri qaldımı?
-Əlbəttə. Ən çox da idarəetmə sistemi və mətbəx sahəsində - “kabab”, “bazar”, “kahve” türk dilinin hədiyyəsidir.
-Roman janrının ömrünün artıq 50 ildir ki, bitdiyi deyilir!
-Həmişə boşboğaz insanların danışmağı olub. Universal perspektivdə də roman iki böyük janrı birləşdirərək – epik şeir və tragediya – yaranıb və iki min illik ömrü geridə qoyub.
-Nədənsə mənə elə gəlir ki, siz işlərinizdə qədim yunan tragediyasını müasir romanla birləşdirməyə çalışırsınız.
-Tamamilə doğrudur. Mən dəfələrlə böyük tragediya və qroteskin sintezi üzərində çalışmışam, bu birləşmənin dünya ədəbiyyatının şah əsərlərindən olan “Don Kixot” kimi nadir nümunəsi var.
-Axı roman bir çox növə bölünür...
-Heç də. Mənə görə romanda hansısa bölgü yoxdur. Ədəbi əsər üçün qanunlar təkrarsızdır, onlar dəyişmir, hər yerdə hamı üçün eynidir. Demək istəyirəm ki, yazar insan həyatının üç saatını da yazıla bilər, bəşəriyyətin üç əsrini də, amma nəticə eyni olacaq, çünki peşəkar müəllif işləyəcəksə, hər ikisini eyni qaydalara riayət etməklə yazacaq.
-Buna baxmayaraq, fərqli qaydalarla yaranan ədəbi cığırlar olub modernizm kimi – Coys, Kafka...
-Kafka tamamilə klassikdir, Coys da onun kimi. Coys “Finnegans Veyk” əsəri ilə modernist olmağa çalışdı, onda da uğursuzluqla qarşılaşdı, heç kim o kitabı bəyənmədi. Hətta Coysun ən böyük heyranlarından Nabakov da etiraf edir ki, bu əsər heç nədir. O əsərdə bəzi kəşflər var ki, ədəbiyyat üçün qəbuledilməzdir.
-Söhbətlərinizdən birində “neqativ yaradılış” (tapıntı) haqqında danışmısız. Bununla nəyi nəzərdə tutursunuz?
-Yazıçı üçün “neqativ tapıntı” onun yazmadığı şeylərdir. Nəyi yazmamalı olduğunu təyin edə bilmək insandan böyük istedad tələb edir. İnanın ki, hər bir yazıçının şüurlu şəkildə “yazılmayan əsərləri” onun yazdıqların sayca qat-qat çoxdur. Əslində, bu müəyyən mənada həm də seçimdir. Bu da ki əhəmiyyətli seçimdir.
-Bu izahatınız mənə Siril Konollinin sözlərini xatırlatdı: “Mənim yazmadığım kitablar həmkarlarımın çoxunun nəşr etdirdiklərindən yaxşıdır”. Amma mən başqa şeylərdən, hekayənizin əvvəlindən danışmaq istəyirəm. Uşaqlığınızdan başlayaq: müharibə başlayanda çox balaca olmusunuz, müharibə isə Albaniya hər şeyi kökündən dəyişib.
-Uşaqlığım çox zəngindir, çünki bir çox hadisəyə şahidlik etmişəm. Müharibə başlayanda beş yaşım var idi. Qjinokastyorda yaşayırdım, olduqca gözəl şəhər idi, birdən-birə hərbi maşınların, böyük orduların tapdağı altında qaldı. Şəhər gah almanlar, gah ingilislər tərəfindən bombardman edildi, ələ keçirildi. Uşaqlar üçün bunlar çox həyəcanverici şeylərdir. Çoxlu boş otaqları olan böyük bir evdə yaşayırdıq, xatirələrimin çoxu bu evlə bağlıdır. Atam və ailəsi kommunizmin əleyhinə idi, anamın ailəsi isə leyhinə. Bu mövzuda heç razılığa gəlmir, durmadan mübahisə edir və ironik danışırdılar. Məktəbdə də mən nə kasıb təbəqədən gələn anti-kommunist uşaqlar qrupuna, nə də pullarını itirməkdən qorxan varlı ailələrin uşaqlarının çevrəsinə aid olurdum, çünki hər iki tərəfə bələd idim. Heç kimə aid olmamaq isə məni sanki müstəqilləşdirmişdi, bütün yaşıdlarımın yaşadığı uşaqvari komplekslərdən arındırmışdı.
-Tələbəlik illərinizdə sizə qadağan olunmuş Pasternak, Axmatova, Svetayeva, Mandelştam kimi dissident yazarları oxumağa icazə var idi?
-Qoqolu, Puşkini və böyük nəsrin atası Dostoyevskini oxumuşam – xüsusi ilə də “Ölü evdən qeydlər” və “Karamazov qardaşları” ən sevdiklərim idi.
-Albaniyada yazıçıları maddi cəhətdən əngəlləyən “Yazıçılar Birliyi” qurumu var. Ora üzv olmadığınız üçün ikinci kitabınızın nəşrinə senzura qoyulmuşdu. “Generalın hekayəsi” ilə dünya şöhrəti qazandıqdan sonra hardasa rahatlandınızmı, beynəlxalq nüfuz maddi təhlükəsizlik gətirdimi?
-Bəli, amma problemlər də çoxaldı, hamı üçün təhlükəli görünməyə başladım.
-Ölkənin əksəriyyəti sizi prezident kimi görmək istəyirdi, Havel Çexoslavakiyada olduğu kimi, ancaq rədd etmisiniz. Niyə?
-Bir saniyə belə düşünmədən rədd etdim. Mənim situasiyam Havelinkindən fərqli idi, mən prezident kimi yox, yazıçı və azad adam kimi xatırlanmaq istəyirdim.
-Yazmaq sizin üçün çətindir, yoxsa asan? Yazanda özünüzü xoşbəxt hiss edirsiniz, ya gərgin?
-Yazmaq nə xoşbəxt, nə də narahat məşğuliyyətdir – ikisinin arasında bir şeydir. Bu həm də ikinci həyatdır. Yazmağına asan yazıram, amma içimdə yaxşı alınmaması ilə bağlı qorxu olur. İnsana stabil təbiət lazımdır – həm xoşbəxt, həm gərgin olmaq ədəbiyyat üçün çətinlik yaradır. Əvvəl yaşamaq, həyatı sınaqdan keçirmək, sonra onun haqqında yazmaq lazımdır.
-Birinci nə formalaşır – süjet, obrazlar, yoxsa ideyalar?
-Baxır əsərə. Hər kitab üçün bu mərhələ fərqlidir. Ümumiyyətlə, bu yazı prosesi insana nə qədər tanış olursa olsun, hər yeni əsər mistikadır, yeni yoldur, bilinməzliklə doludur.
-Deyə bilərsinizmi, əsl ədəbiyyat deməklə nəyi nəzərdə tutursunuz?
-Siz əsl ədəbiyyat nümunəsini dərhal, instinktiv olaraq tanıya bilərsiniz. Mən hər dəfə yeni əsərə başlayanda qəribə bir sükutun, monotonluğun, diktaturanın köksünə xəncər sancmış kimi hiss edirəm, eyni zamanda yazdıqlarımla oxuyanlara cəsarət verirəm.
-Sizi işləməkdən nə yayındırır? Heminquey üçün telefon zəngi əsl yazı qatilidir.
-Tiranedə heç kim xüsusi məqsədlər olmazsa, telefondan istifadə etmir. Həm də ki, mən gündə cəmi iki saat işləyirəm. Bu qədər qısa zaman üçün tam sakitliyi təmin etmək o qədər də çətin deyil.
Tərcümə etdi: Elcan SALMANQIZI
P.S. Şuşa Quppinin “Paris Review” jurnalının 147-ci sayı üçün hazırladığı söhbət.
banner

Oxşar Xəbərlər