• çərşənbə axşamı, 23 aprel, 23:56
  • Baku Bakı 20°C

Hər yarışmanın öz yeri var

23.09.14 14:26 1410
Hər yarışmanın öz yeri var
Bu gün Azərbaycanın hər bir sahədə, eləcə də mədəniyyət sahəsində sürətli inkişafı haqda hər yerdə danışılır. Ölkəmiz son 10 ildə dünyada keçirilən bir çox beynəlxalq yarışmalarda uğurla iştirak edib, adını dünya hər tərəfində tanıtdırıb. Bu yarışmalar müxtəlif sahələri əhatə edib. Bu sırada Azərbaycanın böyük uğurlar qazandığı, artıq 8 ildir iştirak etdiyimiz “Eurovision” musiqi yarışmasının öz yeri var.
Bütün müsbət cəhətləriylə yanaşı, bu yarışma haqda son illər tənqidi mahiyyətli söz-söhbətlər də səngimək bilmir. Bir çoxları “Eurovision”un artıq əvvəlki kimi baxımlı olmadığını bildirir, bir sıra ölkələr isə illər ötdükcə həmin müsabiqəni tərk edir. Ötən il Xorvatiya, Çexiya, Slovakiya, Lüksemburq və Andorranın başlatdığı tendensiyanı Bolqarıstan, Bosniya və Hersoqovina, Serbiya, Çexiya və Kipr kimi bir çox ölkələr davam etdirərək müsabiqədən imtina etdilər. Bu il də Ukraynada böhran hökm sürdüyünə görə rəsmi Kiyev "Eurovision 2015"də iştirakdan imtina etdiyini açıqlayıb. Bundan əlavə, cırtdan ölkə olan Lixtenşteyn müsabiqədə iştirak etməyəcəyini bildirib.
Qardaş ölkə olan Türkiyə isə 2013-ci ildə musiqi yarışmasının qaydalarına etiraz edərək Malmödə keçirilən yarışmaya qatılmadı. Bu il Türkiyə “Eurovision”un əvəzinə Asiya Sakit Okean Yayım Birliyinin (ASOYB) keçirdiyi musiqi yarışmasında “Manga” qrupu ilə iştirak edəcək.
Asiya Sakit Okean Yayım Birliyi musiqi yarışmasının fərqliliyi
TRT-nin baş direktoru İbrahim Şahin Türkiyə mətbuatına açıqlamasında jurnalistlərə “Eurovision 2015” mahnı yarışmasında Türkiyәnin yenə də iştirak etmәyәcәyini bildirib: “Avropa Yayım Birliyi açıq şəkildә bizə üzrxahlıq etdi, lakin tәk üzr istəməklə kifayətləndi. Bizim dəyişməsini istədiyimiz sәsvermә qaydaları və şərtlərlə əlaqədar ciddi düzəliş etmədikləri üçün biz 2015-ci ildә “Eurovision” mahnı yarışmasına TRT olaraq qatılmayacağıq”.
İbrahim Şahin, həmçinin TRT-nin bu il ilk dəfə “Manga” qrupuyla ASOYB-nin musiqi yarışmasına qatılacağını bildirib. Onun sözlәrinә görә, qurumun Baş Assambleyasına 2015-ci ildə İstanbul ev sahibliyi edəcək: ““Eurovision” mahnı müsabiqəsindən fərqli olaraq, bu yarışma Pte Lt tərəfindən həyata keçirilir. Sakit Okeana məxsus olan Avstraliya da müsabiqəyə qatılandan sonra müsabiqənin adı “Asiya Sakit Okean Musiqi Yarışması” oldu”.
İ.Şahin sözügedən müsabiqənin dünyadakı 3 böyük musiqi yarışmasından biri olduğunu deyib: “Asiya Sakit Okean Yayım Birliyinin yarışması “Eurovision” müsabiqəsinə görə daha maraqlıdır. Diqqətinizə çatdırım ki, bizi orada təmsil edəcək “Manga” qrupu daha əvvəl “Eurovision”a qatılmış və yaxşı yerlərdən birini tutmuşdu. Bizi indiki yarışmaya daxil olmaq üçün heç də əziyyət çəkmədik. Asiya Sakit Okean Musiqi Yarışmasının fərqliliyi özlərinə güvənmələri və ilk dəfə orada səsləndiriləcək mahnılardır. “Manga” qrupu da ilk dəfə orada səsləndirəcəyi mahnıları hazırlayır”.
Bu alternativ musiqi yarışması ilə bağlı üz tutduğumuz azərbaycanlı mütəxəssislərdən kimisi “Eurovision” müsabiqəsinin şəffaflığına inandığını, kimisi isə başqa beynəlxalq yarışmalarda da iştirak etməyimizin vacibliyini bildirdi.
Beynəlxalq arenada Azərbaycan musiqiləri
Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə bizimlə söhbətində “Eurovision” mahnı müsabiqəsində musiqiçilərimizin lazımi səviyyədə iştirak edib, ölkəmizi təbliğ etdiklərini bildirdi: “Biz sözügedən müsabiqədə 7 il ərzində müasirliyimizi, inteqrasiyamızı Avropa tamaşaçılarına göstərə bildik. Ötən il isə Konçitanın Avropanın səsi olması tamaşaçılarda böyük narazılıq yaratdı. Avropanın Konçitaya dəstək olması və bunun nəticəsində birinciliyi cinsi azlıq təşkil edən iştirakçının əldə etməsi bizim mentalitetə heç də uyğun gəlmir. Ona görə də xalqımızın həmin müsabiqəyə olan fikirləri tamamilə dəyişib. Əslində bu reaksiya olmalı idi. Burada nə peşəkarlıqdan, nə də strukturdan söhbət gedə bilməz. “Eurovision” layihəsi sadə xalqın zövqü və seçimi üzərində qurulub. Düzdür, həmin müsabiqədə siyasi münasibətlər də mühüm rol oynayır, ancaq bu gün bizim tamaşaçı buna qarşı çıxırsa, bu, normaldır. Konçitanın Avropa musiqisinin, Avropa sənətinin daşıyıcısı kimi üzə çıxarılmasının tam əleyhinəyəm. Biz bu gün Konçita kimilərini gənclərimizə təbliğ ediriksə, onu ulduz kimi göstərib gənclərimizə peşəkar sənətçi kimi nümunə gətiririksə, vay bizim halımıza. Sabah həyatın gedişatında səhvi harada etmişik deyə düşünəcəyik”.
Gövhər Həsənzadə Azərbaycanın bir neçə beynəlxalq musiqi yarışmasında iştirak etdiyini, dünyada həmin layihələrlə də tanına biləcəyini deyir: “Dünyada “Eurovision” musiqi yarışmasından da başqa gözəl, tanınan musiqi layihələri var. Həmin böyük səhnələrdə çıxış etmək üçün bizim böyük imkanlarımız mövcuddur. İnşallah, yaxın zamanlarda biz də müsabiqələrdə iştirak edəcəyik. Əgər “Eurovision” yarışması yoxdursa, bu, o demək deyil ki, biz hansısa böyük musiqi arenasını itirmişik”.
Türkiyənin yarışmanı tərk edib “Asiya Sakit Okean Musiqi Yarışması” na üz tutmasına gəlincə isə, bəstəkar qardaş ölkənin qatıldığı, təşkilatçı olaraq çıxış etdiyi bütün layihələrdə Azərbaycanın problemsiz yeri olacağını əminliklə qeyd etdi: ““Asiya Sakit Okean MusiqiYarışması”nda iştirak etmək bizim üçün daha asan və rahat olacaq. Ötən il “Türkivision” yarışmasında iştirak etdik. Fərid Həsənovun iştirakı ilə 24 ölkə arasında həmin müsabiqədə birincilik əldə etdik. İnanıram ki, Türkiyənin adı keçən bütün layihələrə yaxın zamanlarda biz də dəvət olunacağıq, sənətimizi layiqincə təbliğ edəcəyik. Həmin müsabiqədə Azərbaycan iştirak etməlidir və edəcək də”.
Xalq artisti, bəstəkar Faiq Sücəddinov “Eurovision” musiqi yarışmasında Azərbaycanın iştirakının böyük əhəmiyyətə malik olmasını vurğuladı: “Sözügedən müsabiqə dünya səviyyəsində olan maraqlı yarışmadır. Orada bütün xalqlar öz musiqisini təbliğ edir. Azərbaycan bu gün də “Eurovision” müsabiqəsində iştirak edir, sabah da edəcək. Düzdür, indiyə qədər bir çox ölkələr həmin yarışmadan iqtisadi və siyasi məsələlərə görə imtina edib. Orada yarışma başlamamışdan öncə mədəniyyətlər arası görüşlər keçirilir, bu görüşlərdə hər bir ölkənin mədəniyyəti və mədəniyyət tarixi təbliğ olunur. Mənə elə gəlir ki, bu müsabiqə hələ ki mahiyyətini itirməyib. Bu müsabiqə bizə çox şey qazandırıb”.
Faiq Sücəddinov türklərin qatıldığı “Asiya Sakit Okean MusiqiYarışması” haqda məlumatsız olduğunu, amma yəqin ki, yaxın gələcəkdə Azərbaycanın da həmin müsabiqəyə qatılacağını bildirdi: “Dünyada keçirilən beynəlxalq musiqi yarışmalarında iştirakımız bizə ancaq uğur gətirə bilər. Hesab edirəm ki, onların Azərbaycanla bağlı heç bir mənfi nəticəsi ola bilməz”.
Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər