“Hər xırda işin də öz məsuliyyəti var” - İş adamı
Biznes
addım atmağı, risk etməyi sevir. Əgər cəhd etməsən, səndə alınıb-alınmayacağını
bilə bilməzsən. O da cəhd edib, 3-cü cəhdində artıq istədiyi nəticəni alıb. Nəticəsi
isə nəinki yerli, artıq xarici bazarlarda da müştərilərə "Sizin arı dostunuz”
sloqanı ilə təqdim olunan "Mr Bee” bal brendidir. Müsahibimiz brendin məxsus
olduğu "Kercom" şirkətinin rəhbəri
Cavid Kərimovdur.
- Necə oldu
ki, bal biznesinə başladınız?
- Buna
ailə biznesi deyərdim. Çünki arıçılıq təsərrüfatımız 20 ilə yaxındır ki, fəaliyyət
göstərir. 2015-ci ilə qədər biz topdan satış bazarında iştirak edirdik. Sonra
iqtisadiyyatda bəzi dəyişikliklər baş verdi, manatın məzənnəsi düşdü. Bundan
sonra korporativ inkişaf prosesinə start verib, pərakəndə bazara girmək qərarına
gəldik. Həmin il baş verən bir hadisə isə bizim pərakəndə bazara daxil
olmağımız üçün stimul oldu. Belə ki, agent şirkət vasitəsilə məhsulumuz
Yaponiyaya ixrac olunmağa başladı. Bu, bizim üçün motivasiya rolunu oynadı ki,
məhsulumuz keyfiyyət cəhətdən xarici bazarda rəqabətə davam gətirir.
Yaponiyanın keyfiyyətlə bağlı sərt tələbləri mövcuddur və bizim məhsul onların
tələblərinə uyğun gəlib.
- Satdığınız
balın hamısı öz təsərrüfatınızdandır, yoxsa digər arıçılıq təsərrüfatları ilə də
əməkdaşlıq edirsiniz?
- Həmin
həcm və keyfiyyət parametrlərinə uyğun gələn arıçılarla da əməkdaşlıq edirik.
2015-ci ildən indiyə qədər həm dövlət sektoru, həm market şəbəkələri, həm də
şirkətlərlə sıx əməkdaşlıq etdik. Özümüzün şəxsi ixrac kanalımız aktivləşmək
üzrədir. Hazırlıq işlərini aparırıq. İxracı dəfələrlə artırmaq istəyirik.
İxracda həcm və keyfiyyətlə yanaşı, dayanıqlılıq prinsipi də çox vacibdir. Müştəri
həmişə aldığı məhsulun davamının gəlməsində maraqlıdır. Bu baxımdan, biz əməkdaşlıq
etdiyimiz arıçıların sayını genişləndirdik, eyni zamanda öz təsərrüfatımızı da
inkişaf etdirdik. Onlar əsasən Zaqatala-Balakən regionunda yerləşir.
- Biznesinizin sistemli bir şəkildə qurulduğunu demək
olar. Buna necə nail oldunuz?
-
Korporativ inkişaf deyəndə, mən fəlsəfəsi müasir, şəffaf və əsas prinsiplərin
üzərində qurulan bir şirkət olmasını istəyirdim. Fəlsəfə ondan ibarətdir ki,
biz istehsalat sütunu olduq. Birinci mərhələdə onu informasiya texnologiyaları
sütunu ilə birləşdirdim. Bu istiqamətdə "Barama” İnnovasiya Mərkəzi ilə də əməkdaşlıq
etdik. Müştərilərlə əlaqələr cəhətdən sistemimiz qurulub. Öz elektron
sisteminiz, internet saytımız mövcuddur. Bunlar bir-birinə inteqrasiya olunmuş
şəkildə fəaliyyət göstərir. Şirkətin müasir, beynəlxalq standartlara uyğun
hesabatı da artıq çıxıb. Bazarda bizim seqmentdə, ancaq bizim saytda nağdsız əməliyyatlar,
hətta taksit kartları ilə də alış mümkündür. Hesab edirəm ki, bu, sütunun
vaxtında və effektiv yaradılmasından irəli gəldi. Üçüncü sütunumuz maliyyə
sektoru oldu. Taksit kartlarının adını elə-belə çəkmədim. Bizim saytımızda demək
olar ki, Azərbaycanda fəaliyyət göstərən bütün taksit kartları aktivdir. Saytda
bonus sistemi də var. Biz həm texniki, həm də kobrendinq(Co-branding) məhsullarımızı
yaratmağa çalışdıq. O da bizim brendin bazarda oturuşuna, həm də qeyri-adi məhsulların
bazara çıxarılmasına köməklik göstərdi. Dördüncü sütun olaraq dövlət strukturları
ilə əməkdaşlıq etməyə başladıq. Hazırda kənd təsərrüfatı və iqtisadiyyat
nazirlikləri ilə sıx əməkdaşlıq edirik. "Made in Azerbaijan” brendi adı altında
"Mr Bee” məhsulumuz xarici bazara çıxarılır.
- Biznesdə təsadüfi adam olmadığınız hiss edilir. Təhsiliniz
hansı istiqamətdədir?
- Təhsilim
iqtisadiyyatla bağlıdır, 15 ilə yaxın bank sahəsində təcrübəm mövcuddur.
Banklarda biznesin inkişafı istiqamətində çalışmışam, rəhbər də olmuşam. Burada
mənim təcrübəm böyük rol oynadı. Düzdür, öz karyeramı qurmuşdum, amma hansısa
layihəni özün başlayıb, uğur əldə etmək həmişə mənə maraqlı idi. Ona görə, bu
biznesimizin maddi tərəfindən çox, mənəvi zövqü məni daha çox qidalandırıb.
Amma biznesin uğurlu olması həmişə maddiyatla bağlı olur.
- Birinci cəhddə
alındı, yoxsa başqa biznesiniz də olub?
- Bank
sektorunda uzun müddət çalışandan sonra öz layihələrimin idarə olunmasına
keçdim. Bu iş birdən-birə alınmadı. Əvvəl iki biznesim olub, bu, üçüncü idi.
- O iki layihə
uğursuz alındı?
-
Uğursuzluq deyəndə ki, bir az iqtisadi proseslərdən asılı vəziyyətdə oldu. Biri
məişət texnikası, biri də tikinti ilə bağlı idi. İqtisadiyyatın strukturu dəyişdi.
Sonra daha perspektivli aqrar sektorun inkişafı oldu. Mən də bu istiqamətdə
özümü sınadım.
- "Mr Bee” -
ad seçiminiz də maraqlıdır...
-
Düzdür, PR sahəmlə əlaqəli olsa da, adı özüm seçməmişəm. Mən daha çox sistemi
quran insanam. Dizayn barəsində böyük zövqüm olduğunu deyə bilmərəm. Mənim
yanaşmam odur ki, ağ-qara olsun, amma işləsin. Lakin belə bir ad seçildi və nəticə
onu göstərir ki, məhsulu almasalar belə, ad yaddaqalandır. Artıq biz öz
brendimizi patentləşdirmişik. Şirkət İSO standartını almaq üçün çalışır.
- Yeni biznesə başlayanlar adətən, dostlarının köməyindən
yararlanırlar. İşə başlayarkən dostların köməyi oldumu?
- Biznesin başlanğıc nöqtəsi çox qaranlıq olur.
Adətən biznesə başlayan adam bir az reallıqdan uzaqlaşır, romantik hisslərlə irəliləmək
arzusu daha qabarıq olur. Burada köməksiz alınmır, təkbaşına biznesi aparmaq
mümkün deyil. Bu istiqamətdə xarici ölkələrdə oturuşmuş sistemlər var. Biznes
inkubatorunun imkanlarından istifadə etmək lazımdır. Biz biznesə başlayarkən müəyyən
bir komandamız vardı. Həmin insanlar öz töhfələrini qoydular, hələ də yaxşı
münasibətlərimiz var. Biznes təkbaşına görüləcək iş deyil. Hansısa bir şirkətin
nəyəsə nail olması komanda işidir.
- Ofisiniz
BBF-də (Baku Business Faktory) yerləşir. Orada hansı imkanlardan yararlanırsınız?
- İndiyə
qədər BBF bizə ödənişsiz olaraq satış, PR və təbliğat, ofis imkanları cəhətdən
kömək edib. İndi isə istehsalatın, qablaşdırma müəssisəmizin inkişafı, ixrac
kanalının aktivləşməsi istiqaməti üzrə də əməkdaşlıq etməyə başlamışıq.
- Xüsusi ofis
götürmək planınız var? Gəliriniz necədir?
- Əslində,
şirkət olaraq istehsalat zəncirinin bir neçə komponentini özümüzdə birləşdiririk.
Hazırda formal olaraq şirkətin daxilində ixtisaslaşma aparmışam. Şirkətin
daxilində qablaşdırma müəssisəsi və satış prosesinə nəzarət edirik. Qablaşdırma
müəssisəmiz Bakı ətrafında yerləşir, istehsalat sahəmiz regionlardadır. Azərbaycanda
yeganə şirkətik ki, bütün satış kanallarını aktivləşdirmişik. İnternet
individual satış kanalımız var. Sosial şəbəkə, korporativ, topdan, market və
ixrac satış kanallarımız var. Burada hansısa kanalın tam oturuşduğunu demək
olmaz. Aydan-aya hansısa satış kanalı digərlərindən fərqlənir. Xüsusi ofis
götürməyə ehtiyac olduğunu hiss etdiyimdə, bunu da edəcəyik.
- Biznes risk
tələb edir. Bəs ən riskli dövr sizə görə hansıdır?
- İlk
olaraq şirkət qurmaq müəyyən bir kapital tələb edir. Maliyyəni yatırıb, sonra
effektivliyinə nəzarət edib, müəyyənləşdirməlisən ki, məqsədlərə nail olunurmu?
Bunun üçün isə gecə-gündüz işləmək lazımdır. Ağ kağızdan başlayanda adama bir
az bəsit gəlir. Amma işləyəndə, görürsən ki, hər xırda işin də öz məsuliyyəti
var. Heç nədən nəsə yaratmaq əmək və vaxt tələb edir. Şirkətin bir inkişaf mərhələsindən
digər dövrə keçidi də riskli sayılır. Məsələn, bizim iş istehsalatla əlaqəli
olduğu üçün hər keçid dövründə biz təchizatçıları dəyişirik. Bu, böyük bir vaxt
itkisi, şirkətin quruculuğunda əhəmiyyətli bir işdir. Təchizatçını yeniləyəndə
elə bil şirkət yenidən qurulur.
- Xarici şirkətlərdən biri ölkəmizdə rəngli
balların satışını həyata keçirir. Bu kimi fərqli məhsullarınız olacaqmı?
-
Planlarımız çox böyükdür. Avropaya səfərim vaxtı müəyyən bal şirkətlərinin
satış nöqtələrinə də getdim. Çox təəccübləndim. Orada gördüm ki, nə qədər
arıçılıq məhsulu istehsal etmək olar. Təkcə arıçılığı götürəndə, 14 sayda məhsul
təqdim etmək olar. İlkin mərhələ olduğu üçün biz hələ ki, lazımi qədər və
keyfiyyətli bal istehsal edib, dünya standartlarına uyğun qablaşdırmağı və
effektiv satış sistemini qurmağı məqsəd kimi götürmüşük. İlkin mərhələdə bal
peçenyesi, yaxud bal limonadı istehsal etmək çətin olar. Şirkətin növbəti
inkişaf mərhələlərində arıçılığın digər məhsullarını da istehsal edə bilərik.
- "Mr Bee”ni şirin biznes adlandıra bilərik. Bəs bu
biznesin şirin olmayan tərəfləri nədir?
- Çox əziyyətli
işdir. Düzdür, kənardan baxanda elə görünə bilər ki, balı alıb, qapağını
bağlayıb satırsan. Fəaliyyətimizin effektivliyinin artması üçün dəyər zəncirində
bəzi məqamlar aradan qaldırılmalıdır. İstehsalat, qablaşdırma, satış sistemində
bəzi məqamlar aradan qaldırılsa, işimiz daha da asanlaşacaq. Ümumi götürəndə,
fikir vermişəm ki, xarici ölkələrdə hansısa sahənin iştirakçıları müəyyən bir
assosiasiyalarda birləşirlər. Bizdə bu yaxınlarda Arıçılar Assosiasiyası
yarandı. Biz də onlarla əməkdaşlıq edirik.
Aygün Asimqızı