Hər şeydən çətini dünyanı öyrənməkdir

Məmmədli Cahangir Əbdüləli oğlu 1942-ci ildə Ağdam
rayonunun Novruzlu kəndində anadan olub. 1968-ci ildə Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adı çəkilən
fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi kafedrasının müdiridir. Filologiya elmləri doktoru, professordur.
İndiyədək 500-dən çox elmi-publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və
jurnalistikaya dair 20-yə yaxın kitabın müəllifidir. 2004-cü ildə Bakı Dövlət
Universitetində "İlin müəllimi” nominasiyasının qalibi olub. Jurnalistika sahəsində
bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür. İctimai
Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, 2003-2005-ci illərdə
Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub. Təqdimat üçün bu qədər yetər.
Onun 77 illik ömrünün quru statistikaya ehtiyacı yoxdur.
Cahangir Məmmədlini müasir Azərbaycan mətbuatının
yaşayan əfsanəsi də adlandırmaq olar. Özünəməxsus üslubu, dəsti – xətti var. Əbəs yerə "müasir mətbuatın”
demədim. Ona görə ki, Cahangir Məmmədli müasirliyin və bəşəriliyin tərəfdarı
olan tədqiqatçıdır, amma bütün bunların fövqündə milli-mənəvi dəyərlərə, poetik
həssaslığa, Vətən sevgisinə qiymət verən elm xadimidir. Onun üçün ağlı-qaralı
ömür bəzən bir məktuba sığır, bəzən bir günə, bəzən bir fəsilə... Onun poetik
duyğuları "Mendelson mərmər pillələrdə qaldı...”, "Payız gülləri, yaxud bütün
sevgilərin bitdiyi yerdə”, "Şanel - 5”
kimi esselərində özünü göstərir. Bəzən də köhnə məktublardan, xatirələrdən
boylanır.
Biz də ad günü ərəfəsində
professorla müsahib olduq.
- Bu günə gəlib çıxan həyatınızı əvvəlcədən təsəvvür
edərdinizmi, təhlükəli maneələr əvvəlcədən təsəvvür edilə bilərdimi?
- Yəqin ki, heç kim
harasa gedib çıxan həyatını əvvəlcədən təsəvvür edə bilməz, bu, bir tale
işidir. Atasız-anasız bir uşağın, qardaş və bacılarının ümidinə qalan bir
zavallının taleyi isə lap müəmmalı olur. Bilmirəm, yaxşı oxumağım idi, yoxsa nədən
idi - orta məktəbdə şagird dostlarımdan biri həmişə deyirdi ki, böyüyüb böyük
adam olanda məni özünə sürücü götürərsən. Sinif dostlarım mənə belə bir ümidlə
yanaşırdılar.Mən, əlbəttə, böyük-böyük vəzifələrdə
olmamışam, amma doğrudan da, bu günə gəlib çıxmışam. Həyatımı, ömrümü borclu
olduğum bir universitetdəyəm. Bu universitetin az qala, hamısı məni tanıyır və
hiss etdiyim qədər xətrimi istəyirlər. Həyatımın bir çox çətin məqamlarında
yanımda olan neçə-neçə keçmiş tələbəm var, Prezident təqaüdçüsüyəm, bir sıra
ödül sahibiyəm, özümə və uşaqlarıma görə mənalı bir həyat yaşamışam və s. Belə
bir uzun ömrün bir çox anlarında təhlükəli məqamlar da olub. Dünya yalnız
xeyirxahlardan ibarət deyil. Ən çox mane olanlar və olmaq istəyənlər öz istəklərini
daha çox paxıllıq üstündə qururlar. Belələri ilə çox rastlaşmışam, elə indinin
özündə də rahatsızlığı hiss edirəm.
- Lap gənc yaşlarınızda hansı ədəbi qəhrəmanı sevmisiniz? Oxşamaq istədiyiniz
ədəbi obraz vardımı?
- L.Tolstoyun
"Dirilmə” romanındakı Nexlyudov ən çox sevdiyim obrazdır. Günahlarını yumaq
üçün göstərdiyi çabalara görə. Amma təəssüf ki, oxşamaq istədiyim obraz yoxdur.
Yəqin bədii obrazın yarandığı texnologiyanı bildiyim üçün...
- İstedad nədir və özünüzdə onu hiss edirsinizmi?
- Sualın ikinci tərəfindən
başlamaq istəyirəm. Normal adam heç vaxt özündə istedad hiss eləmir. Onu
başqaları hiss edir. İstedad, əslində çox intim bir şeydir. Nəyəsə, kiməsə
sevginin nə qədər böyük olduğunu ancaq qarşı tərəf ölçə bilər. Bir də istedad
deyəndə əsasən ədəbi fitrət, sənətə fitrət başa düşülür. Əslində isə istedad
çox böyük anlayışdır. Adi daş yonandan tutmuş, azman şairədək bütün sahələri əhatə
edir istedad. Deyəsən, hamı istedadla birgə doğulur, amma onu hər kəs gerçəkləşdirə
bilmir. Deyəsən, mən gerçəkləşdirə bilməyənlər sırasındayam.
- Siz kəndlisiniz, yoxsa şəhərli?
- Bir dəfə belə bir
sualı mənim müasirim olmuş böyük rus yazıçısı,
kinorejissoru, aktyor Vasili Şukşinə vermişdilər. O da demişdi ki, mən bir
ayağı qayıqda, bir ayağı sahildə olan adam kimiyəm. Bilmirəm dənizə çıxım,
yoxsa sahilə qayıdım. Mən də bir az Şukşinin vəziyyətindəyəm. Qloballaşan
dünyada kəndin yox olmaq təhlükəsi var. Xudu Məmmədov hər il yayda oğlunu kəndə
göndərirdi ki, qurtarmaqda olan kəndin nə olduğunu bilsin. Başqalarını bilmirəm,
mənim üçün kəndin bitməsi milli-mənəvi dəyərlərin bitməsi deməkdir. Bu qorxu məni
ömürlük kəndçi olmağa çağırır.
- Sizin üçün klassika nədir?
- Ən müasir, super
müasir sənət nümunələri. Yəqin klassika elə bu keyfiyyəti ilə həmin epiteti
daşıyır.
- Daha çox qalibiyyət duyğusu yaşamısınız, yoxsa məğlubiyyət?
-
Doğrusu, bunları heç hesablamamışam. Bircə onu bilirəm ki, məğlubiyyətlər mənim
daha mübariz, təslimçilikdən uzaq olmağıma şərait yaradıb. 55 ildir ki, bir universitet
həyatı yaşayıram. Bu uzun illər mənim ən böyük qələbəmdir.
- Uğursuzluqlarınıza necə baxırsınız?
- Uğursuzluq
taleyimin ən etibarlı komponentidir. Heç vaxt məni tərk etmir. Böyük Füzuli
Allaha müraciətlə: "Ya Rəb! Bəlayi eşq ilə qıl aşina məni... Bir dəm bəlayi-eşqdən
etmə cüda məni... Mən istərəm bəlanı, çün istər bəla məni...” - deyəndə dərdə
sevgisini ifadə etmişdi. Çünki onu dərd şair etmişdi. İndi Füzulinin yanında mən
nə karəyəm ki, uğursuzluğu sevməyim. Uğursuzluqlar möhkəmliyin özülü kimi bir
şeydir.
- Sizin üçün ən maraqlı iş nədir? Peşə mənasında...
- Mən özümün ən
maraqlı işimi universiteti bitirib universitetdə qalanda tapmışam: Müəllimlik!
Bu peşəni dəfələrlə dəyişmək imkanım olub. Əməlli-başlı "yağlı” vəzifələrə dəvət
olunmuşam. Amma 1968-ci ildən tapdığım tələbələrimi heç vaxt itirmək istəməmişəm.
Tale elə gətirdi ki, Bakı Dövlət Universiteti yəqin ki, məni son mənzilə yola
salacaq müqəddəs bir iş yerim olacaq. Müəllimlik bağrıma sıxdığım tələbələrimin
məkanı kimi mənə çox qiymətlidir.
- Xoşbəxtlik nədir?
- Bunun ən qısa
cavabı bir xalq deyimindədir. İçi məni yandırır, çölü özgəni!
- Xəyal qırıqlığına necə baxırsınız? Sizdə belə şeylər olubmu?
- O qədər olub ki, mən
artıq ona öyrəşmişəm. Məsələn, bir də görürsən, qəlbən hörmət etdiyin bir adam
heç də sən düşündüyün deyilmiş, yaxud hər əsərini hadisə kimi qəbul etdiyin bir
yazıçı millətə dönük çıxır. Yaxud, səmimiyyətinə inandığın bir qəzet bir
paxılın bir qonaqlığına nədən desən yaza bilir və s.
- Həyatda sizə arxa duranlar və arxadan zərbə vuranlar olubmu?
- Doğmalarımı demirəm,
arxa durmaq doğmaların borcudur. Ancaq sənə heç bir öhdəliyi olmayan adamın sənə
arxa durması bir alın yazısıdır. Fakültəmizin professoru Şirməmməd Hüseynov mənə
arxa durmuş ən güclü adam oldu. O, çox çətin bir maneəni kəçərək məni universitetdə
saxladı və bu məqam taleyimə yazılan bir sevgi timsalıdır. İndiki vəzifəsinə
görə adını çəkmək istəmirəm, son otuz ildə tanıdığım bir insan bəzən heç özü də
bilmədən, xüsusi hesaba almadan, mənə arxa, dayaq olur. Heç nə ummadığım, heç
bir kömək gözləmədiyim dostlarım var ki, onları özümə arxa bilirəm. Əflatun
Amaşov, Səlahəddin Xəlilov, Rəşad Məcid, Aqil Abbas, Umud Rəhimoğlu mənim güvəndiyim
adamlardır. Mənə arxa duranlar məndən o qədər uca olublar ki, zərbə vuranları
hiss etməmişəm, onların kölgəsində yox olublar.
- Artıq bir müəllim kimi xeyli ömür yaşamısınız. Fəxr etdiyiniz
keçmiş tələbələriniz varmı?
- Qürur duyduğum tələbələr
sırasında Rəşad Məcid mənim fəxrimdir. Həm dostluğu, həm istedadı ilə, həm də
"525-ci qəzet” dəki millətə xidməti ilə.
- Müasir olmaq nədir?
- Klassik milli ənənələri,
min illərin sınağından çıxmış xalq dəyərlərini özündə yaşatmaqla yeni dünyanın
haçansa klassik dəyər qazanmağa potensial imkanı olan dəyərlərini birləşdirə
bilmək, qloballaşan dünyada dəblərin küyünə getməmək. Mümkün qədər
informasiyalı olmaq və mümkün qədər bu informasiyadan yararlanmaq. Ətrafımızda
belə adamlar mövcüddur. Azərbaycan şərqşünaslıq elminin korifeyi akademik Vasim
Məmmədəliyev, xalq yazıçıları Anar, Elçin, xalq artistləri Mənsim İbrahimov,
Alim Qasımov.... kimi adamlar həm də son dərəcə müasir düşüncəli olmaqları ilə
fərqlənirlər.
- Əgər "insan bütün ömrü boyu öyrənir” fikrini qəbul etsək, siz bu
gün nəyi və kimdən öyrənirsiniz?
- Hər şeydən çətini
dünyanı öyrənməkdir. Çətindir ona görə ki, dünya bitib tükənən deyil. Mən
dünyanı öyrənmək istəyirəm. Heç olmasa, bir az. Dünyanı bədii sözdən,
teleproqramdan, elmi kitablardan, kiminsə bir sözündən, kafedranın texniki əməkdaşından,
metro qatarında dilqəfəsə qoymayan cavan bir oğlandan, qəzet köşkündəki
satıcıdan, qaçqın düşmüş bir kənd adamından... öyrənirəm. Mən ixtisasca
jurnalist-filoloqam, yəni humanitar sahədəyəm. Amma müasir fizikanın, nanotexnologiyanın,
biologiyanın, kimyanın - bir sözlə, dəqiq elmlərin populyar təqdimini verən
populyar kitabları da alıram, oxuyuram.
- Niyə bizim nəsil sizin nəsildən az kitab oxuyur?
-
Mən bütün günahları informasiya texnologiyasının üstünə yıxıram. İndi belə təsəvvür
var ki, hər şeyi internet resurslarından ala bilərik. Amma belə deyil. Kağız
qoxulu kitabı heç nə əvəz edə bilməz. Qurani-Kərim də kitabdır və kitabın müqəddəsliyini
unutmaq olmaz. Yeni nəslin kitaba total etinasızlığı artıq öz fəsadlarını göstərməkdədir.
Mən gəncliyin içindəyəm. Total bir savadsızlıq sindromu tək bizdə yox, bütün
dünyada özünü büruzə verməkdədir.
- Əbədi bir problem olan "atalar və oğullar” probleminə necə
baxırsınız? İndiki atalar və indiki oğullar...
- Doğrudan da əbədi
problemdir. Amma bu "problem” olmasa dünyanın inkişafından əlimizi üzməliyik.
Oğulların ataları bəyənməməsi inkişafın ən ciddi yoludur. Yəqin bu problem ona
görə əbədidir ki, sona yetsə, inkişaf dayana bilər. Bəzən hər iki tərəfin bir
"bəyənməməzlik” iddiası da olur. Əlbəttə,
elə bu bəyənməməzliyin özü də inkişafın stimuludur. Amma bu bəyənməməzlik mənəm-mənəmliyə
də çevrilməməlidir. Adətən, atalar oğulları "uşaq” hesab etdiyi kimi, oğullar
da ataları "vaxtını keçirmiş” hesab edirlər. Rusiyada XIX əsrin ortalarında bu
bəyənməməzlik elə həddə çatdı ki, İ.Turqenev özünün dünyaca məşhur "Atalar və
oğulları”nı yazdı. 1960-cı illərdə Azərbaycanda yeni nəsil yazıçı və şairlərin
köhnə nəsli gözümçıxdıya saldıqları mənim yadımdadır. Həmin o, gözümçıxdıya
salınanlar sırasında Anar, Elçin kimi
dövrümüzün böyük sənətkarları da vardı. Bir sözlə, atalar və oğullar, indiki
terminlə desək, konsensusa gələndə inkişaf daha sürətli olur.
- Tələbələriniz sizi duyğulu adam kimi xarakterizə edirlər. Duyğulu
adam kimdir?
- Ürəyimdən elə bu
anda bir istək keçdi ki, bu sualın cavabına belə bir sərlövhə qoyum! "Mənim
yaralı yerim”. Bilirsiniz, əbədi dünyaya az-çox bələd olan, özünün də az-çox qələmi
olan adam duyğusuz ola bilməz. Mən lap uşaqlıqdan hind filmləri ilə böyümüşəm.
Çünki o filmlərdən çox duyğulanırdım. Elə bu günün özündə də hansısa bir əsərin
hansısa bir epizodu, hansısa bir şeirin hansısa bir misrası mənim duyğularımı
tarıma çəkə bilər. Dostum Ramiz Rövşənin "Qara paltarlı qadın”, "Bir az uzun çəkdi
ömür deyəsən”, "Çiçəklər doğulur bu yaz gecəsi” kimi şeirlərini oxuyub
duyğulanmamaq olmur. Yaxud, Emel Sayının
bir mahnısındakı "Seni öyle sevdim ölürcesine, Tanrının yazdığı şiircesine”,
Linetin bir mahnısındakı "Sevgi çiçeyimdin könül bağımda, öyle yer etmişdin
kalb otağımda”, Şəmistanın "Əsgər” mahnısı sətirlərindən necə duyğulanmayasan.
Bəzən hansısa bir tələbənin universitetin verdiyi bilikdən artıq bilgi istedadı
məni kövrəldə bilər. Elə leksik vahidlər var ki, onlar adamı mütləq kövrəldir:
Şəhid, qürbət, dağ meşəsi, sevgi, sərin meh, ölüm və.s. Kövrələ bilən, ağlaya
bilən adam duyğulu adamdır. Kövrələ bilən, ağlaya bilən adam heç vaxt pis adam
ola bilməz. Deyəsən, elə mən də pis adam deyiləm.
- Tələbələrinizə fərq qoyduğunuz vaxtlar olubmu?
-
Əlbəttə, tələbələrin hamısı mənə doğma və əzizdir. Amma nə gizlədək, axı, doğma
və əzizlərin də içində bir seçim olur. Yaxşı oxuyan, istedadını hiss etdiyim tələbəni
həmişə şəxsi nəzarətimdə saxlayıram. Mən belələri ilə universitetin dəhlizində
də, yol yoldaşı olanda da – hər cür imkan yarandığında bildiklərimi bölüşürəm.
- Bəlkə ona görə ki, müəllim olaraq siz çox səxavətlisiniz...
-
Tələbələrim, xüsusilə seçilən tələbələrim mənim ən yaxın dostlarım olur. Şirməmməd
Hüseynov bizə səxavət dərsi də keçib. Mən onun tələbəsiyəm. Bizim jurnalistika
fakültəsində heç bir müəllim heç vaxt heç kimdən bir alça da ummayıb. Amma yeri
gələndə özümüz tələbəyə kömək olmuşuq.
- Maarifçilik sözü indi çox dəbdədir. Doğrudanmı hər sahədə
maarifçilik vacibdir və vacibdirsə müasir insanı daha səmərəli nə ilə maarifləndirmək
olar?
- Maarifçilik çox müqəddəs
sözdür. Dünya yaranandan, Allah insana
şüur verəndən bu günə maarifçilik vacib olub. Sadəcə, o bir anlayış kimi əvvəlcə
Qərbdə, sonra bizlərdə indiki terminlə ifadə olunub. Azərbaycanın dahi şəxsiyyətləri
özlərinin estetik idealları sırasında maarifçilik missiyasını önə çəkiblər.
Nizaminin "Sirlər xəzinəsi”ndəki bütün hekayətləri maarifçi xarakter daşıyır.
Füzulinin "Şikayətnamə” - si orta əsrlərdə yaranmış olsa da, bizim günlərin məmurunu
adam olmağa çağırır . H.B.Zərdabi, M.F.Axundov, N.Nərimanov, Ü.Hacıbəyli Azərbaycan
maarifçiliyinin ustadlarıdır. Bütün bədii sənət əsərləri həm də maarifçilik işi
görür. Maarifçilərin maarifçilik missiyasını gerçəkləşdirməsi işində ən mühüm
vasitə tirajlanan söz olub. Sözü mətbuat tirajladı - yəni eyni sözü milyonlara
çatdırdı. Bu gün həmin missiyanı daha geniş şəkildə elektron informasiya vasitələri
gerçəkləşdirir. Çox təəssüf ki, bir müddət əvvəl maarifçiliyin ən güclü vasitəsi
olan televiziya, radio indi hər cür zir-zibillə dolu internet dünyası
qarşısında məğlub olub. Sualınızın bu məqamına cavabda çox çətinlik çəkirəm.
- Dəyişən dünyaya necə baxırsınız?
- Dünya yaxşı yönə dəyişmir.
Lukaşenkonun dəyişən dünyanın xarakterini ifadə edən bir cümləsi heç yadımdan
çıxmır: "dünya ağlını itirib”. Həqiqətən dünya ağlını itirib. İndi əlində atom
silahı olan ölkələrin başçıları dünyanın diktatoru rolunda çıxış edirlər. Bu
yerdə "isterika” sözünü işlətməmək olmur. Hansısa ölkədən xoşu gəlməyən belə
bir "isterik” diktator atomu olmayan ölkənin başçısını təhqir etmək dərəcəsində
qeyri-etik ifadələrə yol verir. Lakin böyük qazax şairi və alimi Oljas
Süleymenovun dediyi kimi, xalqların və dövlətlərin taleyi kardioqrammaya bənzəyir.
Hansısa xalqın yuxarı qalxması heç də onun haçansa enməyəcəyi demək deyil və əskinə,
kiminsə aşağı enməsi heç də onun haçansa qalxmayacağı demək deyil. Dünyanın dəyişməsi
anında tarixin ibrət dərslərinə baxmaq bəziləri üçün heç də pis olmazdı.
- Müasir insanlarda sizi narahat edən cəhətlər varmı?
- Əlbəttə, müasir
insanın bilgisi, həyata münasibəti, dünyanı duyması və s. kimi gözəl cəhətləri
var. Ətrafımızda o qədər maraqlı insan var ki, adam onların müasir olmağı ilə
öyünə bilər. Lakin müasir insanın dünya malına hərislik deyilən bir xisləti onu
sələflərindən fərqləndirir. Biz guya yenidən islam dəyərlərinə qayıtmışıq, guya
daha elmli olmuşuq. Amma bütün bunların arxasında bir aktyorluq da dayanır. Mollanın
"mən deyəni elə, mən eləyəni eləmə” prinsipi indi çox işlək olub. Rüşvəti lənətləyib
rüşvət alanlar, Vətən deyib oğlunu cəbhə bölgəsindən qorumaq, nəfsinə sahib
çıxmaq deyib öz nəfsini boğmamaq... kimi yüzlərlə günahı boynuna götürənlər də
çoxdur...
- Sizinlə dost olmaq asandır?
-
Buna cavab üçün gərək sirrimi açam: Çoxları elə bilər ki, mən onları özümə dost
hesab edirəm. Ancaq elə deyil. Mehriban münasibətlə dostluğun çox fərqi var.
Dost illərin sınağından çıxmalıdır. Mənim dostlarım o qədər də çox deyil.
- "Cavanlıq bilsəydi, qocalıq bacarsaydı..” belə bir fikrə necə
baxırsınız?
- Doğrusu, çox maraqlı
və həm də elə mənim öz ömrümün cavab verməyə borclu olduğu bir sualdır. Ömür
keçir, gün keçir və birdən ayılırsan ki, sən çox iş görə bilərdin, amma etməmisən.
Onda adamın içindən bir ağrı keçir: ah cavanlıq! Yaxud, cavan olsaydım!... Deməli,
haçansa cavanlıq bilməyib ki, filan işi vaxtında görmək lazımmış. Əlbəttə,
burada daha çox ictimai işdən, bir az da dəqiq desəm, yaradıcılıq işindən söhbət
gedir. Cavanlıqda "hələ ömür qabaqdadır” prinsipi ilə yaşamaq qocalıqda peşmançılığa
gətirir. Şəxsən mənim indiyədək görmədiyim o qədər işlər var. İndiki yaşımda isə
əsl seytnot vəziyyətindəyəm. Yəqin bu çox tipik bir hadisədir.
- Həyatımız da bir yazıdır, alın yazısı, amma... həyatınızda
redaktəyə ehtiyac varmı?
-
Mən bu yerdə ilk yazılarını redaktə etdiyim jurnalist tələbələrimə bənzəyirəm.
Hansı cümləsini redaktə ediriksə, ixtisara salırıqsa, tələbə razılaşmaq istəmir.
Çünki bu, onun yazısıdır, ona əzizdir. Bu həyat da mənimdir. Məncə, burada nəyisə
redaktə və ya ixtisar etsən, bugünkü bütövlüyə, özümün razı qaldığım bir tale
yoluna yarımçıqlıq gətirmiş olaram.
- Bu gün Cəlil Məmmədquluzadə qəflətən oyanıb bizim günlərimizə
qayıtsaydı, bu zamanı necə qiymətləndirərdi?
- Mirzə Cəlil bu
xalqın ruhu və yaddaşıdır. O, bir möcüzədir. Sual lap yerinə düşdü.
Prezidentimiz İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin təntənəli
şəkildə qeyd edilməsi haqqında sərəncam imzalayıb. Mirzə Cəlili xeyli dərəcədə
tanısam da onun yerinə bu suala cavab verə bilmərəm. Amma belə bir təxminim var
ki, dərhal "Molla Nəsrəddin” jurnalını o dövrkü vəziyyətindəcə yenidən nəşrə
başlayardı. Bu zamanın baş alıb gedən çirkablarını tənqid atəşinə tutardı. Yeni
jurnalistikanı, bu jurnalistikanın təhqir, böhtan, yalan informasiyalarını lağa
qoyardı, yenidən öz yaradıcılığı ilə bizə dərs verərdi.
- Ataların "ayağını yorğanına görə uzat” nəsihətinə necə baxırsınız?
- Əlbəttə bunu insanı
cəhdlərdən, ideyalardan uzaqlaşmağa sövq edən bir çağırış kimi də
interpretasiya etmək olar. Amma fikir atalarındısa, deməli, orda mütləq bir
hikmət var. Bu hikmətin əsas məğzi ondadır ki, insan gərək olana qane olsun. Nəyisə
artırmağı bacarırsansa, yaxşı yaşamaq cəhdin və buna imkanın varsa, heç kim sənə
"ayağını yorğanına görə uzat” tələbini irəli sürməyəcək. Amma öz sadə və
namuslu maaşı ilə yaşayan bir kişidən arvadının "roskoş” tələbi anında bu deyim
ortaya qoyula bilər. Mən xeyli adam tanıyıram ki, "ayağını yorğanına görə
uzatmamağı” ucbatından yorğandan çölə çıxan ayağındakı kredit borclarına görə
bank qapılarındadır. Yaxud, savadı, bacarığı olmayan bir adam alimlik iddiasına
düşür və bütün ömrü boyu saxta diplomun əziyyətini çəkir. Yüzlərlə belə misal çəkmək
olar.
- Necə bilirsiniz, sizin taleyiniz uğurludur, uğursuz?
- Taleyimin ən böyük
uğuru Azərbaycan kimi bir məmləkətin övladı olmağımdır. Mənim atam və anam cənubdan
şimala köç etmiş adamlardandır. Hərdən fikirləşirəm, Allahım, birdən onlar
tamam yad bir ölkəyə köç edəydilər, mən də o yad ölkədə doğulaydım, onda
qorxudan bu fikri tezcənə tərk edirəm.
Amma onlar Qarabağa, Ağdama, Novruzlu kəndinə gəldilər. İndi o kənd, o
yurd-yuva ermənilərin əlindədir. Buna baxmayaraq, o kəndin xatirələri də mənə bəs
edir. Bir gün o kəndə, o yurda əlbəttə, qayıdacağıq. Bəlkə məni yaşadan elə bu
inamdır. İstedadını hər kəsin yüksək qiymətləndirdiyi yazıçı, dramaturq Əli Əmirli
ilə mən həmin Novruzlu kəndində doğulmuşuq. Əlinin "Ağdamda nəyim qaldı?”
avtobioqrafik romanını oxudum. Bu roman bütün bədii keyfiyyəti və sərt reallığı
ilə məni yenidən o kəndə qaytardı. Uzun müddət romanın təsirindən çıxıb nəsə
başqa bir şey yaza bilmədim. Taleyimə gəlincə, ömrümün çətin keçən ağır günləri
olub. Atam mənim doğulmağımdan on gün əvvəl Rus - Alman müharibəsinə gedib və
qayıtmayıb. Anam 6 aylığımda dünyasını dəyişib. Bacılarımın, qardaşımın ümidinə
qalmışam. Savadı və biliyi ilə Mirzə İbrahimovun, Xudu Məhərrəmovun, Nurəddin Rzayevin, Bəxtiyar
Vahabzadənin yol yoldaşı olmuş, mənə Vətən sevgisi, fəlsəfi duyğular, elm öyrətmiş,
arxamda dağ kimi dayanmış bir əmioğlum - tanıyanların Bala Marks adandırdığı
Zeynal Məmmədov dayandı və mən indi geriyə baxanda heç narahat olmadığım bir
ömür yaşamaqdayam. İllərimin kədəri də, sevinci də özümündür və mənə əzizdir.
- Cahangir müəllim, deyirlər insan hər yaşda sevə
bilər, belə bir fikir düzdürmü?
-
Doğru fikirdir. Amma hər yaşın öz sevgi obyekti var. Cavan çağların ən böyük
sevgisi həyatını bəzəyəcək bir qız olur. Bir azdan cavan ailədə doğulan körpələr
yeni sevgi obyektidir. Sonra nəvələr, nəticələr. Amma insan qanmağa başladığı
gündən ömrünün son anınadək dəyişməz bir sevgi ilə - Vətən sevgisi ilə yaşayır.
Hər bir azərbaycanlıda bu sevgi var – cavanlığa, qocalığa baxmayan Vətən
sevgisi!
- Niyə təmiz, böyük sevgilərin, sonu hər zaman
hicran və əbədi həsrətlə nöqtələnir?
-
Bu, bir tale məsələsidir. Yaradan necə yaratmağı, necə nizamlamağı çox yaxşı
bilir. Təmiz və böyük sevgilərdən yaranan hicran və əbədi həsrət səndən sonrakı
nəslin böyük və təmiz məhəbbətə daha ehtiyatla, itirmək təhlükəsini duyaraq
yanaşmaq dərsinə çevrilir. Mən özümü bu dərslərin müəllimi kimi də görürəm. Mənə
qismət olmuş "təmiz və böyük” sevginin əbədi həsrətini yaşamaqdayam. Sevgi söhbətində
tale ilə barışmaqdan başqa əlac yoxdur.
- Bu dünyada sizə çox əziz bir adam var. Yeddi ilə yaxındır ki, onu
itirmisiniz. Özüm şahid olmuşam ki, o adamın adı çəkiləndə gözləriniz dolur.
Gözləriniz dolmasın, söhbət Səkinə xanımdan - sizin ömür - gün yoldaşınızdan
gedir. Bitməyən o ağrını nəcə yaşayırsınız?
- Qəribə görünə bilər,
amma olanı deyəcəm. Ömür-gün yoldaşımın itkisindən gələn ağrı indi mənə çox əziz
bir həyat tərzidir. Elə bil o ağrısız yaşaya bilmərəm. Mən belə bir ağrını şair
Nəriman Həsənzadədə görürəm və dərdin əzizliyini də onu dinləyəndə daha çox
başa düşürəm. Bu dünyada ən əziz xatirələrim onunla – 46 il bir yerdə dostluq
etdiyimiz Səkinə xanımla, bağlıdır. Doğrusu, mən o dərdin adını tapa bilmirdim.
Bir gün qızlarımdan biri bunu "əziz dərd” adlandırdı və bunun bir həqiqət
olduğunu onda dərk etdim. Evdəki iş otağımda onunla bağlı mənim üçün müqəddəslik
kəsb edən çox şey var. Şəkillər, şəkillər, şəkillər.. və bir də min bir qeydləri
olan əlyazmaları. Nəyi varsa, hamısını yanımda saxlayıram. Böyük bir sevginin
ilk illərinin məktublarını oxuyuram darıxanda. O məktublar məni nə qədər kövrəltsə
də, bir 10-cu sinif şagirdinin inşa istedadı kimi balalarıma, nəvələrimə örnəkdir.
Biz onu Ağdamda, erməni əsirliyində olan
kəndimizdən 6 kilometr aralıdakı bir kəndin qəbiristanlığında dəfn etmişik.
Balaları, nəvələri inamla yaşamalıdırlar ki, sabah kəndimizə qayıdacağıq.
Sualınızın əvvəlinə qayıdıram: Bu dərdi yaşamaq çox çətindir mənə. Bəzən iş
stolumun arxasında oxuduğum hansısa bir poetik sətir, efirdən rast gəldiyim bir
bədii film personajının uğursuz həyat anı, övladlarımızın qəfil xatirələrindən
doğan kövrək söz anında mən heç kimə demədən, sanki heç nə olmamış kimi binamızın
qarajına enib avtomobilə əyləşirəm və onu dəfn etdiyimiz kəndin mənə əziz olan
qəbiristanlığına yollanıram. Bu hadisə gecə vaxtına da düşə bilər, günün
günorta çağına da. Əsas odur ki, mən o qəbrin yanında dayanıb Xanımın
qızlarına, nəvələrinə telefon açıram və onlar onda bilirlər ki, mən indi
hardayam.
- Sizi tanıyanlar övladlarınıza necə bağlı olduğunuzu deyirlər. Sizin
iş yoldaşınız Nəsir Əhmədli bir dəfə nə münasibətləsə elə dərs zamanı dedi ki,
bəlkə də Cahangir Məmmədli yaxşı bir siyasətçi ola bilərdi. Mən bilirəm ki, ailəsinə
həddindən artıq bağlılığı buna mane oldu.
- Ordan başlayım ki,
Nəsir müəllim düz deyib. Yəni siyasətdə olan adam, əslində gərək, çox şeydən
keçməyi gözə alsın. Mən belə şeylərdə bir az cəsarətsiz adamam. Gündəmdə olan bəzi
siyasətçilərin ünvanına opponentlərinin haqlı, haqsız iradlarını, bəzən həqarətlərini
görüb də siyasətə qoşulmaq...Bilirsinizmi, yəqin ki, hər kəs üçün onun ailəsi
müqəddəsdir. Mənim üçün Vətən sevgisi, Azərbaycan məhəbbəti ailədən başlanır. Mənim
iş yerimdə də amerikasayağı jurnalistikaya "heyran” qalan, öz dərsində tərəfsiz
xəbəri təbliğ edənlər var. Fakültədə belələrindən biri mənim milli
jurnalistikamızda dövlətçilik ideologiyası ilə bağlı ayrıca fənnin yaradılması
kimi bir ideyama ironiya ilə baxdı. Amma mənim üçün hər bir Azərbaycan vətəndaşının
həyatı, xoşbəxtliyi dövlətçiliyimizin qorunmasına bağlıdır. Bizim ailəmizin
bütün üzvləri – nəvəli , nəticəli – hamımız bu fikirdəyik. Bu, bir həyat
kredosudur. Mən hər qızımı evdən ər evinə köçürəndə (beş qız və beş köç!) ona
bir məktub yazıb vermişəm. O məktublarda qadının ər evindəki yeri ilə bağlı
fikirlərlə bərabər, Azərbaycan deyilən bir yurda layiq yaşamaq tövsiyələri var.
Və onlar mənim o məktublardakı tövsiyələrimi heç vaxt unutmazlar...
- Azərbaycan ədəbiyyatında klassiklərdən kimin dirilməsini istərdiniz?
- Əvvəllər mənim Mirzə
Ələkbər Sabirə yazığım gəlirdi. Deyirdim, bu dünyada rüşvətin, mövhumatın, məmur
özbaşınalığının, harınların, insafsızların – bir sözlə, Sabirin tənqid etdiyi
tiplərin yox olmasından sonra onun satirasına lüzum qalmayacaq. Amma, görünür, çox
sadəlövh düşünmüşəm. Əksinə, bu böyük satirikin tənqid hədəfləri bu gün daha
müasirdir. Ona görə də, məncə, Mirzə Ələkbər Sabirin bu dünyada yenidən
doğulmasına çox böyük ehtiyac var.
- Dünyanın gələcəyini kim daha yaxşı görür? Fiziklər, yoxsa, liriklər?
- Əvvəllər dünyanın gələcəyini
ədəbiyyatçılar, filosoflar daha yaxşı görürdülər. Çox təəssüf ki, indi söz fiziklərindir. Atomla, nüvə
silahları ilə dünyanı hədələyən fiziklər dünyanın yaxın gələcəkdə məhv olacağı
proqnozunu verirlər. Çexov deyirdi ki, əgər teatr səhnəsində divardan tüfəng
asılıbsa, tamaşanın axırınadək o tüfəng mütləq açılmalıdır. Bu məntiqlə
yanaşsaq, əgər nüvə ölkələri 80 il müddətində ən böyük maliyyə xərci qoyub yüzlərlə
nüvə başlığı yaradıblarsa, onlar mütləq haçansa açılmalıdır. Fiziklər bir az da
cəhd eləsələr, iqlimi dəyişdirməklə dünyanı bir neçə saata məhv edə biləcəklər.
Ümid Allaha qalır..
- Kimi zəmanəmizin qəhrəmanı hesab edərsiniz?
- Dağılmaqda olan
dünyanı xilas edəcək adamı və bir də Qarabağın Xankəndində üç rəngli bayrağımızı
qaldıracaq kəsi. Öz kəndimizə dönməkdən böyük arzum yoxdur. O kəndə ki, indi
onun sakinləri ilə təsadüfən-təsadüfə, həm də çoxçeşidli coğrafi məkanlarda –
onların məskunlaşdığı qərib ellərdə görüşürük.
Aynurə Vəliyeva
