• cümə axşamı, 28 mart, 18:25
  • Baku Bakı 13°C

"Hər qadın öz həyatının qəhrəmanıdır" - Müsahibə - Fotosessiya

12.10.16 12:49 7106
"Hər qadın öz həyatının qəhrəmanıdır" - Müsahibə - Fotosessiya
Qadın xarakterinə, təbiətinə, xislətinə bələd olmaq dünyanın ən müşkül məsələlərindən biridir.Bəzən deyirlər ki, qadın zəif varlıqdır. Ancaq Fatma Bağırova ATV telekanalında yayımlanan "Zərif qəhrəman” verilişi ilə beyinlərə oturuşmuş bu fikirləri alt-üst etdi. 3 ildir ki, televiziya məkanında sevilərək izlənilən bu verilişin aparıcısı, layihə rəhbəri olan Fatma xanım bizim "Seçilənlər” rubrikamızın qonağı oldu.Fatma xanım, 19 ildir ki, jurnalist fəaliyyəti göstərsə də, uşaq kimi saf, danışarkən qarşı tərəfdəkinə bütün səmimiyyətini ötürə bilən insandır. Pozitiv enerji ilə o qədər doludur ki, enerjisini asanlıqla ünsiyyət qurduğu insana ötürə bilir. Beləliklə, "Zərif qəhrəman” layihəsinin uğur sirrini öyrənirik...

- İstərdik, ilk olaraq uzun zamandır ki, müxtəlif təbəqələrin zövqünə xitab edən "Zərif qəhrəman” layihəsinin yaranmasından danışaq.
- 20 ilə yaxındır televiziyada çalışıram. Bu 20 il ərzində müxtəlif layihələrdə yer almışam. Mənim var olduğum layihələr yeniyetmə, gənc, orta və yaşlı nəslin nümayəndələrinə xitab edib. "Zərif qəhrəman” layihəsinə isə 35 yaşımda başladım. Bu veriliş qadın kimi yaşadıqlarımın nəticəsi və bəhrəsidir desəm, yəqin ki, yanılmaram. İndiyə kimi heç kim bilmir ki, layihənin ikinci müəllifi Rauf Dadaşovdur. Verilişdə müəllif olaraq fikirlərimi bildirdən də, qeyd edirəm ki, "biz hər qadının sevinci və kədərinə şərikik, dəstəyik”. Burada biz deyəndə, Rauf Dadaşovu nəzərdə tuturam. Bu da o deməkdir ki, qadınların daxili aləmindən xəbərdar olan kişilər də var. O mənə demişdi ki, bu layihə qadınlar üçün böyük mənəvi dəstək olacaq. Bu söz mənə çox stimul verdi. Hər işdə səmimiyyət böyük rol oynayır. Hesab edirəm ki, bu bizim layihəyə də təsirsiz ötüşməyib.

- Adətən efirə çıxan xanımlarımız qabarıq makiyaj etməyi sevirlər. Sizdə isə əksinə.
- Mən çox makiyaj etməyi sevmirəm. Layihəmin qəhrəmanları sıravi insanlardır, mən deyiləm. Bəzənib seçilmək istəmirəm. Podiuma, səhnəyə çıxmıram ki, bəzənib çıxım? İçdən-içə danışıram və çalışıram ki, qadınlarımızı tamaşaçılarımıza daha yaxından tanıdım. Məqsədimiz qadınlara öz güclərini göstərməkdən ibarətdir. Və tamaşaçılar tərəfindən aldığım rəylərə görə də məqsədimizə nail olmağı bacarırıq.
- Bu layihə hər hansı işə başlamağa ehtiyat edən gənclərə də böyük stimul verir.
- Biz bunu görəndə çox sevinirik. Qadınların yaşadıqları hisslər mənə tanışdır. Seçdiyim qəhrəmanlarla özümü bir tuturam. Çalışıram ki, hər zaman sadə insanlara üz tutum. Heç zaman reytinq arxasınca qaçmamışam. Bu işdə rəhbərliyimiz də mənə böyük kömək olub. Onlar mənə dedilər ki, biz bu verilişdən böyük bir reytinq istəmirik. Heç zaman cədvəllərə baxmamışam ki, görəsən biz reytinqdə neçənci yerdəyik. Niyyət təmiz olduqda və işini sevərək gördükdən sonra əziyyətinin qarşılığını görürsən. Bundan əvvəl yaxşı reytinq qazanan verilişlər də aparmışam. Əgər yüksək reytinq verən verilişdən sonra heç bir maraq kəsb etməyən veriliş aparsaydım, təbii ki, bu mənə pis təsir göstərəcəkdi. Qalxandan sonra düşmək çox çətin olur.
- Sizcə, "Zərif qəhrəman”ın uğurunun sirri nədir?
- Əslində uğurun da öz qaydaları var. İnsan yaşadığı hadisələrdən nəticələr çıxarır. Elə atalar sözlərimiz var ki, onları qəbul edə bilmirəm, oradakı sözlər məni qorxudur. Hesab edirəm ki, qadınlar da həyatda yaşadıqlarından ibrətamiz, yaxşı "analar sözü” yaza bilərlər. Bir şeyi istəyiriksə, onu arzulamaqla iş bitmir. Həmin istəyə doğru can atmaq, irəliləmək lazımdır. Qadınlar daim arzularla yaşayır. Nəsə istəyirlər, amma nə istədiklərini bilmirlər. Bu, çox normal situasiyadır. Mən onu görmüşəm. Elə zənn edirdim ki, bu, tək məndə belədir. Nə istədiyini bilmək lazımdır. Onu biləndən sonra hədəf seçmək asandır. Uğur qazanmaq üçün ruh yüksəkliyi, cəsarət çox önəmlidir. Ona doğru addımlamaq, çox zaman da susmaq lazımdır. Ən qızıl qaydalar bunlardır. Hədəfi açıqlamamaq, az danışmaq, onun sirrini pozmamaq... İnam da bu işdə böyük rol oynayır. Amerikalı mütəxəssislər deyirlər ki, elə bir zaman gələcək ki, insanlar baxışları ilə nə demək istədiklərini izah edəcəklər. Deyirlər ki, insanlar danışmaqla çox enerji itirir.
- Bəs "Zərif qəhrəman” adı necə ərsəyə gəldi?
- Əslində bizim bir neçə versiyamız var idi. Düşünürdüm ki, verilişin adını "Qadın haqqı” qoyum. Rəhbərliklə məsləhətləşəndən sonra qəhrəman sözünü oynatmağa qərar verdik və bu adı verdik. Bu adı çox sevdim. Artıq layihənin 3 ili tamam oldu və 4-cü ilə keçir. Hər mövsümü bitirəndə deyirəm ki, artıq növbəti mövsümdə bu layihəni yekunlaşdıracağam (gülür).
- Bu layihə çərçivəsində müxtəlif taleli qadınlarla işləmisiniz. O qadınların taleyindən bir kitab yazmağı heç düşünmüsünüzmü?
- Əslində bu verilişin özündə bir çox ideyalar yarana bilər. Əlbəttə ki, kitab çap etmək istəyərəm. Ancaq məsələyə çox tənqidi yanaşıram. Əgər mən kitab yazsam, bizim dahi yazıçılarımız onu oxuyub nə deyərlər? Hər yazdığımı təkrar oxusam, o mənim xoşuma gəlməsə, onu silə bilərəm. Düşünürəm ki, birdən yaxşı alınmaz, kimsə bəyənməz. Əgər bir gün qərar versəm, niyə də olmasın? Mütləqdir ki, kitab yazmağın texnikasını öyrənim. Bu yaxınlarda gənc bir yazar yeni kitabını mənə hədiyyə etdi. Baxıb gördüm ki, həyatda necə danışırsa, elə də kitab yazıb. Belə kitab yazmağa nə var ki?
- Hər güclü kişinin arxasında bir qadın dayanır deyirlər, bəs hər güclü qadının arxasında bir kişi dayanırmı?
- Xeyr. Hər güclü qadının arxasında elə qadının özü dayanır. Bunu səmimiyyətlə deyirəm. Yaxşı kişi olarsa nə gözəl, o zaman o qadın şanslı və bəxtlidir. O qadınlara bəxtəvərlər deyirlər. Bəxtəvər o qadındır ki, onun arxa-dayağı sağlam təməl üzərində qurulub. Bu, relaksdır, komfortdur, rahatlıqdır. Bütün hallarda qadın yaxşıdırsa, onun arxasında onun möhkəm iradəsi dayanır. Yox əgər qadın pisdirsə, onun mütləqdir ki, arxasında pis bir kişi dayanır. Bu ya onun həyat yoldaşıdır, ya atası, ya da qardaşıdır.
- Mənə elə gəlir ki, hər güclü qadının arxasında onun anası dayanır.
- Mən bu fikirlə razı deyiləm. Anam çox yaxşı insandır. O məni çərçivə içərisində böyüdüb. Anama bir dəfə demişdim ki, kaş, mənə bu utancaqlığı az verəydin və mən daha irəli gedəydim. Hər bir qızın arxasında atası dayanarsa, o qızı heç bir qüvvə yıxa bilməz. Qadınlar ailələrində nə üçün çətinlik çəkirlər? Çünki onların arxalarında yaxşı ataları olmayıb. "Get bu işi gör, sən bacaracaqsan, sənə inanıram” kimi sözləri ona deməyib, izah etməyib. Əslində bu, çox vacibdir. Əgər bir qızın arxasında dayağı yoxdursa, o əziləcək, hər zaman kompromisə gedəcək. Çünki evdə güc görməyib.
- Qəhrəmanlarınızdan nələr öyrənmisiniz?
- Çox şey. Mən bu layihə ilə qadının kim olduğunu öyrəndim. Qadınlarımız o qədər mərd, qorxmazdırlar ki... Onların həyat hekayələrini dinləyəndə özlüyümdə düşünürdüm ki, İlahi, insan bu qədərmi dözümlü olar? O qədər xəstə övlad analarını çəkmişəm ki, bu dərdi ilə belə özünə təsəlli verirlər. Həqiqətən də qadın çox güclü varlıqdır. Qəhrəmanlarımdan çox şey öyrəndim və əsas odur ki, onlardan güc aldım. Həyatda hər hansı bir çətinliyə düşəndə onların sözlərini xatırlayıb özümə təsəlli verirəm. Bir qəhrəmanım var idi. Övladı daun sindromundan əziyyət çəkirdi. O deyirdi ki, "unutmayın, hər zaman ən betərin də betəri vardır. Ən pis halda belə siz hər zaman kimdənsə bir addım öndəsiniz”.
- Qadınlar sizin verilişinizə baxıb ondan güc alırlar. Bəs siz nələrdən güc alırsınız?
- Mən çox enerji verənəm, nəinki alan. Rahatlıqla enerjimi ötürə bilirəm, ancaq enerji ala bilmirəm. Enerjimi ancaq uğurdan alıram. Uğur mənim üçün çox vacibdir. Uğur olmasa, mənim üçün çox çətin olar. Çox həssas insanam, hansı işə əl atıramsa-atım, yetər ki, o işdə uğursuzluq olmasın. Uğursuzluq insanı geriyə atır, özünə güvənsizlik yaradır.
- Qəhrəmanlarınızı seçərkən hansı meyarları üstün tutursunuz?
- Hər bir qadın öz həyatının qəhrəmanıdır. Hər bir qadının həyatda etdiyi bir qəhrəmanlıq vardır. Amma mütləq şəkildə bir həyat hekayəsi olmalıdır. Bəzən olur ki, mənə zəng edib, bizim layihədə iştirak etmək istədiklərini bildirirlər. Mən onların qəlbini qırmaq istəmirəm. Deyirəm ki, mənim anam da qadındır, mən onun yaşadıqlarını gözəl bilirəm. Ancaq onu çəkmirəm. Hesab edirəm, qəhrəmanımın danışmağa hekayəsi olmalıdır ki, onu izləyənlər buradan nəsə götürə bilsinlər.
- İşlədiyiniz xanımların çoxu ali təhsilsizdir. Belə xanımlarla işləmək sizə çətinlik yaratmır ki?
- Əsla. Elə evdar xanımlar var ki, bir məktəbdirlər. Vacib deyil ki, təhsil alsın. Elə həyatın bilgiləri də çox vacibdir. Evdə oturan həyat qadınları həyat elmini ən gözəl yaşayanlardır. Bizim layihədə qadınlar mənə etibar edib, ürəklərində olanları paylaşırlar. Hətta mənimlə elə sirlərini paylaşıblar ki, ajiotaj yaratmaq üçün onu efirə verməmişəm. Eyni zamanda, elə tanınmış adam da çəkmişəm ki, ona zəng vurub demişəm ki, mənim kriteriyalarımda bu, yoxdur, biz qeybət etmirik. İnsanlar rahatlıqla mənimlə dərdini bölüşə bilir. Verilişin kökündə Azərbaycan xanımını yaxşı şəkildə təqdim etmək durur. Azərbaycan xanımı dəyərləri, ənənələri, tərbiyəsi ilə güclüdür.
- Bəs tükənmişlik sindromu yaşayırsınızmı?
- (Gülür) O, hər il olur. Düşünürəm ki, yəqin gələn mövsümdən mənim layihəm olmayacaq. Təsadüfün özündə də bir məntiq var.
- Qəhrəmanları tapmaqda sizə kim köməklik edir?
- Qadınların özləri. Onların hamısı ilə ünsiyyətdəyəm. Qadın qadını özü çağırır.
- Sizi qadınların dostu hesab etmək olarmı?
- Bunu onların özlərindən soruşmaq lazımdır. Mən onları özümə dost hesab edirəm.
- Fatma xanım, nə üçün məhz qadınlara müraciət etdiniz?
- Qadınlar o qədər zəngindir, o qədər arzuları var ki... Kişilər çox konkretdir. Qadınlar beyinləri ilə bərabər, hisslərini də işlətməyi bacarırlar. Hər zaman həyatdan bir gözləntiləri var, ümidlə yaşayırlar. Kişilər desə ki, bu, səndə alınmayacaq, sən boşuna gedirsən, onlar inadına bunu edəcəklər. Qadınlar mütləq inanırlar ki, əziyyətinin, zəhmətinin bir bəhrəsi vardır. Qadın inanır ki, insanlar onun əziyyətini bilməsə, bizi Yaradan mükafatını verəcək. Qadınlarda danışmağa hələ çox şey var.
- Bu layihədən başqa sizi hər hansı layihədə görə biləcəyikmi?
- Əslində belə bir layihə var.
- Bu da qadınlarla bağlıdırmı?
- Əslində bu layihəm qadınların marağında ola biləcək layihədir. Ancaq hələ dəqiq deyil.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər