• cümə axşamı, 18 aprel, 06:52
  • Baku Bakı 12°C

Hər oynaq-əzələ ağrısı revmatizmin əlaməti deyil

04.01.18 17:45 5960
Hər oynaq-əzələ ağrısı revmatizmin əlaməti deyil
Revmatik xəstəliklər təbabətə məlum olan ən qədim patologiyalardandır. "Axma, tökülmə” mənası verən "Rheuma” (revma) anlayışına ilk dəfə bizim eranın birinci əsrinə aid olan tibbi ədəbiyyatda rast gəlinir. Qədim həkimlər hesab edirdilər ki, beyində əmələ gələn "ilkin şirə” bədənin müxtəlif hissələrinə axaraq xəstəlik törədir. Hazırda revmatik xəstəliklər qrupuna 120-dən çox xəstəlik və sindrom daxildir. Revmatizm da bu qrupa daxil olan patologiyalardandır. Müasir təsnifatlara əsasən revmatizm əvəzinə "kəskin revmatik qızdırma”dan istifadə olunur. Dünyanın bütün ölkələrində yayılmış bu xəstəliyə 7-15 yaşlı uşaqlar arasında daha çox rast gəlinir. Kəskin revmatik qızdırma 30 faiz hallarda ailəvi xarakter daşıyır.Xəstəliyin inkişafını şərti olaraq üç əsas mərhələyə bölmək olar. Birinci mərhələ adətən keçirilmiş anginadan, skarlatinadan və ya kəskin nazofaringitdən sonra 2-4 həftə ərzində davam edir, simptomsuz və ya uzanmış sağalma əlamətləri ilə keçir. İkinci mərhələ xəstəliyin əsas klinik əlamətlərinin meydana çıxması ilə xarakterizə olunur. Xəstəlik kəskin, tədricən, hətta bilinmədən başlaya bilər. Əksər uşaqlarda ilkin əlamətlər kimi qızdırma, halsızlıq və oynaq ağrıları meydana çıxır. Müayinə zamanı ürək tərəfindən dəyişikliklər, leykositoz, eritrositlərin çökmə sürətinin artması, anemiya aşkar edilir. Bəzən isə kəskin revmatik qızdırma xoreya əlamətləri ilə başlayır. Müxtəlif simptomlar xəstəliyin gedişindən, ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif forma və kombinasiyalarda ola bilər. Üçüncü mərhələ - qayıdan kəskin revmatik qızdırmanın müxtəlif əlamətləri-ürək qüsurunun proqressivləşməsi və hemodinamik pozğunluqların inkişafı ilə xarakterizə olunur.
AZƏRTACxəbər verir ki, Azərbaycan Tibb Universiteti (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru, Əməkdar Elm Xadimi Surxay Musayev son zamanlarda uşaqlar arasında daha çox rast gəlinən revmatik xəstəliklərlə bağlı universitetin mətbuat xidmətinə müsahibə verib.
- Kəskin revmatik qızdırma zamanı valideynlər daha çox hansı əlamətlərə diqqət yetirməlidirlər?
- Qeyd etdiyim kimi, kəskin revmatik qızdırma zamanı valideynlərin və həkimlərin diqqətini ilk cəlb edən kliniki əlamətlərindən biri oynaqların zədələnməsidir. Bu, bir qayda olaraq iri oynaqların simmetrik, uçuğu xarakterli zədələnməsi ilə xarakterizə olunur. Oynaqlarda dözülməz ağrılar, şişkinlik, dəri örtüyünün qızartısı, az nəzərə çarpan defiqurasiyası olur. Bəzən oynaqların belə klassik zədələnməsi deyil, bir neçə gündən 3- 4 həftəyə qədər davam edən oynaq ağrıları müşahidə olunur.Xəstəliyin əvvəlində çox da büruzə verməyən, lakin həyat üçün ən təhlükəli əlamət ürəyin zədələnməsidir. Patoloji proses bir qayda olaraq ürəyin bütün təbəqələrini əhatə edir. İlkin olaraq miokardit, onun fonunda isə endokardit və perikardit inkişaf edir. Miokard, perikard və endokard prosesə ardıcıl qoşulur və müxtəlif variantlarda rast gəlinir. Əsas obyektiv simptomları taxikardiya, küylər, ürəyin böyüməsi, ürək çatışmazlığı, atrioventrikulyar keçiriciliyin ləngiməsi, perikarditdir. Uşaqlarda demək olar ki, 100 faiz hallarda miokardit, 50-55 faiz isə endokardit inkişaf edir. Uşaqların ümumi vəziyyəti ağır olur, avazıma, təngnəfəslik, sianoz, zəif nəbz, arterial təzyiqin aşağı enməsi, ritm pozğunluqları əmələ gəlir. Təxminən 10 faiz hallarda aortal qapaqlar zədələnir, aşağı tembrli diastolik küy eşidilir, bəzən diastolik təzyiq aşağı enir. Ekssudativ perikardit isə təxminən 40 faiz hallarda inkişaf edə bilər. Bu zaman uşağın vəziyyəti hədsiz dərəcədə ağırlaşır, üzü şişir, boyun venaları qabarır, təngnəfəslik, məcburi yarımoturaq vəziyyəti müşahidə olunur.Sinir sisteminin zədələnmələri uşaqlarda adətən kiçik xoreya şəklində təzahür edir. Tədricən uşağın psixikası dəyişilir, eqoistlik, emosional dəyişikənlik, yorulma, aqressivlik meydana çıxır. Bir-iki həftədən sonra xoreyanın əsas əlamətləri-müxtəlif əzələ qruplarının qeyri-iradi yığılmaları, əzələlərin hipotoniyası, zəifliyi, hərəkətlərin koordinasiyasının pozulması inkişaf edir. Mimiki əzələlərin qeyri-iradi yığılması, nitq pozğunluğu, xəttin dəyişilməsi baş verir. Xəstələr yemək zamanı əşyaları əlində saxlaya bilmir, narahat hərəkətlər edir. Ağır hallarda, hətta uşağın oturub durması, gəzməsi çətinləşir, udma və digər fizioloji aktlar pozulur. Xoreik hiperkinezlər uşaqlar həyacanlananda, fiziki yük zamanı artır, yuxuda itir. Bəzən valideynlər uşağın bu hərəkətini şıltaqlıq kimi qəbul edərək onlara irad tutur, qışqırır və s. Bu isə prosesə mənfi təsir göstərərək onu daha da dərinləşdirir. Belə hallarda təcili revmatoloqa müraciət etmək lazımdır.
- Vaxtında və düzgün diaqnoz qoyulmadıqda xəstəlik hansı fəsadlarla nəticələnə bilər?
- Vaxtında diaqnoz qoyulmadıqda, müalicə-profilaktika tədbirləri gecikdikdə, yaxud müalicə səriştəsiz aparıldıqda kəskin revmatik qızdırmanın təkrar baş qaldırması mümkündür. Təkrar hücum əsasən burun-udlaq infeksiyasından və ya paraallerqik təsirlərdən, soyuqlama, fiziki gərginlikdən sonra müşahidə olunur. Xəstələrin əksəriyyətində problemin təkrarlanması kəskin başlayır, öz fəallığı və gedişatı ilə əvvəlkini təkrar edir. İkinci hücum zamanı 95 faiz, sonrakı hücumlar zamanı isə 100 faiz ürək zədələnir. Bir neçə hücumdan sonra ürəyin xroniki revmatik xəstəliyi inkişaf edir və əksər hallarda qazanılmış ürək qüsuru formalaşır.
- Bu xəstəliyin tam müalicəsi mümkündürmü?
- Kəskin revmatik qızdırma zamanı birləşdirici toxumada patoloji proses dörd ardıcıl fazadan ibarət olur. Bu prosesin yalnız birinci- mukoid şişmə fazası geri qayıdır. Odur ki, mümkün qədər diaqnoz erkən qoyulmalı, vaxtında və düzgün müalicə başlanılmalı, profilaktik tədbirlər həyata keçirilməlidir.
- Professor, valideynlərə tövsiyəniz nədir?
- Problemin aradan qalxmasında həm valideynlərin, həm də həkimlərin xəstəliyə münasibəti ciddi rol oynayır. Bəzi valideynlər uşaqlarının bu şikayətlərinə ciddi fikir vermirlər. Bəziləri şikayətləri keçid dövrü ilə əlaqələndirir, digərləri isə özbaşına müalicə etməyə çalışırlar. Belə hallarda bizi həm hiperdiaqnostika, həm də onun problemləri narahat edir. Belə ki, bəzən uşağın normal inkişafının müəyyən mərhələlərində sümüklərlə əzələlər, eləcə də ürəklə magistral damarlar arasında müvəqqəti tarazlıq pozulur ki, bu zaman ətraflarda ağrılar, ürəkdə müxtəlif xarakterli küylər eşidilə bilər. Bu, müvəqqəti haldır və revmatizmlə heç bir əlaqəsi yoxdur. Yəni, hər oynaq-əzələ ağrısı revmatizm, hər eşidilən küy ürək qüsuru əlaməti deyil. Digər tərəfdən bəzi hallarda revmatizmin valideynlər və həkimlər tərəfindən ciddi qəbul edilməməsi ağır fəsadlara da gətirib çıxarır.Biz sözlə, revmatoloji xəstəlikləri revmatoloqlar müalicə etməlidir. Bəzən klinikaya qədər uşaqların müxtəlif ixtisaslı həkimlər tərəfindən müalicə olunduğunun və bunun ağır nəticələrinin şahidi oluruq.
banner

Oxşar Xəbərlər