• çərşənbə axşamı, 19 mart, 08:23
  • Baku Bakı 8°C

“Hər millətin Anar kimi yazıçısı olmalıdır...”

28.04.17 21:16 2710
“Hər millətin Anar kimi yazıçısı olmalıdır...”
"Biz Xalq yazıçısı Anarı yazar, nasir, dramaturq, şair, ssenarist, böyük nəslin övladı, Nigar Rəfibəyli ilə Rəsul Rzanın oğlu kimi qəbul edirik. O, böyük bir sevgi dastanı yaşadan ailənin övladıdır. O ailənin ki, Tanrı SÖZ-ü o nəslə var-dövlət kimi bəxş edib”. Kaspi Liseyində ənənəvi "Milli yaddaş” layihəsi çərçivəsində Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anara həsr edilən "Torpağın oglu” adlı görüşdə səslənən bu fikirlər şagird, müəllim və valideynlərin görkəmli yazıçı və ictimai xadimin təkcə həyat və yaradıcılığı deyil, həmçinin vətəndaş kimi cəmiyyətdəki mövqeyi ilə yaxından tanış etmək fürsəti qazandırdı.
Kaspi Təhsil Şirkətinin təsisçisi, şairə-publisist Sona Vəliyeva "Milli yaddaş” layihəsi çərçivəsində görkəmli insanlarla keçirilən görüşlərin şagirdlərin yaddaşında həmişə yaşayacağını qeyd edərək, təsisçisi olduğu təhsil ocağının məramı haqqında qısaca məlumat verdi: "Fərqli məkanlarda fərqli məktəblər var. Biz isə tam fərqli məktəb – milli məktəb qurmaq, hərtərəfli insan yetişdirmək istədik. Belə ki, onun elmi dünyagörüşü olacaq, texnoloji biliklərə yiyələnəcək, ancaq ən əsası Azərbaycan qurucusu olacaq. Bu məqsəd bizim konsepsiyamızda yer aldı. Bu şagirdlərin hər biri həmin konsepsiyanı əzbərdən bilirlər. Biz "Milli yaddaş” layihəsi ilə şagirdlərin azərbycançılığı, milli-mənəvi dəyərləri əxz etmələrinə çalışırıq”. Milli ruha yaxın şəxslər yetişdirmək üçün milli yaddaşa ehtiyac olduğunu vurğulayan S.Vəliyeva bu məqsədlə liseydə tez-tez elm, incəsənət, ədəbiyyat xadimləri ilə görüşlər keçirildiyini qeyd etdi: «Biz uşaqların azərbaycançılıq, milli-mənəviyyat dərslərini birbaşa olaraq dəvət etdiyimiz insanların özündən əxz etmələri üçün bu cür görüşləri təşkil edirik”.
Ruhi dövlətçilik yaddaşı
S.Vəliyeva yazıçının nəsil və soy-kökünün bütövlükdə dövlətçiliyə bağlı olduğunu söylədi: "Tədbirin "Torpağın oglu” adı ilə keçirilməsi Anar müəllim haqqında hər şeyi deyir. Bu ad Anar müəllimin vətənə və torpağa bağlılığını göstərir. Bu görüş Anar müəllimi bütövlükdə yadda saxlayacaq”. S.Vəliyeva yazıçı haqqında məlumat verərək Anarın bütövlükdə türk dünyasında tanınan şəxsiyyət olduğunu qeyd etdi: "Bu ad dünya insanlarına, kitabsevərlərə yaxşı bəllidir. Anar müəllimi sevdirən təkcə əsərlərinin məzmunu deyil, həm də onun torpağına bağlılığı, vətəndaş mövqeyidir. Anar müəllimin dövlətçiliyə münasibəti ruhi yaddaşdır. İstər ana, istər ata tərəfdən soy kökü Azərbaycana bağlıdır. Anar müəllimin ana tərəfdən babası Ələkbər bəy Rəfibəyli "Difai” Partiyasının yaradıcılarından olub. Anar müəllimin babası Xudadat bəy Azərbaycan Xalq Cümhuriyyətini quranlardan biri, ilk ali təhsilli cərrah, Gəncənin şəhər meri və general-qubernatoru səviyyəsinə qədər yüksələn insan idi. Ata babası Azərbaycan-Rusiya münasibətləri haqqında apardığı söhbətlərə görə həbs olunub və zəhərlənərək öldürülüb. Anar müəllim nə yazıbsa, orada bütövlükdə bir rabitə oldu. Sanki Anar müəllim Azərbaycan xalqının ruhu haqqında yazmağa başladı. Və orada əlaqənin sınmamasını gözləyə-gözləyə böyük bir toplum onun yaradıcılığı ilə tanış oldu”. Anarın yaradıcılığında başlıca ideyanın ünsiyyət olduğunu qeyd edən S.Vəliyeva yazıçının cəmiyyətin ehtiyacı olduğu mövzulara toxunduğunu vurğuladı: "Anar müəllim öz sətirlərinin arxasından boylanaraq nümunə kimi yazmağı bacarır. Anar müəllim ailə mövzusunu qabartdı. O, ruhi dövlətçilik yaddaşından çıxış edərək Dədə Qorqudu yazdı. Dövlətin, torpağın qorunmasının şərtlərini bu əsərdə ortaya qoydu. Yazıçının mühitimizdən seçdiyi insan əslində dünyanın insanıdır. Hər millət övladını elə yetişdirmək istəyər. Sadəcə, hər millətin Anar kimi yazıçısı olmalıdır ki, o obrazı ortaya çıxara bilsin”.
Anarın kinematoqrafiya təhsilinin də olduğunu deyən S.Vəliyeva onun ssenariləri əsasında "Uzun ömrün akkordları”, "Dədə Qorqud”, "Xatirələr sahili”, "Var olun, qızlar”, "Gecə işıqları”, ”Gün keçdi”, ”Torpaq, dəniz, od, səma” və s. filmlərin ərsəyə gəldiyini qeyd etdi: "Hansı yazarın sözü folklora çevrilirsə, o yaşayacaq. Anarın əsərləri əsasında çəkilən televiziya tamaşalarında, o cümlədən filmlərdə səslənən fikirlər dillərdə məsələ kimi işlənir. Onun filmlərində də dəst-xətti aydın görünür”.
Anarı böyük ictimai xadim kimi dəyərləndirən S.Vəliyeva yazıçının vətəndaşlıq mövqeyini yüksək qiymətləndirdi: "Azərbaycanın dərdi həmişə Anar müəllimin içindən keçərək üzündə, saçında yer alıb. Ö, ölkəmizlə bağlı məsələlərdə həmişə vətəndaş mövqeyindən çıxış edib. Totalitar rejim vaxtı "Yaxşı padşahın nağılı” kimi hekayələrində dövlət və cəmiyyət quruluşunu, dövlət və yazıçı münasibətlərini ustalıqla ortaya qoyub”.
Türkiyəli yazar Mehmet Nuri Parmaksız belə görkəmli şəxsiyyətlə bağlı tədbirə qatılmasından qürur duyduğunu söylədi: "Görkəmli insanlar haqqında çox sözlər yazıla bilər. Anar haqqında nə qədər danışsan onu bir gündə anlatmaq mümkün deyil. Yazıçının dəyəri yazmaq deyil. Yazdıqdan sonra yazdıqlarının insanların ruhunda, qəlbində, ağlında yer edə bilməsidir. Anar da belə yazıçıdır. Bu üzdən onun ismi, şəxsiyyəti həmişə yaşayacaq. Anarı tanısanız onun ruhunu tanıyacaqsınız”. Qonaq Anarın gələn il olacaq 80 illik yubileyi ilə bağlı Türkiyədə silsilə tədbirlərin keçiriləcəyini qeyd etdi: "Bu tədbirlərə hazırlıq görülür. Həmçinin müxtəlif nəşrlərin çap olunması da nəzərdə tutulub”.
"Sizinlə daim görüşmək lazımdır”
Ən xoşladığı görüşlərin məktəblərdə şagirdlərlə olduğunu deyən yazıçı Anar bu tədbirləri "gələcəklə görüş” adlandırdığını bildirdi: «Siz gələcəyin adamlarısınız. Ona görə sizinlə daim görüşmək lazımdır». Mənəvi babalarımızdan danışan yazıçı «Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyov kimi insanlar olmasaydı, azərbaycanlılar bir millət kimi özlərini təsdiq edə bilməzdilər», - deyə qeyd etdi: «Həmçinin ölkəmiz müstəqilliyini də qazana bilməzdi. Azərbaycan müstəqilliyinə gedən yol bu insanların fəaliyyətindən keçib». Yazıçı son vaxtlar mətbuatda yer alan bəzi yazıların onu narahat etdiyini də dilə gətirdi: «Bir çox cavan müəlliflər elə hesab edirlər ki, keçmişdə nə varsa hamısını inkar etmək lazımdır. Onlar Mirzə Cəlilə, Sabirə əl uzadırlar. Deyirlər ki, dərslikdən Sabirin, Mirzə Cəlilin adını çıxarmaq lazımdır. Sabiri, Mirzə Cəlili çıxarandan sonra dərsliklərdə kim qalacaq? Cavan nəsilləri kimin timsalında tərbiyə edəcəyik? Onlar bəhanə edirlər ki, bu yazıçılar milləti tənqid ediblər. Onlar milləti tənqid etməyiblər, əksinə, millətə zidd olan cəhətləri tənqid ediblər. Milləti Mirzə Cəlil, Sabir, Mirzə Fətəli kimi sevən insanlar cəmiyyətin nöqsanlarını da, yaxşı cəhətlərini də deyiblər, bununla insanları tərbiyə ediblər”. Və yaxud deyirlər ki, «Sovet dövründə Yazıçılar Birliyi yaranıb, gəlin, onu inkar edək. Sovet dövründə Mirzə Cəlili böyük yazıçı hesab ediblər, gəlin, indi hesab etməyək». Bu kimi fikirlər düzgün deyil. Səthi münasibət bizə böyük zərər vurur”. Yazıçı şagirdlərə səslənərək: «Siz gələcəkdə də bu yazıçıları sevə-sevə oxumalısınız və bilməlisiniz ki, onların böyük vətənpərvərliyi və ürək yanğısı məhz yazdıqları tənqidi əsərlərində əks olunub». Hazırda «Qum saatı» adlı publisistik yazısı üzərində işlədiyini deyən yazıçı «Cəmiyyətdəki hadisələr, keçmişə münasibət qum saatını xatırladır. Keçmişdə olan hər şeyi inkar etmək olmaz. Hər şey dəyişir, tamam başqa dəyərlər ortaya çıxır. Hər şey qum saatına aid olanda vaxtı göstərir, amma cəmiyyətin həyatına aid olanda bu, düzgün deyil. İstəyirəm uşaqlar bu fikirləri unutmasınlar!”
Görüşdə Anarın sözlərinə həsr olunan mahnılar, əsərləri əsasında səhnəciklər təqdim olundu. Yazıçı Anara və Azərbaycan-Türkiyə ədəbi əlaqələrindəki xidmətinə görə Mehmet Nuri Parmaksıza Kaspi Təhsil Şirkəti adından plaketlər təqdim olundu.

Təranə Məhərrəmova








banner

Oxşar Xəbərlər