• cümə, 29 Mart, 05:30
  • Baku Bakı 7°C

“Hər lotereya bileti alan çekpotu udmur”

01.05.18 09:00 2558
“Hər lotereya bileti alan çekpotu udmur”
Bu günlərdə kino aləmində Namiq Ağayevin həm rejissorluq, həm də aktyorluq etdiyi "Ol” filmi müzakirə obyektinə çevrilib. Filmdəki hadisələr bir tərəfə, orada rol alan qəhrəmanlar da günün müzakirə mövzularındandır. Onlardan biri də Türkiyənin məşhur aktyoru Tuncər Salmandır.Filmin nümayişindən sonra Namiq və Vüsalə Ağayevlər ailəsi bizi aktyorla görüşə dəvət etdilər. Söhbətdən aydın oldu ki, N.Ağayevlə T.Salman bir müddət Türkiyə dövlət teatrında birlikdə işləyiblər. O gündən dostluqları davam edir və bu gün dostunun təklifi ilə aktyor Bakıdadır.Aktyoru Türkiyənin məşhur serialları "Kördüğüm”, "Kurtlar vadisi”, "Dila hanım”, "Annem”, "Osmanlı Tokatı”, "Kötü yol” və digər seriallardan tanıyırıq.
- Biz köhnə Yeşilcam filmlərinin böyütdüyü uşaqlarıq. Bu gün türk filmlərinin inkişafı göz önündədir. Türk film sektoru birdən-birə bu nüfuzu necə əldə etdi?
- Hesab edin ki, bir mahnı oxuyursunuz. Onu 4-5 dəfə oxuduqdan sonra dinləyirsiniz və siz dinlərkən harda səhvlər etdiyinizi eşidirsiniz. Dinlədikcə, səhvlərinizdən arınırsınız. Ancaq iki min, üç min dəfə oxuyanda, artıq siz o mahnı üçün albom çıxarırsınız. Türk serialları da onun kimi. Bu gün Türkiyə televiziyalarında nümayiş olunan serialın bir bölümü 140 dəqiqədir. Biz həftədə 140 dəqiqəlik bir bölümü yetişdirmək üçün gecə-gündüz çalışırıq. Bir şeyi çox çəkərək qüsurlardan, xətalardan arınmaq mümkündür. Hazırda bir serialı həftəyə yetişdirmək üçün yaradıcı heyət 3 hissəyə ayrılır. Belə ki, əgər bu məkanda serialın bir xətt üzrə gedən konflikti çəkilirsə, başqa bir yerdə eyni serialın digər xətti çəkilir. Türkiyə televiziyasında seriallar böyük sevgi qazanıb. Təcrübə isə çox işləyərək olur. Biz bu işdə təcrübəliyik. Tez, zamanında və keyfiyyətli iş görmək üzrə peşəkarıq. Bir zamanlar Latın Amerikanın seriallarını izləyir, onları idxal edirdik, indi Latın Amerikasına biz serialları ixrac edirik. Ərəbistan, Xorvatiya və digər ölkələrdə türk serialları, filmləri sevərək izlənilir. Onlardan biri də qardaş ölkə Azərbaycandır.
- Tuncer bəy, Türkiyədən baxanda Azərbaycan serialları necə görünür?
- Bu barədə kifayət qədər məlumat sahibi deyiləm. Əslində, öz küncümdə oturub dünya serial prosesində baş verən prosesləri araşdırmaq kimi bir xüsusiyyətim yoxdur.
- Bildiyimiz qədəri ilə, türk aktyorları seriallardan çox yaxşı pullar qazanırlar.
- Əslində aktyorlar seriallardan standart pullar almırlar. Misal üçün, bir rolu hər hansı aktyora min lirə də verib oynada bilərsən, 100 min lirə da. Məsələ göründüyü kimi deyil. Düzdür, türk aktyorları çox varlıdır, ancaq hamısı deyil.
- Bəs siz burdan təsəvvür edilən türk aktyorlarının o yaxtalarına, özəl təyyarələrinə, mərtəbəsi bilinməyən villa və daha nələrinəsə sahibsinizmi?
- Türkiyədə 20 il dövlət teatrında aktyor kimi çalışmışam. 2010-cu ildən bu yana teatrdan ayrılmışam. Dövlətin işçisi kimi çalışdığım müddətdə aldığım maaş ayımı güclə görürdü. Düzdür, qazancımız filmlərdən və seriallardandır. İndi teatrda deyil də, televiziyada çox güclü pullar var.
- Bəs, Namiq Ağayevin çəkdiyi "Ol” filmindəki obrazınıza görə nə qədər pul aldınız?
- Namiq mənə bir otaqlı ev hədiyyə etdi (gülürük). Düzdür, hələ ki evin açarlarını almamışam, amma növbəti layihədə bunu iki otaqlı bir evlə dəyişəcəyik. Təbii ki, bu, bir zarafatdır. Mən Namiqlə heç vaxt pul danışmaram. Bilirəm ki, hansısa layihəm olsa və onu çağırsam, o da sevərək gəlib çəkilər. "Ol” filminə görə ondan pul almamışam.
- Namiq bəydən ikinci bir film üçün təklif alsanız, onda da gəlib pulsuz çəkilərsinizmi?
- Əlbəttə, yenə də pulsuz çəkilərəm.
Kənardan Vüsalə Ağazadə müdaxilə edir: "Tuncər qardaş, siz müsahibədə elə deməyin”.
- Yox əşi, niyə işləyirəm ki?.. Aktyor da pulsuz filmə çəkilər? (gülürük)
- Türk seriallarının bir çoxunda model götürüb yetişdirirlər. Sonra o model məşhur aktyora çevrilir.
- Əvvəllər elə idi, indi vəziyyət bir az başqa cürdür. Bir neçə il bundan qabağa qədər model və xarici görünüşü gözəl olan gəncləri seriallara dəvət edirdilər. Demirəm indi o sistemdən istifadə etmirlər. Ancaq hazırda çox nadir hallarda modelləri filmlərə dəvət edirlər. Bu gün çəkilən film və serialların yaradıcı heyətlərinə baxsanız, onların peşəkar aktyor olduğunun şahidi olacaqsınız. Ana xarakterlər mümkün deyil ki, qeyri-peşəkar olsun. Ola bilər ki, hansısa siması tanınmayan insanlara müraciət olunsun. Onların da yanında ana xarakteri oynayan aktyorlar var ki, digərlərini vəziyyətdən çıxarır. Seraillarda çəkilən aktyorların yüzdə doxsanını teatrlardan dəvət edirlər. Gözəl seçmək çətin deyil, amma məsələ sadəcə gözəl seçməkdə deyil. Burada təsadüf deyilən bir şey də var. Hər lotereya bileti alan çekpotu udmur.
- Reallıqda budur ki, teatrda çalışıb aktyorluğun kökünü bilən insan bəzən dünən ortalığa çıxan model qədər tanınmır.
- Təəəssüf ki, sistem belədir. Ancaq o modellər də özlərini yetişdirirlər. Gözəllik də bir yerə qədərdir. Düzdür, sənətdə gözəllik çox önəmlidir. Mən sadəcə üz gözəlliyini qəsd etmirəm. Aktyorun bir şarmı olmalıdır. Siması gözəl olan aktyor da fiziki görünüşünə güvənib çox uzağa gedə bilməz.
- Çəkildiyiniz seriallarda daha çox mənfi qəhrəmanları canlandırmısınız. İnsanların nifrətini qazanmaqdan qorxmamısınızmı?
- Əsla. İndi zəmanə başqadır. Serialı izləyən adi bir vətəndaş belə, serialın necə ərəsəyə gəlməsindən xəbərdardır. Telefonu iki yaşında uşağa versən, səndən daha yaxşı istifadə edər. Əvvəllər Erol Taşa səhnədə daş atıblar. O da deyib ki, "bu, daş deyil, siz səhnədə mənə çörək atırsınız. Mən sizi özümə o qədər nifrət etdirmişəm ki, buna inanmısınız”. Hər filmdə pis rol oynayan insan həyatda pis olmur.
- Son dönəmlər Türkiyədə bir sima bir çox seriallarda oynayır. Ancaq ondan öncə tanınmış aktyorlar isə uzun zamandır filmlərdə görünmür. Bu nədən qaynaqlanır.
- Televiziya özünü yeniləyir: alır, istifadə edir və atır. Necə ki, kompyuter sistemi özünü yeniləyir, onun kimi. Televiziyalar pul üçün seriallar çəkir. Misal üçün, mən heç bir televiziya filmində və ya serialında gedib pulsuz oynamaram. Amma ümumi rejissor və dostlarımın filmlərində pulsuz da oynayaram. Unutmayın ki, televiziya üçün çəkilən seriallar puldur. Bizdə kanallar özləri seriallarını çəkdirirlər. Hazırda Türkiyədə büdcəsi bir milyon lirədən aşağı serial çəkilmir. Mən böyük kanallardan danışıram.
- Serial çəkən rejissorların öz çevrəsi və əhatə dairəsi olduğunun və hər dəfə bir layihəyə başlayanda eyni simlardan istifadə etdiklərinin tez-tez şahidi oluruq. Sizdə də eyni proseslər gedir?
- Əlbəttə, niyə yoxdur? Əslində mən bir rejissorla çox çalışmıram. Oynadığım filmlərin davamını çəkəcəyik deyirlər, məcbur oynayıram. Ancaq serial başqa şeydir. Serial pul deməkdir.
- Sosial həyatınız varmı?
- Var, amma o qədər də aktiv deyiləm. Bunu lazım bilmirəm.
- Amma indiki dövrdə bir aktyorun nə qədər məşhur olduğunu onun "İnstagram”dakı izləyici sayının çoxluğu təsdiqləyir.
- Mənim o qədər çox izləyicim yoxdur. Ancaq öz tanıdığım adamları dostluğuma qəbul edirəm. Bu gündən sonra stresli iş görmək mənə uyğun deyil. İndi rahat bir həyat yaşamaq istəyirəm. Mənim həyatım tək filmdən və serialdan ibarət deyil.
- Türk filmlərinin keyfiyyətindən danışdıq. Çox istərdim ki, türk filmlərinin Oskar mükafatı almamağına da toxunaq.
- Bir neçə il bundan öncə 67-ci Kann Festivalının qalibi türkiyəli rejissor Nuri Bilgə Ceylanın "Qış yuxusu” filmi seçildi. Ancaq Oskarın sistemi tamam başqa cürdür. Oskar Akademiyası deyilən bir yer var. Bu filmləri həmin akademiyalar təsdiq edir. Təbii ki, işin içində siyasət də var. Eyni zamanda, burda dünyadakı insanlara qarşı olan irqçilik əsas yer tutur. Amerika filmi büdcəsində və texnologiyasında olan bir film Türkiyədə çəkilməyib. Türkiyədə çəkilən filmlərin ən yüksəyi 8-10 milyon dollarlıq filmdir. Ancaq Amerikada 500 milyon dollara film çəkilir. Təsəvvür edin ki, bir amerikan aktyoruna 20 milyon dollar qonorar verilir. Hollivud filminin bu gün ən az büdcəlisi 100 milyon dollardır. Onun da 50 milyon dollarına aktyor alırlar.
- Ancaq türk filmləri keyfiyyət baxımından Oskara namizəd olan filmlərdən heç də zəif çəkmir. Misal üçün, Can Ulkayın "Ayla” filmi bu mükafatı sorğusuz ala bilərdi.
- Çox gözəl bir film idi. Amma niyə Oskar almadığı ilə bağlı heç bir fikrim yoxdur. Münsiflər heyətinə "niyə almayıb” deyə sual versək, bizə milyon dənə səbəb gətirərlər. Elə düşünürəm ki, filmə nə qədər çox pul qoysan, bir o qədər reytinq və mükafat gətirər. Hollivud bir film istehsal edəndə onu marka edir və onun üzərindən istifadə edir. Halbuki istehsal etdiyi film o qədər dəyərli deyil. Amma bunu markaya çevirməyi bacarır.
- Aktyor olmasaydınız, hansı sənəti seçərdiniz?
- Mənim ən yaxşı görə bildiyim iş aktyorluqdur. İnsanın bir yeri, məkanı olmalıdır. Mən aktyorluqdan başqa bir sənət düşünməmişəm. Həyatda hər işi görərəm. İlk dəfə 19 yaşımda inşaatda fəhlə kimi çalışmışam. Atam bizi zəhmətkeşliyə öyrədib. "Aktyorluq olmasa, həyatım bitər, yaşaya bilmərəm” kimi ümidsizliyə qapılmaram. Əgər aktyor kimi filmlərə dəvət almasam, gedib sürücü işləyərəm.
- Seriallara və filmlərə dəvət alarkən oynayacağınız obrazı incələyirsinizmi və bu mövzuda nə qədər seçicisiniz?
- Əlbəttə, hər təklif olunan obrazı oynamıram. Düzdür, aktyor hər şeyi oynayar. Adı üzərində: oynamaq. Filmdə mənfi qəhrəmanı canlandıranda, real həyatda da pis insana çevrilmirsən. Aktyorluq - oynaya bilmək deyilən bir istedada sahib olmaq deməkdir. Amma baxaram, əgər görsəm ki, onun gələcəyi yoxdur, oynamaram. Mən hər zaman kralı və baş rolu oynayası deyiləm ki... Biz universitetdə aktyr olaraq yetişdirildik. Əgər təsadüfən gəlib aktyorluğa düşsəydim, o zaman obrazları seçərdim. Misal üçün, elə aktyorlar var, deyir ki, mən homoseksual obrazını canlandırmaram. Nə üçün? Bu obrazı canlandırsan, homoseksualmı olacaqsan?
- Siz oynayarsınızmı?
- Əlbəttə, oynayaram. Bu, bir filmdir. Əgər oynamaram deyərsənsə, aktyor deyilsən. Tutaq ki, adi bir əsgəri oynayırsan və deyirsən ki, havada, dənizdə, torpaqda vətənimi qorumağa hazıram. Ancaq aktyora deyəndə ki bu kadr üçün hasardan tullanmalısan, deyir ki, mən tullana bilmirəm. Aktyor hər bir obrazın öhdəsindən gəlməyi bacarmalıdır. Biz qadın obrazı da canlandırırıq. O saat qadın olmuruq ki? Bu mövzularda mən çox həssasam.
- Hazırda hansı film üzərində çalışırsınız?
- Hazırda ruslarla ortaq bir layihə həyata keçiririk. Qışda İkinci Mahmud dövründən bəhs edən maraqlı bir layihə işlədik. Bu serialın montaj işləri gedir. İkinci Mahmud dövrü rusları cəzb edir. Təsəvvür edin ki, İstanbulda gözəl bir hekayə çəksəm, bu, onların diqqətini çəkməz, amma tarixə qarşı çox maraqlıdırlar. Yaxın zamanda sizlərin də bu layihədən xəbəri olacaq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər