AZE | RUS | ENG |

Hər öldürülən qadın “namussuz”durmu?

Hər öldürülən qadın “namussuz”durmu?
Mehriban Zeynalova: “Namus üçün öldürülmə məsələsi ümumi cəmiyyətdə inamsızlığa, yeni qurulan ailələrdə psixoz vəziyyətə gətirib çıxarır”


Bir neçə gün öncə paytaxtda baş verən dəhşətli qətl hadisəsi cəmiyyəti şoka saldı. Ata öz qızını və həyat yoldaşını baltalayaraq amansızlıqla qətlə yetirdi. Xüsusən son vaxtlar təkrarlanan bu tip hadisələr bir qrup QHT təmsilçisi, hüquq müdafiəçisi, media nümayəndəsi, tələbə, siyasi məsləhətçini ölkə başçısı İlham Əliyevə müraciət etməyə məcbur etdi. Onlar son zamanlar artmaqda olan məişət zorakılığı hallarından narahatlıqlarını dilə gətirdilər.
Müraciətə imza atan “Təmiz Dünya” qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, cəmiyyətin bütün tərəqqipərvər qüvvələri buna birlikdə təpki göstərə bilsə, bu cinayət faktı sonuncu olar.

Qadın polislərin sayı çoxalarsa...

- QHT-lər qadınların zorakılığa məruz qalması ilə bağlı prezidentə müraciət ünvanlayıb. Bu addımı bu günlərdə atası tərəfindən qətlə yetirilən jurnalist qızın ölümünə görə atdınız, yoxsa səbəblər daha çoxdur?

- «Təmiz dünya» təşkilatı hər il məişət zorakılığı ilə bağlı monitorinq keçirir və zorakılığa məruz qalan qadınların sayını müəyyənləşdirir. Monitorinq üçün çap mediasında yer alan bu səpkili materialları əsas götürürük. Qadınların müxtəlif hallarda öldürülməsi ilə bağlı mesajlar veririk. Hətta keçən il öldürülən qadınların hansı vasitələrlə qətlə yetirilməsi ilə bağlı 16 günlük aksiya keçirdik. Onların adlarını yazaraq dəyirmi masada diqqəti cəlb etməyə çalışdıq. 8 Martda onların adları yazılan şəkillərini eyni formada stola düzdük. Yəni bu bayram onların da haqqıdır. Ancaq gördük ki, bu mesaj diqqəti o qədər cəlb etmir. Məni həmişə narahat edən məsələlərdən biri budur ki, nə üçün öldürülənlərin hamısına «namussuz» deyirlər? Əksəriyyət ailələrdə bu, belədir. Nə üçün bu yolla cinayətdən yaxa qurtarmağa çalışırlar? Nə üçün cəmiyyət doğrudan da bu qadınlar haqqında fikir yönəldir ki, «onlar doğrudan da namussuzdurlar»? Namus üçün öldürülmə məsələsi ümumi cəmiyyətdə inamsızlığa, yeni qurulan ailələrdə psixoz vəziyyətə gətirib çıxarır. Yəni heç kim heç kimə etibar eləmir. Hər an təhdidlər, hər hansı izləmələr, inamsızlıq ailədə hökm sürür. Bunlar hamısı bugünün məsələsi deyil, sabaha yönəlmiş çox ciddi məsələlərdir.
Biz hüquqi, dünyəvi dövlətdə yaşayırıq. Biz hər bir cəhətdən baş verən hadisələrə hüquqi kontekstdən yanaşmalı, dərhal reaksiya verməliyik. Amma bu cür münasibət həmin adamların ciddi cəzalanmalarına, qınağına baryer yaradır. Bilərəkdən buna maneçilik törədirlər. Prezidentə müraciət etməyimizdə gənc bir jurnalistin, haqqında müsbət rəy olan bir qızın öldürülməsi doğrudan da ciddi təkan oldu. Sağ olsun, ictimai xadimlərimiz, bu məsələyə dəstək verdilər və prezidentə bu müraciəti hazırladıq.

- Siz müraciətdə qadın polislərin sayının artırılması ilə bağlı təklif də irəli sürmüsünüz. Bu, nəyi tənzimləyə, hansı hadisələrin qarşısını ala bilər?

- Çox vaxt qadınlar baş verən zorakılıqlar, cinayətlərlə bağlı polisə şikayət etmirlər. Çünki orada çalışanlar kişilərdir. Qadın polisin evə daxil olması hər hansı formada qısqanclıq və ya qıcıq yaratmır. Bütün dünyada məhz qadınlara qarşı zorakılığın qarşısını almaq üçün qadın polislərin sayını artırırlar. Eləcə də polislərlə sosial işçilərin birgə əməkdaşlığını gücləndirirlər. Mən beynəlxalq təcrübənin olduğu kimi gətirilməsinin əleyhinəyəm. Amma bu hər halda müsbət təcrübədir. Qadınlar kişi polislərə heç vaxt heç nə demək istəmirlər. Deyirlər ki, «biz dərdlərimizi onlarla bölüşə bilmirik. Bizə qarşı edilən zorakılıqlar haqqında ətraflı məlumat verə bilmirik. Zorakılığın hansısa formalarını bölüşməkdə çətinlik çəkirik». Qadın polislər bu məsələdə qadınlara dəstək ola bilər. Biz həmçinin, təklif edirik ki, qadın polislərdən əlavə, sosial işçilər də evlərə getsinlər və bu məsələ ilə bağlı hazırlıqlı olsunlar.


Yel dəyirmanı ilə mübarizə

- Xarici ölkələrdə zorakılığa məruz qalan qadınlar üçün sığınacaqlar mövcuddur. Səhv etmirəmsə, sizin təşkilatın nəzdində də belə bir sığınacaq fəaliyyət göstərir.

- Bəli, zorakılığa məruz qalan qadınlar üçün sığınacaq bizim təşkilatın nəzdində var. 2002-ci ildən fəaliyyət göstərir. O vaxtdan bəri yüzlərlə insana sığınacaqlar verilib, onlara yardım göstərilib, reabilitasiya edilib. Ancaq təəssüflər olsun ki, bu sığınacağa dəstək verən yoxdur ki, onun ərazisi genişlənsin və daha çox adama xidmət göstərə bilək. Əfsus ki, dünən Milli Məclisdə millət vəkillərindən biri «Azərbaycanda sığınacaq yoxdur» dedi. Bax, bu biganəlik, bu cür yanaşma gətirib ona çıxarır ki, elə bil biz yel dəyirmanı ilə tək döyüşürük. İstənilən dövlətdə bu cür sığınacaqlara din adamları, imkanlı şəxslər dəstək verirlər. Amma bizdə bu məsələyə biganəlik var. Hamı xeyriyyəçilikdən danışır, hamı hansısa köməkdən söhbət açır. Qurban bayramında qurbanları sürü ilə uşaq evlərinin qarşısına yığırlar və ya harasa aparırlar. Amma bir adam düşünmür ki, burada qadınlar, uşaqlar var, onlara da yardım etmək, həyat şəraitlərini yaxşılaşdırmaq lazımdır. Eləcə də Azərbaycan Uşaq Birliyinin nəzdində uşaqlar üçün sığınacaq, həmçinin «Ümid yeri» var. Amma qadınlar üçün yeganə sığınacaq bizim təşkilatın nəzdindədir. Başa düşmək lazımdır ki, qadın sığınmasa onun uşağı küçədə qalacaq, özünü əxlaqsızlığa yönəldəcəklər, kriminal qruplar onlardan bəhrələnəcəklər. Vaxtında bu prosesin qarşısını almaq, reablitasiya etmək, ailəsinə qaytarmaq, ailə ilə danışıqlar aparmaq lazımdır. Amma bu kimi işlərdə heç kim bizə dəstək vermək istəmir. Biz daha çox imkanlı adamlara üz tuturuq. O adamlara ki, onlar «biz doğrudan da xeyriyyəçilik edirik, qazandığımızın bir hissəsini xeyriyyəçiliyə xərcləyirik» deyirlər.

- Elə isə qadınların sığınacaqdakı təminatı hansı vəsait hesabına həyata keçirilir? Hər halda onların yemək-içməyə, geyim-keçimə və s. ehtiyacları var?
- Hansısa kiçik qrant olanda ora yönəldirdik. Amma demək olar ki, mən öz cibimdən xərcləmişəm. Öz evimdir, ofis etmişəm, darısqaldır, onun bir hissəsində işçilər oturur, bir hissəsində də qadınlar yaşayır. Bu şəraitdə illərdir ki, bu qadınları saxlayıram. Keçən il 115 nəfər sığınacaqda qalıb. Ondan əvvəlki illərdə də rəqəm fərqli olub. Biz onların normal həyata qayıtmaları üçün əlimizdən gələni edirik. Amma nə olsun?..

- Sığınacağa üz tutan qadınlar ən çox kim tərəfindən zorakılığa məruz qalırlar?

- Çoxu məişət zorakılığının qurbanlarıdır. Bundan əlavə, müxtəlif qruplar – narkotik istifadəçisi olub və bizdə reablitasiyadan keçib, insan alverinin qurbanı olub və ya zorlanmış qadındır və b. çox müxtəlif adamlar olub. Hazırda isə sığınacaqdakılar məişət zorakılığının qurbanlarıdır.

- Ümumiyyətlə, monitorinqlərinizin nəticəsi nə göstərir: qadınlar ən çox hansı zorakılıqlara məruz qalırlar?

- Ən çox namus üstündə öldürülürlər. Ərləri, qardaşları, ataları və ya keçmiş ərləri tərəfindən zorakılığa məruz qalırlar. Biz hər il statistikanı açıqlayırıq. 2010-cu ildə 109, 2011-ci ildə 135, bu il 30 nəfər qadın öldürülüb. Bu il 18 nəfər, keçən il isə 46 nəfər ölüm təhlükəsi ilə üzləşib.

- Qadın zorakılığı ilə bağlı rayonlarda vəziyyət paytaxtla müqayisədə necədir?

- Öldürülən qadınlar əsasən Bakıda yaşayanlardır. Daha sonra sırada Sumqayıt, Gəncə və b. bölgələr durur. Biz harada oluruqsa, çalışırıq ki, Qaynar xəttin nömrələrini verək. Zənglər də olur. Amma yenə deyirəm, nə qədər adamı əhatə edə bilirik? Rayonlarda qadınlar müraciət etməyə yer tapmırlar. Mərkəzlərin fəaliyyəti xüsusən rayonlarda çox vacibdir. Onlar evlərə getməli, görüşlər keçirməlidirlər.

Əvvəlcədən problemi aşkarlasaq...

- Sizin müraciətdə qadınların məişət zorakılığına məruz qalması ilə bağlı ölkə teleməkanında pulsuz reklam çarxlarının yerləşdirilməsi məsələsi də yer alıb. Düşünürsünüz ki, bu təbliğatın böyük faydası ola bilər?

- Bütün ölkələrdə, hətta keçmiş MDB dövlətlərində bu cür problemlər baş verəndə, televiziyalar pulsuz reklam çarxlarına yer ayırırlar. Bizdə buna da imkan yoxdur. Müəyyən güzəştlə imkan verirlər, amma mən gəlib pulsuz reklam çarxını verim, insanları məlumatlandırım, telefonumu yayım – buna o qədər də imkan yoxdur. Əgər bu cür reklam çarxları yayımlansa, insanlar vaxtında müraciət edərlər. Dəyirmi masalarda müzakirələr də prosesə kömək edə bilər. Amma bir problem də var: 50 nəfər yığışıb müzakirə etsin, ancaq əhalinin qalan hissəsi o müzakirə barədə nə qədər məlumatlı olacaq? İnformasiyanın əlçatanlığını təmin etmək lazımdır. Bu işdə televiziya ən yaxşı vasitədir. Elə verilişlər var ki, həmin reklam çarxlarını onların arasında yerləşdirmək olar. Amma bu verilişlər arası qiymətlər o qədər yüksəkdir ki, yaxın düşmək olmur. Biz insanların hansı verilişlərə daha çox baxdığını bilirik. Əgər o verilişlərdə reklam çarxları yerləşsə, insanlar zəng vurar, məsləhətlər alarlar. Bizim Qaynar xəttə dəfələrlə zənglər olur. Neçə-neçə ailənin dağılmasının qarşısını almışıq, neçə-neçə ailənin təzədən birləşməsinə kömək etmişik. Bunlar təcrübədir. Bilirsinizmi, mən istəmirəm ailələr dağılsın. Biz ona çağırmırıq ki, sənə kimsə bir sillə vurdusa, dur gəl, ayrıl, boşan və s. İstənilən halda vəziyyəti öncədən qiymətləndirmək lazımdır: bu zorakılıq nədən baş verib? Bəlkə kişi üçün də, qadın üçün də müəyyən psixoloji reablitasiya kursu lazımdır? Və ya bəlkə boş bir ehtiyacdan bu münaqişə yaranır? Yaxud hansısa məlumatlandırmaya ehtiyac var? Bu cür məsələlər prosesi qabaqlamaq üçün çox vacibdir. Biz nəyə görə sığınacaqlara çox pul xərcləməliyik? Halbuki əvvəlcədən problemi aşkarlasaq, bu qədər də sığınacaqlara xərc getməz.

- Bizdə “Məişət zorakılığının qarşısının alınması” haqqında qanun qəbul edilib. Sənəd zorakılığın qarşısının alınmasında hansı rolu oynayır?

- Qanunun özü cinayət məsuliyyətini o qədər ortaya qoymur. Sənəddə mühafizə orderi məsələsi də yer alıb. Ancaq bu məsələnin özü sonadək işlənməyib. Nazirlər Kabineti uzunmüddətli mühafizə orderi ilə bağlı qərarı qəbul edib. Qısamüddətli orderlə bağlı qərar isə yoxdur. Ancaq bu qərar olmayınca “uzunmüddətli”ni tətbiq etmək olmaz. Hələ ki heç kəs də onun tətbiqi ilə bağlı danışmır. Ən azı, zorakılıq törədilirsə və ailə də bununla bağlı məlumatlıdırsa, müraciət edər və bununla əlaqədar müəyyən tədbirlər görülər. Mühafizə orderinin özündə də mən hələ müsbət tərəf görmürəm. Çünki mühafizə orderi Avropadan gəlmiş bir tendensiyadır və bu, kiçik ailələr üçündür. Bizdə isə bildiyiniz kimi, böyük ailələrdir- qayınata, qayınana, baba, nənə, qayın, baldız, əmi, dayı... Biz bu mühafizə orderini tətbiq edəndən sonra qadın o böyük ailə içərisində nə qədər təhlükəsiz yaşayacaq? Zorakılığın başqa forması ilə üzləşməyəcək ki? Bilirsinizmi, qanun qəbul ediləndən sonra da problemin ümumi mənzərəsində heç nə dəyişməyib və əksinə, bu hallar çoxalıb və daha qorxulu çalarlar almağa başlayıb.

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112