• çərşənbə axşamı, 23 aprel, 15:59
  • Baku Bakı 24°C

Hər kəsin öz vaxtı - Fotolar

19.10.13 10:25 1843
Hər kəsin öz vaxtı - Fotolar
Günlər, aylar göz qırpımında ötüb keçir. Artıq bu gün dəyərli həmkarımız, gözəl ailə başçısı, mehriban ata, peşəkar jurnalist, həqiqi ziyalı, nəcib və təvazökar insan, yüksək mədəniyyət sahibi Rafiq Sədrəddinovun qırxıdır.
Rafiq Niyazi oğlu Sədrəddinov 1945-ci ilin 14 avqust tarixində Şəkidə dünyaya gəlib. Jurnalistikaya uzaq 1969-cu ildə Sumqayıtda çıxan “Ximik” qəzetinin məsul katibi kimi qədəm qoydu. Cəmi bir il sonra artıq “Komunist Sumqaita” qəzetinə ədəbi işçi olaraq qəbul edilir, tezliklə də redaktor vəzifəsinə keçirilir. Sonrakı dövrdə imzası nüfuzlu nəşrlərdə görülən bu qələm ustası müxtəlif illərdə Bakının “İdman-Sport”, Moskvanın “Sovetski Sport”, Bakının “Bakinski Raboçi”, daha sonra da Moskvanın “Qudok” qəzetinin Azərbaycandakı xüsusi müxbiri olaraq çalışır. 1987-ci ildə SovİKP Mərkəzi Komitəsinin orqanı “Pravda” qəzetinin Azərbaycan bölməsinin baş müfəttişi vəzifəsinə təyin olunur.
SSRİ-nin dağılması Rafiq müəllimin jurnalist fəaliyyətinə nəinki təsir etmədi, əksinə, əzəli prinsiplərinə sadiq qalan mahir jurnalist qələminin kəsərliyini bir az da artırıb yeni mətbuatımızda tez-tez çıxış etməyə başlayır. 1990-cı ildən “Tərəqqi” qəzetinin redaktoru, 1992-ci ildən “Mir futbola” qəzetinin redaktor müavini, 1999-cu ildən isə “Naş vek” qəzetinin baş redaktor müavini kimi fəaliyyət göstərib. Azərbaycan mətbuatının ən qocaman orqanı “Kaspi” qəzetilə bağlı da nə qədər ümidləri vardı...
Azərbaycan Dövlət Universitetinin məzunu olan Rafiq Sədrəddinov əslində tələbəlik dövrününün lap əvvəlindən mətbuatda işləyib. Şübhəsiz ki, jurnalist fəaliyyətinin zirvəsi də ümumittifaq “Sovetski Sport” qəzetinin Azərbaycandakı xüsusi müxbiri vəzifəsini yerinə yetirməsi oldu. Orta və yaşlı nəsil həmin qəzetin bütün SSRİ boyu ən çox oxunanlardan olduğunu yaxşı xatırlayır. Odur ki, Rafiq müəllim Moskvada da, Azərbaycanda da böyük nüfuz sahibi olub. Reportajları, Azərbaycan idmanı haqqındakı yazıları xeyli oxucu cəlb edirdi.
Rafiq söhbət edirdi ki, Bakıda keçirilən geniş miqyaslı yarışla əlaqədar rəhbərlik ona sərt tənqidi yazı hazırlamağı tapşırmışdı. Görünür, Moskvada kimlərsə Azərbaycanla “haqq-hesab çürütmək” həvəsinə düşmüşdülər. Beləliklə, Rafiq müəllim Azərbaycan rəhbərliyilə olan isti münasibətlərini korlamaq bahasına da olsa tapşırığı yerinə yetirmək, tapşırıqdan imtina edib xüsusi müxbir vəzifəsindən getmək, yaxud məsələni nə şiş yansın, nə kabab misalı həll etmək arasında seçim qarşısında qaldı. Və üçüncü yolu seçdi. Həmin tənqidi yazını yazıb gətirir o vaxtlar Bakının birinci katibi Fuad Musayevin masası üstünə qoyur. Ertəsi gün də Moskvaya yola düşür. Yazı isə işıq üzü görmədi.
...Həmin o başabəla günədək idmançı bədənli, şux, 68 yaşında ikən uzaqbaşı 55 yaş göstərən Rafiq üçün həyat adi axarı ilə gedirdi. Çöhrəsində yüngül, bir az istehzalı təbəssümlə, qıvraq, səliqəli geyinmiş Rafiq müəllim redaksiyaya ayaq basan kimi həmkarları ilə bir qədər zarafatlaşıb həftənin gündəmini saf-çürük etməyə başlayardı. Həftəlik qəzetin siyasət şöbəsi müdiri olmaq zarafat deyil, daim hadisələrin nəbzini tutmaq lazım gəlir. Rafiq müəllim də uzun illərin təcrübəsilə bunu gözəl bacarırdı.
...O gün Rafiq həmişəkindən tez evə getdi. Ayrılanda “uşaqlar, nəsə naxoşlamışam, bir az müalicə olum, geri qayıdana kimi məni əvəzləyərsiniz” dedi. Üstündən keçən bir neçə gün ərzində müntəzəm şəkildə əlaqə saxladıq, hal-əhval tutduq. Avqustun 14-də redaktorumuz İlqar Hüseynov doğum günü münasibətilə təbrik etmək üçün Rafiq müəllimə zəng vurdu. Qısa söhbətdən sonra hiss etdik ki, İlqar müəllim bərk dilxordur...
Hamımız dərindən sarsılmışdıq, amma Rafiqi yaxalayan dəhşətli xəstəliyi öyrənəndə daha da pis olduq. Özü diaqnozunu bilmədi, amma artıq son günlərini, hətta son saatlarını yaşadığını hiss etmişdi.
Bu gün Rafiq Sədrəddinovun qırxıdır. Mərhum dostumuz haqqında hansı səpgidə yazmaq barədə xeyli düşünüb-daşındıqdan sonra əzizlərini, qardaşları Ramizi və İlqarı, qızları Nərgizi və Nigarı redaksiyaya dəvət edib sadəcə söhbət etməyi qərarlaşdıq.
Rafiq üç qardaşdan böyüyü olub. Əslində milis işçisi də ola bilərdi. Əsgərliyi Biləcəri qəsəbəsində daxili qoşunların hərbi hissəsində keçirən Rafiq ali təhsili başa vurub jurnalist diplomunu aldığına görə əsgər yoldaşlarından yaşca böyükdü. İlqar qardaşının dediyinə görə, komandanlıq ali təhsilli olduğunu nəzərə alıb onu kargüzar, tabur komsorqu təyin etmişdi, hətta ona divar qəzetini də hazırladırdılar. Elə o vaxt Rafiqə milisdə işləməyi təklif etsələr də, seçdiyi ixtisas üzrə çalışmağı üstün tutdu.
Rafiq daha çox idman jurnalisti kimi tanınsa da, başqa mövzularda da yazırdı. Ortancıl qardaşı Ramiz bunda qəribə şey görmür: “İdmana cavanlıqdan meyl göstərib. Uşaqlıqda güləşlə, həndbolla müntəzəm məşğul olub. Sonradan jurnalist işlərilə əlaqədar idman dairələrilə yaxınlaşdı, bütün məşhur idmançıları tanıyırdı. Ümumiyyətlə, idman sahəsinin vurğunu idi”.
Rafiq Sədrəddinov həqiqi vətənpərvər olub. 1990-cы ilin qanlı 20 yanvar gecəsi o da düşmən qarşısına çıxan qeyrətli vətən oğullarımızın ilk sıralarında olub. Həmin illər Qarabağ, Çeçenistan müharibələrinə çox can yandırır, sonradan İraqda, Liviyada, Suriyada baş verən qanlı hadisələrə biganə qala bilmirdi. Böyük qızı Nərgizin danışdığına görə, hətta yataq xəstəsi olduğu günlərdə belə əlilə televizorun pultunu tapıb Azərbaycana, Suriyaya dair xəbərləri dinləmək üçün səsi artırardı. “Son illər Allaha üz tutmuşdu. Qatı mömin olmasa da, hər dəfə müqəddəs ramazan ayı oruc tutar, bizə də tapşırardı” – deyə Nərgiz xatırlayır.
Rafiq müəllimin kiçik qızı Nigar da atasının çox məsuliyyətli və dəqiq olduğunu, işdən, qohumgilindən övladlarını götürməyə gələrkən bircə dəqiqə gecikmədiyini xatırlayırdı. Göz yaşları içində olsa da, bir dəfə atasının onu aparmaq üçün iş yerinə gələndə küçənin qarşı tərəfində olsa da, onu gözləməyib yolu keçdiyini və əlindən tutub uşaq kimi o biri tərəfə keçirdiyini gülümsəyərək danışdı.
Yazı üçün şəkillər haqda söhbət düşəndə Nigar heç gözləmədiyimiz bir şey dedi: sən demə, Rafiq müəllim şəkil çəkdirməyi xoşlamazmış. O daha çox dost-tanış arasında olmağı, uşaqları gəzməyə, dəniz qırağına aparmağı sevərdi: “Mənim jurnalist olmağımı çox istəyirdi. Kiçik, mənə görə əhəmiyyətsiz yazılar yazırdım, atam isə uşaq kimi sevinir, hamıya göstərirdi. Amma jurnalistika fakültəsini bitirsəm də, ixtisasım üzrə işləmədim. Çünki atam kimi ola bilməzdim, indi addımbaşı rast gəldiyimiz “jurnalist”lərdən isə olmağı özümə sığışdırmadım”.
Ümumiyyətlə Rafiq müəllim nəslinin ağsaqqalı kimi bütün qohum-ərqəbasına qarşı çox diqqətli idi, qayğı göstərərdi. Tez-tez Şəkidəki qohumlarına zəng vurar, problemlərilə maraqlanar, imkan daxilində köməyini əsirgəməzdi. Məsələn, daim yaxınlıq göstərdiyi, tez-tez nərd oynadığı əmioğlusu Yaşar bir gün nərd oynamaqdan boyun qaçıranda şübhələnir. Məlum olur ki, son vaxtlar Yaşarın səhhəti pisləşib. Dərhal onu Sumqayıtdan Bakıya gətirib həkimlərə göstərir. Həkimlər də vaxtında məsələnin üstünə düşdüklərini, bir az ləngisəydilər artıq gec olacağını bildirirlər. Yəni Rafiq əmioğlusunun həyatını xilas edib.
Rafiq müəllim mərd insan olub, yalanı, yaltaqlığı, riyakarlığı qəbul etməz, kimliyinə baxmadan sözünü yeri gələndə yüksək vəzifə sahibinə də açıqca, üzünə söyləyərdi. Mənim də üstümdə haqqı az olmayan Rafiq bir dəfə iş yerimi dəyişmək lazım gələndə təsadüfən ümumi dostumuz bizi tanış edərkən qısa söhbətdən sonra ertəsi gün redaksiyada məni gözləyəcəyini bildirmişdi. Beləcə həmin gündən “Kaspiy”qəzetində işə başladım. Bəli, fəhmlə insanları duymağı bacarırdı. Heyf ki, cəmi yarım il bir yerdə işləmək nəsib oldu...
Rafiq Sədrəddinov haqqında çox yazmaq olar.
Vəfatından səhərisi gün bir yazını çıxarmaq üçün redaksiyadakı kompüterinə yaxınlaşdım. Hər gün adətincə səliqə ilə klaviaturanın üstünə qoyduğu eynəyi yenə də orda idi. Eynəyi yerindədi, Rafiq isə yoxdu. Qeyri ixtiyarı arxaya, qapı tərəfə boylandım: indicə həmişəki təbəssümülə Rafiq içəri girəcək... Amma girmədi. Bir daha girməyəcək. Bir daha onun qapı ağzından zarafatyana dediyi “hə, bəsdir işlədiz, gedək dovğa yeyək” sözlərini eşitməyəcəyik. Ötən qırx gün ərzində dovğa yeyə bilmirəm. O dəqiqə gözüm qabağına şux qamətli Rafiq gəlir. Təbiətcə nikbindi, heç vaxt şikayət etməzdi, o cümlədən səhhətindən də. Neyləyəsən ki, əcələ çarə yoxdur...
Əli Səidov

banner

Oxşar Xəbərlər