• şənbə, 20 Aprel, 09:47
  • Baku Bakı 14°C

Hər kəsin məsuliyyətini müəyyən edən konkret sənəd

27.09.14 11:28 1406
Hər kəsin məsuliyyətini müəyyən edən konkret sənəd
Bu həftə ölkə başçısı İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncam imzalayıb. Həmin sərəncamla Azərbaycan Mətbuat Şurasına (MŞ) tövsiyə olunub ki, hərbi sahədə milli təhlükəsizliyimizə xələl gətirə bilən məlumatların KİV-də, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə KİV və əhali arasında təbliğat-izahat işini təşkil etsin. Müdafiə Nazirliyinə isə tapşırılıb ki, cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görsün. Bununla yanaşı, KİV-də və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etsin.
Sərəncamda qeyd olunan tövsiyə və tapşırıqlarla bağlı fikirlərini “Kaspi”yə bölüşən MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli avqustun ilk günlərində cəbhə bölgəsində yaşanan gərginlik vaxtı Şuranın operativ fəaliyyət göstərdiyini, media qurumlarının monitorinqini həyata keçirdiyini, yanlışa yol verən media qurumlarının siyahısını hazırlayaraq ictimailəşdirdiyini bildirib. Qeyd edib ki, MŞ proseslərin qızğın vaxtında 4 dəfə bəyanatla çıxış edərək, media resursları, jurnalistlər və sosial şəbəkə aktivistlərinin hansı yanlışlara yol verdiklərini, hansı hərəkətlərə yol verməməli olduqları barədə aydın fikir formalaşdırmağa çalışıb. Onun sözlərinə görə, Prezident İ.Əliyevin 24 sentyabr tarixli sərəncamla MŞ-a önəmli bir məsuliyyət həvalə etməsi həm də, məhz Şuranın operativ və düzgün fəaliyyətinə verilən bir qiymətdir: “Cəbhə bölgəsində yaşanan gərginlik vaxtı Azərbaycanın bəzi media qurumları, jurnalistləri və sosial şəbəkə aktivistləri yanlışlıqlara yol verdilər. Uzun müzakirələrdən sonra belə qənaətə gəlindi ki, bunun bir səbəbi jurnalistlərin bəzisinin, sosial şəbəkə aktivistlərinin isə əksəriyyətinin mövcud qanunlardan xəbərsiz olması, bilgisizlikdən səhvə yol vermələri ilə bağlıdır. İkinci səbəb bir qisim internet media resursları, jurnalistlər və sosial şəbəkə aktivistlərinin bilərəkdən, qərəzli şəkildə antiAzərbaycan xarakterli informasiyaların dövriyyəyə buraxılmasına şərait yaratmalarıydı. Biz çıxış yolunu qanunu bilməyənlər üçün geniş maarifləndirmə işi aparmaqda, onların növbəti dövrdə belə səhvlərə yol verməsinin qarşısını almaqda görürdük. Qanunu bilərəkdən pozanlar üçünsə, artıq qanunun sərt müddəaları tətbiq edilməsini, qanunlardakı boşluqların aradan qaldırılmasını zəruri sayırdıq. Amma müzakirələr zamanı bir məsələ açıq qalırdı ki, maarifləndirmə işi kim tərəfindən, hansı mexanizmlərlə həyata keçirilməli, bu proseslərə kimlər cəlb edilməli, kimlər məsuliyyət daşımalıdır. Prezidentin 24 sentyabr tarixli sərəncamı qeyd edilən müzakirələrin hüquqi yekunlaşmasıdır. Bu sərəncamı incəliklə işlənmiş fəaliyyət proqramı, həmçinin, hər kəsin məsuliyyətini müəyyən edən konkret sənəd kimi qəbul edirəm”.
MŞ İH-nin üzvü, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı avqust ayında cəbhə bölgəsində baş verən proseslərə diqqət çəkərək, həmin olaylara bəzi media qurumlarının qeyri-peşəkar yanaşmasından sonra belə bir sərəncama ehtiyac duyulduğunu dilə gətirib. Qeyd edib ki, bu sərəncamla həm medianın, həm də müvafiq dövlət qurumlarının üzərinə düşən məsuliyyət tam dəqiqləşib: “Sərəncamda ən çox bəyəndiyim məqamlardan biri də cəbhə bölgəsində, Müdafiə Nazirliyi ilə işləyəcək jurnalistlər üçün akkreditasiya qaydalarının müəyyənləşdirilməsidir. Nazirlər Kabinetinə bununla bağlı konkret göstərişlər verilib və əsasnamə hazırlanacaq. Bundan sonra Müdafiə Nazirliyi ilə işləyəcək jurnalistlər və media qurumları hansısa bəhanələr gətirə bilməyəcəklər. Fikrimcə, bütün dövlət qurumları ilə işləyəcək jurnalistlər akkreditasiyadan keçirilməlidir. Bu, həm jurnalistlərin ixtisaslaşmasına kömək edir, həm də dövlət qurumlarının media ilə daha operativ, çevik, uzunmüddətli işləmələrini təmin edir. Ona görə də heç bir halda bu sərəncamı və orada tövsiyə olunanları söz və mətbuat azadlığının qarşısının alınması kimi qələmə vermək olmaz. Əksinə, bu sərəncam dövlət qurumlarının media ilə daha çevik işləməsinə şərait yaradacaq, jurnalistlər arasında peşəkarlığı, ixtisaslaşmanı bir qədər də artıracaq”.
MŞ İH-nin üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sərəncamın mahiyyətini bütövlükdə dəstəklədiyini diqqətə çatdıraraq, Mətbuat Şurasına edilən tövsiyələri də çox düzgün hal kimi qiymətləndirib: “Bununla bağlı hətta mənim təklifim də var idi ki, kritik dönəmlərdə Mətbuat Şurasının nəzdində bir komissiya yaradılsın. Əgər hərbi əməliyyatlar başlasa, fövqəladə vəziyyət yaransa həmin komissiya xüsusi qərargah yaradaraq, xəbərlərin, şərhlərin mətbuata müntəzəm şəkildə vahid mərkəzdən getməsinə şərait yaratsın. Dövlət başçısının son sərəncamı düşüncəmdəki bu kimi fikirlərlə üst-üstə düşdüyü üçün, məni qane edir. Bununla yanaşı, həmin sərəncamla sərhədyanı bölgələrdə yaşayan əhaliyə xüsusi statusun verilməsi məsələsi də gündəmə gəlir. Bu da çox yaxşı haldır. Amma ümumilikdə bu sərəncamda əsas məsələ, yaranmış situasiyada yanlış xəbərlərin, dezinformasiyanın, təşviş yaradacaq məlumatların mediaya yol tapmasının qarşısını almaqdır. Bu baxımdan sərəncam çox önəmli sənəddir. Çünki hər bir dezinformasiya əhalidə təşviş yaradır və bu da müharibə şəraitində yaşayan ölkədə yolverilməz göstəricidir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin çevikliyinin artırılması isə Azərbaycan jurnalistikası üçün son dərəcə önəmli faktdır. Çünki nazirliyin mətbuat xidməti Azərbaycan mediası üçün birbaşa mənbədir. Bu baxımdan da Prezidentin sərəncamında tövsiyə edilənlər çox ciddi, əhəmiyyətli, həyata keçirilməsi zəruri olan məsələlərdir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər