• cümə axşamı, 25 aprel, 21:12
  • Baku Bakı 21°C

Hər kəsin dostu olacaq “DOST” - Fotolar

10.12.18 18:18 1504
Hər kəsin dostu olacaq “DOST” - Fotolar
Azərbaycanda hər bir vətəndaşın həyat səviyyəsinin daim yüksəlməsinə xidmət edən uğurlu sosial-iqtisadi siyasət həyata keçirilməkdədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz bu səbəbdən də Prezident İlham Əliyev sosial sahədə atılacaq addımlara xüsusi diqqət və həssaslıq nümayiş etdirir. O, sosial sahədə islahatlar aparıldığını xatırladaraq, dövlət qurumlarının rəhbərlərinə çox ciddi tapşırıqlar verildiyini, sosial ədaləti pozanlara qarşı sərt tədbirlər görüləcəyini dəfələrlə vurğulayıb. Prezident bildirib ki, bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, yol verilmiş pozuntular aradan qaldırılır. Dövlət başçısı onu da əlavə edib ki, şəffaflıq və ədalətin tam təmin edilməsi üçün inzibati və institusional yollarla sosial sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır.
"Bir pəncərə”dən şəffaf xidmət
Prezident İlham Əliyevin vurğuladığı belə yeniliklərə nümunə kimi "ASAN xidmət”in analoqu sayıla biləcək - Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərinin yaradılması istiqamətində görülən işləri xatırlatmaq yerinə düşər. Azərbaycan Prezidentinin 9 avqust 2018-ci il tarixli "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində DOST Agentliyinin və mərkəzlərinin, habelə ölkə başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə "e-sosial” internet portalının yaradılması nəzərdə tutulub. DOST Agentliyi və mərkəzlərinin fəaliyyətini təmin etmək məqsədilə bir sıra normativ hüquqi aktların layihələri, habelə müvafiq təkliflərin hazırlanması işləri qısa zamanda başa çatdırılaraq aidiyyəti üzrə təqdim edilib. Noyabrın 20-də DOST Agentliyinin konsepsiyasının, "e-sosial” internet portalının təqdimat mərasimi keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bu barədə verdiyi məlumata görə, artıq ilin sonunadək Bakının Yasamal rayonunda ilk "DOST” mərkəzi yaradılacaq. Onun sözlərinə görə, Mərkəz Yasamal və Səbail rayonlarının əhalisinə xidmət edəcək. S.Babayev qeyd edib ki, agentliyin və mərkəzlərin təşkilatı strukturu, ştat vahidləri və sayı, kadrların seçimi və hazırlığı, işə qəbulu mexanizmi, iş rejiminin müəyyən olunması, "DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısı və qaydaları da hazırlanıb. Nazir deyib ki, mərkəzlərdə həmin xidmətlər sistemləşdirilmiş formada "bir pəncərə” prinsipi üzrə şəffaf, operativ şəkildə vətəndaşlarla açıq iş şəraitində təqdim olunacaq. Həmin xidmətlərin siyahısında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə 126 xidmət əhatə olunur. Bununla yanaşı, mərkəzlərin fəaliyyətinə yardımçı xidmətlər, o cümlədən cari bank hesablarının açılması, dövlət rüsumlarının və xidmət haqlarının qəbulu, daşınmaz əmlakın sığortası, inzibati xətalara dair cərimələrin qəbulu və sair də daxildir. S.Babayevin sözlərinə görə, mərkəzlərin iş mexanizmi elə qurulacaq ki, xidmətlərdən istifadə prosedurları sadəliyi, çevikliyi, müraciət edən vətəndaş üçün rahatlığı, tam şəffaflığı ilə ictimai məmnunluğa səbəb olsun.
6 ildə 31 "DOST” mərkəzi yaradılacaq
Dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğuna nail olunmasının Prezident İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramının başlıca xətti olduğunu vurğulayan nazir S.Babayev onu da əlavə edib ki, "DOST” layihəsinin təşəbbüskarı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır: "DOST” layihəsinin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin bir pəncərədən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan verməklə, ölkəmizin bu sahə üzrə yeni brendini formalaşdıracaq. 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 "DOST” mərkəzi yaradılacaq. "DOST”-un əsas missiyası ölkə əhalisinin müasir texnologiyaların tətbiqi ilə əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə rahat çıxışına imkan yaratmaqdır”.
Sosial xidmətlərin elektronlaşdırılması
Sosial sahədə tətbiq ediləcək bu yeniliklə bağlı fikirlərini bölüşən Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyevbildirib ki, "DOST” mərkəzlərində vətəndaşların bütün sosial problemləri qısa müddət ərzində həll olunacaq. Millət vəkili qeyd edib ki, əhalinin xidmət sahələrində məmnunluğunun təmin edilməsi üçün məmur-vətəndaş münasibətinin minimuma endirilməsi, vətəndaşların müraciətlərinə yüksək mədəniyyətlə və şəfqətlə yanaşılması, eyni zamanda bu müraciətlərin qısa müddət ərzində baxılması və təmin olunması vətəndaşın dövlətə olan inamını, sevgisini artıran amillərdir. Onun fikrincə, məhz buna görə, Prezidentİlham Əliyevsosial sahələrdə uzun müddət qalan problemlərin həlli üçün çox ciddi islahatların aparılmasına start verib. Deputat vurğulayıb ki, ƏƏSMN-ə yeni rəhbər təyin olunandan sonra bu qurumda çox ciddi islahatların aparılması diqqət çəkir: "Xüsusən də, əhaliyə göstərilən sosial xidmətlərin elektronlaşdırılması, operativləşdirilməsi və bu sahədə vətəndaşlara dəstək verilməsi istiqamətində dünyanın ən qabaqcıl təcrübələri öyrənilir və tətbiq edilir. Bunlardan da biri "DOST” mərkəzlərinin yaradılmasıdır. Dövlət qurumlarına tapşırıqlar verilib ki, mərkəzlərin qısa müddət ərzində qurulması, işə düşməsi və əhaliyə xidmət göstərməsi təmin olunsun. "DOST” mərkəzlərinin mahiyyəti vətəndaşa layiqli, qısa müddət ərzində mədəni xidmət göstərmək, onların sosial ehtiyaclarını öyrənmək və bu ehtiyacların təmin olunması istiqamətində işlər görməkdir.Prezident çox doğru olaraq vurğulayır ki, "DOST” sosial sahədə "ASAN xidmət”in analoqudur. Bu, ən yeni yanaşma üsuludur, dünyada heç bir yerdə yoxdur. "DOST” mərkəzlərinin yaradılması ilə qısa müddətdə Azərbaycan vətəndaşları müsbət dəyişiklikləri hiss edəcəklər”.
Müraciətlər operativ həll olunacaq
M.Quliyev xatırladıb ki, indiyədək vətəndaşlar hər bir problem üçün, o cümlədən məşğulluq, sosial təminat və əlilliklə bağlı ayrı-ayrı idarələrə müraciət ediblər. Millət vəkili bildirib ki, yaxın gələcəkdə fəaliyyətə başlayacaq mərkəzlərdə bütün bu xidmətlər bir binada və elektron qaydada həyata keçiriləcək. Onun sözlərinə görə, vətəndaşların müraciətləri qısa müddət ərzində həll olunacaq. Beləliklə, həm vətəndaşların vaxtı itməyəcək, həm də müxtəlif yerlərə müraciət etməyə ehtiyac qalmayacaq.
İctimai narazılıq aradan qalxacaq
İqtisadçı ekspert Rəşad Həsənov da hesab edir ki, "DOST” mərkəzləri ƏƏSMN və onun tabeliyindəki qurumların əhaliyə göstərdiyi xidmətləri daha sadələşdirilmiş formada çatdıracaq, vətəndaş məmnunluğunu təmin edəcək. O, qəzetimizə açıqlamasında deyib ki, ƏƏSMN Azərbaycanda əhali ilə işləyən ən böyük dövlət qurumlarından biridir: "Bu nazirlik çox geniş tərkibli sosial qruplarla işləyir. Bura əmək bazarının iştirakçıları, təqaüdçülər, ünvanlı sosial yardım alanlar, əlilliyi olan şəxslər, veteranlar da daxil olmaqla təxminən 4 milyona yaxın insan aiddir. Sözügedən nazirlik bu sayda vətəndaşa xidmət təklif edir. Lakin keçmiş dövrlərdə baş verən nöqsanlar nazirliyin tabeliyindəki müvafiq qurumların imicinə mənfi təsir göstərib. Həmin qurumların xidmətlərinin keyfiyyəti də ötən dövrlərdə qənaətbəxş olmayıb. Belə bir vaxtda "DOST” mərkəzlərinin yaradılması sadalanan istiqamətlərdə irəliyə doğru atılan addım kimi dəyərləndirilə bilər. Burada əsas prinsiplər şəffaflıq, operativlik və sairdir. Prezident İlham Əliyev də bu mərkəzlərin yaradılması məsələsini nəzarətdə saxlayır. O, oktyabrın 9-daNazirlər Kabinetinin2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "DOST” mərkəzlərininfəaliyyətinə xüsusilə toxunub. Bəyan edib ki, hazırda islahatların birinci mərhələsi gedir və bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər. Bu baxımdan hesab edirəm ki, "DOST” mərkəzlərinin fəaliyyətə başlamasından sonrakı mərhələdə əmək və əhalinin sosial müdafiəsi nazirliyinin və onun tərkibində olan qurumların xidmətlərindən narazılıqların sayı əhəmiyyətli dərəcədə azalacaq, bu istiqamətdə yol verilən nöqsanlar aradan qaldırılacaq. Eyni zamanda bu, dövlət vəsaitlərinin səmərəli idarə olunmasına da təsir göstərəcək. Çünki indiyə qədər təqaüdlərin təyin olunmasında, əlilliyin müəyyən edilməsində ciddi nöqsanlar olub, bu istiqamətdə ayrılan dövlət vəsaiti aidiyyəti olmayan şəxslərin istifadəsinə verilib. Ünvanlı sosial yardımın müəyyənləşdirilməsi istiqamətində yol verilən nöqsanlar da deyilənlərə bir misaldır. Bəzi hallarda bu yardımlar hədəf qruplara deyil, digər insanlara yönəldilirdi. Ümumilikdə, sosial sahədə özünü göstərən bu kimi problemlərin aradan qalxması son nəticədə sosial-müdafiə mexanizmlərinin effektivliyini artıracaq, sosial ədalət təmin ediləcək, ictimai narazılıq aradan qalxacaq”.
Sosial siyasətin prioritetləri
Ekspert Azər Həsrət də bizimlə söhbətində bildirib ki, Azərbaycanda vətəndaşlara xidmətin yüksək səviyyəyə qaldırılması və asanlaşdırılması, xüsusən də problemlərlə üz-üzə qalan, süni maneələrdən, süründürməçilikdən əziyyət çəkən insanların bu çətinliklərdən qurtulması ölkədə həyata keçirilən sosial siyasətin prioritetləridir. Onun sözlərinə görə, Prezident İlham Əliyev şəxsən özü mümkün olan hər şeyi edir ki, vətəndaşlarla məmurlar arasında təmas minimuma ensin, xidmətlərin keyfiyyəti artsın: "Dövlət başçısı çalışır ki, vətəndaşlar hər hansı xidmətdən istifadə edərkən gərəksiz maneələrlə, sənədləşmələrlə üzləşməsinlər. Bütün bunları həyata keçirmək yeni texnologiyalar vasitəsilə mümkündür. Müsbət haldır ki, Azərbaycan Prezidenti yeni texnologiyaların rolunu, gücünü və yerini hər kəsdən yaxşı bilir, onların həyatımıza tətbiqi üçün lazım olan addımları atır. "DOST” mərkəzlərinin yaradılması da bu qəbildəndir. Yəni bu mərkəzlərin yaradılmasında başlıca məqsəd vətəndaş məmnunluğunu təmin etmək, xidmətlərin keyfiyyətini artırmaq, vətəndaş-məmur təmasını minimum həddə çatdırmaqdır”.
Vətəndaş məmnunluğuna xidmət
Sonda bir daha vurğulayaq ki, "DOST” mərkəzlərində dövlət sosial xidmətlərinin geniş bir hissəsi, o cümlədən əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial sığorta üzrə xidmətlər "bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunacaq. Bu mərkəzlərdə çalışacaq əməkdaşlar müraciət edən vətəndaşlarla mədəni, səmimi rəftar edəcək, keyfiyyətli xidmət göstərəcək, onların məmnun qala biləcəyi nəzakətli davranış tərzinə malik olacaqlar. Bir sözlə "DOST” hər kəsin dostu olmağa iddialıdır. Əlbəttə ki, bütün bunlar ölkədə həyata keçirilən sosial siyasətdə daha bir yenilik olmaqla, vətəndaş məmnunluğuna xidmət edəcək.
Bəxtiyar MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim olunur
banner

Oxşar Xəbərlər