• cümə, 29 Mart, 09:08
  • Baku Bakı 5°C

“Hər kəs özünün müəyyənləşdirdiyi yolla getməlidir”

08.01.14 09:06 1714
“Hər kəs özünün müəyyənləşdirdiyi yolla getməlidir”
Yanvarın 6-da Müsavat Divanının növbəti iclası keçirilib. İclasda Milli Şuranın (MŞ) seçki öncəsi, seçki prosesində və seçkidən sonrakı fəaliyyəti geniş müzakirə olunub. Müsavatçılar partiyanın qurumda iştirakını məqsədəuyğun saymayıblar. Nəticə olaraq, Müsavat Partiyasının MŞ-dan çıxması barədə qərar qəbul olunub. Partiyanın son qərarı, bu siyasi təşkilatın rəhbərliyi ünvanına səsləndirilən ittihamlar, MŞ-dakı digər partiyalara müttəfiqlik təklifi və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Müsavat başqanının gənclərlə iş üzrə müşaviri Səxavət Soltan cavablandırır.
- Səxavət bəy, artıq bilindiyi kimi, Müsavat Divanı MŞ-dan çıxmaq barədə qərar qəbul edib və partiya bununla bağlı bəyanat yayıb. Sizin bu qərarla bağlı münasibətinizi öyrənmək istərdik.
- Müsavat Divanındakı bu müzakirələr partiyanın əksər rayon təşkilatlarında, bütünlükdə Müsavat funksionerləri arasında əvvəldən gedirdi. Sevinirəm ki, partiyanın yüksək qərarverici orqanı müsavatçıların, eləcə də xoş niyyətli digər insanların doğru hesab etdikləri fikrə dəstək verdi. Milli Şuradan çıxmaq barədə qərar qəbul etdi. Mən bunu çox yüksək qiymətləndirirəm.
- MŞ-nın əsas həmtəsisçilərindən biri sayılan MP-nın bu qurumdan çıxmasını zəruri edən səbəb nə idi?
- İlk növbədə biz bir şeyi nəzərə almalıyıq ki, Milli Şura Müsavat Partiyasının da təmsil olunduğu qurum kimi 2013-cü il prezident seçkilərində böyük birliklə iştirak etməyə hesablanmışdı. Müşahidələr onu göstərdi ki, əslində böyük birlik adlandırdığımız Milli Şurada 2010-cu ilin parlament seçkilərində bir blokda təmsil olunmuş AXCP, Müsavat, eləcə də az bir qisimdə KXCP, müstəqil gənclər təşkilatları faydalı oldular. Milli Şuranın formalaşması dövründə bəzi siyasi təşkilatlar və insanlar var idi ki, onların hansı formada fəaliyyət göstərdikləri, hara xidmət etdikləri, nə işlə məşğul olduqları bilinmirdi, siyasi keçmişləri şübhəliydi. Bizim əvvəlcədən etiraz etməyimizə baxmayaraq, bilinən və bilinməyən səbəblərdən israr edildi ki, onlar da Milli Şurada təmsil olunsunlar. Həmin insanların seçki dövründə fəaliyyətsizliyi, bununla yanaşı, Milli Şuranın apardığı siyasətə qarşı davamlı təbliğat aparmaları bizim ehtimallarımızın yalan olmadığını təsdiqlədi. Bundan sonra Müsavat Partiyası düşündü ki, belələri ilə birlik faydasızdır. Bizim qarşıdan gələn 2014-cü il bələdiyyə, 2015-ci il parlament seçkilərinə qədər vaxtımız var. Müsavatçılar bu vaxt ərzində bu cür insanlarla bir yerdə olmağı doğru hesab etmirdilər. Bundan başqa, Müsavat Partiyası səmimi, özünə hörmət edən insanların daha çox olduğu partiya və təşkilatlara əməkdaşlıq, müttəfiqlik sazişləri ilə bağlı müraciət edib. Bu müraciətlərə verilən reaksiyalar da nəzərə alındı. Bütün bunlardan sonra Müsavat Partiyası bu partiya və təşkilatlarla bir arada olmamağı özündə əks etdirən qərar qəbul etməliydi və bu, oldu. Müsavat Partiyası əməkdaşlıq etmək istəməyən, bunu doğru saymayan təşkilatlarla bir yerdə olmağı həm özünün, həm də Azərbaycan xalqının mənafeyinə uyğun saymır. Bu mənada Müsavat Divanının son qərarını bir daha alqışlayıram. Hesab edirəm ki, bizim üçün Milli Şuranın bundan sonrakı fəaliyyəti o qədər də əhəmiyyətli deyil.
- Milli Şuradan bir neçə tanınmış müxalifət liderləri, həmçinin ALP, indi isə Müsavat da çıxıb. Bununla Milli Şuranın bitdiyini ehtimal etmək olarmı?
- Prezident seçkilərinin nəticələri elan olunandan sonra Milli Şuranın atdığı addımlar fərqli bir situasiya yaratdı və biz bu qurumun nəyə qadir olması barədə analizlər aparmağa başladıq. Milli Şuranın təsisçiləri bu qurumun seçkidən sonra təşkil edilən mitinqlərinin ardınca yeni format barədə düşünməli, konkret kimlərlə bir yerdə olmaq, hansı hədəflər uğrunda mübarizə aparmaq barədə qərar qəbul edəcək insanlarla birlikdə olmalıydı. Lakin təəssüf ki, bu baş vermədi. Əksinə, xırda söz-söhbətlər ətrafında süni gərginlik yarandı. Müsavata qarşı şər-böhtan kampaniyasına start verildi. Belə olan halda, biz bu cür təşkilatlarla bir yerdə olmamağı qərarlaşdırdıq. Əgər Milli Şuranın qarşısında məqsəd və hədəf yoxdursa, məqsəd və hədəfi müəyyənləşdirmək üçün cəhd göstərən Müsavata qarşı ittihamlar yağdırılırsa, Milli Şuranın gələcəyi barədə nə isə deməyə ehtiyac yoxdur.
- Müsavatın MŞ-dan ayrılıb müstəqil fəaliyyət göstərməsinə qısqanclıq özünü göstərməkdədir. Sizcə bu haradan qaynaqlanır?
- Azərbaycan cəmiyyətində, siyasi müstəvisində hadisələrə yanaşmada fərdiçiliyə, özfəaliyyətə daha çox üstünlük verilir. Mənə görə bu, doğru deyil. Əksər hallarda hansısa siyasi partiyanın qəbul etdiyi qərarı kimlərsə, yaxud hansısa başqa siyasi təşkilatların rəhbərləri, üzvləri bu və ya digər formada müzakirə edir, təftiş edir, hətta pisləyirlər. Halbuki Müsavat Partiyasının verdiyi qərarları müsavatçılar və jurnalistlər sorğulaya bilərlər. Biz partiyamızın qərarlarına hörmətlə yanaşanlara təşəkkürümüzü bildiririk. Amma partiyamızın qərarlarını başqa yerə yozanlara, özlərinə məxsus şəkildə şərh edənlərə demək istəyirəm ki, sizlər çox mənasız və lazımsız, siyasi əxlaqa, etikaya sığmayan işlərlə məşğulsunuz. Əslində bu, bizi qətiyyən narahat etmir. Sadəcə, belə hallar Azərbaycanda siyasi mədəniyyətin formalaşması üçün böyük maneədir. Azərbaycan müxalifəti bu psixoloji problemlə 20 ildir özünü diskomfortda hiss edir. Siyasi birliklər konkret hədəflərə və vaxta görə müəyyənləşir. Ona görə də heç kim narahatçılıq keçirməsin, dostlar bundan kədərlənməsin. Azərbaycanda siyasi sistem tam oturuşmadığı üçün fərdi olaraq partiyalar öz xətlərini müəyyənləşdirib funksional əməkdaşlığı davam etdirməlidirlər. Belə əməkdaşlığı davam etdirə bilməyən təşkilatlarla isə ümumiyyətlə əməkdaşlıq edilməməlidir. Hər kəs öz müəyyənləşdirdiyi yolla getməlidir. Sonradan xalqın istəyi və tələbi ilə hansısa birliklərin qurulmasına ehtiyac duyulacaqsa, Müsavat Partiyası da bu məsələləri müzakirə edə, müvafiq qərar qəbul edə bilər. Biz 2 qeyri-müəyyən və hədəfləri, məqsədləri bəlli olmayan təşkilatlarla vaxt keçirib birlik görüntüsü yaratmamalıyıq. Bizim partiyanın məqsədi və hədəfləri tam şəffafdır. Sivil yolla hakimiyyətə gəlib xalqın problemlərini həll etmək üçün Müsavat Partiyası doğru bildiyi addımı atır.
- Müsavat Milli Şuranın digər həmtəsisçisi AXCP-yə müttəfiqlik təklif etsə də qarşı tərəf bu təklifi qəbul eləmədi. Siz bunu nə ilə əlaqələndirirsiniz?
- Mən tam soyuqqanlı şəkildə, əvvəllər öz dediklərimi də nəzərə alaraq, siyasi əxlaqı və siyasi mədəniyyəti gözləyərək, AXCP-nin verdiyi qərara hörmətlə yanaşıram. Əgər AXCP bunu düzgün sayırsa, bu, Müsavat üçün də yaxşıdır. Müsavat Partiyası öz siyasi xəttini müəyyənləşdirməkdə bu cür qəbul edilmiş qərarlara istinad etməlidir. Lakin Müsavatın müttəfiqlik təklifindən imtina edilərkən qeyd etmək ki, AXCP real müxalifət qüvvələrinin müttəfiqliyini Milli Şuranın tərkibində daha məqbul sayır, məncə bu, konkret cavab deyil. Biz hesab edirik ki, səmimi mübarizə aparan təşkilatlarla funksional əməkdaşlıq edilməlidir. Bəziləri ilə daha dərin, bəziləri isə müttəfiqlik səviyyəsində və sair. Kimlər qəbul etmirsə, bu, onların problemidir. Müsavat Partiyasının böyüklüyü idi ki, hər bir təşkilata müttəfiqliyini nümayiş etdirdi. Konkret olaraq bu məsələdə Müsavat Partiyasının mövqeyi ondan ibarətdir ki, partiyamızla əməkdaşlıq etməyən, müttəfiqlik təkliflərinə cavab verməyən, bunları doğru saymayan insanlarla bir təşkilatda birlikdə olmağımız mümkünsüzdür. Bizimlə dost olmaq istəməyən, Müsavat Partiyasına, onun rəhbərliyinə qarşı qarayaxma kampaniyası aparan qruplarla, insanlarla bir yerdə olmağın mənası yoxdur.
- AXCP funksionerləri bu barədə danışarkən partiyalarının 2010-cu ildə keçirilən qurultayını xatırladır və bildirirlər ki, o zaman Xalq Cəbhəsi Partiyası Müsavatla qeyd-şərtsiz birləşməyə hazır olduğunu bəyan edib və bu qərar indi də qüvvədə qalır...
- Bizimlə dost ola bilməyən adamlar, təşkilatlar, partiyalar, qruplar Müsavat Partiyası ilə necə birləşə bilər? Böyük çərçivədə birləşməyin yolları bir neçə mərhələdən keçir. Hansı ki, bu mərhələnin birincisi psixoloji baryeri aşmaqdır. AXCP üzvləri bu mərhələni aşa bilmədilər. Ondan sonra bu kimi partiyalar müttəfiqlik sazişinin imzalanmasına, dost olmağa belə qarşı çıxdılar. İndi isə bizimlə dost, müttəfiq olmayan siyasi təşkilat bir partiyada birləşmək eşqinə düşüb. Bütün bunlardan sonra bu təşkilatlarla birləşməyi düşünməyin özü gülüncdür. Bu, səmimi istəkdən xəbər vermir.
- AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mətbuata açıqlamasında bildirib ki, Müsavat MŞ-dan getmək qərarını çoxdan verib və sadəcə, bəhanə axtarışında idi. Onun sözlərinə görə, MŞ-dan çıxmaq qərarının arxasında partiyanızın rəhbərliyində olan şəxslərin özəl və korporativ maraqları durur. Sizcə bu, nə dərəcədə ədalətli yanaşmadır?
- Mən özümə söz verirəm ki, hər dəfə Fuad Qəhrəmanlı və bu tip adamların fikirlərinə münasibət bildirməyim. Çünki onlar çox mənasız, absurd yalanlar səsləndirirlər. Onlar təmsil olunduqları partiyanı deyil, şəxsi maraqlarını güdürlər. Amma bir halda ki, onun fikirləri mətbuatda yer alıb, mən də düşündüklərimi bildirməliyəm. Yaxşı olardı ki, Milli Şuranın fəaliyyət istiqaməti, kimlərlə bir yerdə, hansı məqsədlərə xidməti, hədəfləri müəyyənləşsin, Müsavat rəhbərliyinin irəliyə doğru addımlamaq üçün təkliflərinə əsaslı cavablar verilsin. Bunu etməkdənsə, mənasız diskussiyalar açmaq, Milli Şura ətrafında süni gərginliklər yaratmaq düzgün deyil. Bunlar Müsavat Partiyasının mənasız yerə vaxtını almağa hesablanmış addımlardır. Ona görə də Müsavat başqanı Milli Şuradakı təşkilatlarla görüşüb konkret təkliflərini çatdırdı. Bu təkliflərə mənfi cavab gələndən sonra da öz qərarını verdi. Haqqımızda deyilənlər son dərəcə yalan, çirkin iftiradır. Belə fikri səsləndirənlər öz xislətlərini ortaya qoyurlar. Mən iddia edirəm ki, əslində bu, həmin adamların özlərini alver predmetinə çevirmək cəhdidir. Yəni, bununla onlar indidən Azərbaycan hakimiyyətinə mesaj göndərirlər ki, - gəlin alver edək. Fərdi və ya təşkilat səviyyəsində özlərini bazara çıxarıblar. Onların söylədiyinə əks arqument kimi mən də deyə bilərəm ki, Milli Şuradakı bəzi qüvvələr Müsavatla digər fədakar partiya üzvlərinin səylərindən yararlanaraq, 2015-ci ilin parlament seçkilərində öz adlarını Milli Şuranın namizədlər siyahısına salmaq istəyirlər. Hansı ki, son seçkilərdə onların heç bir fəaliyyəti olmadı və əksinə bütünlükdə prosesə zərər vurdular. İndi də cəhd edirlər ki, 2013 seçkilərində olduğu kimi 2015 seçkilərində də hakimiyyətin xeyrinə fəaliyyət ortaya qoysunlar. Məhz elə bunlara görə də biz Milli Şuranı tərk etdik.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər