• cümə, 29 Mart, 09:21
  • Baku Bakı 5°C

Hər kəs özündən sonra yaxşı iz qoymalıdır

08.10.18 13:20 586
Hər kəs özündən sonra yaxşı iz qoymalıdır
Elm fanatikidir. Bütün ömrünü öyrənməyə, yaratmağa həsr edib. Deyir ki, onun ən böyük uğuru gələcəyə, sabaha inanması olub. Məktəb illərindən formalaşan məhz bu inam onu zirvəyə qədər gətirib.
Müsahibimiz məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Onurğalılar zoologiyası və bioekologiya” kafedrasının müdiri Qara Mustafayevdir. Gəlin, birlikdə Q.Mustafayevin həyat hekayəsinə nəzər salaq.

"Ağır dövrdə böyüdüm”

Həmsöhbətimiz 1931-ci ildə Kürdəmir rayonunun Dəyirmanlı kəndində dünyaya gəlib. Uşaqlıq illəri bəşər tarixinin ən ziddiyyətli dövrünə təsadüf edib: "Uşaqlıq illərimdə Azərbaycanda hürriyyət yox idi. Nə dövlət, nə də qanun var idi. Yerli banditizm, quruluşu bəyənməyən insanlar, qoçular... Çox ağır dövrdə böyümüşəm. Atam da feodal idi, onun da ürəyində ədalət, haqq, qayda-qanun yox idi. Atam deyirdi ki, "mən deyən olmalıdır”, qurtardı, getdi. 20-ci əsr bəşər tarixində çox ziddiyyətli dövrdür. Atom əsri adlandırıldı, güclü texnosfer formalaşdı, yeni mədəniyyət inkişaf etdi, çoxlu dahilər yetişdi. Amma eyni vaxtda cahanda dəhşətli müharibələr, kütləvi insan qırğını oldu, aclıq, qorxulu xəstəliklər peyda oldu, ədalətsizlik baş alıb getdi, ətraf mühit bərbad hala düşdü. Bax, uşaqlığım belə bir dövrə təsadüf edib. Sadə bir ailənin övladı, sadə təlim-tərbiyə almış təzadlı sosial şəraitdə, çox da təmiz və sağlam olmayan ətraf mühitdə yaşamış, kommunist tərbiyəsi almış insanam”.

"Həyat devizim”

Qara müəllimi orta və yaşlı nəsil demək olar ki, səsindən tanıyır. Bütün təbiətsevərlər qeyri-adi səsin sahibini ekranlarda səbirsizliklə gözləyirdilər. Bitkilərin, heyvanların həyat tərzindən bəhs edən verilişdə müsahibimiz hər bir canlı haqqında səbirlə, təmkinlə məlumat verir, uşaqları maraqlandıran sualları ətraflı cavablandırırdı. O, fasiləsiz olaraq 35 il "Təbiəti sevənlər” verilişinin aparıcısı olub.
Həyatdakı məqsədlərindən söhbət açan həmsöhbətimiz deyir ki, uşaqlığından bu günə qədər həyatda 2 məqsədi olub: "Hər bir düşünən insanın qarşısında məqsəd olmalıdır. Mənim həyatda 2 məqsədim olub: yaratmaq, başqasına fayda vermək. İnsansansa başqasına fayda verməlisən. Bax, bu mənim həyat yolumun devizidir. Şəxsi devizim elmdə yaratmaq, xalqa yaymaq və onun tətbiqinə can atmaq olub”.
Müsahibimizin sözlərinə görə, həyatda uğur qazanmaq istəyən gənc mütləq sabaha inanmalıdır: "Mənim uşaqlıq, məktəb illərimdə gələcəyə inam yaradılması dövrün ən böyük sosial-psixoloji uğuru idi. Mən bu inam sayəsində bütün çətinliklərə dözüb sağlamlığımı itirsəm belə, fasiləsiz işlədim, həyatımın mənasını başqalarına xidmət etməkdə gördüm”.

"Xalidə yeməklə qarışıq dişi udmuşdu”

Tələbəlik illərindən danışan müsahibimiz deyir ki, oxumağa o qədər meyilli olub ki, gecələr yatmamaq üçüm barmağını çərtib üzərinə duz töküb və oxumağına davam edib: "Çox oxuyurdum. Çünki məqsədim var idi və ona çatmalı idim. Bəzən xəstə olurdum, yüksək qızdırmanın altında oxuyurdum. Hətta gecələr yuxum gələndə yatmamaq üçün barmağımı kəsib duz tökürdüm ki, sabaha dərsimi çatdırım. İndiki kimi yadımdadır, bir dəfə 4 qrup yoldaşı səhər saat 9-dan indiki "Semoşka”nın bağında dərs oxumağa getmişdik. Çəmənlikdə uzanıb ancaq kitab oxuyurduq. Heyvanların morfologiyası fənni çox çətin idi. Heyvanların sümüklərinə, dişlərinə qədər əzbərləyirdik. Sinif nümayəndəsi idim. Universitetdən jurnala qol çəkib yereşənin dişini götürmüşdüm ki, uşaqlara göstərim və üzərində öyrənək. Yereşənin dişi noxuddan da kiçik idi. Oxuduq-oxuduq yorulduq. Qız qrup yolaşım dedi ki, acından qırıldıq-batdıq, mağazadan sosiska-kolbasa alıb yeyək, sonra davam edək. Yeməyə ayrıca vaxt ayırmamaq üçün oxuya-oxuya yeməyə başladıq. Qız çörəklə kolbasanı ağzına qoyanda yereşənin balaca dişini kolbasanın arasında yeyər. Gəldim götürdüklərimi universitetə təhvil verməyə, gördüm ki, diş yoxdur. Kafedra müdiri mənə dedi ki, sənə bir gün vaxt verirəm, ya universitetdən qovulacaqsan, ya da dişi tapacaqsan. Ağlaya-ağlaya gedib otun içini axtardım, heç nə çıxmadı. Kimsə dedi ki, bəlkə hansınızsa udmusunuz. Dördümüzü də rentgen elədilər. Diş Xalidənin qarnında çıxdı. Artıq mədədən yoğun bağırsağa keçmişdi. Nəticədə diş tapılmadı. Amma əziyyətimə görə kafedra müdiri məni bağışladı”.

"Yaratdım ki, izim qalsın...”

85 yaşlı müsahibimiz deyir ki, ömrünün heç bir ili boşa getməyib: "64 kitabım çap olunub. Əlbəttə, hamısı birdən-birə çıxmayıb. 2004-cü ildə xəstələnəndən sonra qorxdum ki, yaxınlarda ölərəm. Fikirləşdim ki, iki yolum var. Ya evdə yataraq tavana baxıb günləri saymaq, ya da çox işləmək. İkincisini seçdim. Dedim ki, qoy çox işləyib, çox yaradım ki, öləndə məndən sonraya nəsə qalsın. Cərrahiyyə əməliyyatından artıq 4 ildən çox vaxt keçir və mənim 20-dən çox kitabım çıxıb. İnsan iradəsinə çox qiymət verirəm. İnsan iradəsi möhkəm olsa, qarşısına məqsəd qoysa, o məqsədə çatar. Deməli, ağıl və iradə lazımdır. Ağılla iradə birləşsə, xarüqələr yaradar. Son vaxtlar əyləncə üçün vasitələr çox olduğuna görə gəncliyin oxumağa həvəsi azalıb. Biz uşaq olanda heç bir əyləncə yox idi. Tək məqsədimiz oxumaq idi. Yeganə əyləncəm at minmək idi. Hərdən ata minib sürür, təbiəti seyr edirdim. Qarğa yuvalarına, ceyranlara baxırdım”.

"Nəfsini idarə etməyi bacarmayan adam bədbəxtdir”

Həmsöhbətimiz yalnız elmi işlə dincəlir. İstirahət vaxtı hansısa kitab oxuyur, araşdırma aparır və ona lazım olan enerjini toplayır. Onun sözlərinə görə, insan təbiətdən estetik zövq alanda onsuz da dincəlir: "Təbiəti qoruyun. Bu 50-60 ildə, təbiəti ağılla dərk etdiyim vaxtda bir adam tanıya bilməmişəm ki, desin, mənim təbiətdən xoşum gəlmir. Hamı deyir təbiəti sevirəm. Amma əməlində təbiətin əleyhinə çıxır. Bu, ona görədir ki, o, təbiəti tanımır. Təbiətin gözəlliyindən az duyur. Məsələn, bilir ki, bu, bitkidir, bu, heyvandır, bu, çəyirtkədir, bu, böcəkdir... Bunu bilir, amma dediyim kimi, təbiəti tanımır. Mənim özümün təbiətə vurğunluğum fanatizim deyil, elmi vurğunluqdur. Özüm zooloqam, heyvanları bitkilərdən bəlkə yüz dəfə yaxşı tanıyıram. Amma bitkini heyvandan çox istəyirəm, ona görə ki, heyvanlar və insanlar bitkilərin hesabına yaşayırlar. Heyvanların ox kimi düz istiqamətdə birmənalı davranışına məftunam. Lakin buna alüdə olub heyvanı insan səviyyəsinə qaldırmağın tərəfdarı deyiləm. Heç bir orqanizmi onun ətraf mühitindən ayrılıqda dərk edə bilmirəm. Ona görə də təbii ətraf mühitin qorunub-saxlanmasına fanatik tərəfdaram. Tam dərk edirəm ki, təbiət insanlardan insanların özü üçün qorunmalıdır. Adamın ən böyük düşməni onun nəfsidir. Nəfsini idarə etməyi bacarmayan adam bədbəxtdir. Belələri xoşbəxtlik üzərində həmişə bədbəxtlik axtarırlar. Xəstə mühitdə sağlam yaşamaq olmaz. Sağlamlığı itirmək hər şeyi itirməkdir. Biz daima nəzərə almalıyıq ki, təbiət təmizlənməyə, cəmiyyət çirklənməyə yönümlüdür”.

İstedad və zəhmət...

Həmsöhbətimiz sonda vurğuladı ki, hər kəs dünyada gücü çatan səviyyədə yaxşı iz qoymalıdır: "Həyat uzundur, danışmaqla bitməz. Nə kağıza, nə filmə sığar. Bizim indiki dövrümüz gənclərə daha maraqlıdır. Çünki yeni cəmiyyət formasına keçmişik. Özümüzün dövlət müstəqilliyimiz var. Qloballaşma dövründə yaşayırıq. Lakin bu gün zəhmətdən qaçanlar, işləməyib yaşamaq istəyənlər intensiv çoxalıb. Bu isə çox qorxulu və psixoloji haldır. İnsanın həyatında istedad böyük rol oynayır. Lakin istedad nə qədər güclü olsa da, onun parlaması üçün zəhmətkeşlik tələb olunur. Zəhmətlə istedadın qovuşması xoşbəxtlik gətirir. Hər kəs özündən sonra gücü çatan səviyyədə yaxşı iz qoymalıdır.

Aygün ƏZİZ




banner

Oxşar Xəbərlər