• çərşənbə axşamı, 19 mart, 09:32
  • Baku Bakı 8°C

Hər kəs ekran başına

26.09.17 09:15 5894
Hər kəs ekran başına
İnsan hər zaman ruhunun qidalanmasına ehtiyac duyur. Bunu müxtəlif vasitələrlə təmin etmək mümkündür. Bir çoxlarımız üçün işdən yorğun gəlib evdə dünyaya açılan pəncərənin - televiziyanın qarşısına keçərək dincəlmək tanış situasiyadır. Adətən günün ikinci yarısından sonra isə televiziyalarda seriallar nümayiş olunur. Danılmaz faktdır ki, bu gün azyaşlı uşaqlardan tutmuş, yaşlılara qədər hər kəsin vaxt ayırdığı bu seriallar olmadan həyatımızı təsəvvür etmək haradasa qeyri-mümkündür. Serial deyəndə ağlımıza ilk olaraq televizor qarşısında əyləşən böyük bir qadın ordusu gəlsə də, bu, kişilərin də onlara baxmadığı mənasına gəlmir. Artıq qadınlarla bərabər, müxtəlif yaş təbəqəsinə mənsub kişilər də serial aludəçisidirlər.

Yeni mövsüm başlar-başlamaz, televiziyalarımızda yeni serialların anonslarını izlədik. Bu dəfə də bir-birindən maraqlı mövzularla tamaşaçıların görüşünə gələn seriallar barədə sizləri məlumatlandırmağı qərara aldıq.
"Xəzər”də serial mövsümü başlayır
Mövzuya ilk olaraq "Xəzər” televiziyasından başlayırıq. Sözügedən telekanalda bu il biri-birindən maraqlı yeni seriallar hazırlanır. Mehriban və peşəkar kollektivi ətrafına cəm edən televiziyanın rəhbərliyi müxtəlif təbəqənin zövqünü nəzərə alaraq həm dramatik, həm komediya, həm də ailə-məişət mövzularında, eyni zamanda, gənclərin bugünkü problemlərini nəzərə alaraq müxtəlif janrlı serialların istehsalı ilə məşğuldur. Bunlardan ən birincisi "Ata ocağı” serialını misal gətirmək olar. Sözügedən serialın aktyor heyətinə Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfər, Asya Atakişiyeva daxildir. Ailəsinin sosial durumu ilə razılaşmayan övladlar ailə içində qütbləşir. Ailə başçısı ata sosial problemlər məngənəsində təklənir. Serialın rejissoru bundan əvvəl də "Xəzər” televiziyasında yayımlanan seriallara rejissorluq edən peşəkar, işinə bələd olduğumuz Rüfət Şahbazovdur.

Azərbaycanda, həmçinin ilk dəfə olaraq tələbələrin gündəlik həyatından bəhs edən mövzuda serial çəkilir. Ramin Nəbiyevin rejissorluq etdiyi "İmtahan” serialı müəllimlə tələbə arasında yaşanan sevgidən bəhs edir. Ailə-məişət mövzusunda seriallardan fərqlənən bu seriala gənc aktyorlar cəlb olunub: Hikmət Rəhimov, Sənan Əlləz, Nicat Əlili, Cavanşir Məhərrəmov, Əli Əlizadə və başqaları. Serialın əsas ssenari müəllifi Valeh Əhmədovdur.

Bu ildən etibarən siz "Xəzər” televiziyasında 2 yeni, komediya janrında hazırlanan seriallara da baxmaq imkanı əldə edəcəksiniz. Tanınmış rejissor və aktyor Ramin Hacıyevin quruluşunda hazırlanan serialların mövzuları da kifayət qədər fərqli və orijinaldır. Ötən gün "Xəzər” TV-də izlədiyimiz "Xalxın evi” komediyasının ilk bölümü də bunu deməyə əsas verir. Mikayıl adlı müflisləşmiş biznesmen kəndlərinə qayıdır və serial onun macəralı həyatını təqdim edir. "Xalxın evi” serialında Çingiz Əhmədov, Gülnarə Əzizova, Mətləb Səfərli, Rəsul Abbas, Niftulla Əsgərov, Məcid Hüseynov və başqaları iştirak edir.

Digər komediya janrında hazırlanan serial isə "Ailəcanlı”dır. Hadisələr bir internet telekanalından bəhs edir. Xalq artisti Ramiz Novruzteleviziya rəhbərini, Müşfiq Şahverdiyev onun kürəkənini canlandırır. Bundan başqa, serialda Elsevər Mehdizadə, Mələk Heydərova, rəqqasə Röya Əliyeva, Zümrüd Bədəlova və digər aktyorlar var.
ATV-də yeni mövsümdə yeni simalar olacaq
ATV telekanalında isə ilk bölümündən kifayət qədər tamaşaçı kütləsi toplayan "Ögey ana” serialını göstərmək olar. Sözügedən serialın məşhur "Ögey ana” filmi ilə ssenarisinin hər nə qədər eyni olduğunu düşünsək də, əslində serialın ilk bölümü bizi bu fikrimizdən daşındırdı. Serial eyniadlı filmin hər zaman aktual olan motivləri əsasında çəkilir. Burada anasını itirmiş İsmayıl da, Cəmilə də böyüyüb. Arif (İlqar Cahangirov) isə yenidən evlənib. Ögey ananın (Kəmalə Müzəffər) soyuqluğu, ailədaxili konfliktlər serialın fabulasını təşkil edir.

Hər zamankı kimi, serial aləmindən kriminal xarakterli ssenarilər əksik olmur. Elə ATV telekanalı da bu ənənəyə sadiq qalır. Belə ki, bu mövsüm "Barama” serialı nümayiş olunmağa başlayıb. Konfliktin əsasında iki ailə arasında qan davası dayanır. Lakin ailələr arasında qisasçılıq hisslərinə bir də sevgi hissi qoşulur - ailələri düşmən olan iki gəncin arasında yaranan sevgi.Əsas ideya insanın qisasçılıq hisslərinin onu zəiflətməsi, sevginin isə böyüklüyüdür. Serialda əsas rolları Aqşin Fateh, Nurəddin Mehdixanlı, Həmidə Ömərova, Vasif Əzimov, Asya Atakişiyeva, Reyhan İsayeva, Röyal Əsədzadə, Əfsanə Əsədli, Cavanşir Hadıyev, Faiq Mirzəyev, İlqar Cahangir, Namiq Ağayev, Asif Adil, Tural Baxış, Vüqar Vəlixanov, Şəhriyar Məcidov və Yaroslav Trifonov canlandırırlar. Serialın rejissoru isə Asif Adildir.

Gecə yarısı ATV-də efirə gedən yerli sitkom "Ər və Arvad” da bu mövsüm davam edənlərdəndir. Serialda aktrisa və aparıcı Kəmalə Piriyeva, aktyor Elcan Rəsulov rol alır. Könül və Yaşarın çəp gələn sözləri və başlarına gələn komik əhvalatlar bu mövsüm də davam edəcək.

ATV telekanalında nümayiş olunan növbəti yeni serial "Laləli saray”dır. Konfliktin motivi orijinaldır. Serialın ssenari müəllifi Pərviz Seyidli bu motivin 36 əsas dramatik situasiyadan seçildiyini deyir. Bir xəta üzündən, xətanın gizlədilməsi səbəbindən ailələr arasında yaranan konflikt yenidən şiddətlənir. Qisas xəttinə əlavə bir sevgi xətti də qoşulur. Ailə dramının əsas ideyası ailə dəyərlərini qorumağa, təməl prinsiplərdə güzəştə getməməyə həsr olunub. Serialın bir xüsusiliyi də xalq artisti, çoxdan ekranlarda görünməyən Şükufə Yusupovanın baş rolda oynamasıdır. Həmçinin serialda Vaqif Əsədov, Elşən Rüstəmov, Firdovsi Atakişiyev, Günel Məmmədova çəkilirlər.

Ötən il tanınmış rejissor Rövşən İşaxın rejissorluq etdiyi "Vicdan haqqı” serialı ATV-də işıq üzü gördü. Ən çox reytinq toplayan serial bu mövsüm də davam edəcək. Serial qohumu İmranın (İlham Hüseynov) ardıncaRusiyayaişləməyə getmiş ədəbiyyat müəllimi Kamilin (Elxan Yunis), orada başına gələn hadisələrdən, Larisa (Çimnaz Sultanova) adlı birrusqadınla evlənməsindən bəhs edir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), nişanlı qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il ərzində Larisa ilə nikahdan bir oğlu olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir.

Qeyd edək ki, bu mövsüm də ATV-də hər mövsümdə olduğu kimi, komediya serialları yeni mövzularla və yeni formatda təqdim olunacaq. Elməddin Cəfərovun prodüserlik etdiyi "Bacanaqlar”, "Qız atası”, "Qardaşlar” serialları da ssenari dəyişikliyi və yeni simaların cəlb olunması ilə öz axarı ilə davam edir.
"Space”-in əcnəbi aktrisası
"Space” televiziyasında böyük bir komandanın cəm olduğu yeni "Özgə” serialı yayımlanır. Peşəkar aktyor heyəti ilə görüşünüzə gələn "Özgə” serialı öz süjet xətti ilə bütün seriallardan kəskin şəkildə fərqlənir. "Özgə” serialının quruluşçu rejissoru Nicat Manafovdur. Serialda Azərbaycanın bir sıra xalq artistləri və tanınmış aktrisaları rol alacaq. Tanınmış model və müğənni Aysel Məmmədova serialda baş rolda oynamaq üçün çəkiliş üçün bir müddətlik Gürcüstandan Azərbaycana gəlib.Filmin süjet xəttində keçmiş Bakının tanınmış zərgərlərindən olan Məşədi Kazımın nəvəsi iş adamı, zərgər Şamilin həyat dramı durur. Babadan qalma miras, daima cəmiyyətdə tanınan qohumları... Şamilin kiçik qardaşı Əjdərin ölümündən sonra qorxuya düşürlər ki, nəslin başçısı da ölsə miras kimə qalacaq. Şamil - hamilə həyat yoldaşını Şuşanın işğalı zamanı itirmiş, bir daha ailə qurmayan bu yaşlı, kökünə, adətlərinə bağlı insan birdən-birə doğmalar içində yad birinə çevrilir, özgələşir. Amma özgə o - Şamil deyil. Əslində bu filmdə hər bir obraz özgədir. Hər kəs sərvət ardınca qaçır. Yalnız Nigar əmisinə bağlıdır, safdır. Hadisələr bu iki insanın – Şamil və Nigarın ətrafında cərəyan edir.

Köklü ağacı yerindən qoparmağa çalışan özgələr çoxdur. Filmdə hadisələr kəskin və dinamik davam edir.

Serialda Aysel Mamedova, Samirə Cavanşir, İlqar Həsənov, Ziyad Qurbanov, Kamran Abadov, Əli Əliyev, Gülşən, ekstrasens Nadim, Gülxarə Ərəbxanova və başqaları rol alıblar.
ARB–nin "Yataqxana”sında nələr baş verəcək?
ARB televiziya kanalında nümayiş olunan yeni serial "Yataqxana” adlanır. Bu serial təhsil almaq istəyən və macəra axtarışında olan gənclərin Bakıya gəlişindən bəhs edir. Tələbələrin universitet və yataqxana həyatında baş verən ən maraqlı və gülməli hadisələrin şahidi olacaqsınız. Qeyd edək ki, serialda yeni simalarla tanış olacaqsınız.

Bu mövsüm ARB TV-də də yeni serial start götürəcək. Komediya janrında olan ekran işində həkim olmağa çalışan Cemanın başına gələn tragikomik hadisələr yer alır. "Hippokrat andı” adlanan serialda baş rolları aktrisa Cəmilə Tağızadə və aparıcı Xədicə Sənanqızı oynayacaq. Ekran işi 3 ay davam edəcək.
"Lider” televiziyasında "Sevginin göz yaşları”
"Lider” TV-də ekran həyatına başlayan "Sevginin göz yaşları” serialı həftəiçi 4 gün yayımlanacaq. Elçin Cahangirlinin rejissoru olduğu ekran işi dram janrındadır.
Xəyalə Rəis




banner

Oxşar Xəbərlər