Hər iki tərəf əməkdaşlığın inkişaf etdirilməsini istəyir

Hər iki tərəf əməkdaşlığın inkişaf etdirilməsini istəyir

Siyasət
31 Oktyabr 2012, 15:37 1484
Hazırda Rusiyada işgüzar səfərdə olan Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sözügedən səfərin Rusiyanın Prezident Administrasiyasının dəvəti ilə əvvəlcədən planlaşdırılmış səfər olduğunu bildirib. Onun sözlərinə görə, noyabrın 1-dək davam edəcək səfərin məqsədi Rusiya-Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək, gələn il keçiriləcək regional forum və digər bu kimi ikitərəfli məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparmaqdan ibarətdir.

Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsinə də toxunan Əli Həsənov deyib: “Hazırda Rusiya-Azərbaycan münasibətləri çox yaxşı inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə mövcud olan münasibətlər partniyorluq prinsiplərinə əsaslanır.

Hər iki tərəf bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə maraq göstərir. Azərbaycan və Rusiya prezidentləri də bəyan edib ki, Rusiya və Azərbaycan münasibətlərinin inkişafı gələcəkdə də strateji istiqamətlərdə davam etdiriləcək”.

AzNews.az-a eksklüziv müsahibəsində şöbə müdiri bəzi KİV-lərdə Rəsul Quliyevlə görüşməsi haqqında yayılan məlumata da münasibət bildirib:

“Mənim R.Quliyevlə görüşüm olmayıb və bundan sonra da görüşmək niyyətim yoxdur. Ümumiyyətlə, R.Quliyevin Rusiyada olduğundan xəbərim belə yoxdur. Bu barədə yayılan məlumatlar tam yanlış və əsassızdır”.