AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hər gün 100-ə yaxın ailəyə ərzaq yardımı edən

Hər gün 100-ə yaxın ailəyə ərzaq yardımı edən "Facebook" qrupu

Müsahibə
21 Aprel 2020, 16:23 1707
"Evdar kişilər klubu” qrupu və "Xızır Baba” səhifəsinin birgə xeyriyyə aksiyası "Qazanda sənin də duzun olsun” adlanır

Pandemiyanın səbəb olduğu məsələlərdən biri də yardımlaşma aksiyalarının genişlənməsidir. Belə ki, karantin şəraiti elan olunandan bəri bəzi ailələrin maddi vəziyyəti çətinləşib və yardıma ehtiyacları yaranıb. Bununla əlaqədar olaraq son dönəmlər müxtəlif adlar altında yardım aksiyaları həyata keçirilir. Onlardan biri də sosial şəbəkədə yeni yaradılan "Evdar kişilər klubu” qrupunun və "Xızır Baba” səhifəsinin birgə layihəsi olan "Qazanda sənin də duzun olsun” adlı xeyriyyə aksiyasıdır. 
Aksiyanın gedişatı və bugünədək görülən işlərlə bağlı məlumat almaq üçün həm "Xızır Baba” səhifəsinin, həm də "Evdar kişilər klubu” qrupunun təsisçisi Vəfadar Babayevlə həmsöhbət olduq.

- "Xızır Baba” səhifəsi 5-15 yaş aralığında uşaqlar üçün nəzərdə tutulmuşdu. Necə oldu ki, öz missiyasını ailələrə yardım səhifəsi olaraq davam etdirməyə başladı?

- "Xızır Baba” səhifəsini açarkən nə vaxtsa belə bir karantin şəraitinin yaşanacağını düşünməmişdik. Bizim əsas missiyamız uşaqlar üçün lazımı yardımların edilməsi idi. Karantin günlərində "Facebook” sosial şəbəkəsində "Evdar kişilər klubu” qrupunu yaratdım. Bu klubun yaranmasında məqsəd təkcə əylənmək deyildi, həm də qarşılıqlı şəkildə faydalı olmaq idi. Yavaş-yavaş dostları əlavə etdik və üzvlərin sayı sürətli şəkildə çoxaldı. Ailələrə yardım edilməsi təklifi də məhz elə qrup üzvlərindən gəldi. Düşündük ki, bir fond yaradaq və ora ianələr edilsin, həmin ianələrlə ehtiyacı olan ailələrə yardım əlimizi uzadaq. Məni tanıyanlar da təklif etdilər ki, bu işi "Xızır Baba” vasitəsilə həyata keçirək. Çünki "Xızır Baba” bir müddətdir fəaliyyət göstərir və cəmiyyətdə müəyyən etimad qazanıb. Biz karantindən əvvəl "Xızır Baba” olaraq 5-15 yaş aralığındakı uşaqların arzusunu yerinə yetirirdik. Amma hələlik bu kateqoriyanı bir kənara qoyub, ümumi olaraq ailələrə yardım etmək qərarına gəldik. Çünki indi ailələrin bir çoxunda böyüklər işləmir və uşaqları acdır. Hazırda həmin uşaqların ac qalmamağı üçün çalışırıq. Bu iş, sadəcə karantin dövrünə aiddir. Karantin dövrü bitdikdən sonra "Xızır Baba” əvvəlki missiyasına geri dönəcək.
 
- Yardıma ehtiyacı olan ailələr sizinlə necə əlaqə saxlayır, necə müraciət edir?
 
- "Evdar kişilər klubu” ilə danışıb fondu yaratdıqdan sonra 70 ailəyə kömək ediləcək qədər pul yığılmışdı. Amma bizə müraciət edən ailə sayı təxminən 20-yə yaxın idi. Ona görə sosial şəbəkədə elan paylaşıb yardıma ehtiyacı olan ailələrin bizimlə əlaqə saxlamasını bildirdim. Müraciət forması olaraq isə şəxsiyyət vəsiqəsinin şəklini, ailə vəziyyətini, ünvan və əlaqə nömrəsini göndərmələrini xahiş etdik. O elandan sonra müraciətlər həddindən artıq çox oldu. Hər gün "whatsapp”a 1000-dən çox mesaj gəlir. 

- Yardım üçün müraciət edənlərin çox olduğunu qeyd edirsiniz. Müraciət edən hər ailəyə yardım edilirmi,  yardım ediləcək ailələri necə seçirsiz? 

- Bizim əsas kökləndiyimiz ailələr heç bir gəliri olmayan, həqiqətən çətin vəziyyətdə yaşayan ailələrdir. Müraciət edən hər kəsi siyahıya almırıq. Mümkün qədər yardıma daha çox ehtiyacı olanları ön sıraya çəkirik. Məsələn, yazılan bəzi müraciətlərdən müəyyən edirik ki, bu adamın bizim yardımımıza elə də ciddi ehtiyacı yoxdur. Hətta bəzi ünvanlara bizim əməkdaşlar yardım apararkən aydın olur ki, həmin şəxs ehtiyac içərisində deyil. 

- İşinizi necə qurursunuz, necə sistemləşdirirsiniz?

- Bakı, Sumqayıt ərazisində olan ailələrə yardım çatdırırıq deyə, bölgünü də buna uyğun etmişik. Məsələn, "whatsapp”da "Evdar kişilər klubu” üzvlərindən ibarət koordinasiya qrupu yaratmışıq. Bu kişilərin hamısı iş-güc, müəyyən vəzifə sahibi insanlardır ki, bizə yardım edirlər. Kimisi bazarlığa, kimisi maşını ilə birlikdə çatdırma işinə köməklik edir. Ərzaqların çatırılma işini də sistemləşdirmişik. Yəni elə dostlarımız var ki, onlar bizə texniki olaraq da dəstək göstərirlər. Nömrəyə gələn müraciətləri "excel” proqramında rayonlar üzrə sistemli şəkildə siyahıya alırlar. Siyahıya uyğun olaraq da kim hansı ərazini daha yaxşı tanıyırsa, həmin əraziyə yollanır və ərzaq payı çatdırır.

- Ailələrə yardım ayın neçəsindən başlanıb və təxminən neçə ailəyə yardım eidlib?

- 4 apreldən başlanıb, bu günə olan statistika isə 1100-dür. 1100 ailəyə ərzaq yardımı edilib və bu, növbəti günlərdə də davam edəcək.  

- Bəs, nə qədər pul yığılıb və nə qədəri xərclənib?
 
- Təxminən bu günə qədər 28 min manat pul xərcləmişik. Yığılan pul isə 30 min manatdan çoxdur. Pulların 99%-i kart hesabına köçürülmə ilə baş tutub. Yəni bacardığımız qədər əldən pul almamağa çalışırıq. Bu həm karantin şərtləri ilə bağlıdır, həm də hesabat üçün karta köçürülmə daha məqsədəuyğundur. Çünki kimsə hesabat istəyən zaman kart üzərindən edilən bütün alış-verişləri göstərə bilək. Həmçinin bazarlıq edərkən də topdan satış yerlərindən qəbzləri götürük və bütün bunları sosial şəbəkədəki səhifəmizdə paylaşırıq. Düzdür, hələ ki bizdən belə bir hesabat istəyən olmayıb, amma gündəlik olaraq sosial şəbəkədə bunları paylaşırıq ki, insanlar pulların hara və necə xərcləndiyini görsün.

- Bəzən yardımlaşma aksiyaları haqqında müxtəlif fikirlər səslənir. Kimisi "sağ əlin verdiyini sol əl bilməməlidir" deyir, edilən yardımların sosial şəbəkədə paylaşılmasını düzgün hesab etmir. Sizin bu fikirlərə yanaşmanız necədir?
 
- "Sağ əlin verdiyini sol əl bilməməlidir” məsəlinin irad kimi çəkilməsi bizim yardım aksiyamıza tamamilə ziddir. Çünki yardım aksiyamızda sağ əlin verdiyindən sol əlin xəbəri olmur. Yığılan 30 min manatın hamısı Vəfadar Babayevin olsa və bunu Vəfadar öz adından sosial şəbəkədə paylaşsa, onda deyilən məsəl yerinə düşər. Amma bizdə ianə edən şəxslərin adları və o ianələr vasitəsilə yardım edilən şəxslərin adları, şəkilləri göstərilmir. Şəkillər paylaşılan zaman şəxslərin üzləri müəyyən vasitələrlə gizlədilir. Yəni ianə edən sağ əlin, ianəni alan sol əldən xəbəri olmur. Hər iki tərəf, sadəcə bizim komandanı tanıyır, yardım bizim vasitəmizlə edilir. Sosial şəbəkədə paylaşım məsələsinə gəlincə isə, bildirim ki, ianələrin böyük bir qismi tanımadığımız insanlardan gəlir. Bu insanlar bizi sosial şəbəkədən görüb, tanıyıblar. Ona görə də insanların pulunun hara xərcləndiyini göstərmək üçün hesabat şəklində bunu çəkib paylaşmalıyıq. Bayaq da qeyd etdiyim kimi, şəkillər paylaşılarkən şəxslərin üzləri bağlı olur. 

- Sosial şəbəkədəki paylaşımların yardım aksiyanıza köməyi olurmu?

- Əlbəttə, olur. İanələrin əksəriyyəti sosial media paylaşımları hesabına gəlir. Demək olar ki, hər gün minimum 60 ailəyə yardım edilir. Paylaşımlar nəticəsində insanlarda inam yaranır ki, həqəqtən də edilən ianələrlə ehtiyacı olan ailələrə yardım edilir. Biz bunları paylaşmasaq, ianələr azalar, bu da ailələrin belə çətin dönəmdə ac qalmasına səbəb olar.

- Ailələri əvvəlcədən araşdırıb yardım paketi hazırlayırsız, ya bütün ailələr üçün paket standart olur?

- Karantin dövründə hər bir ailəni araşdırmaq, ona uyğun paket hazırlamaq həm vaxt aparar, həm də fiziki olaraq bunu çatdırmaq olmaz. Ona görə paketlərimiz bütün ailələr üçün standart hazırlanır. Amma bəzən standart paketdən kənar ərzaqlar da olur. Məsələn, bizə son günlər bir çox dostumuz qurbanlıqlar göndərirlər. "Evdar kişilər klubu”muzun bir üzvü o gün 4 qurban kəsdirib, əti paketlədib göndərmişdi. Həmin gün standart paketlə 80 ailəyə yardım ediləcəkdi və normalda bizim paketlərdə ət olmur. Amma qurban ətimiz olduğu üçün yardıma ət də əlavə edildi. Bu gün isə başqa bir dostumuz 84 toyuq göndəmişdi və biz 84 ailəyə ümumi ərzaqların yanında toyuq da verdik. Yəni belə əlavə göndərmələr olanda veririk, amma əsas etibarı ilə bizim yardım paketlərimiz standart olur.

- Maraqlıdır, standart yardım paketinin içində hansı ərzaqlar olur?

- Ərzaqları seçərkən daha çox gündəlik zəruri olanlara üstünlük veririk. Məsələn, düyü, çay, duz, qənd, şəkər tozu, un, tomat, makaron, qarabaşaq, mərcimək, lobya, kartof və yağ paketə daxil olan ərzaqlardır. Bir yardım paketinin qiyməti isə təxminən 36 manat edir.

- Karantindən sonra planınız nədir?

- Mövcud vəziyyət düzələndən sonra "Xızır Baba” olaraq əvvəlki missiyamızı davam etdirəcəyik.

Günel Azadə