Hər daşında tarix yatan Kastamonu - Fotolar
II yazı
Türkiyənin tarixi
şəhərlərindən olan Kastamonu həm də təmiz havası, səfalı təbiəti, gözəl mənzərələri,
yay-qış turizmi ilə seçilir. Türkiyənin, Anadolunun ən qədim şəhəri ilə tanışlığımız
onun TÜRKSOY tərəfindən 2018-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan
edilməsindən sonra başladı. Və nə yaxşı ki, yolumuz bu şəhərdən düşdü...
Şəhər bizi Şeyx
Şaban Vəlinin:
"Gəlişiniz
gülə-gülə
Gedişiniz
gülə-gülə
Hər işiniz
gülə-gülə”...
- misraları ilə
qarşıladı. Demək olar ki, şəhərin hər küncündə bu sözlərin əks-sədası bizi
izlədi, getdiyimiz hər məkanda qulaqlarımız bu ifadələri eşitdi.
Kastamonu şəhərinin
114 min, kəndləri ilə bərabər isə vilayətin 370 min əhalisi var. 258 kəndə bağlı
məhəllələri mövcuddur. 1461-ci ildə Fateh Sultan Mehmet tərəfindən tikilib. İki
milli parkı var - Ilqaz və Küre dağları. Küre dağları insan ayağı dəyməyən bir
yerdir. Ora 1998-ci ildə Dünya Təbiəti Mühafizə Cəmiyyəti tərəfindən "Yaşayan planet”
adı verilib.
Şəhəri gəzdikcə,
ona heyran qalmamaq olmur. Hər tərəf tarix qoxuyur. Qalası, məscidi,
özünəməxsus yeməkləri, şirniyyatı, xalq sənəti, mədəniyyəti və dünyaca məşhur Şeyx
Şaban Vəlisi var, bu şəhərin. Elə reportajıma Şeyx Şaban Vəli Vəqfindən
başlamağım da təsadüfi deyil.
Şeyx Şaban Vəli Vəqfi
Səfərimiz
çərçivəsində Şeyx Şaban Vəli Vəqfi Muzeyinin qonağı olduq. Muzey Kastamonunun
tarixi və mədəniyyəti baxımından ən önəmli abidələrdən biridir. Burada məscid,
külliyyat, türbə, kitabxana və dərgah evləri mövcuddur. Tarixi və mənəvi
özəlliklərini bir arada tutan külliyə Kastamonunun ən çox ziyarət edilən
məkanlarındandır. Malikanə e.ə.1900-cü ildə Azdavaylı Mahmud Paşa tərəfindən
tikilib. Bura karxana, selamlık (cümə mərasimi keçirilən məkan) və mərkəzdəki mətbəx
bölümündən ibarətdir.
Muzeyə daxil
olmamışdan əvvəl Şeyx Şaban Vəlinin həyatı ilə maraqlandıq. Bizə geniş məlumat
verən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri
İrfan Çiftçi ilə hələ Kastamonuya getməmişdən əvvəl bir dialoqumuz
gerçəkləşmişdi. O, Şeyx Şaban Vəlinin kökünün Yəhya Şirvaninin qolundan
gəldiyini söyləmiş və xəlvətilik təriqətinin qısa bir tarixini nəql etmişdi:
"Xəlvətiliyin qurucusu Pir Ömər Xəlvətidir. O, Şamaxıdandır. Xəlvətilik
təriqətinin ikinci qurucusu, mənşəcə Azərbaycan türklərindən olan Seyid Yəhya
Bakuvi də tanınmış filosof, alim və şairlərdən biridir. Bu adamlar bizim
filosoflarımızdır. Bu gün Qərb dünyası üçün Afinalı Tomas, Kamp, Hegel
kimdirsə, bizim üçün də Yəhya Şirvani, Şeyx Şaban Vəli, Həzrəti Mövlana o
insanlardır. Yanlış odur ki, bizim gənclərimiz bunları anlamadığı üçün gedib
Nitşeni oxumaqla fikirlərini qarışdırırlar”.
Xəlvəti təriqətinin
Şabaniyyə qolunun qurucusu olan Hz.Pir Şeyx Şaban Vəli e.ə.1481-ci ildə Kastamonunun
Daşkörpü qəsəbəsində dünyaya gəlib. O doğulmamışdan öncə atasını, 3 yaşında
olarkən anasını itirib. Xeyirsevər bir qadın ona sahiblənib, təhsilində ona
maddi və mənəvi köməyini əsirgəməyib. İlk dərslərini Daşkörpüdə aldıqdan sonra
Kastamonu və İstanbul Fatih Sahn-ı Səman Mədrəsəsində təhsilini davam etdirir. Belə
nəql edirlər ki, bir gecə ona hatifdən səs gəlir: "Əsl vətəninizə dönün!” -
deyə əmr verilir. Doğulduğu torpağa dönmək üçün işarə alan Şaban əfəndi
müəllimləri ilə halallaşaraq iki dostu ilə birlikdə Bolunu keçərək, Kastamonuya
getmək üçün yola çıxır. Yolda Xeyrəddin Tokadi Həzrətlərini ziyarət edirlər.
Şeyx Şaban Vəli axtardığı kamil mürşidini tapır. 12 il Tokadi həzrətlərinin tabeliyində
qalır və sədaqətlə xidmət edir. Sonunda Məzhər xəlifəsi olur. Xeyrəddin Tokadi ona
"sizə xilafət verildi, vətəninizə dönə bilərsiniz” – deyə icazə verir. Şeyx
Şaban Vəli Kastamonuya gəldikdən sonra ziyalı mövqeyini davam etdirir. O, vəfatına
qədər 360 xəlifə yetişdirib. Onun qurduğu Şabaniyyə təlimi islam dünyasının bütün
bölgəsinə yayılıb. Anadoludan başqa, Misir, Hicaz, Pakistan, Liviya və başqa
ölkələrdə bu təriqətin şöbələrini açan alim, şeyxlər təssəvüf əhlinə ilahi
eşqin zövq və həyəcanını təqdim edərkən Avropa və Amerika qitələrində bir çox
insan islam dinini qəbul etmək qərarı verib.
Bütün bu bilgilərə
sahib olduqdan sonra Şeyx Şaban Vəli muzeyini gəzdikdə o dövrlə daha yaxından
tanış oluruq. İlk olaraq, onun otağını ziyarət etdik. Burada xəlvəti
təriqətinin Şabaniyyə qolunun qurucusunun xüsusi əşyaları nümayiş olunur.
Otaqda şeyxin gündəlik geyimləri, o cümlədən bel və baş sarğıları, onun üçün
yazılmış yazılar sərgilənir. Otaqda eyni, zamanda xəlvəti təriqətinin
müridlərinin sarıqlarını görmək olar. Xalça və kilim bölümündə isə Anadolunun
müxtəlif yerlərinə aid xalçalar nümayiş olunur. Burada Kırşehir xalçaları başda
olmaqla, Kayseri, Niğde, Malatya, Konya, Çankırı və Sivasa aid xalça və
kilimləri seyr etmək mümkündür.
Muzeyin Qurani-Kərim
bölməsində isə müqəddəs kitabın Osmanlı dövründən qalma əl yazmaları nümayiş etdirilir.
Burada bir sədəqə daşı da var ki, üzərinə "bu daşa nəzir qoymaq olmaz” yazılıb.
Əvvəllər maddi vəziyyəti yaxşı olan insanlar bura pullar qoyardılar ki,
kasıblar oradan pul götürsünlər. Bu, eyni zamanda, bir növ köməkləşmək idi.
Muzeydə xəttatlıq
sənətinin inciləri də mövcuddur. Bu sənət türklərdə çox inkişaf edib. Nümayiş
olunan əsərlərin çoxu da Hz.Pir Şeyx Şaban Vəlini vəsf edən, yazılarla xəlvəti təriqətindən
bəhs edən əsərlərdir. Bundan başqa, muzeydə padşah fərmanları, Kəlimey-i tevit
və icazənamələr sərgilənir.
Mahmut bəy məscidi, Kastamonu muzeyi
Mahmut bəy məscidi
1366-cı ildə Candaroğlu bəylərindən olan Adil bəyin oğlu Əmir Mahmud bəy
tərəfindən tikilib. Onun inşasında bir mismardan da istifadə edilməyib.
Çanakkala
savaşlarından başlayaraq, Milli mücadilə illərində Kastamonu sakinlərinin
göstərdiyi fədakarlıqları nəzərə alan Mustafa Kamal Atatürk yolunu buradan
salıb. Belə ki, Atatürk 1925-ci ilin 24 avqust tarixində Kastamonu İnəbolu
ərazisində "Şapka və qiyafət” ilə mükafatlandırılıb. Burada onun geyimləri və
şapkası qorunub saxlanılır.
Daş basqı, toxuma sənəti
Kastamonuda 600
illik yaşı olan "daş baskı” deyilən bir sənət növü var. Belə ki, bəyaz bezlərin
üzərinə vurulan və naxışlarla həkk olan bu bəzəklərin bir özəlliyi var. Bu gün
yuyulduqda rəngini dəyişən geyimlərdən fərqli olaraq, daş basqı ilə hazırlanan
naxışlar üzərindən illər keçsə də, rəngini dəyişmir, əksinə, yuyulduqca
gözəlləşir.
Səfər zamanı Xalq
Təhsil Mərkəzi və Axşam Sənət məktəbinin də qonağı olduq. Bizi toxuma üzrə
peşəkar müəllim Sevgi Güngör qarşıladı. Böyük bir komanda ilə xanımları
ətrafına cəm edən Sevgi xanım onlara bu sənətin sirlərini öyrətməkdən yorulmur.
Köhnə taxta tikiş maşınlarının köməyi ilə süfrə, kəlağayı, xanımlar üçün
cehizlik nümunələri hazırlayırlar. Sevgi xanım
deyir ki, toxuma sənəti, sadəcə Kastamonuya məxsusdur: "Biz bu örtükləri
əl əməyi, göz nuru ilə ərsəyə gətiririk. Toxuma sənətinin ölməyini istəmirik,
onun üçün yeni-yeni tələbələr yetişdiririk. Çünki bu sənət bizə əcdadlarımızdan
ərməğan qalıb”.
Halva evi, Etnoqrafiya muzeyi
Növbəti səfərimiz
isə Kastamonuda kifayət qədər tanınan Halva evi oldu. Burada hazırlandıqdan
sonra Osmanlı sarayına aparılan "çəkmə halva”nın adı 1800-cü illərə gedib çıxır.
Sonrakı zamanlarda isə bazarda "saray
halvası” adı ilə məşhurlaşıb. Hazırlanması əsrlər öncəyə dayanan bu halva
Türkiyənin bir çox bölgələrində fərqli adlarla hazırlanmaqdadır.
Etnoqrafiya muzeyi
Kastamonunun tarixi ilə daha yaxından tanış olmaq üçün bizə geniş imkan
yaratdı. Muzey 1997-ci ildə restovrasiya olunduqdan sonra insanların
istifadəsinə verilib. Muzeyin tikilməsi 1887-ci ilə təsadüf edir. Zirzəmisi ilə
birlikdə 4 mərtəbəli olan bu malikanənin 3 mərtəbəsi aktiv şəkildə istifadə edilir.
Birinci mərtəbədə Kastamonunun yaxın keçmişi ilə bağlı şəkillərə aid sərgi və
muzey kitabxanası mövcuddur. İkinci mərtəbədə isə Kastamonunun minlərcə illik
xalq mədəniyyəti və incəsənətinin nümunələri sərgilənir. Toxuculuq, daş basma,
ağac işləri, ayaqqabı və ipçilik kimi bölmələrin mövcud olduğu məkanda
Kastamonu mədəniyyətinin dərin kökləri və inkişafı nəzərə çarpır. Bu bölümdəki
bir-birindən dəyərli əsərlərin içərisində ən diqqətçəkəni isə Mahmud bəy Camiyə
aid qapının varlığıdır. Bu qapı əsl sənət əsəridir. Muzeyin üst mərtəbəsi isə
Kastamonu malikanəsinin yerləşiminin, otaqların dizaynının kuklalarla
canlandırıldığı bölümdür. Bu bölüm Kastamonudakı şəhər mədəniyyətinin
göstərilməsi məqsədini daşıyır.
Cümhuriyyət meydanı, Ilqaz Dağı Milli Parkı
Cümhuriyyət
meydanı şəhərin ən böyük mərkəzidir. Türkiyənin ən gözəl üç meydanından
biridir. Qurtuluş savaşı illərində könüllü olaraq insanlar İnebolu-Ankara nəqliyyat
mərkəzinə silah-sursat daşıyıb. Bələdçinin sözlərinə görə, verdikləri dəstəklər
sayəsində müharibənin taleyi əhəmiyyətli dərəcədə dəyişib. Meydanda heyvana
qoşulan qoşqunun içərisində övladı ilə birlikdə silah daşıyan Şərifə Bacının və
burada şücaət göstərən qəhrəman kastamonuluların heykəli qurulub.
Kastamonunun
turizm üçün ən təbiət məkanlarından biri Ilqaz Dağı Milli Parkıdır. Bura Qara
dənizin qərbində Ilqaz dağları üzərində 1976-cı ildə qurulub. Dağ ilə
yamacların arasında gözəl bir mənzərə canlanır. Yanvar ayında bura səfər
etdiyimiz üçün, meşə ilə getdiyimiz yol boyu üzəri qarla örtülmüş ağaclar, möhtəşəm
mənzərə insanları bizləri heyran etdi. Parka çatdıqda isə, buranın qış idmanı
və turizm imkanlarının nə qədər böyük olduğunu gördük. Bu dağın ən yüksək
nöqtəsi hündürlüyü 2587 metr olan böyük Hacet təpəsidir.
Qarla örtülü olan
bu dağlarda iki yerdə xizək sürmək imkanı, kanat və istirahət üçün əlverişli
şərait yaradılıb. Bura həm yay, həm də qış aylarında gözəl istirahət keçirmək
üçün ideal məkandır. Ərazidə bir çox otellər var.
Kastamonu qalası
Kastamonuya gəlib
də Kastamonu qalasına çıxmamaq günah olar deyirlər ki, həqiqətən də elədir. Bu
qalaya qalxanda, Kastamonu ayaqlarınızın altında qalır, bütün şəhər ovcunuzun
içinə sığır. Burada şanlı Türk bayrağı sanki dünyaya meydan oxuyur, külək onu vüqarlı
şəkildə dalğalandırır. Kastamonunun ən mühüm tarixi irslərindən biri olan bu qala
Kommenler sülaləsi zamanında türklərin regiona etdikləri hücumlar qarşı müdafiə
rolunu daşıyıb.
112 metr hündürlükdəki təpənin üzərində
yerləşən qala cənubdan şimala 155 metr, şərqdən qərbə 30-50 metr enində, dördkünc
formadadır. İlk tikilişində 15 böyük bürc və qüllə ilə gücləndirilmişdir. Qala
içərisində müxtəlif tikililərin qalıqları var.
Vaxt tamam olur və bizi çox mehriban və
gülərüzlə qarşılayan, insanları, torpağı sevgi və tarixlə dolu Kastamonuya
səfərimiz başa çatır. Buraya bir gələn bir də gəlmək istəyir. Bu qədim şəhərdən
unudulmaz xoş xatirələrlə ayrılırıq.
Xəyalə Rəis