• cümə, 29 Mart, 09:57
  • Baku Bakı 5°C

Hər birimiz bir çiçək

15.05.13 17:00 1988
Hər birimiz bir çiçək
Mayın 15-də Kukla Teatrında balaca aktyorlar öz həmyaşıdlarına gözəl bir tamaşa ərməğan etdilər. Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Hər birimiz bir çiçək” adlı tamaşanı “Kaspi” Təhsil Mərkəzi və Kukla Teatrının birgə hazırlayıblar.
Sözügedən təhsil mərkəzinin direktor müavini Aydın Əliyev bizimlə söhbətində bildirdi ki, tamaşada “Kaspi” Təhsil Mərkəzində məktəbəqədər hazırlıq keçən 4-6 yaşlı uşaqlar aktyor qismində iştirak edirlər: “Kukla Tetыrı ilə birgə hazırladığımız tamaşanın özəlliyi ondadır ki, burada yalnız balaca aktyorlar rol alıblar. Kukla teatrının tamaşaçıları öyrəşib ki, rolları böyüklər səsləndirsin, kuklalar oynasın. Amma biz fərqlilik etdik. Bu dəfə balaca tamaşaçıları balaca aktyorlar əyləndirdi. Məqsədimiz istedadlı uşaqları üzə çıxarmaqdır. Ümumiyyətlə, “Kaspi” Təhsil Mərkəzi olaraq il boyu müxtəlif tədbirlər keçirir, tamaşalar səhnəyə qoyur, uşaqların gəzintisini təşkil edirik”.
Tamaşanın məzmununa gəlincə, uşaqlar burada həm Azərbaycandan, həm də müxtəlif ölkələrdən olan sevimli qəhrəmanlarını səhnədə görürlər. Azərbaycanın milli qəhrəmanı Cırtdan builki gül bayramını özünəməxsus şəkildə keçirmək istəyir. Ona gül bayramı bir az darıxdırıcı gəldiyindən o, bu bayramı fərqli, özünəməxsus şəkildə keçirməyə qərar verir. Bir az düşünür və başqa ölkələrin nağıl qəhrəmanlarını Azərbaycanda keçirilən gül bayramına dəvət etməklə bayrama rəng qatmağa çalışır. Ancaq onları necə dəvət edəcəyini bilmir. Bu işdə ona Cırtdanın bacısı, eyni zamanda Qırmızıpapaq, Tıq-tıq xanım və başqa dostları kömək etməyə çalışırlar. Onlar cırtdana təklif edirlər ki, əcnəbi qonaqları Azərbaycana ya mobil telefonla, ya da skaypla dəvət etsin. Amma cırtdan bununla razılaşmır və xeyli düşündükdən sonra qərara gəlir ki, qonaqların arxasınca şəxsən özü getsin. Bunun üçün sehirli xalçası ona yardımçı olur. Beləliklə, Cırtdan bacısı ilə sehirli xalçasına orturaraq müxtəlif ölkələrə yön alır. O, Türkiyədən balacaların sevimlisi olan Peppini, İtaliyadan Buratinonu, Rusiyadan Maşa və ayını, İngiltərədən Kayonu və digər ölkələrdən nağıl qəhrəmanlarını öz ölkəmizə gül bayramına dəvət edir. Cırtdan istəyir ki, əcnəbi nağıl qəhrəmanlarına gül bayramını necə qeyd etdiyimizi əyani şəkildə göstərsin. Beləliklə, nağıl qəhrəmanları Cırtdanın dəvətini qəbul edib Azərbaycana gəlir və gül bayramını necə möhtəşəm keçirdiyimizi öz gözləri ilə görüb bəyənirlər.
Qeyd edək ki, tamaşanın ssenari müəllifi Səidə Haqverdiyevadır.
Lalə

banner

Oxşar Xəbərlər