• cümə axşamı, 28 mart, 14:03
  • Baku Bakı 16°C

“Hər bir övlad öz ailəsinin təbliğatçısı, güzgüsüdür” - Mənim balam

17.01.20 14:05 5810
“Hər bir övlad öz ailəsinin təbliğatçısı, güzgüsüdür” - Mənim balam
Elgün Hüseynov: "Oğul atası ilə çox zaman keçirdikdə, onda kişi xarakterli formalaşır”
Ata olduqdan sonra həyatında bir çox şey dəyişib. Valideyn olmağı həm məsuliyyətli, həm də gözəl bir missiya kimi qiymətləndirir. Deyir ki, övlad sahibi olmaq şərəfli və bir o qədər də müqəddəs bir missiyadır. 4 yaşlı oğlu Ümidi şəxsiyyət kimi yetişdirmək, cəmiyyətə yararlı bir övlad kimi görmək arzusu ilə yaşayır.

Beləliklə müsahibimiz, Araz FM radiosunun aparıcısı, aktyor, ifaçı Elgün Hüseynovdur. "Mənim balam” rubrikamızın qonağı olan aktyor övlad böyüdərkən onun ürəkli, cəsarətli və ən əsası, qorxmaz, kişi xarakterli yetişməsində daha maraqlı olduğunu bildirdi.

- Övlad yetişdirərkən nəyə daha çox önəm verirsiniz?
- Mənə görə, hər şeydən önəmli onun sağlam mühitdə, sağlam həyat tərzi ilə böyüməsidir. Oğlumun 4 yaşı var, hazırda bağçaya gedir. Yaşının az olmasına baxmayaraq, hesab edirəm ki, uşağın xarakteri elə körpəlikdən, bu yaşlarından formalaşmağa başlayır. Buna görə də oğlumun sözün əsil mənasında bir şəxsiyyət kimi formalaşması üçün çalışıram. Hər bir övlad ailəsinin bir növ təbliğatçısı, güzgüsüdür. Ümid bir az hiperaktiv uşaqdır, enerjisi çoxdur və enerjisini xərcləməyə yer axtardığı üçün dəcəllik də edir.
- Ata olduqdan sonra həyatınızda nələr dəyişdi?
- Həyat rejimim, həyata baxışım dəyişdi, məsuliyyətim daha da artdı. Əgər həmin günə qədər özüm üçün yaşayırdımsa, o, dünyaya gəldikdən sonra artıq Ümid üçün yaşamağa başladım. O, dünyaya gələnə qədər etdiyim hərəkətlərdə ilk növbədə özümü, ailəmi düşünürdüm. Ümiddən sonra isə daha çox onun gələcəyini və həyatını düşünməyə başladım. Bunun özü böyük dəyişiklik idi.

- Oğlunuz sizi radiodan dinləyəndə, efirdə görəndə, hansı reaksiyanı verir?
- Çox sevinir, hətta radioya gəlməyə can atır. Onun radioya böyük marağı var. Bir dəfə ad gününə gedəndə, əlinə mikrofonu aldı və danışmağa başladı. Zalda əyləşənlərə "axşamınız xeyir” dedi və başladı onlarla söhbət etməyə. Neçə ki mən tədbirlərdə açılışlar edir, qonaqları salamlayıram, onun kimi hərəkət etməyə çalışdı. Görürəm ki, artıq Ümiddə də məclisi ələ almaq, idarə etmək istəyi formalaşır.
- Oğlunuzun sənətinizi davam etdirməsini istəyirsinizmi?
- Heç də əleyhinə deyiləm. Zamanı gələndə, özü seçim edəcək. Ancaq mənim fikrimə qaldıqda, çox istəyərdim ki, özünü fərqli sahələrdə sınasın.
- Oğlunuzun adını siz qoymusunuz?
- Övladım olacağını biləndə, dedim ki, adını Raul qoyacağam. Elə oldu ki, həmin ərəfələrdə "O səs Türkiyə” yarışlarına qatılmaq üçün İstanbula getdim. Orada bir valideyn övladını Ümid deyə səslədi və bu ad məni özünə çəkdi. Övladım dünyaya gələndə, ona Ümid adını verdik. Əslində valideynlərin öz adını övlada qoymasının tərəfdarı deyiləm. Çünki uşağı tərbiyələndirəndə bəzi sözlərdən, ifadələrdən istifadə edirik.

- Övladınızla nə qədər zaman keçirirsiniz?
- Bacardığım qədər onunla çox zaman keçirməyə çalışıram. Amma istəyimlə işim üst-üstə düşmür. Belə ki, işimlə əlaqədar radioya, çəkilişlərə gedirəm, bəzən el şənliklərində oluram və çox zaman sərf etmiş oluram. Bacardığım qədər yerdə qalan zamanımı Ümidə həsr edirəm.

- Tərbiyə metodikanızda dədə-baba üsulundan istifadə edirsinizmi?
- Əlbəttə ki, valideynlərimizdən gördüyümüz tərbiyə metodlarından da istifadə edirik. Mən uşağa səs tonunun qaldırılmasının tərəfdarı deyiləm. Ona hər şeyin izah olunaraq başa salınmasının tərəfdarıyam.


- Bəs övladınızı cəzalandırarkən hansı üsuldan istifadə edirsiniz?
- Mən uşağa əl qaldırmağın əleyhinəyəm. Döyməklə uşaq tərbiyələndirilməz. Düzdür, indiki uşaqlar bir az fərqlidirlər. Biz tamamilə fərqli ab-havada böyümüşük. Müəyyən bir yaşa qədər uşağı sıxmağın tərəfdarı deyiləm, ta ki, uşağın həyatı formalaşsın, özünü dərk etsin. Yaşadıqca, həyat ona hər şeyi öyrədəcək. Bunun üçün uşağa sərt cəzalar tətbiq etmək düzgün deyil. Yeri gələndə, uşaq vaxtı məni cəzalandırmaq üçün döyüblər. Mən isə Ümidi cəzalandırmaq üçün onu sevdiyi şeylərdən məhrum edirəm. Misal üçün, sevimli əşyasından, oyuncağından. Özü başa düşməyənə qədər oynamasına icazə vermirəm. Valideynlərim uşaq yaşımda məni cəzalandırmaq üçün döymək üsuluna üstünlük verirdilər və bu məndə az da olsa travma yaradıb. Uşaqlığımın bu hissəsini xoş xatirə kimi yada salmıram. İndiki uşaqlar isə daha həssasdırlar.

- Uşaqlığınızın keçdiyi o zamanla indiki zaman da bir deyil.
- Açığı, bugünkü zəmanə məni qorxudur. Hesab edirəm ki, oğlan uşaqlarında qadın hormonları çox olur. Bunun nədən qaynaqlandığını bilmirəm. Bəlkə də mən yanlış düşünürəm. Bunun üçün Ümidin mənimlə daha çox zaman keçirməyini istəyirəm. Oğul atası ilə çox zaman keçirdikdə, onda kişi xarakteri daha çox formalaşır. Buna görə açığı, bir az narahatlıq keçirirəm.
- Bu, uşaqlarda özünü elə uşaq yaşlarından hiss elətdirir. Bəzən oğlan uşaqlarının maşına, robota deyil, kuklalara, onların saç düzümlərinə daha çox önəm verdiyini görürük.
- Mən bu işdə valideynləri qınayıram. Çünki valideyn övladına nəzarət etməlidir. Ancaq mən Ümidin hərəkətlərində kişi xarakterini hiss edirəm. "Atam bunu etdi, mən də belə edəcəyəm” deyir. Görürəm ki, anası ilə necə rəftar edirəmsə, Ümid də elə rəftar edir. Şükür Allaha ki, Ümid mənim xarakterimi götürüb.
- Belə olduğu halda, valideyn özü bir örnək olmalıdır.
- Əlbəttə ki, uşaq nə görürsə, onu da təkrarlamağa başlayır. Bizim ailədə pis vərdişi olan biri yoxdur və bunun üçün ürəyim çox rahatdır. Ümidin bu yaşında belə heyvanlara qarşı böyük sevgisi var. Təbii ki, bu da ailədən qaynaqlanır. Uşaqlarda cəmiyyətə sevgini valideyn formalaşdırmalıdır. Uşağa valideyn tərəfindən diqqət mütləqdir.
- Oğlunuz planşetlərə və telefonlara meyillidir?
- Şükürlər olsun ki, yox. Mən Ümidin yaşıdlarına baxanda görürəm ki, onlar bu yaşda valideynlərinin telefonları ilə oynayırlar. Bəzən valideynlər uşaqları narahat etməsin deyə, onlara telefon verir və saatlarla övladlarından xəbərdar olmurlar. Uşaqlar da rahat şəkildə telefonu idarə edirlər. Biz isə Ümidin əlinə telefon verməmişik. Buna görə də onda telefona meyillilik yoxdur. Bəzi hallarda telefonda cizgi filmlərinə baxar.

- Bəs siz özünüz necə uşaq olmusunuz?
- Biz ailədə iki qardaş olmuşuq. Mənimlə müqayisədə qardaşım daha dəcəl idi. Bir az sərt rejimdə böyümüşük. Hər səhvimizin üstündə döyülmüşük. Döyülməyi çıxmaq şərti ilə valideynlərimin tərbiyə rejimini çox sevirəm.

- Yəqin ki, buna görə də bir az sərt uşaq olmusunuz.
- Əksinə. Uşaq vaxtı çox ürəyiaçıq idim. Kim məndən nəsə istəyirdisə, onu da verirdim.

- Bu xarakterinizə görə yəqin ki, başınıza maraqlı əhvalatlar da gələr.
- O qədər. Bizim ailə vəziyyətimiz çətin olduğundan, bir şey istəyəndə onu həmin an almırdılar. İstədiyimi almaq üçün müəyyən müddət pul toplamalı idim. Belə ki, gündəlik mənə verilən pulu yığıb müəyyən müddətdən sonra istədiyimi alırdım. Uzun müddət ağlayandan sonra nəhayət ki, mənə velosiped almışdılar. Mən o velosipedi o qədər əzizləyirdim ki... Təkərlərini yuyurdum və gedib-gəlib ona baxırdım. O zaman 4-də oxuyurdum. Mənə evdə tapşırmışdılar ki, həyətdən kənara çıxmaq olmaz. Evimizin yanında balaca bir təpədə yol var idi. Bir gün orda velosiped sürməyə getdim və bir oğlan mənə yaxınlaşıb yarışmağı təklif etdi. Mənim velosipedim təzə olduğundan onu ötdüm. Belə olanda, o mənə dedi ki, gəl indi velosipedlərimizi dəyişib sürək. Mən velosipedi ona verdim. Bir dəfə gedib-gəldikdən sonra ikinci dəfə oğlan gedib qayıtmadı. Təsəvvür edin ki, Nərimanovdan Gəncliyə qədər ağlayaraq velosipedimin dalınca düşmüşdüm. Sonra evə gəldim. O zaman böyük bir stress keçirmişdim ki, valideynlərim məni döyəcək. Cəzalananda o qədər döyülmüşdüm ki, stress keçirir və pis hallara düşürdüm.
- Elgün Hüseynov yaxşı atadır, yoxsa yaxşı övlad?
- Yaxşı övlad olub-olmadığımı deyə bilmərəm. Bacardığım qədər yaxşı ata olmağa çalışıram. Ümidin istədiyini zamanında alım, ehtiyaclarını ödəyim və s.

- Ümidin gələcəyini necə görmək istəyirsiniz?
- Mən özümü tanıdım-tanıyalı heç zaman pul, var-dövlət arxasınca qaçmamışam. Çalışmışam ki, hər zaman getdiyim yerdə özümə hörmət edim, mədəniyyətimi qoruyum. Bu xasiyyətimlə də hər yerdə valideynlərimin başını uca etmişəm. İstəyirəm ki, Ümid də elə olsun. Özünə hörmət qoymağı bacarsın. Açığı, Ümidin gələcəyini indidən düşünürəm. Hansı peşənin arxasınca gedəcək, özünü dolandıra biləcəkmi? Valideynlərim çalışıb ki, müəyyən yaşdan sonra nəyisə özümüz əldə edək. Çalışıblar göstərsinlər ki, pul əziyyətlə qazanılır və onu qazanmaq heç də asan deyil.
Xəyalə Rəis


banner

Oxşar Xəbərlər