“Hər bir uğur düşmən qazandırır” - Fotolar
Avqustun
son günlərində hər kəsin dilində "Düşün məni” mahnısı səsləndi. Mahnı sevildi,
dinlənildi və kifayət qədər də reytinq topladı. 4 milyona yaxın baxış sayı
toplayan mahnı nəinki ölkə daxilində, bir çox xarici ölkələrin alış-veriş
məkanlarında və insanların ən çox toplaşdığı məkanlarda da səsləndirildi.
Mahnının ifaçısı - səsi simasından daha çox tanınan Elvin Mirzəzadədə ilə görüşdük.
Redaksiyamıza qonaq gələn ifaçı ilə mahnının uğurundan danışdıq.
- İstərdik Elvin Mirzəzadəni daha yaxından tanıyaq.
-
1991-ci il noyabrın 17-də Bakıda anadan olmuşam. Bakıda doğulsam da, əslən Qərbi
azərbaycanlıyam. Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Nəqliyyat” fakültəsini
bitirmişəm. Universitetdə üçüncü kursda oxuyarkən ATV telekanalında yayımlanan
"Yeni ulduz” layihəsində iştirak etmişəm. Bundan başqa, iki il bundan qabaq Space
televiziyasında yayımlanan "Üç bacı” serialına çəkilmişəm. Daha sonra əsgərliyə
getdim və bu bir ildə həyatımda çox şey dəyişdi. Psixoloji olaraq sanki böyüdüm
və həyatdan çox dərslər aldım.
- Ailənizdə sizdən başqa musiqi ilə məşğul olan
varmı?
- Xeyr.
Əmim qarmon ifa etməyi bacarır, ancaq hər zaman buna hobbi kimi baxıb. Əslində,
mən ixtisasca yol polisiyəm, ancaq bu gün ifaçı kimi fəaliyyət göstərirəm. Mənim
üçün istəklərim və hədəfim hər şeydən önəmlidir. Öz yaşıdlarıma da bunu
məsləhət görürəm. Həmişə öz xəyalları uğrunda mübarizə aparsınlar. Qarşılarına
bir məqsəd qoysunlar və ona doğru sürətli addımlarla irəliləsinlər. Yorulmadan,
tükənmədən, deyilən sözlərə məhəl qoymadan... Gec-tez Allah hər bir insanın
yolunu açacaq.
- 2011-ci ildə "Yeni ulduz” layihəsində
iştirak etdiniz. Bu layihə sizin həyatınızda nələri dəyişdi?
- Bu layihə
mənim həyatımı çox dəyişdi. Bu layihədən əvvəl oxumağımı ətrafımdakı bəzi insanlar
qəbul edə bilmirdilər. Universitetdə təhsil alarkən dostlarımla birlikdə KVN komandası
yaratmışdıq. Orada da ifalar edirdim. Həyatımın dönüş nöqtəsi olan bu layihədə fərqli
tərzdə ifam həm münsiflərin, həm də tamaşaçıların marağına səbəb oldu. Bu bir yenilik
idi, sadəcə olaraq həmin ərəfələr sosial şəbəkələr, media bu dərəcədə inkişaf etməmişdi
deyə, o qədər tanınmadım. Həmin ərəfələr gündəmi demək olar ki, zəbt etdim, ancaq
sonra hər şey SMS-dən asılı oldu deyə ələndim.
- Fərqli üslub ifaçısı kimi tanınsanız da,
"Düşün məni” ilə məşhurlaşdınız və sizə uğur gətirən başqa janr oldu.
- İnsanın
gərək bir naxışı olsun. Bu, qismət məsələsidir. Əgər mən bu mahnıya rast gəlməsəydim,
bu gün tanınmazdım.
- "Düşün məni” mahnısı kiməsə ünvanlanmışdı?
- Xeyr.
Bu mahnını heç kimə ünvanlamamışam. Elə hesab edirəm ki, istər şair, istər musiqiçi, istərsə də aktyor yaşanmamış bir hadisəni tamaşaçıya
yaşada bilirsə, bu onun yaxşı sənətçi
olmasının xəbərçisidir.
- Mahnını ilk dəfə dinlədikdə, onun bu qədər
seviləcəyinə inanırdınızmı?
- Mahnını
ilk dəfə eşidəndə, onu ifa etmək və bu mahnının mənə məxsus olmasını istədim. Mahnının
sözləri və musiqi yazarı Elməddin Səfərliyə təşəkkür edirəm. O, bu mahnını mənə
hədiyyə etdi.
- "Düşün məni” mahnısını sevənlərlə bərabər,
onu bəyənməyənlər də oldu. Sizin bu qısqanclığa reaksiyanız necədir?
- Hər
bir uğur düşmən qazandırır, mənfi fikir formalaşdırır. Uğurun yeyilməsi məsələsi
var. Nədənsə insanlarımızın çoxu digərlərinin uğurunu qəbul edə bilmir. Kimisi deyir
ki, "Düşün məni”nin topladığı baxış sayı saxtadır. Əgər bu, saxtadırsa, siz necə
bunu getdiyiniz hər bir məkanda eşidə bilirsiniz? Bunlar ki saxta deyil. Təbii
ki, bu absurd söhbətdir. Deyirlər ki, artıq bu mahnıdan iyrənirəm, hamı bu
mahnını ifa edir, dinləyir. Belə tənqid edənlər də olur. Ola bilər rənglər və
zövqlər müxtəlifdir. Albert Eynşteyn deyir ki, "hər bir tənqidin arxasında aşkar
paxıllıq, gizli heyranlıq hissi dayanır”. Bəlkə də mahnın altından irad yazan
həmin insanlar bu fikirləri mənim özümə yazsalar, onu qəbul edərəm. Həzrət Əlinin
gözəl bir kəlamı var. Deyir ki, hər kəsin içində deyilən tənqid tənqid deyil, təhqirdir.
Onlar məni gözdən salmaq istəyirlər. Bu illərdir ki, belə gəlib və belə də
gedəcək. Ən böyük dövlətlərin elə düşmənləri olub. Böyüklər danışılar, kiçiklər
danışar. Qoy mənim uğurumdan danışsınlar.
- Həqiqətən də bu mahnı qısa bir zaman
ərzində sevildi və dillər əzbərinə çevrildi.
-
Hərdən dostlarım zəng edib zarafatla deyirlər ki, səni məhkəməyə verəcəyik,
artıq bu mahnını eşitməkdən bezdik. Əminliklə deyə bilərəm ki, Azərbaycanda
belə bir mahnı olmamışdı. Hansı ki, qısa müddətdə bu qədər baxış sayı yığsın,
həm də baxılsın. Sanki yuxudayam. Biri mənə yazıb ki, mahnıdan o qədər
təsirlənmişəm, taksi sürücüsünə deyirəm ki, "Neftçilər”də düşürün məni. Hətta onu da deyim ki, mahnı hazır olanda xalq
artistlərimizdən biri onu dinlədikdən sonra deyib ki, bu mahnının sözləri bayağıdır,
heç bir reytinq verməyəcək. Aranjemançı dostum Rubail Əzimov deyib ki, "Düşün
məni” ilin axırına 3 milyon baxış sayını keçəcək.
- Məşhurlar tərəfindən duet təklifi gəlirmi?
-
Bəli, çoxdur. Ancaq mən onları qəbul etməyəcəm.
- Səbəb?
- Bu
o məşhurlardır ki, "Düşün məni”dən əvvəl də mənim səs imkanlarımı yaxşı
tanıyırdılar. Qaldırdığım reytinqlə batan hər hansı bir müğənnini üzə çıxarmaq
istəmirəm. Onların arasında reytinqli müğənnilər də var. Bəlkə onları
dəyərləndirdim. Bu mənə bir az xoş gəlmir. "Bağda ərik var idi...” söhbətidir.
- Bu mahnıya klip çəkdirməyi düşünürsünüzmü?
- Həm
düşünürəm, həm də yox. Bir çox rejissorlar bu mahnıya klip çəkmək istədiklərini
deyiblər. Hər kəsin qəlbində düşündüyü dünyası var. Hər kəs mahnıda onu tapır. Mən
o mahnını başqa bir səmtdə kliplə ortalığa çıxarsam, fikirlər o tərəfə yönələcək.
- Hesab edirsiniz ki, klip mahnını öldürəcək?
- Klip
mahnının öldürə bilər. Çünki bu mahnı onsuz da sevilir. Onu yenidən kliplə təqdim
etmək bir az ağlabatan söhbət deyil. Bu mahnının timsalında hər insan düşüncəsində olan birini fikirləşir. Ancaq yenə də yəqn ki, klipi çəkəcəm.
Onsuz da bu mənim şəxsi büdcəmdən olmayacaq.
- "Düşün məni” ilə yüksələn reytinqinizdən
sonra yəqin ki, xanım fanatlarınızın sayı çoxalar. Sosial şəbəkədə
izləyicilərinizin artması da bunun bariz nümunəsidir.
- (gülür)
Artıq "Facebook”da dostluğum limitdədir. Bu normaldır. Səsimi bəyənib, sənətimə
hörmət edən kifayət qədər insanlar var dostluğumda. Onların hamısına hörmətlə yanaşıram.
- Qorxmursunuz ki, bundan sonra ifa
edəcəyiniz mahnı "Düşün məni” qədər sevilməz?
-
Açığı desəm, bunun üçün çox qorxuram. Mənim üçün əsas məsələ özümü kütləyə
çatdırmaq idi. İki-üç aydan sonra yeni bir mahnı ifa edəcəm. Yeni bir mahnımı
ən azı indiki izləyicinin yarısı izləsə, bu özü də yaxşı göstəricidir. Mütləq
deyil ki, hər insanın zövqünü oxşayan mahnı ifa edəsən.
- Simanız bir o qədər tanınmır.
Televiziyalara, radiolara birbaşa çıxışlarınız da yoxdur. Siz təkcə sosial
şəbəkə vasitəsi ilə tanınmağın mümkün olduğunu sübut edən gənclərdənsiniz. Elə hesab edirsinizmi, indi sizin kimi yeni
simaların və istedadlı gənclərin dövrüdür?
-
Gəlin qəbul edək ki, bu gün "İnstagram”ın və "Facebook”un reytinqi
televiziyaların reytinqindən qat-qat üstündür. Düzdür, efir, radio və bu kimi
vasitələr də ifaçının tanınması üçün böyük rol oynayır. Ancaq bu günün
insanları sosial şəbəkə istifadəçisidir, zövqlü mahnıları da məhz xalq təyin
edir.Bu
gün Azərbaycandan kənarda da bu mahnı dinlənilir. Təsəvvür edin ki, Mərakeşdən,
Yaponiyadan, Türkiyədən, Çindən, Amerikadan mənə mahnımın onların ölkəsində
dinlənilməsi ilə bağlı videolar göndərirlər. Onlar mahnımı dinlədiklərini və
çox sevdiklərini yazırlar. Yaponiya,
Amerika marketlərində, böyük kütlənin olduğu məkanlarda mahnımın səslənməsi tək
mənim deyil, Azərbaycanın uğurudur. Hərdən deyirlər ki, türkiyəli ifaçı Aleyna
Tilkinin mahnısına daha çox baxılıb.
Ancaq gəlin Türkiyənin nüfuzuna baxaq. Bu gün Türkiyə Suriyadan gəlmiş əhali
ilə birlikdə 100 milyon təşkil edir. Ancaq bizdə 9-10 milyonluq əhali var.
Bunlardan əgər 3 milyondan artığı məni dinləyirsə, bu, əhalinin demək olar ki,
hamısı deməkdir. Onu da nəzərə alaq ki, yaşlı əhali internetdən istifadə etmir,
üstəlik də azyaşlıların internetə çıxışı yoxdur... Bu gün şəxsi avtomobillərdə,
istirahət mərkəzlərində, taksilərdə, avtobuslarda, radiolarda "Düşün məni”
dinlənilir.
- Bundan əvvəl ifa etdiyiniz mahnılar gündəm mövzularından
bəhs etsə də, bu qədər reyting gətirməyib.
- "Günəşli”
neft yatağında baş verən hadisə ilə bağlı mahnı ifa etdim. Bu mənim içimdən gəldi.
Bu mahnı "Facebook”da yarım milyondan çox izlənildi. Sözügedən hadisə mənə çox təsir
etmişdi. Neft Akademiyasında terrorun qurbanı olan tələbələrimiz üçün də mahnı həsr
etmişdim. Heç bir zaman xalqımızın başına gətirilən bu hadisələrdən yaxamı kənara
çəkməmişəm. Bizim əlimizdən oxumaq gəlirsə, bununla yaralara məlhəm ola biliriksə,
niyə də etməyək. Müğənninin işi ancaq toya işləmək deyil ki...
- Yəqin "Düşün məni”ni toylarda da tələb edirlər.
- Bəli.
Hələ ki üzü Məhərrəmliyə doğru gedirik. Məhərrəmlikdən sonra toy reytinqi bəlli
olacaq.
- Əvvəlki üslubunuzda mahnılar ifa
etməyəcəksiniz?
- Artıq
mənim özünəməxsus mahnılarım var. 2009-cu ildə parkda oturub gitara çaldığım günlərim
olub. Mən bunu danmıram. Yenə də ola bilər.
- Hər kəsə "Düşün məni” deyib kimlərisə
düşünməyə vadar edirsiniz. Bəs siz kimi düşünürsünüz?
- Əslində,
konkret olaraq kimsə beynimdə deyil. Həyatda bir prinsipim var. Məni itirən onsuz
da itirir. Əgər bir insan rahatlıqla səndən əl çəkib imtina edə bilirsə, deməli
xeyirlisi budur. Sabahı bu insan səni yarı yolda qoyacaq. Gözəllik aşiqlərindən
uzaq durmaq lazımdır. Çünki yer üzündə ondan da gözəlləri var.
- Bu kiməsə mesajdır?
- Xeyr.
Ümumiyyətlə, deyirəm, bu günün reallığıdır. Əgər pulla xoşbəxt olmağı düşünürlərsə...
Əlbəttə, pul da lazımdır. Amma xoşbəxtliyi pulla almaq mümkün deyil. Pul isə bəzən
bədbəxtliyə də səbəb olur. Həyatda insana stimul verə biləcək nələrsə olmalıdır.
Xəyalə
Rəis