• cümə, 29 Mart, 00:17
  • Baku Bakı 7°C

“Hər bir uğur düşmən qazandırır” - Fotolar

13.09.17 09:30 4999
“Hər bir uğur düşmən qazandırır” - Fotolar
Avqustun son günlərində hər kəsin dilində "Düşün məni” mahnısı səsləndi. Mahnı sevildi, dinlənildi və kifayət qədər də reytinq topladı. 4 milyona yaxın baxış sayı toplayan mahnı nəinki ölkə daxilində, bir çox xarici ölkələrin alış-veriş məkanlarında və insanların ən çox toplaşdığı məkanlarda da səsləndirildi. Mahnının ifaçısı - səsi simasından daha çox tanınan Elvin Mirzəzadədə ilə görüşdük. Redaksiyamıza qonaq gələn ifaçı ilə mahnının uğurundan danışdıq.
- İstərdik Elvin Mirzəzadəni daha yaxından tanıyaq.
- 1991-ci il noyabrın 17-də Bakıda anadan olmuşam. Bakıda doğulsam da, əslən Qərbi azərbaycanlıyam. Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Nəqliyyat” fakültəsini bitirmişəm. Universitetdə üçüncü kursda oxuyarkən ATV telekanalında yayımlanan "Yeni ulduz” layihəsində iştirak etmişəm. Bundan başqa, iki il bundan qabaq Space televiziyasında yayımlanan "Üç bacı” serialına çəkilmişəm. Daha sonra əsgərliyə getdim və bu bir ildə həyatımda çox şey dəyişdi. Psixoloji olaraq sanki böyüdüm və həyatdan çox dərslər aldım.
- Ailənizdə sizdən başqa musiqi ilə məşğul olan varmı?
- Xeyr. Əmim qarmon ifa etməyi bacarır, ancaq hər zaman buna hobbi kimi baxıb. Əslində, mən ixtisasca yol polisiyəm, ancaq bu gün ifaçı kimi fəaliyyət göstərirəm. Mənim üçün istəklərim və hədəfim hər şeydən önəmlidir. Öz yaşıdlarıma da bunu məsləhət görürəm. Həmişə öz xəyalları uğrunda mübarizə aparsınlar. Qarşılarına bir məqsəd qoysunlar və ona doğru sürətli addımlarla irəliləsinlər. Yorulmadan, tükənmədən, deyilən sözlərə məhəl qoymadan... Gec-tez Allah hər bir insanın yolunu açacaq.
- 2011-ci ildə "Yeni ulduz” layihəsində iştirak etdiniz. Bu layihə sizin həyatınızda nələri dəyişdi?
- Bu layihə mənim həyatımı çox dəyişdi. Bu layihədən əvvəl oxumağımı ətrafımdakı bəzi insanlar qəbul edə bilmirdilər. Universitetdə təhsil alarkən dostlarımla birlikdə KVN komandası yaratmışdıq. Orada da ifalar edirdim. Həyatımın dönüş nöqtəsi olan bu layihədə fərqli tərzdə ifam həm münsiflərin, həm də tamaşaçıların marağına səbəb oldu. Bu bir yenilik idi, sadəcə olaraq həmin ərəfələr sosial şəbəkələr, media bu dərəcədə inkişaf etməmişdi deyə, o qədər tanınmadım. Həmin ərəfələr gündəmi demək olar ki, zəbt etdim, ancaq sonra hər şey SMS-dən asılı oldu deyə ələndim.
- Fərqli üslub ifaçısı kimi tanınsanız da, "Düşün məni” ilə məşhurlaşdınız və sizə uğur gətirən başqa janr oldu.
- İnsanın gərək bir naxışı olsun. Bu, qismət məsələsidir. Əgər mən bu mahnıya rast gəlməsəydim, bu gün tanınmazdım.
- "Düşün məni” mahnısı kiməsə ünvanlanmışdı?
- Xeyr. Bu mahnını heç kimə ünvanlamamışam. Elə hesab edirəm ki, istər şair, istər musiqiçi, istərsə də aktyor yaşanmamış bir hadisəni tamaşaçıya yaşada bilirsə, bu onun yaxşı sənətçi olmasının xəbərçisidir.
- Mahnını ilk dəfə dinlədikdə, onun bu qədər seviləcəyinə inanırdınızmı?
- Mahnını ilk dəfə eşidəndə, onu ifa etmək və bu mahnının mənə məxsus olmasını istədim. Mahnının sözləri və musiqi yazarı Elməddin Səfərliyə təşəkkür edirəm. O, bu mahnını mənə hədiyyə etdi.
- "Düşün məni” mahnısını sevənlərlə bərabər, onu bəyənməyənlər də oldu. Sizin bu qısqanclığa reaksiyanız necədir?
- Hər bir uğur düşmən qazandırır, mənfi fikir formalaşdırır. Uğurun yeyilməsi məsələsi var. Nədənsə insanlarımızın çoxu digərlərinin uğurunu qəbul edə bilmir. Kimisi deyir ki, "Düşün məni”nin topladığı baxış sayı saxtadır. Əgər bu, saxtadırsa, siz necə bunu getdiyiniz hər bir məkanda eşidə bilirsiniz? Bunlar ki saxta deyil. Təbii ki, bu absurd söhbətdir. Deyirlər ki, artıq bu mahnıdan iyrənirəm, hamı bu mahnını ifa edir, dinləyir. Belə tənqid edənlər də olur. Ola bilər rənglər və zövqlər müxtəlifdir. Albert Eynşteyn deyir ki, "hər bir tənqidin arxasında aşkar paxıllıq, gizli heyranlıq hissi dayanır”. Bəlkə də mahnın altından irad yazan həmin insanlar bu fikirləri mənim özümə yazsalar, onu qəbul edərəm. Həzrət Əlinin gözəl bir kəlamı var. Deyir ki, hər kəsin içində deyilən tənqid tənqid deyil, təhqirdir. Onlar məni gözdən salmaq istəyirlər. Bu illərdir ki, belə gəlib və belə də gedəcək. Ən böyük dövlətlərin elə düşmənləri olub. Böyüklər danışılar, kiçiklər danışar. Qoy mənim uğurumdan danışsınlar.
- Həqiqətən də bu mahnı qısa bir zaman ərzində sevildi və dillər əzbərinə çevrildi.
- Hərdən dostlarım zəng edib zarafatla deyirlər ki, səni məhkəməyə verəcəyik, artıq bu mahnını eşitməkdən bezdik. Əminliklə deyə bilərəm ki, Azərbaycanda belə bir mahnı olmamışdı. Hansı ki, qısa müddətdə bu qədər baxış sayı yığsın, həm də baxılsın. Sanki yuxudayam. Biri mənə yazıb ki, mahnıdan o qədər təsirlənmişəm, taksi sürücüsünə deyirəm ki, "Neftçilər”də düşürün məni. Hətta onu da deyim ki, mahnı hazır olanda xalq artistlərimizdən biri onu dinlədikdən sonra deyib ki, bu mahnının sözləri bayağıdır, heç bir reytinq verməyəcək. Aranjemançı dostum Rubail Əzimov deyib ki, "Düşün məni” ilin axırına 3 milyon baxış sayını keçəcək.
- Məşhurlar tərəfindən duet təklifi gəlirmi?
- Bəli, çoxdur. Ancaq mən onları qəbul etməyəcəm.
- Səbəb?
- Bu o məşhurlardır ki, "Düşün məni”dən əvvəl də mənim səs imkanlarımı yaxşı tanıyırdılar. Qaldırdığım reytinqlə batan hər hansı bir müğənnini üzə çıxarmaq istəmirəm. Onların arasında reytinqli müğənnilər də var. Bəlkə onları dəyərləndirdim. Bu mənə bir az xoş gəlmir. "Bağda ərik var idi...” söhbətidir.
- Bu mahnıya klip çəkdirməyi düşünürsünüzmü?
- Həm düşünürəm, həm də yox. Bir çox rejissorlar bu mahnıya klip çəkmək istədiklərini deyiblər. Hər kəsin qəlbində düşündüyü dünyası var. Hər kəs mahnıda onu tapır. Mən o mahnını başqa bir səmtdə kliplə ortalığa çıxarsam, fikirlər o tərəfə yönələcək.
- Hesab edirsiniz ki, klip mahnını öldürəcək?
- Klip mahnının öldürə bilər. Çünki bu mahnı onsuz da sevilir. Onu yenidən kliplə təqdim etmək bir az ağlabatan söhbət deyil. Bu mahnının timsalında hər insan düşüncəsində olan birini fikirləşir. Ancaq yenə də yəqn ki, klipi çəkəcəm. Onsuz da bu mənim şəxsi büdcəmdən olmayacaq.
- "Düşün məni” ilə yüksələn reytinqinizdən sonra yəqin ki, xanım fanatlarınızın sayı çoxalar. Sosial şəbəkədə izləyicilərinizin artması da bunun bariz nümunəsidir.
- (gülür) Artıq "Facebook”da dostluğum limitdədir. Bu normaldır. Səsimi bəyənib, sənətimə hörmət edən kifayət qədər insanlar var dostluğumda. Onların hamısına hörmətlə yanaşıram.
- Qorxmursunuz ki, bundan sonra ifa edəcəyiniz mahnı "Düşün məni” qədər sevilməz?
- Açığı desəm, bunun üçün çox qorxuram. Mənim üçün əsas məsələ özümü kütləyə çatdırmaq idi. İki-üç aydan sonra yeni bir mahnı ifa edəcəm. Yeni bir mahnımı ən azı indiki izləyicinin yarısı izləsə, bu özü də yaxşı göstəricidir. Mütləq deyil ki, hər insanın zövqünü oxşayan mahnı ifa edəsən.
- Simanız bir o qədər tanınmır. Televiziyalara, radiolara birbaşa çıxışlarınız da yoxdur. Siz təkcə sosial şəbəkə vasitəsi ilə tanınmağın mümkün olduğunu sübut edən gənclərdənsiniz. Elə hesab edirsinizmi, indi sizin kimi yeni simaların və istedadlı gənclərin dövrüdür?
- Gəlin qəbul edək ki, bu gün "İnstagram”ın və "Facebook”un reytinqi televiziyaların reytinqindən qat-qat üstündür. Düzdür, efir, radio və bu kimi vasitələr də ifaçının tanınması üçün böyük rol oynayır. Ancaq bu günün insanları sosial şəbəkə istifadəçisidir, zövqlü mahnıları da məhz xalq təyin edir.Bu gün Azərbaycandan kənarda da bu mahnı dinlənilir. Təsəvvür edin ki, Mərakeşdən, Yaponiyadan, Türkiyədən, Çindən, Amerikadan mənə mahnımın onların ölkəsində dinlənilməsi ilə bağlı videolar göndərirlər. Onlar mahnımı dinlədiklərini və çox sevdiklərini yazırlar. Yaponiya, Amerika marketlərində, böyük kütlənin olduğu məkanlarda mahnımın səslənməsi tək mənim deyil, Azərbaycanın uğurudur. Hərdən deyirlər ki, türkiyəli ifaçı Aleyna Tilkinin mahnısına daha çox baxılıb. Ancaq gəlin Türkiyənin nüfuzuna baxaq. Bu gün Türkiyə Suriyadan gəlmiş əhali ilə birlikdə 100 milyon təşkil edir. Ancaq bizdə 9-10 milyonluq əhali var. Bunlardan əgər 3 milyondan artığı məni dinləyirsə, bu, əhalinin demək olar ki, hamısı deməkdir. Onu da nəzərə alaq ki, yaşlı əhali internetdən istifadə etmir, üstəlik də azyaşlıların internetə çıxışı yoxdur... Bu gün şəxsi avtomobillərdə, istirahət mərkəzlərində, taksilərdə, avtobuslarda, radiolarda "Düşün məni” dinlənilir.
- Bundan əvvəl ifa etdiyiniz mahnılar gündəm mövzularından bəhs etsə də, bu qədər reyting gətirməyib.
- "Günəşli” neft yatağında baş verən hadisə ilə bağlı mahnı ifa etdim. Bu mənim içimdən gəldi. Bu mahnı "Facebook”da yarım milyondan çox izlənildi. Sözügedən hadisə mənə çox təsir etmişdi. Neft Akademiyasında terrorun qurbanı olan tələbələrimiz üçün də mahnı həsr etmişdim. Heç bir zaman xalqımızın başına gətirilən bu hadisələrdən yaxamı kənara çəkməmişəm. Bizim əlimizdən oxumaq gəlirsə, bununla yaralara məlhəm ola biliriksə, niyə də etməyək. Müğənninin işi ancaq toya işləmək deyil ki...
- Yəqin "Düşün məni”ni toylarda da tələb edirlər.
- Bəli. Hələ ki üzü Məhərrəmliyə doğru gedirik. Məhərrəmlikdən sonra toy reytinqi bəlli olacaq.
- Əvvəlki üslubunuzda mahnılar ifa etməyəcəksiniz?
- Artıq mənim özünəməxsus mahnılarım var. 2009-cu ildə parkda oturub gitara çaldığım günlərim olub. Mən bunu danmıram. Yenə də ola bilər.
- Hər kəsə "Düşün məni” deyib kimlərisə düşünməyə vadar edirsiniz. Bəs siz kimi düşünürsünüz?
- Əslində, konkret olaraq kimsə beynimdə deyil. Həyatda bir prinsipim var. Məni itirən onsuz da itirir. Əgər bir insan rahatlıqla səndən əl çəkib imtina edə bilirsə, deməli xeyirlisi budur. Sabahı bu insan səni yarı yolda qoyacaq. Gözəllik aşiqlərindən uzaq durmaq lazımdır. Çünki yer üzündə ondan da gözəlləri var.
- Bu kiməsə mesajdır?
- Xeyr. Ümumiyyətlə, deyirəm, bu günün reallığıdır. Əgər pulla xoşbəxt olmağı düşünürlərsə... Əlbəttə, pul da lazımdır. Amma xoşbəxtliyi pulla almaq mümkün deyil. Pul isə bəzən bədbəxtliyə də səbəb olur. Həyatda insana stimul verə biləcək nələrsə olmalıdır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər