• şənbə, 20 Aprel, 17:28
  • Baku Bakı 23°C

Hər bir dövlətin inkişafında siyasi liderin apardığı siyasət olduqca vacibdir

11.04.19 17:55 390
Hər bir dövlətin inkişafında siyasi liderin apardığı siyasət olduqca vacibdir
Hər bir dövlətin və cəmiyyətin həyatında, onun inkişafında ən vacib amillərdən biri ən yüksək pillədə kimin durmasıdır. Siyasi liderin populyarlığı və nüfuzu onun ölkə daxilində, xalq arasında qazandığı nailiyyətlərdən asılıdır. Liderin rəhbərliyi dövründə sosial, iqtisadi və siyasi sahədə apardığı işlərin nəticələrinə görə, insanların müəyyən rəyləri formalaşır. Məhz bunun nəticəsidir ki, düz bir il bundan əvvəl, seçicilərin 86,02 faiz səsini toplayan İlham Əliyev inamlı qələbə qazanaraq yeddiillik müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ildən hakimiyyətdə olan Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici kursu dəstəkləyir və onun yanındadır.
Daxili və xarici siyasət dedikdə, əslində, çox mürəkkəb proseslər başa düşülməlidir. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik. Bunu istəməyənlər çoxdur. Bu qüvvələr, həm daxildə, həm də xaricdə fəaliyyət göstərir. Müstəqil Azərbaycan üçün dövlətçiliyin güclənməsi vacib idi. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Çünki, bu proseslərdə dünya güclərinin, dünyadakı qrupların, elitaların rəyləri də vacibdir. Regional layihələrin reallaşmasında qlobal oyunçuların və ayrı-ayrı maraq lobbilərinin apardıqları təsir, təzyiq və maneə imkanlarını xüsusilə vurğulamaq lazımdır. Bu kimi layihələrin bizim regionda keçirilməsi üçün möhkəm iradə, yaxşı düşünülmüş strateji siyasət vacibdir. Təsadüfi deyil ki, son 2 il ərzində prezident İlham Əliyevin iradəsi ilə baş tutan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, TAP, TANAP və digər qlobal layihələri Azərbaycanı istəməyən qüvvələr, o cümlədən, ümumdünya erməniləri ciddi qıcıqla qarşıladılar. Həmin qüvvələr tərəfindən Azərbaycanın başçılıq etdiyi enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə əngəl törətməyə çalışsalar da, buna müyəssər olmadılar.
Eyni zamanda, hər bir dövlətin inkişafı üçün dünyada cərəyan edən proseslərdən ciddi nəticə çıxararaq, siyasi kurs aparmaq çox vacibdir. Bu kontekstdə, planetin az qala bütün nöqtələrində ABŞ və Rusiya arasında davam edən qarşıdurmaları xüsusi ilə qeyd etmək lazımdır. Son zamanlar dünyadakı siyasi proseslər baxımından, demək olar ki, bütün bölgələr üçün həyəcanlı keçir. Rusiya-ABŞ münasibətlərinin pik həddədək pisləşməsi, Suriyada davam edən münaqişə, Ukraynada və ümumiyyətlə, bütün Avropada gedən proseslərdə Vaşinqton və Moskvanın maraqlarının toqquşması, Çin və ABŞ arasında soyuq iqtisadi müharibə, Trampın İranla bağlı sanksiyalara start verməsi, qardaş Türkiyənin milli maraqları uğrunda apardığı mübarizəsi, Qara dənizdə faktiki olaraq Rusiya və NATO hərbçilərinin üz-üzə gəlmələri, Rusiya və ABŞ arasında faktiki olaraq orta və yaxın mənzilli raketlərlə bağlı müqavilədən imtina və s. Bununla yanaşı, Avropa İttifaqının (Aİ) aparıcı dövləti Fransada "sarı jiletlilər” aksiyası bir daha sübut etdi ki, Paris kimi zəif olmayan beynəlxalq aktorlar belə, xarici və daxili siyasi davranışlarını yüz ölçüb, bir biçməlidirlər.Göründüyü kimi, regionda təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi heç də asan iş deyil.
ABŞ, Rusiya, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Aİ və s. kimi beynəlxalq aktorların və güclərin maraqlarının toqquşduğu Azərbaycanda sabit siyasət yürütmək, ölkəni regionun çox vacib beynəlxalq aktoruna çevirmək, ölkə daxilində iqtisadi inkişafa və hərbi gücə sahib olmaq heç də hər liderə müyəssər olmayan siyasətin nəticəsidir. Bu gün Ukraynada, Suriyada, Liviyada və adlarını bilə-bilə çəkmədiyim bizə yaxın və uzaq olan dövlətlərdəki ağır ideoloji, daxili, xarici vəziyyət göz qabağındadır.
Son bir il ərzində Azərbaycan diplomatiyası, informasiya müharibəsi şəraitində həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində öz haqq səsini dünyaya çatdırmağı qarşısına məqsəd qoyub. İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövqeyi buna misaldır. Eyni zamanda, 2018-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlığın Prioritetləri adlı sənəd imzalanıb ki, orada Azərbaycanın ərazi bütövlüyünə hörmət öz əksini tapıb.
İlin sonlarına yaxın NATO-nun Zirvə görüşündə qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi Bakının obyektiv mövqeyinə dəstək verilməsi heç də asanlıqla mümkün olmayıb. İllər əvvəl regiona və münaqişəyə dair tamam başqa fikirdə olan müxtəlif beynəlxalq aktorlar Bakının apardığı siyasət nəticəsində həqiqəti biliblər. Onilliklər ərzində "yazıq erməni” obrazı ilə dünya arenasında mövcud olan erməni imicinə bu gün Azərbaycan tərəfindən ciddi zərbə vurulub. Artıq, dünya Ermənistanı və erməniləri əzilən, məzlum tərəf kimi deyil, işğalçı kimi tanıyır.
Təsadüfi deyil ki, bu gün Paşinyan Qərbdə ciddi fiqur kimi qəbul edilmir və onun münaqişəyə dair bəyanatları ötən ay Avropa İttifaqının aparıcı nümayəndələri və ABŞ rəsmiləri tərəfindən ciddi təpki ilə qarşılanmışdı.
Eyni zamanda, hər bir dövlətin inkişafında siyasi liderin, hakimiyyətin apardığı daxili siyasət olduqca vacibdir. Xalqın rifahı, gücü, həm də, ölkə daxilində olan sosial-siyasi vəziyyətdən, milli xüsusiyyətləri qoruyan mühitdən asılıdır. Son illər dünyada yeni iqtisadi və siyasi idarəçilik modellərinin tətbiq edilməsinin şahidiyik. Təbii ki, siyasi və iqtisadi proseslər daima dəyişməkdədirlər. Belə olan təqdirdə hər bir siyasi hakimiyyət qarşısında idarəetmədə effektivlik ön plana çıxmaqdadır. İnnovativ idarəçilik, çevik iqtisadi və sosial siyasət tələbi dünyada cərəyan edən böhranlar zamanı xüsusi ilə əhəmiyyət kəsb edir. Ölkəmizdə ötən il keçirilən prezident seçkiləri yeni institusional islahatlar üçün impuls rolunu oynadı. 2019 başlar-başlamaz, Azərbaycanda bütün sahələrdə baş verən yeniliklərin, islahatların şahidi olmaqdayıq. Buraya idarəetmə, vergi, aqrar, sosial, məhkəmə sahələrindəki islahatları da aid edə bilərik.
Qısa zaman kəsiyində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, aztəminatlı ailələrə, şəhid ailələrinə, veteranlara dövlət qayğısının, pensiya və təqaüdlərin, maaşların, o cümlədən minimum əmək haqlarının artırılması istiqamətində atılan addımlar buna bariz nümunədir. Prezident tərəfindən son dövrlərdə imzalanan fərman və sərəncamlardan cəmiyyətin bütün sosial kateqoriyalarından olan vətəndaşları yararlana bildi. Bu günlərdə əhalinin aztəminatlı kateqoriyası hesab edilən qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin artırılması ilə bağlı imzalanan Prezidentin Sərəncamı da bu təbəqədən olan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 2019-cu il aprelin 1-dən 50 faiz artırılması ilə yadda qaldı. Bütün bu addımlar Prezident tərəfindən həyata keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Təbii ki, bu istiqamətlərdən biri də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların yeni yaşayış yerləri ilə təmin olunmasıdır. Bildiyimiz kimi Azərbaycan bəlkə də dünyanın ən çox məcburi köçkünə sahib olan ölkəsidir. 1990-cı illərdən başlayaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər nəticəsində xalqımız bir çox çətinliklərlə üzləşmişdir. Lakin dövlətin məqsədyönlü siyasəti və uğurlu addımları nəticəsində onların problemlərinin həlli lazımi səviyyədə öz həllini tapdı. Təbii ki, məcburi köçkünlərə dövlət qayğısı hər zaman Azərbaycanın daxili siyasətinin ən mühüm məsələlərindən biridir. Prezident İlham Əliyev siyasətinin ən böyük fəlsəfəsi ondan ibarətdir ki, o, Azərbaycanın hər bir vətəndaşının Prezidentidir. Biz hər zaman onun bütün sosial qruplara qarşı eyni qaydada qayğısını görür və müşahidə edirik.
Eyni zamanda, bu ilin fevral ayında ölkə başçısının problemli kreditlərlə bağlı fərmanı təqdirəlayiqdir. İllərdir ki, problemli kreditlər vətəndaşları narahat edən əsas məsələlərdən biri idi. Qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərmiş, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləmiş, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artmış, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalmışdı. Lakin son dövrdə respublikamızda makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb. Problemin optimal həlli yollarını tapmaq, bu məsələnin əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırılması məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunmuş, Azərbaycan Prezidentinin tapşırığına əsasən hökumət bu istiqamətdə fəal iş aparmış və təkliflər hazırlamışdır. Paralel olaraq, məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilmiş, müxtəlif təkliflər irəli sürülmüşdür. Problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır.
İslahatların effektiv şəkildə keçirilməsi üçün vergi sahəsindəki islahatlar da çox vacib idi. Əhalinin güzəranının yaxşılaşdırılması, effektiv sosial siyasət üçün vergi sahəsində şəffaflığı təmin edən islahatlara ehtiyac var idi. Vergi, gömrük sahəsindəki islahatların nəticəsi kimi büdcənin əlavə maliyyə resursları əldə etməsi, dövlətin sosial və digər sahələrdəki siyasətini daha da effektiv etməyə yönəlmişdir. Bunun nəticəsi olaraq, biz bu ilin ilk ayında minimum əmək haqqının, təqaüdlərin, müxtəlif sosial qrupların sosial paketlərinin qalxmasının şahidi olduq.
Bu il ərzində həllini tapan digər aktual problem, milyonları narahat edən "kupça”lar məsələsi olmuşdur. Prezidentin verdiyi mühüm qərarla çoxmənzilli binaların "kupça" probleminə "son qoyulmuşdur.
Həmçinin, son aylar ərzində idarəetmədə baş verən struktur islahatlarını da qeyd etmək xüsusi ilə vacibdir. Ölkəmiz regionun aparıcı dövləti kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir. Burada strateji uğurların davamlılığını təmin etmək üçün daha səmərəli şərtlər formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və siyasi-iqtisadi proseslərə adekvat cavab verən uyğunluğu təmin etməkdir.Struktur islahatları "yaxşı idarəetmə” və "açıq hökumət” prinsiplərinə uyğun olmaqla, dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir.
Sözsüz ki, həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı onun səmərəliliyini də artıracaq və davamlı hal alacaq. Eyni zamanda, həyata keçirilən islahatlar ölkəmizdə biznes mühitinin daha da yaxşılaşmasına, dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olmasına, müxtəlif sosial kateqoriyalar olmaqla, ümumilikdə Azərbaycan vətəndaşının daha firavan yaşamasına xidmət edəcək.
Bir-birini tamamlayan sistemli islahatlar ölkəmizin gələcək inkişafı üçün qaçılmaz idi. Sonda, Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin 2003 ildən başlayaraq daha da inkişaf etdirdiyinin qeyd edə bilərik. Bu illər ərzində daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Strateji siyasi xətt üzrə davam edən bu siyasət ölkəmizin, sözün həqiqi mənasında tam olaraq müstəqil dövlət kimi varlığı üçün vacib idi.

Siyasi elmlər namizədi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloq Klubunun rəhbəri Zaur Məmmədov



banner

Oxşar Xəbərlər