AZE | RUS | ENG |

Hər bir azadlığın öz bədəli var

Hər bir azadlığın öz bədəli var
Afaq Şıxlı: “Kafkanın düşüncəsinə görə, insan heyvana, heyvan insana çevrilə bilər”

"Sevdiyin əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edirik. Budəfəki həmsöhbətimiz şair, tərcüməçi Afaq Şıxlıdır. Afaq xanımın sevdiyi əsər Frans Kafkanın "Çevrilmə” novellasıdır.
 
– Afaq xanım, hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Frans Kafkanın "Çevrilmə” povestini sizin sevdiyiniz əsərdir?
–Məşhur almandilli yazıçı Frans Kafkanın əsərləri müxtəlif yaş dövrlərində müxtəlif cür qavranır, müxtəlif təsir bağışlayır. Müəllifin əsərlərilə ilk tanışlığım gənclik dövrümə təsadüf edib. Üstündən iyirmi il keçdikdən sonra onun yaradıcılığına bir daha qayıtmış, bu dəfə tamam ayrı bir dünyaya düşdüyümü, tamam başqa bir müəlliflə qarşılaşdığımı zənn etmişəm.
 
"Çevrilmə” povestinə gəlincə, onu oxumayan, oxuyub sevməyən az adam tapılar. Bu bir novelladır, ən qəribə, ən gözlənilməz hisslər doğurmağa qadirdir. Məsələn, Qoqolun mayor Kovalyovu bir sabah burnunun olmadığını aşkar edir, lakin bu, oxucunu Qreqor Zamzanın yatağında böcəyə çevrilməsi qədər təsirləndirmir. "Çevrilmə”də adi məişət qayğıları ilə bir arada həm fantasmoqorizm, həm absurdizm, həm ekzistensializm elementləri mövcuddur. İstər-istəməz süjetə heyran olursan, qəmlənir, həyəcan keçirir, təəssüflənirsən... Bu qədər hissi bir arada toplaya bildiyi üçün müəllifin önündə yalnız baş əymək olar.
 Kafkanın arzusu – ona qədər heç kimin yazmadığı yeni üslubda yaza bilmək idi və o, buna nail olmuşdur.
 
– Qreqor Zamza böcəyə çevriləndən sonra ona qarşı dəyişən, başqalaşan münasibət haqqında nə deyərdiniz? O, böcəyə çevrilməklə nələr itirir, nələr qazanır?
– Qreqorun böcəyə çevrilməsi metaforik olaraq düşünülmüşdür. Şərtidir. Bu, əslində, elə bir faciədir ki, hər bir insanın başına gələ bilər. Soruşa bilərsiniz, necə?
Böcəyə çevrilməsi Qreqor Zamzanın gərəksiz, lazımsız bir məxluqa dönməsinə səbəb olur. Bu vəziyyəti adi həyatda qəfil beyin qanaması, ürək infarktı və ya yol qəzası üzündən şikəst olması, bəlkə də, ömürlük əlil arabasında qalmağa məhkum olması ilə müqayisə edə bilərik. Belə bir halda, o insan özünü necə hiss edəcək, əzizlərinin, sevdiklərinin həmin şəxsə münasibəti necə dəyişəcək – bilmək olmaz.
Və qeyd edim ki, bir insan kimi, məhkum olduğu durğun həyatdan çıxış yolu tapa bilməyən Qreqor, bir böcək kimi, öz vəziyyətini, eləcə də ətrafda baş verənləri daha dəqiq qiymətləndirə və anlaya bilir. O, hətta bu məşəqqətdən çıxış yolu belə tapır.
 
– Əsərin adı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu haqda nə deyə bilərsiniz? Əsərin azərbaycan dilinə uyğunlaşdırılmış versiyası – "Çevrilmə” sizi qane edirmi? Məsələn, Enes Batur "Başkalaşım” sözünün romanın orijinal adına – "Die Verwandlung”a daha uyğun tərcümə olduğu qənaətindədir. Siz necə düşünürsünüz?
– Bir çox ədəbiyyatşünaslar Ovidinin "Metamorfozlar”, Dostoyevskinin "Oxşar” əsərlərini "Çevrilmə” povestinin ədəbi mənbələri kimi qeyd edirlər.
Bildiyimiz kimi, "Metamorfozlar” çevrilmə prosesi haqda poetik hekayələrdən ibarətdir. Dostoyevskinin povesti isə Kafkadakı kimi əsərin qəhrəmanının yuxu ilə gerçəyi tam ayırd edə bilməyərək oyanması ilə başlayır; balda isə o, gənc və qamətli əsgərin yanında özünü böcək kimi hiss edir.
Əsərin adına gəlincə, Kafka onu Y.Vassermanın "Gənc Renata Fuksun hekayəti” romanından götürmüşdür – əsərdə Qreqor Zamassa adlı personaj vardır.
Elə sözlər var ki, onları bir dildən digərinə tam dəqiqliyi, tam mənası ilə tərcümə etmək mümkün deyil, təəssüf ki. Çevrilmə, başqalaşım, dəyişilmə və s. kimi bir sıra variantlar da mümkün ola bilərdi. Amma təbii ki, bunların heç biri orijinaldakı mənanı olduğu kimi ifadə etmir.
 
– Romanın orijinal versiyasında Zamza dilimizdəki tərcümədəki kimi – adi böcəyə deyil, "Ungeziefer”ə , yəni almancadakı kimi desək, "zərərverici”yə çevrilir. Afaq xanım, necə fikirləşirsiniz, Azərbaycan oxucusu bu əsəri və dolayısı ilə Kafkanı nə dərəcədə anlaya, dərk edə bilər?
– "Çevrilmə” ilk dəfə 1915-ci ildə "Kurt Volf” mətbəəsində nəşr olunarkən, Kafka xəbər tutur ki, rəssam kitabın üz qabığında böcək şəkli çəkmək istəyir. Müəllif buna qəti və sərt etirazını bildirərək deyir ki, böcəyi heç arxa planda da təsvir etmək olmaz. Onun bu qətiyyəti nədən irəli gəlirdi? – Məncə, Kafkanın əsas məqsədi ailəyə xeyir gətirən bir insanın qəfildən, gözlənilmədən sadəcə hansısa həşərata deyil, məhz "zərərvericiyə” çevrilməsinin və bu hadisənin həmin insanın, onun ailəsinin həyatında nə kimi dəyişikliklər törədə biləcəyini göstərmək idi. Kafka hər iki tərəfi mürəkkəb duruma salır, onlardan nələr gözlənilə biləcəyini, kimin özünü necə göstərəcəyini oxucu ilə birgə izləyir. Bu, müəllifin özünə də maraqlıdır desək, yanılmarıq. O, özünün təmtəraqdan uzaq yazı tərzilə, büruzə vermək istəməsə belə, onun, Qreqor Zamzanın – bu kiçik insanın başına gələnlərə heyfsləndiyi də, həyəcan keçirdiyi də hiss olunur.
 Azərbaycan oxucusuna gəldikdə isə onun incə zövqünə və hüdudsuz təxəyyülünə inanıram. Bizim oxucu - bu əsərdən özü üçün dəyərli bir nəticə çıxarmağı bacara bilən oxucudur!
 
– Kafka nihilizmi içərisində optimizm meyli axtara bilərikmi? Məsələn, Qreqor Zamzanın – zəif olanın içindən çıxan və hər kəsi təşvişə salan, heyrətləndirən, hürküdən yeni doğulmuşun gücü...
– Qreqorun böcəyə çevrilməsi – bir tərəfdən onun heçə çevrilməsi, bir insan kimi yox olması deməkdirsə də, digər tərəfdən onu mənəvi zənginləşməsinə, boşluqdan çıxmasına səbəbdir. O, öz məsum ölümü ilə hətta bəraət qazanmış olur.
 Kafkanın, XX əsrin əvvəllərindəki insani simasını itirmiş total bürokratizmi, Avropada cəmiyyət mexanizminin çürüklüyünü bu dərəcədə aydın təsvir etmək üslubu bizi heyran etməyə bilmir.
 Kafkanın yazıçı kimi qəribəliklərindən biri də odur ki, o, heyvan obrazları ilə insan arasında dəqiq sərhəd çəkmir. Kafkanın düşüncəsinə görə, insan heyvana, heyvan insana çevrilə bilər. Böcək də – Qreqor Zamza – müəllifin zoomorf obrazlarından biridir, bu sıradan: çaqqallar – "Çaqqallar və ərəblər” – , it – "Bir itin araşdırmaları”, at – "Kənd həkimi” və s...
 
– Əsərin ikinci hissəsində atası Qreqora alma atır və həmin alma onun bədənində qalır. Alma yaxşı və pis haqqında məlumat verən ağacın meyvəsidir. Adəm və Həvva bu qadağan olunmuş meyvəni yeyərək cənnətdən qovulublar. Beləliklə, oradakı Ata obrazı Qreqoru ölümə məhkum edən, həyatını cənnətdən cəhənnəmə çevirən qüvvəni simvolizə edir?
– Alma – cənnət meyvəsindən başqa, həm də ağlın, dərrakənin simvolu olaraq qəbul edildiyi üçün, Qreqorun çiynində gəzdirdiyi bu alma parçası, onu mütəmadi narahat edən, incidən bir gerçəyi ifadə edir.
Şübhəsiz ki, Qreqor Zamzanın ailəsi ilə münasibəti – Kafkanın öz faciəsidir. Kafka özünü atası və ailəsi qarşısında, doğmaları arasında necə hiss edirdisə, həmin günahkarlıq hissini metaforik olaraq öz qəhrəmanına da aşılayır. Fransız araşdırmaçısı Klod David qeyd edirdi ki, Qreqor Zamza açıq-aydın Kafkanın özüdür.
 "Çevrilmə”də ikrah doğuran ata obrazı diqqət çəkməyə bilmir. Kafka bu surətə olan nifrətini gizlətmir. Öncə sevilən, qarşısında ram olunan ata, sonradan ən əzazil, ən qəddar obraz kimi tamamlanır. Lakin bu obrazın yaranmasına sərf olunan hisslər toplusu, Kafkaya qorxunc ata kabusundan uzun müddətə xilas olmağa imkan verir; ata surətinə bir də 1921-ci ildə – "Çevrilmə”dən 9 il sonra, – sadəcə kiçik bir mətndə rast gəlirik...
 
– Qreqor işlədiyi zaman ailə rahat idi və evdə Qreqordan başqa heç kim işləmirdi. Çevrilmə baş verdikdən sonra isə artıq ata da, bacı da işləməyə başlayır. Rahatlıqları itir. Çünki, bürokratiyanın, sistemin bir parçasına çevrilirlər. Qreqorun böcəyə çevrilməsi əslində onu sistemdən azad edir. Böcək azaddır və azad olduğuna görə fərqlidir, yəni, böcəkdir. Əgər çevrilməni Qreqorun azadlığı saysaq, onun ölümünü də ailənin azadlığı saya bilərik?
– Hər bir azadlığın öz bədəli var. Qreqorun böcəyə çevrilməsi ilə məişət qayğılarından azad olması – bədbəxt, tənha günlərinin başlaması, sevdiklərinin ondan üz çevirməsi, ona qarşı ikrah və nifrətin yaranması, nəhayət, ölümü ilə tarazlaşır. Doğmaları isə onun ölümünü insanın – nə zamansa onlara gəlir gətirən, rahat yaşamalarını təmin edən mehriban Qreqorun deyil, nifrətamiz, yararsız bir böcəyin ölümü kimi qəbul edirlər. Əsərin sonunda ailənin rahatca gəzintiyə çıxması, valideynlərin Qretanın xoşbəxt gələcəyi barədə xəyallar qurması səhnələri bu biganəliyi təsdiqləmiş olur.
 
– Zamza böcəyə çevrildikdən sonra belə, reaksiyaları dəyişmir, normal insan kimi davranır. Sizcə, müəllifin Zamzanı böcəyə çevirməkdə məqsədi nə idi?
– Zamza çoxdan bəri bir həşərat kimi yaşadığının fərqində deyildi. Zahirən insan olsa belə, böcək kimi mənasız və maraqsız həyat sürürdü. Lakin metamorfozdan sonra, zahirən böcək, daxilən isə əsl insan olaraq, daha çətin, daha mürəkkəb bir vəziyyətlə qarşılaşır. Qəribə burasıdır ki, yalnız bu zaman, təkcə Qreqorun yox, həm də onun doğmalarının iç üzünü görmüş oluruq. Müəllif, çətin duruma düşərkən insanların necə dəyişdiyini oxucuya göstərir. Kafka heç kimi mühakimə etmir, o sadəcə, özünəməxsus quru və lakonik dildə, hadisələrin gedişatını təsvir edir. Anlayırsan ki, metamorfoza uğrayan yalnız Qreqor deyil, həm də onun ailə üzvləridir. Və bu dəyişmə zamanı, insani keyfiyyətlərdə onlar, bir böcəyə uduzmuş olurlar...
 
Söhbətləşdi: Fərid Hüseyn
 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.935
GEL 1 1 Gürcüstan larisi 0.6371
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1877
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1888
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.6061
TRY 1 1 Türkiyə lirəsi 0.3174