• cümə, 19 Aprel, 05:54
  • Baku Bakı 18°C

Hər beş turistdən birinin maraqlandığı “tax free”

14.07.16 11:50 1465
Hər beş turistdən birinin maraqlandığı “tax free”

Prezident "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
"Report"un məlumatına görə, sənəddə bildirilir ki, ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində bir sıra mühüm nailiyyətlər əldə edilib. Aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub.
Bu tədbirlərin davamı olaraq növbəti dövrlərdə də iqtisadiyyatın neft gəlirlərindən asılılığının minimuma endirilməsi və qeyri-neft sektorunun inkişafına əsaslanan rəqabət qabiliyyətli milli iqtisadiyyata çevrilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilib.
Göstərilən hədəflərə nail olmaq üçün qeyri-neft sektorunun mühüm sahələrindən olan turizmin inkişafı və ölkənin əlverişli turizm potensialından daha səmərəli istifadə etməklə bu sektorun iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsi istiqamətində qabaqcıl beynəlxalq təcrübələr əsasında müntəzəm olaraq işlər həyata keçirilməkdədir.
Ötən dövr ərzində turizm sektorunda görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiya təmin olunub və milli turizm kompleksinin rəqabətə davamlığı yüksəldilib.
Ölkədə turizm infrastrukturunun beynəlxalq tələblərə uyğunlaşdırılması, onun ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi turizm sektorunun rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsini zəruri edir.
Fərmana əsasən, ölkəyə xarici turistlərin marağının artırılması, turizm sektorunda son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üçün beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə edilən "tax free” sisteminin respublikamızda tətbiqinin təmin edilməsi məqsədilə "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib.
Bəs bu sistemin tətbiqi Azərbaycanda turizmin inkişafına necə təsir göstərəcək? Turistlərin ölkə seçimində "tax free” sisteminin mövcud olmasının rolu nə dərəcədədir?
Sistemin tətbiqi ilə bağlı açıqlama verən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, Azərbaycanda "tax free" sisteminin tətbiqinə ilkin mərhələdə hava limanından başlanılacaq. APA-nın məlumatına görə, A.Əliyev deyib ki, dünya praktikasına əsasən, bütün dünya ölkələrinin vətəndaşları, eyni zamanda vətəndaşlığı olmayan əcnəbilər bu sistemdən yararlana bilər.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan ərazisində alış-veriş edən əcnəbilərə ölkəni tərk edərkən ƏDV sərbəst dönərli valyuta ilə qaytarılacaq. Qurum rəhbəri əlavə edib ki, sistemin tətbiqi ilə bağlı qaydalar hazırlanacaq və bir müddət sonra ictimaiyyətə açıqlanacaq: "Sistemin ilkin mərhələdə hava limanında, ardınca isə hər bir yerdə tətbiq olunması gözlənilir”.
Mövzu ilə bağlı suallarımızı cavablandıran Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda turizm sektorunun inkişafı üçün son bir ildə, xüsusilə son altı ay ərzində bir çox fərman və sərəncamlar imzalanıb. "Tax tree” ilə bağlı qərarı da həmin fərman və sərəncamların davamı olaraq atılan addım kimi qiymətləndirmək olar: "Bu, turizm sektorunun inkişafına, ölkəyə gələcək turistlərin bundan faydalanmasına böyük təsir göstəcərək. Dünya təcrübəsində bununla bağlı nümunələr də var. Məsələn, Türkiyə 20, İspaniya 40, Fransa 30 il əvvəl turizm sahəsində bu formada müxtəlif güzəştlər edərək bu sektorun inkişafına nail olub. Viza rejimindəki dəyişiklik qədər effektiv olmasa da, bu məqamın da turizmin hərəkətlənməsində təsiri az deyil”.
R.Səfərovun sözlərinə görə, "tax free” sisteminin tətbiqi 10-20 faiz arasında turistlərin seçiminə öz təsirini göstərir: "Bu sistemin tətbiqi ölkə seçimində müəyyən bir üstünlük yaradır. Amma sistemin tətbiqinin turist üçün önəmli olması ölkələrə görə dəyişir. Bəzi ölkələrdən gələnlər üçün "tax free” vacibdir, bəziləri üçün önəmli deyil. Amma ümumilikdə hər 5 turistdən 1-i üçün "tax free” maraqlı olur. Səfər edəcəkləri ölkələrdə bu sistemin olmasına diqqət edirlər. Amma 10-20 faiz elə də kiçik rəqəm deyil. Bu sistemin tətbiqi ölkə turizminə öz töhfəsini verəcək”.
R.Səfərov deyir ki, son dövrlər görülən işlər sayəsində turizm sektorunda müəyyən canlanma yaranıb. Daha da yaxşı nəticələr əldə edilməsi üçün isə qarşıda müəyyən işlərin görülməsinə də ehtiyac var. Onlardan biri də iki-üç ulduzlu hotellərin sayının artırılmasıdır: "Viza rejimindəki asanlaşma onu göstərdi ki, ərəb və yaxın region ölkələrindən Azərbaycana turist axını ötən illərə nisbətən ciddi şəkildə artıb. Azərbaycanda son altı ayda atılan addımlar sayəsində turizmin inkişafına təkan verilib. Amma turizmin daha da inkişaf etməsi üçün ölkəmizdə atılmalı addımlardan biri də iki-üç ulduzlu hotellərin sayının artırılması ilə bağlıdır. Bu artıma nail olmaq üçün də sahibkarların bu istiqamətdə iş görməyə yönəldilməsi lazımdır. Prezident daim sahibkarlara güzəştli kredit verilməsi ilə bağlı fikirlər səsləndirir. Bu güzəştli kreditlərin turizm sektorunun canlanmasına öz təsirini göstərəcəyini düşünürəm. Azərbaycanda bu gün turistlər üçün 35 min yatacaq yeri var. 2-3 ulduzlu hotellərin artması ilə Azərbaycanda yatacaq yeri 2020-ci ilə 100 minə qədər çatdırılmalıdır ki, ölkədə kütləvi turizmin inkişafına şərait yaransın”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər