AZE | RUS | ENG |

“Hər ay təqaüdümü rəfiqəmə verirdim” – Keçmişdəki mən

“Hər ay təqaüdümü rəfiqəmə verirdim” – Keçmişdəki mən
Əminə Yusifqızı: “Bizi ancaq oxumaq xilas edə bilər”

Məlahətli, nəğməli, elastik səsi var. Səsini milyonların içərisində tanımaq mümkündür. Müsahibimiz aktrisa, qiraət ustası, dublyaj, səsləndirmə sahəsində fəaliyyətləri mövcud olan Xalq artisti Əminə Yusifqızıdır.

Qeyd edək ki, Ə.Yusifqızı Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Milli Dram teatrlarının aktrisası kimi fəaliyyət göstərib. “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə, televiziya tamaşalarında çəkilib. 100-ə yaxın Azərbaycan filmini səsləndirib. Həmsöhbətimizin uşaqlıq və tələbəlik illərinə birgə nəzər salaq…

Düsturları əzbərləyirdim

1936-cı ildə Bakıda dünyaya göz açıb. Anası evdar xanım, atası qabaqcıl neftçi olub. Atası yaxşı neftçi olduğuna görə dövlət tərəfindən əşyaları ilə birgə evlə təmin olunub.
Uşaqlıq illəri indiki Bakıxanov qəsəbəsində (keçmiş Razin qəsəbəsi – L.M.) keçib. Orta məktəbə də sözügedən qəsəbədə gedib. Uşaqlıqda çox az danışdığını deyir: “Hətta qonşular anamı görəndə soruşurdular ki, de görüm, qızın Əminə danışır?”.
Az danışan olsa da, orta məktəbdə dərslərimi yaxşı oxuyub. Düzdür, dəqiq fənləri sevməyib, amma bu fənlərdə də pis vəziyyətlərdən çıxmağı bacarıb: “Məsələn, kimyanı başa düşmürdüm, amma əzbərləyirdim. Müəllim lövhə qarşısına çağıranda heç vaxt “bilmirəm” deməzdim. Düsturları yaxşı-yaxşı əzbərləyir və lövhədə tappatap yazardım. Müəllim əzbərlədiyimi bilsə də, əziyyət çəkdiyimə görə üzümə vurmazdı”.

“Deyəsən, bu qız aktrisa olacaq”

Kiçik yaşlarından anasının sayəsində teatra marağı yaranıb: “Anam teatra getməyi və kitab oxumağı çox sevirdi. Həm opera, həm dram teatrında aktyorları tanıyırdı. Yadımdadır ki, tez-tez məni və qardaşımı teatra aparırdı, hərdən də bizi evdə qoyub gedirdi. Teatrdan qayıdanda tamaşalardan dialoqları deyirdi. Bizi evdə qoyub gedəndə həmişə anamı gözləyirdim ki, gəlsin, onunla yatım. Vaqif tamaşasında belə bir yer var ki, “Vaqif, qoy mən də səninlə yatım”. Heç məktəbə getmirdim, anam tamaşadan qayıdanda ona “Vaqif, qoy mən də səninlə yatım”, dedim. Anam belə deməyimə təəccüblənib bildirdi ki, “deyəsən, bu qız aktrisa olacaq”.
Dediyi kimi də olur. Əminə 5-ci sinifdən rus dram kollektivinə getməyə başlayır. 10-cu sinfi bitirəndə isə aktrisa sənətinə yiyələnməkdə qərarlı olur: “Ümumittifaq Kinematoqrafiya İnstitutunun Aktyorluq fakültəsinə daxil olmaq üçün Moskvaya getdim. İmtahanda oturan müəllimlər cavablarımı, istedadımı bəyəndilər. Amma dedilər ki, bu il aktyorluq sinfinə çox az, beş yer ayrılıb, qayıdıb gələn il gəlim. O vaxt Azərbaycanda imtahanlar avqustun 1-də başlayırdı. Təsəvvür edin, iyulun 30-da Bakıya qayıtdım və sənədlərimi təcili M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna (indiki Slavyan Universiteti – L.M.) verdim. Rus dili və ədəbiyyatı fakültəsinə qəbul oldum”.

Birinci kursdan teatrda işləyir

Başqa fakültəyə qəbul olması Əminəni yolundan döndərmir. O zaman SSRİ-nin bütün respublikalarında müxtəlif sahələr üzrə festivallar keçirilirdi. İnstitutdakı müəllimi sayəsində birinci kursda oxuyanda o da festivalda rusca şeir deyir: “Jürinin sədri Azər Paşa Nemətovun atası indiki Gənc Tamaşaçılar Teatrının rejissoru Zəfər Nemətov idi. Zəfər müəllim festivaldakı çıxışımdan sonra çağırıb teatrında mənim kimi aktrisalara ehtiyac olduğunu bildirdi. Qeyd edim ki, o zaman qız və oğlan rollarını kadr çatışmazlığından yaşlı aktyorlar oynayırdı. Razılaşdım. Beləliklə, birinci kursda oxuya-oxuya işləməyə başladım. İnstitutda mənim üçün şərait yaradırdılar. Məşqlərə gedir, tamaşalarda rollarımı oynayırdım”.

“Teatrda qardaşımdan xəbərsiz işləyirdim”

Bütün həyatını anasına borclu olduğun bildirir: “Atam dünyasını dəyişmişdi, məndən böyük qardaşım aktyor olmağıma icazə vermirdi. Teatrda təzə-təzə işləməyə başlayanda heç qardaşımın xəbəri də yox idi. Məni evdə görməyib anamdan harada olduğumu soruşanda anam yalandan qonşuda olduğumu deyirdi. Qardaşım sonra hərbi xidmətə getdi. Qayıdanda teatrda işlədiyimdən xəbər tutdu. Artıq gec olduğuna görə heç nə demədi”.
Gənc Tamaşaçılar Teatrında müəllimi Viktor Mixayloviç Kolton olur: “Hər şeyi onunla məsləhətləşirdim. Mənə şeir deməyi, söz üstündə nə cür işləmək lazım olduğunu o, öyrədib. Viktor Mixayloviç bir neçə ildir rəhmətə gedib. Sağlığında mütəmadi olaraq onunla əlaqə saxlayırdım. Mən Xalq artisti adı alanda da Viktor Mixayloviçlə danışdım. Dedi ki, “Əminə, nəhayət, sən Xalq artisti adını da aldın”. Mən də cavabında bildirdim ki, “xeyr, Mixayloviç, Xalq artisti sizsiniz. Çünki sizin sayənizdə mən şeir üzərində işləməyi öyrənmişəm”. Qeyd edim ki, əvvəllər şeirləri rus dilində deyirdim. Hətta televiziyada da söylədiyim ilk şeirlər də rus dilində olub”.

Sosiska, kofe...

Bədii qiraət ustası ilk maaşını aldığı günü indiki kimi xatırlayır: “İlk maaşımı teatrda işləyəndə 1956-cı il sentyabrda aldım. 330 rubl idi. Maaşımı özüm üçün xərcləyirdim, heç vaxt anama vermirdim. Həm tələbə, həm iş yoldaşlarımızla kafeyə gedərdik. Ən çox üz tutduğumuz kafe bulvardakı “Satko” adlı kafe və Nizami kinoteatrının yanındakı bir kafe idi. Adətən sosiska yeyir, kofe içirdik. Cəmi 14-15 qəpik pulumuz çıxırdı”.

“Hər ay təqaüdümü rəfiqəmə verirdim”

Maaşdan əlavə, yaxşı oxuyan tələbə kimi təqaüd də alır: “İmtahanlara xüsusi hazırlaşmağa vaxtım olmurdu. Rəfiqəm bütün biletləri öyrənir, cəmi 3 biletin cavabını bilmirdi, imtahanda da həmin biletdən biri ona düşürdü. Mən isə cəmi 5 bileti tam öyrənirdim, bəxtimdən də həmişə öyrəndiyim bilet düşürdü. Beləcə, imtahanlardan yaxşı qiymətlər aldığıma görə hər ay təqaüdüm də kəsilmirdi. Rəfiqəmin isə “3”-ü olduğundan təqaüd ala bilmirdi. Onlar çox kasıb yaşayırdılar. Biz pis yaşamırdıq, buna görə hər ay təqaüdümü rəfiqəmə verirdim”.

“Özündən razı olub birincilik iddiasına düşməmək lazımdır”

Həmsöhbətimiz sonda gənclərə tövsiyələrini də verdi: “İnsana istedadı Allah verir. Amma heç vaxt özündən razı olub birincilik iddiasına düşməmək lazımdır. Məsələn, Zeynəb Xanlarova heç vaxt birinci olduğunu deməyib. İncəsənətdə çox az adam var ki, operalarımızı, muğamlarımızı bilir. Mən bütün musiqimizi sevirəm, başa düşürəm. Televiziya ekranlarına çıxan savadsız incəsənət adamlarının musiqini belə bilməməsi mənə gülməli gəlir. “Qablarında” bir şey olmamasına baxmayaraq, mənəm-mənəm deyir, özlərini tərifləyirlər. Savadlı, dərin insanları sevirəm, onların söhbətlərinə qulaq asmaqdan doymuram”.
Ə.Yusifqızıın fikrincə, indi kitab oxuyan, klassik musiqiyə qulaq asan çox azdır: “Gənclərimiz öz güclərinə karyera pillələrində irəliləmək istəyirlərsə, oxumalı, oxumalı, yenə də oxumalıdırlar. Mən instituta girəndə müəllim dərs ilinin əvvəlində 60 romanın adını çəkirdi ki, semestrin sonuna qədər onları oxumalıyıq. Kitabxanada bir dənə də oxumadığım kitab qoymurdum. Bizi ancaq oxumaq xilas edə bilər”.

Lalə MUSAQIZIKeçmişdəki mən"> Keçmişdəki mən"> Keçmişdəki mən">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967