AZE | RUS | ENG |


“Hər axan bulaqda səsim-ünüm var” deyən şair

“Hər axan bulaqda səsim-ünüm var” deyən şair
Sevgidən füsunkar, röyadan şirin...

Hələ orta məktəbdə oxuyurdum. Qardaşımla Bakıya gəlmişdim. Bir gün qardaşım məni özü ilə o dövrdə çox sevilən və məşhur olan "Azərbaycan gəncləri” qəzetinə apardı. Bu qəzetin nəzdində "Müjdə” ədəbi birliyi fəaliyyət göstərirdi. Gənc yazarlar, həvəskarlar ilk qələm məhsullarını oxuyur, tanınmış yazıçı və şairlər də bu yazılar barəsində öz rəylərini bildirirdilər. Birdən mənim adımı çəkdilər: "Zəngəzurun Urud kəndindən bir məktəbli qonağımız var - Flora Xəlilova, buyursun, sizə şeirlərini  oxuyacaq. Özümü itirdim. Qardaşım məni xəbərdar etməmişdi. Çox həyəcanlandım. İki şeir oxudum. Məsləhət çox oldu. Amma birini heç unutmadım və ona da illərlə əməl etməkdəyəm. "Yaxşı olar ki, sən gələcəkdə soyadını Xəlilzadə yazasan…Belə daha yaxşı səslənir.” Bu məsləhətin müəllifi unudulmaz şairimiz Tofiq Bayram idi. Təbii ki, sovet dövründə soyadda rəsmən  dəyişiklik etmək çox çətin idi. Amma bir jurnalist və publisist kimi yazdıqlarımı bu imza ilə dərc etdirdim. Sonradan həm jurnalistlər, həm də yazıçılar birliklərinə üzv seçildikdə, elə təxəllüs yerinə soyadımı yazdım. Bu, böyük şairdən mənə yadigar kimi qəbul etdiyim ən böyük hədiyyə və ərməğan oldu. 20-yə yaxın kitabın, yüzlərlə məqalənin və bədii yazıların müəllifiyəm. Hamısının da üstündə məhz Tofiq Bayramın xeyir-duasını duyuram. Deyəsən, mətləbdən uzaq düşdüm. Tofiq Bayramdan danışdığım üçün bu xatirəni yada saldım.

Çox sevdiyim və müntəzəm oxuduğum şairlərin arasında Tofiq Bayramın yeri əvəzsizdir. Hətta elə şeirləri var ki, dilimdə dua kimi səslənir.  Səhərlərim o şeirin ahəngi ilə açılır:
                               Kaş ki, öləcəyim günü biləydim,
                               Biləydim nə zaman son nəfəsimdir.
                               Demirəm dünyaya bir də gələydim,
                               Bir dəfə gəlmişəm, elə bəsimdir.
                               Bilsəydim olmazdı əsib-qorxmağım,
                               Kim tutub dünyanı min il qalacaq?
                               Bu gün həyatınam, sabah torpağın,
                                Məni qəfil ölüm qorxudur ancaq...

Təbii ki, bu narahatçılıq işlərin yarımçıq qala bilməsi, doğmalarla halallığa macalın olmaması ilə bağlıdır. Bu poetik istəyin bütün bəndlərində müəllifin daxili zənginliyi, mərdliyi, ailə, dost, millət, torpaq sevgisi duyulur:
             Eşidim efirdən son xəbərləri,
             Sərhədlər dolubdur çiçəklə-güllə.
             Sonuncu əsgər də qayıtdı geri,
             Torpağa quylandı sonuncu güllə.

Ötən əsrin 70-80-ci illərində yazılmış şeirdi, amma orada qaldırılan ideyalar bu gün də aktualdır.

Tofiq Bayram 16 dekabr 1934-cü ildə Bakıda  anadan olub. Orta və ali məktəbi də doğma şəhərdə bitirib. Əmək fəaliyyətinə "Azərbaycan müəllimi” qəzetində başlayan Tofiq Bayramın  ömürlüyünə sonralar  müxtəlif iş yerlərinin adı yazılıb. Onun dəyişməyən əsas iş yeri isə yazı masası olub ki, ədəbiyyatımız, poeziyamız üçün bir-birindən dəyərli əsərlər yazıb, tərcümə ilə məşğul olub.  Bu məqamda bir hadisəni də xatırlamaq yerinə düşür. 24 sentyabr 1998-ci ildə Əmircan qəsəbəsində Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılışında ümummilli lider Heydər Əliyev çıxış etdi. Unudulmaz Heydər Əliyevin mənalı və müdrik çıxışından: "Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri və sözlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirmişdir. Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, danışmışam, yazıçıların qurultaylarında onlarla görüşlərimdə, bəzən rayonlara etdiyim səfərlərimdə bir yerdə olmuşuq. Onun haqqında gözəl xatirələrim var.”

Şairin sevimli bacısı Svetlana Bayramova bir dəfə mənə söylədi ki, bizim ailənin, xüsusi ilə də Tofiqin himayə edilməsində unudulmaz Heydər Əliyevin böyük xidməti və xeyirxahlığı olub. Tofiq Bayramın ötən əsrin 70-ci illərində türk müğənnisinə yazdığı şeirin Türkiyədə yayılması Moskvada bəzi dairələrin etirazına səbəb olub, Bakıya "tədbir görülsün” mesajı gəlib.  Millətinin söz adamlarını həmişə hifz etməyi bacaran Heydər Əliyev böyük ustalıqla Tofiq Bayramı bu təzyiqlərdən, hətta həbsdən  qoruya bilib. "Bizim ailəmiz Heydər Əliyevi həmişə minnətdarlıqla, ehtiramla xatırlayır” deyən Svetlana xanım ulu  öndərin şairin yaradıcılığından sevdiyi şeirdən bir bənd söylədi:
                      Mən Vətənə Füzuli,
                    Abbas Səhhət deyirəm.
                    Mən Vətənə Sabiri
                     Doğan qeyrət deyirəm.
                     Mən Vətənə Üzeyir,
                     Müşfiq, Səməd deyirəm,
                     Günəş kimi müqəddəs
                      Bir həqiqət deyirəm
                      Azərbaycan deyəndə!
                      Dünya məni dinləsin:
                       -Diqqət, diqqət deyirəm
                       Azərbaycan deyəndə.

Tofiq Bayramın şeir gülüstanından hansı çiçəyi çəksək məxsusi ətri, rəngi və mənası var. Zəlimxan Yaqub deyərdi ki, Tofiq Bayram çiçəkləri şeir kimi sevərdi, şeiri də çiçəklər kimi. Dəfələrlə şairi görüşlərdə güllərin içində itən görmüşəm. Onun görüşlərində gül dəstələrindən dağ yaranardı. Həqiqətən də qəribə şeir deməyi vardı. Elə bil yeriyən dağ silkələnirdi. İçində vulkan ləngərlənərdi. Bu püskürən vulkanın nəfəsindən qopan misralar o qədər zərif, həzin olardı ki, adamın yeddi qatından keçərdi. Mürgülü günlərin xiffəti ürəyinə ox kimi sancılardı:
                    Biz ki unutmuşduq ilk məhəbbəti,
                    Ah bu qəfil görüş kaş olmayaydı.
                    Mənim gözlərimdə eşqin həsrəti,
                    Sənin gözlərində yaş olmayaydı.
 
Tofiq Bayram ürəkləri fəth edən şair idi.  Onun qadın, ana mövzusunda yazdığı şeirlərin ahəngindəki etiraflar, arzular, nigarançılıq olduqca təbii, səmimi və məlhəmdir. Kimə ünvanlanmasından asılı olmayaraq, oxucu üçün çox doğmadır. Hər kəsin öz dərdi, həyəcanı, sevinci, düşüncələri dil açır bu şeirdə.  "Qadın ürəyi” adamın bütün varlığını riqqətə gətirir:
             Necə rəhmlidir, necə amansız,
            Necə mehribandır, qadın ürəyi!
        Sən onu incitsən, bil ki, a qansız,
        Ağlayan kamandır qadın ürəyi.

Ötən əsrdə yaxşı bir ənənə vardı. Şairin kitabı nəşrdən çıxan kimi Yazıçılar İttifaqında mütləq onun müzakirəsi keçirilərdi. Müəllif şeirlərini oxuyar, tənqidçilər, ədəbiyyatşünas alimlər, şeir xiridarları onu təhlil edər,  nöqsanlarını da göstərərdilər. Doğrudur, indi də "təqdimat” adı ilə nəsə keçirirlər. Amma təəssüf ki, ədəbi tənqiddə yalnız bir tost ənənəsi hökm sürür. Bir tərəfdən də Məmməd Araz demişkən, indi şeir yazmaq siqaret çəkməkdən asan olubdur. Yadımdadır ki, Tofiq Bayramın "Ürəkdən-ürəyə” adlı kitabının ("Gənclik” nəşriyyatı, 1980) müzakirəsi keçirilirdi. Əslində bu nəşrdə şairin tərcümələri toplanmışdı. Danışanlar  bu tərcümələrin  dil-üslub xüsusiyyətlərinə toxunaraq, onları orijinal yaradıcılıq kimi dəyərləndirirdilər. Hətta bu tərcümələrə bəstəkarlarımız tərəfindən musiqi libası da biçildi. Amma illər keçəndən sonra məlum oldu ki, elə tərcümələrin əksəriyyəti həqiqətən də Tofiq Bayramın öz şeirləridir. Məsələn, Qulu Əsgərovun bəstələdiyi "Əziz dost” mahnısı kimi...
         Dost gedib, özümə gələ bilmirəm,
        Elə bil, əllərim yox olub mənim,
        Gözümün yaşını silə bilmirəm...

Unudulmaz, korifey ifaçılarımız Tofiq Bayramın sözlərinə yazılmış mahnıları xüsusi şövq və ahənglə oxuyublar. Çoxu da dünyasını dəyişib. Nəfəslər bitsə də, səs yaşamaqdadır. Hər dəfə Əbülfət Əliyevin ifasında bu mahnıları dinlədikdə, sanıram ki, sənət yolu həqiqətən uzundur. Bir təsəlli də var ki, mənəvi xəzinəmizin bu inciləri həmişəyaşardır, yeni  ifaçılar da Tofiq Bayramın sözlərindən ibarət mahnıları həvəslə, yeni tərzdə oxuyurlar. 

Tofiq Bayram torpağına bağlı, poetik amalına sadiq, humanist,  istedadlı və bitkin qələm sahibi olan şəxsiyyət  kimi seçilərək, sevilirdi. Həyat müşahidələri çox dərin idi. Güclü poetik mühakiməsi onu həmişə şablonçuluqdan, süni müraciətlərdən uzaqda saxlayırdı. Duyğularını səmimi, ifadəli, təsirli  qələmə alırdı. Şeirlərinin poetik vüsəti çox genişdir. Bu səbəbdən də onun poeziyasında müxtəlif şəxsiyyətlərin şərəfinə hörülmüş şeir çələngləri çox əlvan, füsunkar və maraqlıdır. "Səttar çələngi”ndən nümunə:
                 Rəssamlıq ilahi vergiydi səndə,
                 Bəs, necə oxutdun gülü çiçəyi,
                 Görünür, üç ürək varmış sinəndə:
                   Füzuli, Üzeyir Səttar ürəyi!

İzaha ehtiyac varmı?  "Vətən torpağına baş əyənləri, ellər baş üstə bayraqtək saxlar” deyən Tofiq Bayram o səhərlərin arzusu, istəyi ilə yaşayırdı ki, sabah ölüm olmasın yer kürəsində. Bu bəşəri diləklərin sarı simində Vətən nəqarət idi. "Gözlərimin qarasını verərəm, Qarabağı vermərəm” hayqırırdı böyük və məramlı, əqidəli, məğrur şairimiz! Ulduz sanılı arzuların sahibi idi, dostlarını, tanışlarını tez-tez başına yığaraq, onlar üçün Vətən ünvanlı şeirlərini oxumağı da çox sevərdi:
                Hər qarış torpağı dünyaca şirin,
                Hər axan bulaqda səsim-ünüm var, 
                Sevgidən  füsunkar, röyadan şirin,
                Arzudan müqəddəs bir Vətənim var.

Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
 
                
                           
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020