Hər anı özəl yaşamağa çalışan cütlük - Ailə
Şəmsi
Bayramzadə: "Səbinə düşüncə tərzi, görünüşü,
xasiyyəti ilə tam arzuladığım biri idi”
Səbinə
Bayramzadə: "Tanıdıqdan sonra axtardığım şəxsin yüzdə-yüz o olduğunu düşündüm”
Budəfəki, cütlüyümüzün
xüsusi tanışlıq hekayəsi yoxdur. Söhbətimiz zamanı aydın olur ki, onların
hekayəsi tanışlıqlarından sonra başlayır. Uzaq qohum olduqları üçün müxtəlif
məclislərdə bir-birlərini görüblər, amma həmin görüşlər zamanı günün birində
ailə quracaq şəxslər olduqlarını xəyal belə etməyiblər. Sıxlaşan ailəvi
görüşlər yavaş-yavaş bir sevgi hekayəsinin başlaması üçün qığılcım rolunu
oynayıb. "Ailə” rubrikamızın qonaqları "Azərsun
Holdinq”in trade marketinq departamentinin müdiri Şəmsi Bayramzadə və həyat
yoldaşı, alman dili müəllimi Səbinə Bayramzadədir.
"Ola bilərmi”, "bəlkə alınar”
düşüncəsi ilə yox
Şəmsi bəy rasional insan
olduğunu, emosiyaları ilə deyil, məntiqlə qərar verməyi
sevdiyini bildirir. Amma bu məsələ də bir az da emosiyalarının, duyğularının
səsinə qulaq verib: "Səbinə ilə məclislərdə görüşürdük. Az-çox bir-birimizi
tanıyırdıq. Düşünün ki, özünüzə bir geyim almaq istəyirsiniz və beyninizdə
konkret olaraq nə istədiyinizi bilirsiniz. Yüz mağazaya da girsəniz,
istədiyinizi tapana qədər axtarırsınız. Zaman keçdikcə dərinləşən ünsiyyətimiz,
qarşı tərəfin ötürdüyü pozitiv duyğu, mənə, əslində, axtardığım xanımın Səbinə
olduğunu göstərdi. Səbinə düşüncə tərzi, görünüşü, xasiyyəti ilə tam
arzuladığım biri idi. Yəni bütün nüanslar üst-üstə düşürdü. Düşündüm ki, hər
şey bu qədər uyğun gəlmişkən, fürsəti əldən vermək olmaz (gülür). Amma bir
məsələ də var ki, "ola bilərmi”, "bəlkə alınar” düşüncəsi ilə yox, konkret
olaraq "axtardığım budur” deyib münasibətə başlamaq lazımdır”.
Axtardığım
şəxsin yüzdə-yüz o olduğunu düşündüm
Səbinə xanım deyir ki,
tanışlıqlarının ilk mərhələsindən sevgi olmayıb, Şəmsi bəy zamanla özünü
sevdirməyi bacarıb: "Düzü, ilk baxışdan sevgi, vurulma olmayıb. Sadəcə Şəmsi
davranışları, mənə olan münasibəti, diqqətcilliyi ilə özünü sevdirdi. Bir də
çox güman ki, hər bir xanımın beynində canlandırdığı həyat yoldaşı portreti
olur. Təbii ki, mənim də beynimdə bir model var idi. Şəmsi ilə tanışlığımızda
düşüncələrim əlli-əlliyə idisə, zamanla tanıdıqdan sonra axtardığım şəxsin
yüzdə-yüz o olduğunu düşündüm”.
Qarşındakının
səmimiyyətini anlaya bilmə bacarığı
Maraqlıdır, bir insanla evlilik
qərarı almaq üçün onu nə qədər müddətə və necə tanımaq olar?
Səbinə:Məncə, bu, tərəflərdən asılı olaraq dəyişir. Bəzi insanlar bir ilə, bəzisi isə
bir aya belə tanıya bilir. Yəni burada müddətin önəmi yoxdur, qarşı tərəfin
xasiyyətinə, düşüncələrinə bələd oldunsa, evlənə bilərsən. Bu insanla bir ömür
yaşaya biləcəyini özlüyündə müəyyənləşdirdinsə, problem yoxdur. Bizdə tanışlıq
müddəti altı ay oldu. Necə tanımağa gəlincə, ünsiyyətdə olmaq lazımdır. Görüş
və söhbət zamanı qarşı tərəfin hərəkətlərini, sənə olan münasibətini analiz
edərək tanıya bilərsən.
Şəmsi:Müddət olaraq mənim üçün konkret zaman kəsiyi yoxdur. Düşünürəm ki, birini
tanımaq üçün bəlli metodlar olmalıdır. Elə ünsiyyət yaranar, münasibət qurular
ki, onu 1 günə də tanıya bilərsən və ya əksinə, 2 il danışıb tanımaya bilərsən.
İnsan ilk olaraq necə birini axtardığını müəyyən etməlidir. Ünsiyyət zamanı
üst-üstə düşən nüanslar önəmlidir. Nə isə uyğun gəlməyəndə belə, dayanıb,
düşünmək lazımdır, güzəştə getmək olar, ya yox. Maksimum 2-ci və 3-cü görüş
qərar vermək üçün kifayət edir. Nə istədiyini konkret bilən biri üçün zamanı
uzatmağın mənası yoxdur. Bəziləri düşünə bilər ki, ilk görüşlərdə kimisə tanımaq
mümkün deyil, qarşı tərəf özünü olduğundan fərqli göstərər. Bu məqamda isə
məncə, hər bir insanda qarşısındakının səmimiyyətini anlaya bilmə bacarığı
olmalıdır.
Hər
anımıza xüsusi olaraq yanaşmalı, onu yaddaqalan, fərqli etməliyik
"Hisslərini ilk kim etiraf etdi”
sualını verən kimi Şəmsi "təbii ki, mən” deyib sözə başladı: "Yadımdadır,
Səbinənin portret şəklini çəkdirib, "səni sevirəm” sözünü şerlə demişdim. Çünki
düşünürəm ki, hər anımıza xüsusi olaraq yanaşmalı, onu yaddaqalan, fərqli
etməliyik”.
Səbinə:Bir müddət idi ki, münasibətimiz davam edirdi, amma Şəmsi hələ də "səni
sevirəm” sözünü deməmişdi. Düşünürdüm ki, niyə heç nə demir. Amma belə bir jest
gözlənilməz oldu və məni çox sevindirdi.
Şəmsi:Mənlik deyil, rəssam şəkli gecikdirirdi deyə, heç nə demirdim (gülür).
11
dəqiqəlik evlilik təklifi videosu
Cütlüyümüzün münasibətinin "səni
sevirəm”dən sonrakı mərhələsi evlilik təklifidir. Şəmsi bu anın da yaddaqalan
və özəl olması üçün unudulmaz bir evlilik təklifi planı qurub.
Səbinə:Bəli, "səni sevirəm” cümləsindən sonra artıq münasibətimiz daha da irəlilədi və
ailələr də məsələdən xəbərdar oldular. Şəmsi müasir biridir və hər anın özəl
olmasını istədiyi üçün evlilik təklifi də qeyri-adi oldu. Həmin təklifin hər
bir anı videoya çəkilib. Hətta, indi belə "yutubda Səbinə, Şəmsi wedding”
yazsanız, 11 dəqiqəlik evlilik təklifi videomuzu izləyə bilərsiniz. Açığı, bir
çoxları mənim bu sürprizdən xəbərdar olduğumu düşünürdülər, amma elə deyildi.
Şəmsi qəti şəkildə heç nə hiss etdirməmişdi.
60
nəfərlik komanda, 2 ay hazırlıq
Şəmsi:Təklifi etmək üçün ciddi plan qurmuşdum. Səbinə həmin günü adi görüşlərimizdən
olduğunu düşünürdü. Onu da qeyd edim ki, bu sürprizə 60 nəfərlik komanda ilə 2
ay hazırlaşmışdıq. Təklifi Fəvvarələr meydanında etməyi düşünürdüm. Plakatlar
yazılıb, plan qurulub, hər şey hazırdır. Amma son anda polis icazə vermədi.
Dedi burada plakat açmaq, yığışmaq olmaz. Ona görə, dərhal məkanı dəyişdik.
Komanda məkanı dəyişərkən Səbinə ilə maşında şəhəri fırlanırdıq. Bəhanə etdim
ki, guya kimdənsə sənəd götürməliyəm, onu axtarıram. Nəhayət, bir yerdə oturduq
və uzun müddətdir ki, hazırlaşdığımız sürprizi etdim. Səbinə də çox sağ olsun
ki, təklifimi qəbul etdi, o boyda hazırlıq boşuna getmədi (gülür).
1,
sonra 101 qızılgül
Şəmsi deyir ki, sevən insanlar
bir-birinə diqqət göstərməli, hər anlarını özəl etməlidirlər: "Bu işi ona görə
etdim ki, digər sevən şəxslərə də örnək olsun.
Yəni onlar da bu tip sürprizlər etməyə cəsarətlənsinlər. Bəlkə də bu,
böyük bir komanda ilə belə professional şəkildə hazırlanıb, bütün detalların nəzərə
alındığı ilk evlilik təklifi idi. Əslində, istəyimizə nail olmuşduq. Bizdən
sonra həmin komandaya sürpriz üçün müraciət edən çox oldu. Xüsusilə də eynilə
bizim ssenaridən istəyiblər. Demirəm ki, sırf bu tərzdə bir təklif planı
qursunlar. Sadəcə, bəylərimiz çalışmalıdırlar ki, dəyər verdikləri xanımla
yaşadıqları anları özəl edə bilsinlər. Hətta, adi bir gül elə təqdim edə bilər
ki, həmin an xanım üçün unudulmaz olar. Mən şəxsən tanış olduğumuz vaxt tək bir
dənə qızılgül verdim. Daha sonra heç gül almadım, ən sonda 101 qızılgüldən
ibarət buket verdim”.
Özü
gəlib soruşur ki, nə olmuşdu, biz niyə küsmüşdük?
Maraqlıdır, cütlüyümüz evlilikdən
sonra bir-birlərində hansısa müsbət və ya mənfi xasiyyətlər kəşf ediblər?
Səbinə:
Bəzən deyirlər ki, kişiləri evliliyə qədər tanımaq olmur, evlilikdən sonra əsl
üzlərini göstərirlər (gülür). Amma Şəmsi
elə deyil. Tanışlıq müddətimizdə necə idisə, nişanlı olduğumuz zamanda və indi
də eynidir. Açığı, bu məsələdə bəxtimin gətirdiyini düşünürəm. Onu da qeyd edim
ki, ikimiz də dəyişilməyə açıq insanlarıq. Yəni hansısa bir hərəkətim,
xasiyyətimdə yanlışlıq olan zaman Şəmsi bunu bildirəndə, aqressiv qarşılayıb
"yox, mən beləyəm, dəyişə bilmərəm” demirəm. Etiraf edim ki, Şəmsi həyatıma
girəndən məni müsbət mənada dəyişib. Şəmsi birdən tez coşur, amma tez də
sakitləşir. Yəni təsadüfən hansısa məsələdə sözümüz üst-üstə düşməyəndə
küsürük, Şəmsi onu tez undur. Özü gəlib soruşur ki, nə olmuşdu, biz niyə
küsmüşdük? Qətiyyən kinli deyilik, ona görə, nə isə söz-söhbət olsa belə, tez
barışırıq.
Bir-birimizi sevirik deyə bizə bu zarafatlar xoş
gəlir
Şəmsi: Hər kəsin
müsbət və mənfi xüsusiyyəti var. Səbinənin isə açığı, elə də ciddi mənfi
xüsusiyyəti yoxdur, amma bir şeyi beyninə qoydusa, onu həmin fikirdən
daşındırmaq üçün əməllicə əziyyət çəkmək lazımdır (gülür). Müsbət cəhətinə
gəlincə isə şəxsən xanımda önəm verdiyim nüanslardan biri də yumor anlayışının
olmasıdır. Məncə, Səbinənin çox gözəl zarafat tutma qabiliyyəti var. Bilmirəm,
bəlkə də bir-birimizi sevirik deyə, bizə bu zarafatlar xoş gəlir (gülür).
İkinci müsbət tərəfi isə problem baş verən zaman çıxış yolu tapmağa meyillidir.
Yəni problem yarananda "bu niyə belə oldu” yox, "bunu necə həll edə bilərik”
deyir.
Son qərarı bir həyatı bölüşən iki nəfər verməlidir
Müsahiblərimizlə
ailələrin boşanma səbəblərində də danışdıq. Həmsöhbətlərim düşünürlər ki,
ailəni daim kənar müdaxilələrdən qorumaq lazımdır.
Səbinə: Məncə,
boşanmaların bir çoxu kənar müdaxilələr ucbatından olur. İstər xanım, istər bəy
tərəfdən kənar müdaxilə olmamalıdır. Ailədə nə baş verirsə, ailə içində
qalmalıdır. Düzdür, böyüklərin fikirlərinə hörmətlə yanaşmaq lazımdır, amma son
qərarı bir həyatı bölüşən iki nəfər verməlidir.
Şəmsi: Səbinə
ilə razıyam. Əslində, kənar müdaxilə dediyimiz, ailədə baş vermiş hansısa
problemin həllinin kənarda axtarılmasıdır. Məncə, ailələrdə baş verən
münaqişələrin həlli yolu mütləq şəkildə daxildədir, onu kənarda axtarmaq düzgün
deyil.
Şəmsi vaxtını balanslı şəkildə bölür
Evliliyin
sosial həyatı bitirdiyini düşünənlər var. Maraqlıdır, siz necə düşünürsünüz,
evlilikdən sonra sosial həyat hansı səviyyədə davam etməlidir?
Səbinə: Bizdə elə
düşüncə olmayıb, nə mən, nə də Şəmsi bir-birimizə elə qadağalar qoymamışıq. Mən
Şəmsini tanıyanda sosial həyatının hansı səviyyədə olduğundan xəbərdar idim.
Yəni bilirdim ki, saat 6-da işdən çıxıb evə gəlməsi söhbəti olmayacaq. İstəsəm
də, Şəmsdə bunu dəyişə bilmərəm. Onun işinə, həyat tərzinə hörmətlə yanaşıram.
Bir də ki, ailə qurduqdan sonra qarşı tərəfin həyat tərzini dəyişmək, ondan
bunu tələb etmək düzgün deyil. Bayaq qurulan ailələrdəki problemlərdən
danışdıq. Məncə, elə əsas problemlərdən biri də odur ki, evləndikdən sonra
qadın kişinin, kişi isə xanımın həyat tərzini dəyişmək istəyir. Biz həmişə
bir-birimizin həyat tərzinə hörmətlə yanaşmışıq. Şəmsi vaxtını balanslı şəkildə
bölür. Həm dostlarına, həm də ailəsinə vaxt ayırır. Dostları ilə keçirdiyi vaxt
daha çox olsaydı, bəlkə onda o zaman problem yaranardı (gülür).
Şəmsi: Məncə,
qarşı tərəfin sosial həyatını məhdudlaşdırmaq düzgün deyil. Əksinə, həmişə
demişəm ki, evdə oturma, çıx dostlarınla görüş, əylən. Nişanlı olan vaxtı 2
dəfə evdə oturub, onda da dalaşmışıq (gülür). Bu mövzuda bir-birimizə çox
tolerant yanaşırıq.
Nümunəvi valideyn
Həmsöhbətlərimiz
bir-birilərini valideyn olaraq da yüksək qiymətləndirirlər. Səbinə deyir ki,
Şəmsi yaxşı insan olduğu kimi həm də yaxşı atadır: "Mən özümü həqiqətən şanslı
sayıram ki, indi də, gələcəkdə də Şəmsi fikirləri, hərəkətləri ilə
övladlarımıza nümunə olacaq atadır. Uşaqlarla vaxt keçirməsi, onlara qayğı
göstərməsi çox xoşuma gəlir”.
Şəmsi isə
deyir ki, Səbinə də eynilə nümunəvi anadır: "Səbinədə ən sevdiyim xüsusiyyət
sevgisini göstərə bilməsidir. Bəzən başqa valideynlərin uşaqlara dedikləri "əlin
qırılsın”, "başın batsın” ifadələrini eşidirəm. Bu, Səbinədə yoxdur. Həmişə
pozitiv enerji ötürür və öz üzərində işləyir, özünü inkişaf etdirməyə çalışır.
Digər analıq duyğuları isə öz yerində. Məncə, bütün bunlar onun nümunəvi ana
olmasının əsas göstəricisidir”.
Günel
Azadə