• cümə, 29 Mart, 03:58
  • Baku Bakı 7°C

“Hər addımda özümü kəşf edirdim” - Uğur hekayəsi

20.04.18 10:00 10098
“Hər addımda özümü kəşf edirdim” - Uğur hekayəsi
Hansı yaşda, hansı vəzifədə olmağının fərqi yoxdur, düşünür ki, insan daim özünü təkmilləşdirmək üçün çalışmalıdır. Çünki ideyalar heç nədən yaranmır, insan oxuyub yeni nələrsə öyrəndikcə, özünü təkmilləşdirdikcə ordan da ideyalar yaranır. "Dar pəncərədən nəyisə görmək, təkmilləşdirmək mümkün deyil” deyən və tələbəlikdən bu yana daim öz inkişafı üçün vaxt ayırmağa çalışan müsahibimiz Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayevdir.

- Bakalavr təhsiliniz tarix üzrə olub, sonra maliyyə və kredit sahəsində ixtisasartırmaya getmisiz. Bu əlavə ixtisasa sahib olmaq istəyi idi, yoxsa tarix istiqamətində davam etmək istəmirdiniz?
- Təhsil aldığım müddətdə müəssisələrin birində kadrlar şöbəsində mütəxəssis kimi işə başlamışdım. Ordan məndə belə bir ideya formalaşdı ki, gələcəkdə bu sahə üzrə davam edim. Biz universitetdə təhsil alan vaxtlar belə idi ki, tarix fakültəsini qurtaran insan ya tarix istiqamətində davam edib mütəxəssis kimi çalışmalı, ya da ki müəllimliklə məşğul olmalı idi. Ümumi yanaşma belə idi. Ancaq mən dövlət strukturunda davam etmək və özümü təkmilləşdirmək istədiyim üçün ixtisasartırmaya getdim.


- Neçənci kursdan işləməyə başlamısınız?
- 3-cü kursdan artıq könüllü kimi qeyri-rəsmi işə başlamışdım, 4-cü kursda isə artıq rəsmi işçi idim. O dövrdə könüllülük fəaliyyəti bugünkü qədər məşhur deyildi, ona görə iş mühitini öyrənmək cəhətdən yarımştat işlərdə çalışmağa başladım. İşləyirdik, öyrənirdik, həm də gəlirimiz olurdu.

- Yarımştat iş və yeni başlayan kadr. Gəlir yəqin ki çox olmazdı.
- (Gülür) Təbii ki indi baxanda gəlir az idi. O vaxt el arasında manata şirvan deyirdilər. 12 000 AZN, el dili ilə desək, 12 şirvan maaş almışdım. Amma tələbə üçün əlavə gəlir heç də pis deyil. O pul mənə xərclərimi ödəmək cəhətdən çox kömək olurdu. Artıq tələbəlikdən xərclərimə nəzarət etməyi öyrənmişdim. Xərcləri elə idarə edirdim ki, fərdi inkişafıma da pul ayıra bilim.

- Tələbəlik illərini məhsuldar keçirən biri olduğunuzu deyə bilərik?
- Həyatda insan hər dəfə nəyisə kəşf etdikcə geriyə dönüb deyir ki, belə bir imkanım var idi, özümü daha da təkmilləşdirə bilərdim. Ancaq bacardığım qədər tələbəlik dövründə öz şəxsi inkişafımla məşğul olmuşam. Fikir verəndə görürəm ki, o vaxt qrupda kim yaxşı oxuyubsa, əziyyət çəkibsə, bu gün hamısının özünə görə uğurlu karyerası var. Hər kəsin həyatının hər bir dövrü üçün üzərinə düşən müəyyən vəzifə var ki, onu yerinə yetirməlidir. Bunlara riayət etdiyi təqdirdə həmin adamın uğurlu olmağı qaçılmazdır.

- "Könüllük: Uğur formulu" adlı kitabının həmmüəlliflərindən birisiniz. Könüllülükdən danışmasaq, olmaz. 10 il öncə karyeraya başlayanlar deyirlər ki, əvvəllər şirkətlər könüllü müraciətlərə müsbət cavab vermirdi. Siz müraciət edirdinizmi?
- Düzü, tarixlə bağlı istehsalat təcrübəsi kontekstində məktəbdə, arxiv idarəsində, dövlət qurumlarında olmuşdum. Amma belə bir imkan yox idi ki, könüllü kimi harasa müraciət edəsən, həm işləyəsən, həm də öyrənəsən. Kitabda da mesajımız bu idi ki, könüllülük bir uğur formuludur. Çünki insan birinci öyrənməlidir, özündə olan nələrdənsə keçməlidir ki, uğurlu nəticə əldə etsin. Universitet vaxtı tələbələrin bol enerjiləri olur, onu öz inkişaflarına xərcləmək üçün əllərindən gələn qədər çalışmalıdırlar.

- Siz rayondan gəlib, Bakıda təkbaşına hər şeyi etməyə çalışan gənclərdən olmusunuz. İndi müəyyən bir yerə gəlib çıxmısınız. Bəs o proses necə gedib?
- Rayonda təhsil almağımızın, orda öyrəndiklərimizin başqa avantajları var. Amma rayon və şəhər mühiti fərqli idi. Rayondan gəlib özünü Bakıda sübut etmək məntiqi ilə çalışırdım. O mərhələləri keçib, bu gün müəyyən yerə gəlməyimizin bir səbəbi də mövcud qaydaları izləmək və səbirlə vaxtımızı gözləməkdir. Məsələn, mən 4 dəfə dövlət qulluğu imtahanında iştirak etmişəm. İkisində uğurlu olmuşam. İkisində testdən keçsəm də, müsahibə mərhələsində kəsilmişəm. Növbəti imtahanda müsahibə komissiyasının üzvləri sonda deyirdilər ki, hər müsahibədən-müsahibəyə özündə nələrisə təkmilləşdirmisən. Bu yanaşmada olmağım mənə çox kömək edib, hansı vəzifədə, işdə olmağımızın fərqi yoxdur, biz insan olaraq özümüzü kamilləşdirməliyik.

- Dövlət qulluğunda test imtahanından uğurlu nəticə göstərib, müsahibə mərhələsindən keçə bilməyənlər bəzən deyirlər ki, qəsdən kəsirlər. Qəbul olmayanda sizdə belə düşüncə yaranırdı?
- İnsan qarşısında nəyisə məqsəd qoyursa, uğurlu olmağı çox istəyirsə və addım atanda gözlədiyini almırsa, ilkin reaksiyasının neqativ olması normaldır. Amma uğursuz müsahibəm olanda, özümdə səhvlər axtarmışam. Səhvlərimi, təkmilləşdirməli olduğum istiqaməti, tələb olunan və mənim bilmədiyim xüsusiyyətləri, bacarıqları araşdırıb öyrənirdim. O cür düşüncədə olmağım bugünkü yerə gəlməyimdə mənə çox kömək olub. Səhvi daim başqasında axtarsaq, bu, bizim inkişafımıza heç vaxt töhfə verməyəcək.


- Müsahibədən uğurla keçməyinizə mane olan səbəblər nə olurdu?
- Universitet illərində bir az qapalı tələbə idim. Öz yolum və öz həqiqətlərim var idi. Amma sonra görürsən ki, bir mühitdə formalaşmaq üçün mühitin də qaydalarına önəm verməlisən. Ona görə hiss etdim ki, ünsiyyət qabiliyyətimin təkmilləşdirilməsinə ehtiyac var. Çünki bəzən mən bir şeyi deyərəm, amma çatdırma formam elə olar ki, qarşı tərəf üçün heç də düzgün görünməz, yanlış formada çatdırmış olaram. Dünyagörüşü məsələsini də deyim. Bütün proseslər mənim dünyagörüşüm əhatəsində deyil, bundan kənar da proseslər var və özümü təkmilləşdirməliydim. Ona görə hər addımda özümü kəşf edirdim, növbəti müsahibədə əvvəlki problemi yaşamırdım. Axırıncı müsahibəmlə birincini müqayisə edəndə özümlə qürur duya bilirdim ki, bunu bacardım.

- Ünsiyyət qabiliyyətini formalaşdırandan sonra qapalı olduğunuz vaxtlarla müqayisədə nələr dəyişdi?
- Qapalı adam olsam da, ətrafımda dostlarım çox idi. Ancaq müəyyən bir mühitdə - dövlət orqanı peşəkar mühitdir - özümü sıxılmış hiss edirdim. Bəlkə də rayondan gəlməyimi şüaraltı təzyiq hiss etməyim də var idi. Amma zamanla özümdə olanları kəşf edib, olanlara sahib çıxdıqca özünəəminlik formalaşdıqca ünsiyyətimə də təsir etdi. Ünsiyyətdə mütaliəni artırmağımın da rolu oldu.

- Belə baxanda sakit, səbirli insan təsiri bağışlayırsınız, amma karyeranızdan danışanda inadkar təəssüratı yaranır...
- Əslində, inadkaram. Təkcə karyerada deyil, həyatda da. Bəzən belə başa düşürlər ki, inadkarlıq mütləq nəyisə əldə etməkdir. İnadkarlıq həqiqətlər var ki, ona çatmaq yolunda özümü dəstəklədiyim gücdür. Zəif cəhətlərim olub, onları aradan qaldırmaq üçün inad göstərmişəm. Kənardan baxanda bəlkə kimsə düşünər ki, bugünkü halım mənim üçün yaxşıdır. Amma mən bunu normal kimi qiymətləndirib, dayanmıram. Daim kitab oxuyuram, dil biliklərimi təkmilləşdirirəm. Təhsillə bağlı hədəflərim çoxdur ki, onları təkmilləşdirməliyəm.


- Vəzifə artdıqca öhdəliklər çoxalır, vaxt azalır. Belə məqamda şəxsi inkişafa vaxt ayırmaq nə dərəcədə mümkün olur?
- Vaxtın idarə olunması məsələsi var. Bu, insanın özünü idarə etməsindən asılıdır. İnsan özünə qarşı nə qədər səmimi, aydındırsa, vaxtla bağlı müddətləri də müəyyənləşdirib ondan istifadə edəcək. 3 saat boş vaxtım varsa, onu dəyərləndirirəm. Gec yatıram, səhər tez oyanıram. 12-də yatıb, 5-də dururam. Şənbə-bazar yuxu cəhətdən özümə bir az güzəşt verirəm, amma sonra qınayıram olur ki, nahaq bunu elədim (Gülür).

- 5 saatlıq yuxu az gəlmir?
- Özümdə nəyisə təkmilləşdirirəmsə, bu, birbaşa işimə təsir edir. İşimdə yeni yanaşmaya, ideyaya səbəb olur. Verdiyim hər ideya beynimin məhsulu olur, bunun üçün isə mənbə olmalıdır. İnsan oxuyub təkmilləşməlidir ki, ordan ideya formalaşsın. Dar pəncərədən nəyisə görmək, təkmilləşdirmək mümkün deyil.

- Bizdə magistratura oxuyanlar belə sonradan peşman olduqlarını deyirlər. Siz doktorantura təhsili də almısınız.
- Tarixdən ayrılsam da, bu sahəyə bağlılığım var. İşimlə onun əlaqəsini belə tutmuşam ki, insan cəmiyyəti tarixi proseslərdən keçib, eyni davranışlar, vərdişlər müxtəlif tarixi proseslərdə olub. Tarix bizim gələcəyimizlə bağlı həmişə ideya verən bir elmdir. Bugünkü insanın davranışında tarixdən gələn bir informasiya var ki, müəyyən cəmiyyətlərdə belə proseslər olub, bunlardan keçib, nəticə bu olub. Ona görə indiki işimdə tarix mənə yaxşı mənada kömək edir. Tarix istiqamətində pedaqoji fəaliyyətim də olub. İnsanlarla işləməklə yanaşı, həm də tarixi bilmək mənə elə gəlir ki, tarix sahəsində çalışan adamlara daha bir üstünlük verə bilər. Davranışın təhlili ilə tarixi proseslərin kombinasiyasını quranda bir mənzərə formalaşır. Sovet tarix sistemində xronoloji məlumatları bilmək önəmli idisə, qərb tarixşünaslığında hadisələrin ili yox, prosesin baş verməsinə səbəb olan faktorlara daha çox fikir verilir. Onlar da mənə özümü bu istiqamətdə təkmilləşdirmək ideyası verdi. Gənclərin magistr təhsilinə yanaşmasına gəlincə isə, burda əsas olan məqsəddir. Magistr təhsili lazımdır, yoxsa yox? Filankəs oxuduğu üçün oxuyanda, məqsəd bəlli olmayanda sonra lazımsız olduğu düşünülə bilər. Bu, hər fərdin özünün düşünüb məqsədli verməli olduğu qərardır.


- Pedaqoji fəaliyyətlə indi də məşğul olursuz?
- 2009-cu ildən təlimçi kimi fəaliyyət göstərirəm. Təlimçiliyin davamı olaraq da 2014-2016-cı illərdə pedaqoji fəaliyyət də göstərdim. Amma sonra dayandırdım. İş, müdafiə, ailə məsələləri ilə çatdıra bilmirdim.

- Uğurun sirri nədir?
- İstənilən halda çalışmaqdır. Məqsədyönlü çalışan insan mütləq uğur qazanacaq. Amma bununla yanaşı insan dəyərlərini də qorumalıdır. İnsanın məqsədi hansısa dəyərin itirilməsinə xidmət etməməlidir. Dəyər insanı, cəmiyyəti formalaşdıran əsas amillərdən biridir.

- Bəzən bir kadr müdir müavini vəzifəsinə gəlir, 4-5 il və daha çox o vəzifədə qalır. Həmin müddətdə bir neçə müdir gəlib-gedir, amma həmin kadrı müdir təyin etmirlər. Dəyər və çalışmaq mövzusuna bu misalda yanaşaq...
- Dəyərlər və məqsədlər var. Elə adam olur ki, məqsədləri, ambisiyaları daha çox olur. Nə qədər peşəkar olsa da, ikrah hissi yaratdığı üçün cəmiyyət, sosial qrup onu qəbul etmir. Bəzən görürsən ki, adamın hər bacarığı var, işinin peşəkarıdır, amma nəsə çatmır. Dərinə gedəndə görürsən ki, çatmayan dəyərdir. Biz informasiya əsrindəyik, insanlarımız daha çox praqmatik addımlara yönəlir. Praqmatik addımlar isə müəyyən dəyərlərin üstündən keçməyə vadar edir. Çünki o dəyəri mənasız sayır. Formalaşmış dəyərləri tapdalayanda cəmiyyət səninlə bağlı qərar verəndə sən istədiyin qərarı verməmiş olur. Bu məsələ işdə və cəmiyyətdə eyni qaydadadır. Gərək səbirli olub, hamısını izləyəsən, dəyərləri qoruyasan.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər