“Hər addımda özümü kəşf edirdim” - Uğur hekayəsi
Hansı yaşda, hansı vəzifədə olmağının fərqi yoxdur, düşünür ki, insan
daim özünü təkmilləşdirmək üçün çalışmalıdır. Çünki ideyalar heç nədən
yaranmır, insan oxuyub yeni nələrsə öyrəndikcə, özünü təkmilləşdirdikcə ordan
da ideyalar yaranır. "Dar pəncərədən nəyisə görmək, təkmilləşdirmək mümkün
deyil” deyən və tələbəlikdən bu yana daim öz inkişafı üçün vaxt ayırmağa
çalışan müsahibimiz Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayevdir.
- Bakalavr təhsiliniz tarix üzrə olub, sonra maliyyə
və kredit sahəsində ixtisasartırmaya getmisiz. Bu əlavə ixtisasa sahib olmaq
istəyi idi, yoxsa tarix istiqamətində davam etmək istəmirdiniz?
- Təhsil
aldığım müddətdə müəssisələrin birində kadrlar şöbəsində mütəxəssis kimi işə
başlamışdım. Ordan məndə belə bir ideya formalaşdı ki, gələcəkdə bu sahə üzrə
davam edim. Biz universitetdə təhsil alan vaxtlar belə idi ki, tarix fakültəsini
qurtaran insan ya tarix istiqamətində davam edib mütəxəssis kimi çalışmalı, ya
da ki müəllimliklə məşğul olmalı idi. Ümumi yanaşma belə idi. Ancaq mən dövlət
strukturunda davam etmək və özümü təkmilləşdirmək istədiyim üçün
ixtisasartırmaya getdim.
- Neçənci kursdan işləməyə başlamısınız?
- 3-cü
kursdan artıq könüllü kimi qeyri-rəsmi işə başlamışdım, 4-cü kursda isə artıq rəsmi
işçi idim. O dövrdə könüllülük fəaliyyəti bugünkü qədər məşhur deyildi, ona görə
iş mühitini öyrənmək cəhətdən yarımştat işlərdə çalışmağa başladım. İşləyirdik,
öyrənirdik, həm də gəlirimiz olurdu.
- Yarımştat iş və yeni başlayan kadr. Gəlir yəqin
ki çox olmazdı.
-
(Gülür) Təbii ki indi baxanda gəlir az idi. O vaxt el arasında manata şirvan
deyirdilər. 12 000 AZN, el dili ilə desək, 12 şirvan maaş almışdım. Amma tələbə
üçün əlavə gəlir heç də pis deyil. O pul mənə xərclərimi ödəmək cəhətdən çox
kömək olurdu. Artıq tələbəlikdən xərclərimə nəzarət etməyi öyrənmişdim. Xərcləri
elə idarə edirdim ki, fərdi inkişafıma da pul ayıra bilim.
- Tələbəlik illərini məhsuldar keçirən biri
olduğunuzu deyə bilərik?
- Həyatda
insan hər dəfə nəyisə kəşf etdikcə geriyə dönüb deyir ki, belə bir imkanım var
idi, özümü daha da təkmilləşdirə bilərdim. Ancaq bacardığım qədər tələbəlik
dövründə öz şəxsi inkişafımla məşğul olmuşam. Fikir verəndə görürəm ki, o vaxt
qrupda kim yaxşı oxuyubsa, əziyyət çəkibsə, bu gün hamısının özünə görə uğurlu
karyerası var. Hər kəsin həyatının hər bir dövrü üçün üzərinə düşən müəyyən vəzifə
var ki, onu yerinə yetirməlidir. Bunlara riayət etdiyi təqdirdə həmin adamın
uğurlu olmağı qaçılmazdır.
- "Könüllük:
Uğur formulu" adlı kitabının həmmüəlliflərindən birisiniz. Könüllülükdən
danışmasaq, olmaz. 10 il öncə karyeraya başlayanlar deyirlər ki, əvvəllər şirkətlər
könüllü müraciətlərə müsbət cavab vermirdi. Siz müraciət edirdinizmi?
- Düzü, tarixlə bağlı istehsalat təcrübəsi kontekstində məktəbdə,
arxiv idarəsində, dövlət qurumlarında olmuşdum. Amma belə bir imkan yox idi ki,
könüllü kimi harasa müraciət edəsən, həm işləyəsən, həm də öyrənəsən. Kitabda
da mesajımız bu idi ki, könüllülük bir uğur formuludur. Çünki insan birinci öyrənməlidir,
özündə olan nələrdənsə keçməlidir ki, uğurlu nəticə əldə etsin. Universitet
vaxtı tələbələrin bol enerjiləri olur, onu öz inkişaflarına xərcləmək üçün əllərindən
gələn qədər çalışmalıdırlar.
- Siz rayondan gəlib, Bakıda təkbaşına
hər şeyi etməyə çalışan gənclərdən olmusunuz. İndi müəyyən bir yerə gəlib
çıxmısınız. Bəs o proses necə gedib?
- Rayonda təhsil almağımızın, orda öyrəndiklərimizin başqa
avantajları var. Amma rayon və şəhər mühiti fərqli idi. Rayondan gəlib özünü
Bakıda sübut etmək məntiqi ilə çalışırdım. O mərhələləri keçib, bu gün müəyyən
yerə gəlməyimizin bir səbəbi də mövcud qaydaları izləmək və səbirlə vaxtımızı
gözləməkdir. Məsələn, mən 4 dəfə dövlət qulluğu imtahanında iştirak etmişəm.
İkisində uğurlu olmuşam. İkisində testdən keçsəm də, müsahibə mərhələsində kəsilmişəm.
Növbəti imtahanda müsahibə komissiyasının üzvləri sonda deyirdilər ki, hər
müsahibədən-müsahibəyə özündə nələrisə təkmilləşdirmisən. Bu yanaşmada olmağım
mənə çox kömək edib, hansı vəzifədə, işdə olmağımızın fərqi yoxdur, biz insan
olaraq özümüzü kamilləşdirməliyik.
- Dövlət qulluğunda test
imtahanından uğurlu nəticə göstərib, müsahibə mərhələsindən keçə bilməyənlər bəzən
deyirlər ki, qəsdən kəsirlər. Qəbul olmayanda sizdə belə düşüncə yaranırdı?
- İnsan qarşısında nəyisə məqsəd qoyursa, uğurlu olmağı çox istəyirsə
və addım atanda gözlədiyini almırsa, ilkin reaksiyasının neqativ olması
normaldır. Amma uğursuz müsahibəm olanda, özümdə səhvlər axtarmışam. Səhvlərimi,
təkmilləşdirməli olduğum istiqaməti, tələb olunan və mənim bilmədiyim xüsusiyyətləri,
bacarıqları araşdırıb öyrənirdim. O cür düşüncədə olmağım bugünkü yerə gəlməyimdə
mənə çox kömək olub. Səhvi daim başqasında axtarsaq, bu, bizim inkişafımıza heç
vaxt töhfə verməyəcək.
- Müsahibədən uğurla keçməyinizə
mane olan səbəblər nə olurdu?
- Universitet illərində bir az qapalı tələbə idim. Öz yolum və öz həqiqətlərim
var idi. Amma sonra görürsən ki, bir mühitdə formalaşmaq üçün mühitin də
qaydalarına önəm verməlisən. Ona görə hiss etdim ki, ünsiyyət qabiliyyətimin təkmilləşdirilməsinə
ehtiyac var. Çünki bəzən mən bir şeyi deyərəm, amma çatdırma formam elə olar
ki, qarşı tərəf üçün heç də düzgün görünməz, yanlış formada çatdırmış olaram.
Dünyagörüşü məsələsini də deyim. Bütün proseslər mənim dünyagörüşüm əhatəsində
deyil, bundan kənar da proseslər var və özümü təkmilləşdirməliydim. Ona görə hər
addımda özümü kəşf edirdim, növbəti müsahibədə əvvəlki problemi yaşamırdım.
Axırıncı müsahibəmlə birincini müqayisə edəndə özümlə qürur duya bilirdim ki,
bunu bacardım.
- Ünsiyyət
qabiliyyətini formalaşdırandan sonra qapalı olduğunuz vaxtlarla müqayisədə nələr
dəyişdi?
- Qapalı
adam olsam da, ətrafımda dostlarım çox idi. Ancaq müəyyən bir mühitdə - dövlət
orqanı peşəkar mühitdir - özümü sıxılmış hiss edirdim. Bəlkə də rayondan gəlməyimi
şüaraltı təzyiq hiss etməyim də var idi. Amma zamanla özümdə olanları kəşf
edib, olanlara sahib çıxdıqca özünəəminlik formalaşdıqca ünsiyyətimə də təsir
etdi. Ünsiyyətdə mütaliəni artırmağımın da rolu oldu.
- Belə baxanda sakit, səbirli
insan təsiri bağışlayırsınız, amma karyeranızdan danışanda inadkar təəssüratı
yaranır...
- Əslində, inadkaram. Təkcə karyerada deyil, həyatda da. Bəzən belə
başa düşürlər ki, inadkarlıq mütləq nəyisə əldə etməkdir. İnadkarlıq həqiqətlər
var ki, ona çatmaq yolunda özümü dəstəklədiyim gücdür. Zəif cəhətlərim olub,
onları aradan qaldırmaq üçün inad göstərmişəm. Kənardan baxanda bəlkə kimsə
düşünər ki, bugünkü halım mənim üçün yaxşıdır. Amma mən bunu normal kimi qiymətləndirib,
dayanmıram. Daim kitab oxuyuram, dil biliklərimi təkmilləşdirirəm. Təhsillə
bağlı hədəflərim çoxdur ki, onları təkmilləşdirməliyəm.
- Vəzifə artdıqca öhdəliklər
çoxalır, vaxt azalır. Belə məqamda şəxsi inkişafa vaxt ayırmaq nə dərəcədə
mümkün olur?
- Vaxtın idarə olunması məsələsi var. Bu, insanın özünü idarə etməsindən
asılıdır. İnsan özünə qarşı nə qədər səmimi, aydındırsa, vaxtla bağlı müddətləri
də müəyyənləşdirib ondan istifadə edəcək. 3 saat boş vaxtım varsa, onu dəyərləndirirəm.
Gec yatıram, səhər tez oyanıram. 12-də yatıb, 5-də dururam. Şənbə-bazar yuxu cəhətdən
özümə bir az güzəşt verirəm, amma sonra qınayıram olur ki, nahaq bunu elədim
(Gülür).
- 5 saatlıq yuxu az gəlmir?
- Özümdə nəyisə təkmilləşdirirəmsə, bu, birbaşa işimə təsir edir.
İşimdə yeni yanaşmaya, ideyaya səbəb olur. Verdiyim hər ideya beynimin məhsulu
olur, bunun üçün isə mənbə olmalıdır. İnsan oxuyub təkmilləşməlidir ki, ordan
ideya formalaşsın. Dar pəncərədən nəyisə görmək, təkmilləşdirmək mümkün deyil.
- Bizdə
magistratura oxuyanlar belə sonradan peşman olduqlarını deyirlər. Siz
doktorantura təhsili də almısınız.
- Tarixdən
ayrılsam da, bu sahəyə bağlılığım var. İşimlə onun əlaqəsini belə tutmuşam ki,
insan cəmiyyəti tarixi proseslərdən keçib, eyni davranışlar, vərdişlər müxtəlif
tarixi proseslərdə olub. Tarix bizim gələcəyimizlə bağlı həmişə ideya verən bir
elmdir. Bugünkü insanın davranışında tarixdən gələn bir informasiya var ki, müəyyən
cəmiyyətlərdə belə proseslər olub, bunlardan keçib, nəticə bu olub. Ona görə
indiki işimdə tarix mənə yaxşı mənada kömək edir. Tarix istiqamətində pedaqoji
fəaliyyətim də olub. İnsanlarla işləməklə yanaşı, həm də tarixi bilmək mənə elə
gəlir ki, tarix sahəsində çalışan adamlara daha bir üstünlük verə bilər.
Davranışın təhlili ilə tarixi proseslərin kombinasiyasını quranda bir mənzərə
formalaşır. Sovet tarix sistemində xronoloji məlumatları bilmək önəmli idisə, qərb
tarixşünaslığında hadisələrin ili yox, prosesin baş verməsinə səbəb olan
faktorlara daha çox fikir verilir. Onlar da mənə özümü bu istiqamətdə təkmilləşdirmək
ideyası verdi. Gənclərin magistr təhsilinə yanaşmasına gəlincə isə, burda əsas
olan məqsəddir. Magistr təhsili lazımdır, yoxsa yox? Filankəs oxuduğu üçün
oxuyanda, məqsəd bəlli olmayanda sonra lazımsız olduğu düşünülə bilər. Bu, hər
fərdin özünün düşünüb məqsədli verməli olduğu qərardır.
- Pedaqoji fəaliyyətlə indi də məşğul olursuz?
-
2009-cu ildən təlimçi kimi fəaliyyət göstərirəm. Təlimçiliyin davamı olaraq da
2014-2016-cı illərdə pedaqoji fəaliyyət də göstərdim. Amma sonra dayandırdım.
İş, müdafiə, ailə məsələləri ilə çatdıra bilmirdim.
- Uğurun sirri nədir?
- İstənilən
halda çalışmaqdır. Məqsədyönlü çalışan insan mütləq uğur qazanacaq. Amma
bununla yanaşı insan dəyərlərini də qorumalıdır. İnsanın məqsədi hansısa dəyərin
itirilməsinə xidmət etməməlidir. Dəyər insanı, cəmiyyəti formalaşdıran əsas
amillərdən biridir.
- Bəzən bir kadr müdir müavini vəzifəsinə gəlir,
4-5 il və daha çox o vəzifədə qalır. Həmin müddətdə bir neçə müdir gəlib-gedir,
amma həmin kadrı müdir təyin etmirlər. Dəyər və çalışmaq mövzusuna bu misalda
yanaşaq...
- Dəyərlər
və məqsədlər var. Elə adam olur ki, məqsədləri, ambisiyaları daha çox olur. Nə
qədər peşəkar olsa da, ikrah hissi yaratdığı üçün cəmiyyət, sosial qrup onu qəbul
etmir. Bəzən görürsən ki, adamın hər bacarığı var, işinin peşəkarıdır, amma nəsə çatmır. Dərinə gedəndə görürsən ki, çatmayan dəyərdir.
Biz informasiya əsrindəyik, insanlarımız daha çox praqmatik addımlara yönəlir.
Praqmatik addımlar isə müəyyən dəyərlərin üstündən keçməyə vadar edir. Çünki o
dəyəri mənasız sayır. Formalaşmış dəyərləri tapdalayanda cəmiyyət səninlə bağlı
qərar verəndə sən istədiyin qərarı verməmiş olur. Bu məsələ işdə və cəmiyyətdə
eyni qaydadadır. Gərək səbirli olub, hamısını izləyəsən, dəyərləri qoruyasan.
Aygün
Asimqızı